Paralel.-2018.-6 dekabr.-¹209.-S.12.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır
Azərbaycançılıq Ulu Öndərin tarixi uzaqgörənliyinin əyani nümunəsi, xalqın milli məfkurəsidir
Səkinə Mehtiyeva
Azərbaycançılıq ideyasının təbliği hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır”. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyası müstəqil, suveren ölkəmizin tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Bu ideologiyanın kökündə Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bu, imperiyaya qarşı müqavimət göstərməklə formalaşan, möhkəmlənən bir istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır. Bu prinsiplər qlobal siyasət üçün bir nəzəri bazadır desək, yanılmarıq. Ona görə ki, bu prinsip dövlətlərə və xalqlara yeni ictimai təfəkkür koordinatları diktə edir. Azərbaycançılıqda bir neçə şərtlər var-bunlar maarifçilik yolu ilə inandırmaq, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenilərin yaranmasıdır. Türkçülük, islamçılıq və vətənçilik təməli üzərində bərqərar olan azərbaycançılığın tarixi qayəsi, məhz öz ərazi bütövlüyünü və xalqın bütövlüyünü qorumaqdır. Çünki mütəmadi olaraq işğala məruz qalan bir xalq üçün vətənçilikdən böyük ideal ola bilməz. Bəlkə də elə buna görədir ki, azərbaycançılıq türkəsilli Azərbaycan xalqının milli ideologiyası, türkçülüyün milli ideya və siyasi məslək kimi vətən sevgisi müstəvisində bir dərkidir.
Bu ideologiyanın bir şüarı var - Mən Türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Türkçülük Azərbaycan xalqının milli idealıdır. Türkçülüklə islamın vəhdəti Məhəmməd Peyğəmbərdən gəlir. O, ümmətinə demişdir ki, türklərin dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək. Təsadüfi deyil ki, XI əsrdə yaşamış böyük Türk alimi Mahmud Kaşğari tərəfindən yazılmış türk dünyasının ilk ensiklopedik əsəri olan “Divani-lüğəti-türk” ü (1072-1074) islamın baş qərargahı sayılan Bağdadda ərəblərə məhz türk dilini öyrətmək məqsədi ilə ərsəyə gətirilmişdi. Ta qədimdən bu günümüzədək türkləri dərk etməyən iki xüsusiyyət var; biri dövlətçilik (fatehlik də deyilir), digəri isə mədəniyyətdir. Bütün böyük türk yürüşləri islam bayrağı altında keçib, onlar dünyada islamın nüfuzunu qaldıran ən böyük millətdir. Türkün fatehliyi işğal deyil, yalnız onların özlərinə məxsus sərhədsiz ərazilərini qorumaq məqsədi daşıyır.
Azərbaycançılıq Ulu Öndər tarixi uzaqgörənliyin əyani nümunəsi,
xalqın milli məfkurəsidir
Heydər Əliyevin azərbaycançılıq təliminin təməlində Azərbaycan dili dayanır. Sivil dünyanın qüdrətli şəxsiyyəti çox gözəl bilirdi ki, Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası həmrəyliyin əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Bu birlik isə yalnız ana dili, Azərbaycan dili vasitəsilə reallaşa bilər. Məhz bu səbəbdən Ulu Öndər deyirdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən çox əzizdir. Çünki uzun illər müəyyən səbəblərdən ana dilimiz olan Azərbaycan dilində danışmağa həyatımızda geniş yer verə bilməmişik. Buna baxmayaraq, hər bir azərbaycanlı ana dilinin qorunub saxlanması üçün mücadilə edib. Yazıçılarımız, şairlərimiz, ədəbiyyatçılarımız Azərbaycanın ağır dönəmlərində doğma dilimizin yaşamasında böyük xidmətlər göstəriblər. Mən bu gün də böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçib. İndi baxın, bizim dilimiz nə qədər zəngin, məlahətli və şirindir. Bütün fikirləri ifadə etmək üçün dilimiz böyük söz ehtiyatına malikdir. Biz Azərbaycanda öz ana dilimizin hakim olmasını, dilimizin getdikcə inkişaf etməsini təmin etməliyik”.
Bəli, Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarına qədər aydın şəkildə ifadə etmək gücünə malikdir. Təsadüfi deyil ki, indi ölkəmizdə 1 avqust tarixi Azərbaycan Dili və Əlifbası günü kimi qeyd edilir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. O, böyük şəxsiyyət bu Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Ana dilimizin dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, o həm də, xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini, dinini unutmamalı, onları bacardığı qədər təbliğ etməlidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Əgər bunların biri olmazsa, o zaman vətənpərvərlik formulunun düzəni pozulmuş olar”. Azərbaycançılıq bizim üçün cəmiyyətimizdəki dəyərlərin elə bir sistemidir ki, o, hər bir vətəndaşın həyatını ali, ümummilli və ümumbəşəri dəyərlər dünyasına qovuşdurmaq üçün sonsuz əhəmiyyətə malikdir. Milli birliyə mənsubluq hissi həyatın özünə böyük məna verərək, onun əhəmiyyətini müəyyən edir və ümumi işə məsuliyyət hissini gücləndirir. Sanki qəriblik və tənhalıq kimi hissləri aradan qaldırmağa kömək edir.
Millət vəkili Fazil Mustafa Azərbaycançılığın bir ideya olaraq hansısa bir ideoloji zəminə sahib olmadığını düşünür. O, bunu daha çox Azərbaycan cəmiyyətinin yaşam tərzi olaraq düşünüldüyünü deyir: “Azərbaycan vətəndaşlarının bir dövlət modeli ətrafında birləşmə sistemi olaraq gündəmə gətirilib və buna, əslində cəmiyyətin ideya olaraq müəyyən bir vətəndaşlıq modeli kimi baxılmalıdır. Ona görə də bunun əhəmiyyəti o baxımdan böyükdür ki, hansısa şəkildə bir ayrıçılıq, hansısa bir formada Azərbaycan vətəndaşları arasında həmrəylik münasibətlərinin pozulmasının qarşısının alınması üçün bu ideyanın inkişafı olduqca əhəmiyyətlidir. Çünki hər kəs hansısa bir milli mənsubiyyətə sahib ola bilər, hansısa bir dini konfensiyanın üzvü ola bilər, lakin bu o demək deyil ki, bu insanlar Azərbaycan dövlətinin vətəndaşı olaraq dövlətin mərkəzi sisteminə münasibətdə hansısa mərkəzdənqaçma fəaliyyətinə rəvac versinlər. Ona görə də Azərbaycançılıq ideyası, məhz mərkəzdənqaçmanı önləmək, hamının bərabərhüquqlu Azərbaycan vətəndaşı olmasını təmin etmək üçün düşünülmüş birgəyaşayış modelidir. Bu modelin təşviqi, insanların özlərini millətindən, irqindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, real zəmində bərabərhüquqlu hiss edə bilsinlər deyə vacibdir. Ona görə də son illərdə Azərbaycanda bu istiqamətdə daha böyük işlər görülür və bu təqdir olunandır. Azərbaycançılıq həm də Azərbaycanı parçalamaq istəyən qüvvələrə qarşı yönələn cəmiyyətin vazkeçilməz silahıdır. Bu model durduqca, Azərbaycan cəmiyyətinin içində parçalanma meyitlərini gücləndirmək mümkün olmayacaq. Bu ideyanın tarixi kökləri çox dərin deyil, Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra belə bir ideya ortaya çıxdı və daha çox 1990-cı illərdən sonra populyarlaşmağa başladı. Hesab edirəm ki, xüsusilə də 1990-cı illərdə bir az sovet dövründən qalan Azərbaycanlı modelinin inkişaf baxımından, etnik mahiyyət baxımından zənginləşdirilməyə çalışılsa da, buna etnik fenomen kimi baxılması yanlışdır. Çünki Azərbacançılıq içində müxtəlif xalqları təmsil edən və dominat olaraq Azərbaycan türklərinin çoxluq təşkil etdiyi, azlığın hüquqlarının məsuliyyət daşıdığı bir modelin tanıtımıdır. Yəni bunu etnik kimlik tanıtım kimi deyil, vətəndaş birliyi modeli kimi təqdim etmək. daha faydalıdır. Burada hər kəs fərqli din, dil, mədəniyyət anlayışlarını bir kənara qoyub, birlikdə bərabərlik göstərməyə meyl göstərəcək. Əsas fikiri bu istiqamətə yönləndirmək lazımdır və Azərbaycanşılıq ideyasını bu yöndə təbliğ etmək daha faydalı olar. Bu həm də, elmi cəhətdən də əsaslandırılmış müəyyən nəticələr ortaya qoya bilər”.
Güclü təsir vasitəsi olan televiziyalar və kütləvi informasiya vasitələrində Azərbaycançılıq ideyasının təbliği hansı səviyyədədir? Bu sizi qane edirmi?- sualına -“yox, bu məni qane etmir ona görə ki, bu terminin düzgün açılışını vermək lazımdır”,- deyə Fazil müəllim bildirib. “Bu terminin güzgün açılışı televiziyaların işi deyil. Son günlər bu istiqamətdə xeyli müzakirələr aparılsa da, bir fəlsəfi və sosioloji mətn olaraq, anlayışın doğru izahı verilmədiyinə görə, ideyanı sadəcə kimlik tanıtımı kimi bütün respublika ərazisində olan kimlik tanıtımı kimi təqdim edilməyə çalışıldığına görə burada süni çalarlar daha çox qabarmağa başlayır. Yəni, kimsə özünü etnik cəhətdən bu formatın içində görməyə bilər. Amma vətəndaşlıq və bərabərhüquqluq baxımından hamı özünü bunu görməyə borclu hiss etməlidir. Çünki bu Azərbaycanın bütövlüyü, birliyi və parçalanmasına qarşı olan ciddi arqumentdir, sanballı silahdır. Əgər biz bu silahdan doğru istifadə edə bilsək, bununla kiməsə xəsarət yetirmərik, amma özümüzü qorumuş olarıq”.
Mən isə sonda fikrimi belə izah edərdim-bunu unutmaq olmaz ki, biz keçid iqtisadi sistemi olan, vətəndaş cəmiyyətini təsisatlarının formalaşdığı tranzit ölkədə yaşayırıq və Ermənistanla müharibə vəziyyətindəyik. Belə bir şəraitdə azərbaycançılıq inteqrativ ideoloji sistem, milli ideya forması kimi təsəvvür edilir. Bu ideyanın əsasında sivilizasiyalı Avrasiya birliyinin bir hissəsi özünəməxsus milli ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır.