Paralel. - 2018.- 11 dekabr. - ¹ 212. - S. 10.

 

Azərbaycan dövləti birgəyaşayışın, dözümlülüyün, multikulturalizmin etalonudur

 

Dünya dövlətlərinin qarşısında duran əsas vəzifə, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasını təmin etməkdir

 

 Dünyamız qloballaşır. Buna baxmayaraq, qloballaşmanın əsas təzahürləri olan tolerantlığı və dözümlülüyü hələ də, dünyanın bir çox yerlərində müşahidə etmirik. Ələlxüsus da, özünü demokratiyanın beşiyi hesab edən Avropada baş verənlər, onu deməyə əsas verir ki, bu ölkələrin yürütdüyü ikili standartlar, bəşəri birgəyaşayışın normalarına uyğun deyil və multikulturalizm dəyərlərinə ziddir.

Bu səbəbdən də müasir dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri, insanlar arasında dini və milli dözümlülüyün gücləndirilməsi, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Bəs bu gün dünyada nələr baş verir?

Son illərin müşahidələri və araşdırmaları da göstərir ki, dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmaq mümkün deyil. Bunun qarşısını almaq üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük, qarşılıqlı hörmət və tolerantlıq xüsusiyyətlərini gücləndirmək lazımdır. Bu baxımdan ölkəmizdə bir çox əhəmiyyətli tədbirlər həyata keçirilib və bu gün də keçirilməkdədir.

İnkarolunmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibət ilə seçilib. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insansevərliyindən, tolerant və multikultural dəyərlərə hörmətindən qaynaqlanır. Ölkəmiz ta qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi unikal yaşam məskənidir. Bunun nəticəsidir ki, qədim Zərdüştlikdən başlayaraq  İslam dininədək bütün dinlərin daşıyıcıları bu məkanda özlərinə sığınacaq tapıblar. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu öz əksini tapıb. Anayasamıza görə, ölkəmizdə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması belə yolverilməzdir.

Minilliklərdir ki, Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayır, öz inanclarını, adət -ənənələrini, mədəniyyətlərini yaşadır və inkişaf etdirirlər. Ən maraqlısı odur ki, ölkəmizdə heç zaman milli və dini zəmində ədavət və qarşıdurma halları baş verməyib. Əksinə, müxtəlif din və mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynayıb, özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşatmağa müvəffəq olublar. Bu gün də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur, inkişaf etdirilir.

İnsanlarn dünyanın bir çox ölkələrində insanlarn məskunlaşmasında onların dini və milli mənsubiyyəti əsas meyar kimi götürülür, yəhudi, xristian və müsəlmanlar bir çox dövlətlərdə ayrı-ayrı məhəllələrdə yaşayır, bir -birilərindən uzaq durmağa çalışırlar. Ölkəmizdə isə tam əksinə müxtəlif din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin və mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər və burada heç bir ayrı-seçkiliyə yol verilmir. Bu insanlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqələri belə yarada biliblər. 

Bu da inkarolunmaz faktdır ki, ölkəmizdə tolerantlıq ənənəsinin formalaşmasına və dini qruplar arasında möhkəm birliyin yaranmasına, sülhün, barışın hakim olmasına, ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir göstərib. Ölkəmizin zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm geostrateji məkanda yerləşməsi, bir çox xarici ölkələrdə daim  maraq doğurub, bu dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq ölkəmizə hücumlar edərək onu əsarətdə saxlamağa çalışıblar. Ölkəmizin ərazisində məskunlaşan əhali dini baxışlarındakı fərqlərə baxmayaraq, bu kimi təcavüzə  qarşı daim Azərbaycan xalqı ilə birgə mübarizə aparıblar.

Bu gün də Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas vəzifələrdən bir, bu zəngin irsin və mədəniyyətin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasıdır. Bu missiyanı uğurla həyata keçirən ölkəmizdə tolerantlıq, dövlətimizin başlıca siyasəti kimi, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətə çevrilib. Bu dəyərlərin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən qətiyyətlə alınır və alanacaq.

Çünki dövlət-din, eləcə də millietnik münasibətlərin tənzimlənməsi, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycanda dinə göstərilən dövlət qayğısı, bütün sivil cəmiyyətlərin nümunə götürəcəyi bir durumdadır.

Qanunla dövlət dindən ayrı olsa da, Azərbaycan hökuməti dini problemlərin tənzimlənməsində dini icmalara yaxından kömək edir, özünün maddi və mənəvi dəstəyini onlardan əsirgəmir.

Bu baxımdan ölkəmizdə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və dövlətimiz davamlı olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.

Ölkəmizdə bütün dinlərin, hətta bir çox təriqətlərin də nümayəndələri sərbəst şəkildə dövlət qeydiyyatından keçərək fəaliyyət göstərə bilirlər.

Azərbaycan dövlətinin ərazisində məskunlaşan ən qədim xalqlardan biri yəhudilərdir, desək yanılmarıq. Zaman zaman yaşadıqları digər ölkələrdə işgəncə və təzyiqlərə, deportasiyalara məruz qalan yəhudilər ölkəmizə pənah gətirərək, artıq 2500 ildən çoxdur ki, burada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır və fəaliyyət göstərirlər.

Bu gün yəhudilər Azərbaycanda əsasən üç qurumla - Dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunurlar. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər isə daha çox Bakı və Sumqayıt şəhərlərində yaşayırlar.

Burada yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir ki, onlara da dövlətimiz tərəfində öz inanclarına ibadət etmək üçün hər cür şərait yaradılıb. Azərbaycanda xristianlığın pravoslavlıq qoluna mənsub insanlar çoxluq təşkil edir və onlar əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində məskunlaşıblar.

Xristianlığın digər bir qolu olan katoliklərın sayı ölkəmizdə çox az olsa da, Azərbaycan hökuməti 1999-cu ildə katolik icmasının da dövlət qeydiyyatına alınmasına şərait yaratdı. Daha sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Roma katolik kilsəsi inşa edildi. Roma katolik kilsəsinin başçısı II İohann Pavelin 2002-ci ilin may ayında Azərbaycan hökumətinin rəsmi dəvəti ilə Bakıya səfər etməsi, bütün dünyada böyuk maraqla qarşılandı.  O, ölkəmizdəki dini dözümlülüyü yüksək qiymətləndirib: "Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər".

Ölkəmizdə dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də, əsasən Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşan udilərdir. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşayıb, aralarında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olub. Müasir dövrdə də bu ənənə davam edir, udilər də özlərini Azərbaycan xalqından, dövlətindən ayrı təsəvvür etmirlər.

 Məlum olduğu kimi, 1836-cı ildə Rus çarının fərmanı ilə alban kilsəsi və katolikosluğu ləğv edilib, alban məbədləri erməni apostol kilsəsinə verilib. Azərbaycan hökümətinin din sahəsində yürütdüyü uğurlu siyasət nəticəsində udi etnosu da, itirilən hüquqlarını tam bərpa etmək imkanları qazandılar. Onlara məxsus tarixi abidələr yenidən bərpa olundu. Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, Şəki rayonunun Kiş kəndində inşa edilən alban kilsə-muzeyi 2003-cü ildə əsaslı bərpa olunaraq istifadəyə verilib. Kilsənin bərpasında xarici alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf ediblər.

2006-cı ilin may ayında isə Qəbələ rayonunun Nic qəsəbəsində Çotari alban-udi kilsəsi, icmanın istifadəsinə verilib.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin nəticəsidir ki, müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayı sürətlə artıb.

Bütün qeyd olunanlar bir daha sübüt edir ki, Azərbaycan dövləti qloballaşmanın əsas şərtlərindən biri olan birgəyaşayışın, dözümlülüyün, tolerantlığın və multikulturalizmin etalonudur. Azərbaycan multikulturalizminin

bir nümunə olaraq dünyada təbliği, dünya dövlətlərinin bu sahədə fəaliyyətlərinin koardinasiya olunmasına imkan verə bilər. Multikulturalizmin və tolerantlığın inkişafını istəyən bütün qüvvələr və dövlətlər bu nümunədən səmərəli istifadə etməlidirlər.

 

 “Paralel”in Araşdırma Qrupu