Yeni Azərbaycan. - 2018.- 7 dekabr. - ¹ 232. - S. 7.

 

Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib

 

Tolerantlıq nümunəsi olan ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar

 

Nurlan Qələndərli

 

Müasir müstəqil Azərbaycan dünyada dinamik inkişafa malik olan, müstəqil və demokratik ölkə, eyni zamanda, tolerantlıq nümunəsi kimi tanınır. Bunlarla yanaşı, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib, sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir. Hazırda dünyanın bir sıra ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi təmin edilib. Bu da Azərbaycanın demokratik, tərəqqipərvər və humanist ənənələri, multikultural dəyərləri yaşadan ölkə kimi tanınmasını şərtləndirib.

Ümumiyyətlə, tarixin bütün dövrlərində Azərbaycanın dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olması aşkar reallıqdır. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayıblar və bu gün də bu reallıq müşahidə edilir. Oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Prezident İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir: “Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır”.

Digər tərəfdən, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edən Azərbaycanın təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına özünəməxsus töhfələr verir. Ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı qeyd edib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir: “Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq”.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. “Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər”.

Tolerantlıq mərkəzi və multikulturalizm diyarı kimi tanınan Azərbaycan həm də İslam həmrəyliyinə əvəzsiz töhfələr verir. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycanda müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Eyni zamanda, Azərbaycan müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu dövlət kimi tanınır. Məhz bunun qanunauyğun nəticəsidir ki, respublikamız müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri İSESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib, 2018-ci ildə isə bu şərəfli adı daşımağa Naxçıvan şəhəri layiq görülüb. Bu, İSESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Bütövlükdə, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür. Azərbaycanın bu istiqamətdə irəli sürdüyü mühüm təşəbbüslər böyük əhəmiyyətə malikdir. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da xüsusi olaraq qeyd edilməlidir. Bu həm ölkəmizin daxili auditoriyasına, həm də dünya ictimaiyyətinə ciddi bir çağırışdır. Əlbəttə, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi xarakter daşımayıb. Çünki bu gün ölkəmizdə İslam həmrəyliyi tam bərqərar olub.

Ümumiyyətlə, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına xidmət edir. Başqa sözlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu kontekstdə “Bakı Prosesi”nin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edilib, beləliklə, mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunub. Bu konfransda “Mədəniyyətlərarası dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilib. “Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulub. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilib. 2011-ci ilin 7-9 aprel tarixində isə Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Ümumiyyətlə, Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu gün “Bakı Prosesi” BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır. Bu fakt 2017-ci ildə BMT-nin baş katibi tərəfindən xüsusi qeyd olunaraq ötən ilin dekabr ayında BMT-nin qəbul etdiyi qətnamədə əksini tapıb.

Nəticə etibarilə, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanda mövcud olan tolerantlıq mühiti mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Buna paralel olaraq Azərbaycanın həm müxtəlif tədbirlərə ev sahibliyi etməsi, həm də dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı kimi çıxış etməsi sivilizasiyalararası dialoqun genişləndirilməsinə, bu istiqamətlərdə səmərəli fikir mübadiləsinin aparılması və işbirliyinin gücləndirilməsinə mühüm töhfələr verir.