Paralel. - 2018.- 8 dekabr. - ¹ 211. - S. 10.
Multikulturalizm siyasətinin əsas təzahür formalarından biri də, Azərbaycandakı dövlət-din modelidir
Qloballaşan dünyamızın milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinə böyük ehtiyac var
Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli bütün dünyaya sübut etdi ki, bu dəyərlərin cəmiyyətdə bərqərar olmasının əsas şərtlərindən biri də, sülh və əmin-amanlıqdır. Bəşəri rəmzə çevrilən sülh anlayışına minlərlə təriflər vermək olar. Çünki sülh əsrlər boyu bəşəriyyətin ən böyük ehtiyac duyduğu dəyərlərdən biridir. Bu gün də sülh yaşı milyon illərlə ölçülən dünyamızda insanların həqiqət və əmin-amanlıq nəğməsidir, desək yanılmaraq. İnsanın yaşaması üçün gündəlik çörəyə, suya, havaya ehtiyacı olduğu kimi, bəşəriyyətin də sülhə, sevgiyə və tolerantlığa ehtiyacı var. Sülh, əslində dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial-iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən bəşəri dəyərdir. Multikulturalizm və tolerantlıqla yanaşı, sülh də hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzuladığı məfhumdur.
Təəssüflər olsun ki, bu məfhumun olmadığı cəmiyyətlərdə insanlar, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bunun qarşısının alınması isə yalnız sülh yolu ilə mümkündür.
Dünyada sülhün, tolerantlığın, multikulturalizmin bərqərar olması üçün əsas şərt qarşılıqlı əməkdaşlıq və dialoqdur.
Bu dialoq və əməkdaşlığın təzahürü kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən "Müsəlman Cəmiyyətlərdə Sülhü Təşviq Forumu"nun 5-ci illik sessiyasını qeyd edə bilirik. Üç gün davam edən tədbirdə "Fəzilətlərin İttifaqı: Qlobal Sülh üçün Bir Fürsət" mövzusunda müzakirələr keçirilib. Forumda müxtəlif dinləri təmsil edən 800-ə yaxın nümayəndə, eləcə də beynəlxalq insan hüquqları təşkilatları, dünya miqyasında tanınan alimlər, mütəfəkkirlər və tədqiqatçılar iştirak ediblər. Forumun prezidenti Şeyx Abdulla bin Bəyyah tədbirdə çıxış edərək bildirib ki, forumun mövqeyi xalqlar arasında tolerantlıq və sülh içində birgə yaşayış dəyərlərinə, həmçinin bütün dinlərarası dialoqun təşviqinə əsaslanır. Bin Bəyyah həmçinin qeyd edib ki, bu gün fərqli mədəni kökləri olan, dünyanın müxtəlif dinlərini və millətlərini təmsil edən iştirakçıları bu forumda bir yerdə görmək böyük xoşbəxtlikdir. Konfransda çıxış edən digər iştirakçılar da Fəzilətlər İttifaqı dəyərlərinə əsaslanan əməkdaşlığın sülhün bərqərar olması, dinlərin siyasi məqsədlərlə istismar edilməməsi üçün effektiv bir mexanizm yaratmağa kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də BMT İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunun 70 illiyi ilə bağlı bəyanat verərək, müasir dünyamızın bu gün də daha çox sülh və əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa və dialoqa ehtiyacı olduğunu bildirib. KAİCİİD Beynəlxalq Dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olaraq bəyanat verən Şeyxülislam A. Paşazadə qurumda İslam dünyasını təmsil edən dini lider olaraq dünya üçün önəm kəsb edən məqamlara dair fikirlərini ifadə edib.
Müraciətdə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində duran beynəlxalq qurum olduğunu qeyd edən QMİ sədri A. Paşazadə İnsan hüquqları haqqında Ümumi Bəyannamənin qəbulunu BMT tarixində dəyərli hadisə kimi qiymətləndirib. Eyni zamanda, insan hüquqlarının tam mənada təmin olunmadığını qeyd edən şeyx həzrətlər BMT sistemində də əsaslı dəyişikliklərə ehtiyac olduğunu önə çəkərək, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlərin nəzərə alınmadığını və bununla da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol verildiyini bildirib. O həmçinin, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axınını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirildiyini, problemdən siyasi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb.
Şeyx həzrətləri öz müraciətində insan hüquqları sahəsində ikili standartların mövcudluğunu, beynəlxalq hüququn çox zaman işləmədiyini, qəbul edilən qərarların yerinə yetirilmədiyini dövrümüzün reallığı olduğunu qeyd edərək, bunun ağır nəticəsi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 4 BMT qətnaməsinin indiyədək icra olunmadığını bildirib.
XXI əsrdə qloballaşma proseslərinin sürətləndiyi dövrdə sülh və ədalətin təmininə xidmət edən dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyətinin, humanist dəyərlərin önəmli yer tutduğunu bildirən Şeyxülislam A. Paşazadə bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığının vacibliyini önə çəkib.
Bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsinə böyük ehtiyac olduğuna diqqəti çəkən A. Paşazadə Azərbaycanın uğurlu birgəyaşayış modelini dünyaya nümunə göstərib. Azərbaycanın müxtəlif din təmsilçilərinin dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdən olduğunu qeyd edən şeyx həzrətləri dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq amallarına həm dövlətimizin qarant olduğunu, həm də milli mentalitetimizin rəvac verdiyini bildirib.
Şeyx həzrətləri müraciətində qeyd edib ki, Azərbaycanın dövlət rəhbərinin elan etdiyi istər multikulturalizm, istər İslam həmrəyliyi illəri, müəllifi olduğu 10 illik tarixə malik "Bakı prosesi" də, məhz bu məramlara xidmət edir. Bu ideyaları irəli sürməklə, onları təqdim etməklə kifayətlənmədiyimizi, dünyada sülh və qarşılıqlı anlaşmaya nail olanadək davamlı şəkildə insanlara çatdırılmasına səy göstərdiyimizi bildirən Şeyxülislam A. Paşazadə dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin də bu istiqamətdə səylərini diqqətə çatdırıb.
Bu gün dünyada milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsiplərindən, habelə sülhyaratma potensialından geniş istifadə etməyin vacibliyini qeyd edən QMİ sədri bu dəyərlərin BMT tribunasından təbliğinin məntiqi və məqsədə müvafiq olduğunu bildirib. O, xüsusi vurğulayıb ki, BMT üzvləri qəbul etməlidirlər ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. A. Paşazadə həmçinin qeyd edib ki, dünyada dini və milli zəmində ekstremizmin qarşısının alınnması üçün dini liderlərin beynəlxalq platformada - BMT çərçivəsində məşvərət hüququnun təmin edilməsi zamanın tələbidir.
Şeyx həzrətlərinin də öz müraciətində qeyd etdiyi kimi, sülhə, əmin-amanlığa təhdid olan bir çox dini və milli zəmində ekstremizm halları dindən siyasi məqsədlər üçün istifadə olunmasından irəli gəlir. Bu baxımdan Azərbaycan da istisna deyil. Misal üçün, bu ilin iyul ayında Gəncədə baş verən hadisələri göstərə bilərik. Bu hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ölkə Prezidentinin ortaya qoyduğu mövqe, ölkədə sabitliyin qısa zaman kəsiyində bərpa olunmasında mühüm rol oynadı. Prezident çıxışında deyib:"Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmayıb. Bunun başlıca səbəbi odur ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz".
Gəncə hadisələri Prezident İlham Əliyevin bu müdrik sözlərini bir daha təsdiqlədi. Xaricdən idarə olunan ekstremistlərin Azərbaycan xalqına, dövlətçiliyimizə qarşı törətdikləri bu cinayət, terror aktı ilk növbədə xalq- iqtidar birliyinin gücü ilə yatırıldı. Azərbaycan xalqının dövlətçiliyimizin müdafiəsinə qalxması bir daha sübut etdi ki, bu millət, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət nəticəsində sabitlik adasına çevrilən Azərbaycanı canı və qanı bahasına müdafiə edəcək.
Özlərini din təəssübkeşləri kimi təqdim edən Gəncə hadisələrində iştirak edən ekstremist qüvvələr çirkin əməllərini həyata keçirərkən cəmiyyətin bütün təbəqələrinin, o cümlədən dini və etnik konfessiyaların nümayəndələrinin etirazı ilə üzləşdilər.Çünki onların dini etiqad azadlığı uğrunda mübarizə apardıqları iddiası həqiqəti əks etdirmirdi.
Belə ki ölkəmizdə aparılan multikulturalizm siyasəti, qeyd olunan müxtəlifliyin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. Multikulturalizm siyasətinin əsas təzahür formalarından biri də dünyada mütərəqqi model hesab olunan Azərbaycandakı dövlət-din modelidir.
Bu modelin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricilərindən biri ölkə vətəndaşlarının dini etiqad azadlığının tam təmin edilməsidir. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması demokratik inkişaf yolu seçib, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların əsas hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır.
Bunun nəticəsidir ki, ölkəmizdə dayanıqlı sülh, əmin-amanlıq, multikulturalizm və tolerantlıq mühiti bərqərar olub.
“Paralel”in Araşdırma Qrupu