Paralel. - 2018.- 13 dekabr. - ¹ 214. - S. 10.
İslam dözümsüzlük və terror deyil, barış və sülh dinidir
Azərbaycan həm Qərb, həm də İslam dünyasında multikulturalizm və tolerantlıq məkanı kimi qəbul olunur
Qloballaşan dünyamızın bugünkü reallıqları ondan ibarətdir ki, yeni nəsil elektron texnologiyalarının inkişafı, insanlar arasında informasiya mübadiləsinin fəallığına səbəb olsa da, ünsiyyət və qarşılıqlı münasibətlərin səngiməsinə səbəb olub.
Bu da öz növbəsində bir çox anlaşılmazlıqlara və qarşıdurmalara gətirib çıxarır. Bunun əyani sübutu kimi, bir çox Qərb dövlətlərində İslam dininə və ümumiyyətlə, islam dünyasına münasibəti göstərə bilərik. Bu mərkəzlərin dünyanın müxtəlif yerlərində baş verən bütün pisliklərdə İslamı ittiham etmələri, İslam dinini terror dini kimi təqdim etmək cəhdləri də, buradan qaynaqlanır. Halbuki bunun heç bir əsası yoxdur. Sadəcə olaraq, bu, dünyada yüksələn xəttlə yayılan İslam dininə və bu inancın daşıyıcılarına yönəlik ikili standartlardan irəli gələn qabaqlayıcı siyasi gedişlərdir.
Çünki, İslam dininin əsas prinsipləri onların qeyd etdiyi kimi, qarşıdurmalar və terrora yox, multikulturalizmə, tolerantlığa və dözümlülüyə söykənir. Yarandığı gündən İslam dininin əsas qayələrindən biri də tolerantlıq, qarşılıqlı anlaşma və dialoq olub. Bu da məlumdur ki, insanların ünsiyyətində, qarşılıqlı münasibətlərində anlayışların rolu inkaredilməzdir. Buna görə də onların məna çərçivəsi dəqiq müəyyən olunmalıdır. Bu çərçivə müəyyənləşmədiyi halda, eyni dünyagörüşünə malik insanların arasında belə, anlaşılmazlıqlar, fikir ayrılıqları yaranır. Onların dinlərarası dialoq ətrafında apardığı mübahisələrin bir səbəbi də ortaq anlayışın formalaşmamasıdır. Ortaq dəyərlərə malik insanların iman birliyinə baxmayaraq, vahid düşüncə və fəaliyyət birliyi qura bilməməsini başqa cür izah etmək mümkün deyil.
Nəzərinizə çatdıraq ki, Amerikanın Rays Universitetində Dini Tolerantlığın Araşdırılması və İnkişaf Etdirilməsi Mərkəzinin rəhbəri, dinlər tarixi üzrə tanınmış mütəxəssis Dr. Cill Karroll maarifçilik hərəkatını tədqiq edərkən XX əsr İslam alimlərini Konfutsi, Platon, Kant, Mill və Sartr kimi müxtəlif dövrlərdə yaşamış, fərqli dünyagörüşünə və fəlsəfi düşüncələrə sahib mütəfəkkirlərlə müqayisəli şəkildə tədqiqatlar aparmağa cəlb edib. O, həmin mütəfəkkirlərə üstünlük verməsinin səbəbini, ilk növbədə onların insan həqiqətinin mahiyyəti, yaxşı insan həyatı, dövlət və əxlaq kimi mövzulara əhəmiyyət verməsi ilə əlaqələndirib.
Burada istər Qərb maarifçi mütəfəkkirlərinin, istərsə də Quranı təfsir edən müsəlman və ya qeyri- müsəlman alimlərin insanın əxlaqi ləyaqətinin fitri dəyəri ilə bağlı mülahizələrinin müasir dövrdə həyati əhəmiyyət daşıdığını xüsusi qeyd etmək lazımdır. Çünki mülahizələr öz-özlüyündə heç bir şeyin öhdəsindən gələ bilməz.
Qərb dövlətləri öz mülahizələrindən çıxış edərək, islami dözümlülüyü və tolerantlığı inkar edə bilirlər. Ancaq fakt faktlığında qalır və islamın əsas kitabı Qurani-Kərimdə bu dinin prinsipləri açıq şəkildə öz əksini tapıb.
Bu gün dünyada baş verən qloballaşma ikiqütblü dünyamızı birqütblü kənd halına gətirməkdədir.
Bu kənddə yaşayan insanlar da fərqli fikirlərə, müxtəlif mədəniyyətlərə, inanclara mənsub insanlardırlar. Belə olduğu təqdirdə, aborigenlər üçün "başqaları" olaraq ifadə edilənlərin özünüifadə formalarına hörmətlə yanaşmaları zərurəti meydana çıxır, buna ehtiyac yaranır. Bu ehtiyac tolerantlıqdır. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, ziddiyyət təşkil etməsinə baxmayaraq, onun fikirlərinə dözümlü münasibət nümayiş etdirmək də tolerantlıq adlanır. Tolerantlıq öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə, onları olduğu kimi qəbul edərək, digərlərinə də yaxşı davranmağı bacarmaq mədəniyyətidir. Tolerantlıq həm də din və vicdan azadlığıdır.
Onu da qeyd edək ki, tolerantlıq sözü latın dilindəki "tolerare" felindən meydana gəlib və dözmək, tab gətirmək, fikir verməmək, səbirli olmaq, göz yummaq kimi mənaları ifadə edir.
İslam dinində də tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. Bunun sübutu kimi İslamın əsas mənbəyi olan Qurani-Kərimin "Kafirun" surəsinin 6-cı ayəsində qeyd olunan: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" fikrini göstərə bilirik. Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. Başqa bir ayədə isə qarşı tərəfin "tanrı" olaraq qəbul etdiyi, ehkamlaşdırdıqlarına qarşı necə davranılmalı olduğu əmr edilir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər..." ("Ənam" surəsi, 108).
Bu ayədən də aydın olur ki, insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər. Ayəyə görə bunlar səhv olsalar da, varlıqları inkar edilə bilməz.
İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdən nümunə göstərdiyimiz bu fikirlər də onu deməyə əsas verir ki, islam heç də Qərb siyasətçilərinin, bəzi siyasi ideoloqların təbliğ etməyə çalışdıqları kimi, dözümsüzlük və terror dini deyil, tam əksinə, barış və sülh dinidir.
İslam dininə görə, birlikdə yaşamaq və hər bir şəxsin öz seçiminin nəticəsini görməsi baxımından hər insanı öz inamında, dinində və fikrində qəbul etmək tolerantlıqdır.
Tolerantlıq həm də müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah-Təala buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...". İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası da tolerantlıqdan keçir.
Allah həmişə dözümlülüyü, tolerant olmağı əmr edir. Bu əmr güclü, yaxud zəif olan dövrlərə deyil, bütün vaxtlara şamil olan bir qaydadır. Tolerantlıq güclü qarşısında dözümlülük nümayiş etdirmək deyil. Tolerantlıq özündən zəifə, yaxud bərabərə olana eyni münasibət bəsləməyi bacarmaqdır. İslamın yarandığı ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə də bu qaydadan heç vaxt uzaqlaşmayıblar. İslam hələ "əhli-kitab" sayılan dinlər bir tərəfə qalsın, hətta Allaha şərik qoşan müşriklərlə, bütpərəstlərlə münasibətlər haqqında görün necə tövsiyə edir: "Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır"...
Bu ayədən də göründüyü kimi, öz düşmənini belə əfv etməyi buyuran bir din, necə terror dini ola bilər? İslam müsəlmanların müxtəlif dinlərin mənsublarına, hətta inanmayanlara qarşı necə tolerant olmalı olduqlarını insanların müxtəlif yaradılış prinsipi ilə izah edir. İslama görə müxtəliflik dünya imtahanın bir zərurətidir. Əgər müxtəliflik olmasaydı, tolerantlıqdan danışmağa da ehtiyac qalmazdı.
İnsanlar din və vicdan azadlığı məsələsində azad olmasaydılar, ya hamısı dini inkar etməyə məcbur edilərək haqsızlığa məruz qalacaq, ya da bütün bəşər Allaha inanmağa məcbur edilərək müxtəlif yaradılan ruhlar, qabiliyyətlər, cəhdlər bərabər sayılaraq ədalətsizliyə səbəb olacaqdı. Və imtahanın da bir mənası qalmayacaqdı. Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun...".
Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyərin göstəricisi deyilmi?
Quran "Dində məcburiyyət (zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb. "Nə qədər istəsən də insanların əksəriyyəti iman gətirməzlər", "Sən istədiyinə hidayət verə bilməzsən, ancaq Allah istədiyinə hidayət verər", "Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?" ("Şuəra" surəsi, 3) kimi ayələr tolerantlığı anlamaq üçün ən gözəl ifadələrdir. Bütün bunları bildikləri halda, islamı terrorla eyniləşdirmək, islam dinini terror dini adlandırmaq, sadəcə olaraq qərəzin və ikili yanaşmanın nəticəsidir.
Biz bu gün İslam ümmətinin vəziyyətinə əhatəli nəzər yetirsək görərik ki, ümmətin problemi hansısa qarışıq məsələdə birini o birisindən üstün tutmaqda deyil. Müsəlmanlar İslamın əsas prinsiplərində və rüknlərində heç bir ixtilafa yol verməyiblər və vermirlər. Dinin mahiyyətində də yekdil fikirdədirlər. Ümmətin əsas problemi isə müttəfiq olduqları məsələlərin ətrafında birlik və həmrəylik nümayiş etdirə bilməmələridir.
Bu səbəbdən də, bu gün müsəlmanların vəhdət və birliyinə daha çox ehtiyacları var. Vəhdət və birlik, qarşılıqlı anlaşma və tolerantlıq İslamın tərəqqisi üçün yeganə yoldur. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir müsəlman düşmən dəyirmanına su tökməkdən, dinimizi məhv etmək istəyən Qərb ideoloqlarının əlində alətə çevrilməkdən çəkinməlidirlər. Hər bir müsəlman özünə bu sualı verməlidir:"Dünyanın bütün irqlərinin, millətlərinin nümayəndələrini bir bayraq altında birləşdirən, digər səmavi din mənsublarına loyal münasibət bəsləyən bir din, ona mənsub olan qardaş müsəlmanları parçalaya bilərmi?!".
Bu sualın cavabı ölkəmizdə artıq çoxdan verilib. Və bunun nəticəsidir ki, müstəqil, dünyəvi dövlət olan Azərbaycan həm Qərb, həm də İslam dünyasında multikulturalizm və tolerantlıq məkanı kimi qəbul olunur. Bu, dövlətimizin həm İslam dininə, həm də dünyəvi demokratik dəyərlərə verdiyi yüksək önəmdən irəli gəlir.
“Paralel”in Araşdırma Qrupu