Türküstan qəzeti.-2018.-4-10 dekabr.-¹90.-S.7.
Cümhuriyyətə bir addım - Zaqafqaziya Seymi
Elşən Mirişli,
Gəncə şəhəri, tarixçi
1813-cü il 12 oktyabrda Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanmış müqavilə əsasında tarixi Azərbaycan ərazisi ilk dəfə bölündü.10 fevral 1828-ci ildə bağlanan növbəti Rus-Qacar müqaviləsi ilə Şimali Azərbaycanın Rusiya İmperiyası tərəfindən işğalı rəsmiləşdirildi. Çar Rusiyası Azərbaycanın şimalını hakimiyyəti altına aldığından süqutuna qədər Azərbaycan türklərinin milliyyətini məhv etmək üçün nə lazımsa onu etməkdən geri durmamışdır. Azərbaycan türklərini “tatar” deyə adlandırmışdır. Yəni, nə Türkiyə, nə də Qacar dövlətinə münasibəti olmayan üçüncü bir millət yaratmağa çalışmışdır. Ruslar Azərbaycan türkcəsində təhsili qadağan edib. Azərbaycan türkcəsində məktəblər açılmasına imkan vermədilər. Türkcə danışmağın belə yasaq edilməsinə var qüvvə ilə çalışmışdılar. Xalqı daima rusca danışmağa məcbur etmişlər. Əhalisi Azərbaycan türklərindən ibarət olan yerlərdə bələ məhkəmələrə tərcüməçilər təyin edilmir və əhali rusca danışmağa məcbur olunurdu. Osmanlı imperiyası və Qacar dövləti ilə sərhəddə Azərbaycan türklərinə soydaşları ilə təması yasaq etmək üçün Şimali Azərbaycan torpaqlarına ermənilər, almanlar və Rusiya daxilindən xaxol, malakan deyilən rus kəndlilərini məskunlaşdırmışdılar. Gəncənin yaxınlığında “Handorf, “Malakan”, “Slovakiya” və sair adlarda xristian kəndləri salmışdılar.
Rusiya imperiyasında müsəlman əhali əsgərliyə çağırılmırdı. Bunun müqabilində müsəlmanlardan əsgər vergisi adıyla bol-bol pul alırdılar. Gürcü və ermənilər hamılıqla əsgərliyə çağırılırdı. Bu vəziyyət Birinci Dünya müharibəsinin sonlarında Azərbaycan Türklərinin erməni, gürcü və ruslar tərəfindən soyqırıma məruz qalmalarına səbəb oldu. O dövrdə milli kimlik rəmzi sayılan xəncər daşımaq belə yasaq edilmişdi. Azərbaycan türklərinin əsgərliyə çağırılmaması, silahdan təcrid edilməsi Birinci Dünya müharibəsinin sonlarında onları özünü müdafiədən məhrum edirdi. Millətin qabaqcılları olan və min cür əziyyət içində yetişə bilən ziyalılar və qələm sahibləri daima təqiblərə məruz qalır, sərt bir kontrol altında saxlanırdı. Duma deyilən rus parlamentində Azərbaycan türklərinin sayı əhali nisbətində deyildi, az idi. Dini mövqelərimizin “molla “ deyilən bir bölük Qacar İranından gələn cahil, avara mollaların əlində olması rusların işlərinə tam yarayırdı. Ruslar məktəbdən çıxmış həqiqi islam din xadimlərini sevmədikləri halda, Qacar dövlətindən gələn qəsbkar qiyafəsində olanlardan əksinə məmnun olurlardı.
9 mart 1917-ci ildə Rusiya İmperiyası Müvəqqəti hökuməti Qafqazda çar idarəçilik sisteminin canişinliyin ləğv edilməsi barədə qərar verdi. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum-Zaqafqaziya Xüsusi Komitəsi yaradıldı. Xüsusi Cənub Qafqaz Komitəsi 9 mart 1917-11 noyabr 1917-ci il fəaliyyət göstərdi. Rusiyadan daha çox muxtariyyat tələb edən Ümumrusiya parlamentinə seçilmiş Azərbaycan türkləri gürcü və erməni deputatlar 14 fevral 1918-ci ildə Tiflisə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya )seymini yaratdılar. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında bolşevik çevrilişindən sonra keçirilmişdi. Lakin bolşeviklər bu seçkilərdə uduzduqları üçün (o cümlədən Cənubi Qafqazda) parlamentin fəaliyyətə başlamasına imkan vermədilər. Bundan sonra Cənubi Qafqazdan seçilmiş deputatlar regional parlament(Seym)yaratmaq qərarına gəldilər. Azərbaycan türklərini təmsil edən 44 nəfərlik müsəlman fraksiyası Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
23 fevral 1918-ci il tarixində Zaqafqaziya seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya-gürcü sosial-demokratlar(Menşeviklər)32, “Müsavat” partiyası 30,ermənilərin “Daşnaksütyun” partiyası 27 deputatla təmsil olunmuşdu. Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin Azərbaycan türklərinin “İttihad”, Hümmət”, müsəlman sosialistlər qrupu (14 nəfər) yer almışdı. Azərbaycan türklərinin deputat fraksiyasına (44 nəfər) “Müsavatın lideri Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.
19 aprel 1918-ci ildə seymin iclasında cənubi Qafqazın istiqlalı elan edildi.22 aprel 1918-ci ildə Zaqafqaziya seyminin Azərbaycan türkü ,erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan etdilər. Azərbaycanın siyasi partiyaları “Müsəlman fraksiyası” adı altında birləşsələr də, təəssüf ki, nümayəndələrin hamısı məclisdə iştirak etmədilər. Müsəlman parlament nümayəndələrinin millət vəkillərinin bir qismi Bakıda ruslar tərəfindən həbs edilmişdi, digər qismi öz qəzalarından çıxmaq istəmirdi. Azərbaycanın işlərini idarə edən Bakıda milli komitə ləğv edildiyindən bütün Azərbaycan türklərinin yeganə ümidi Tiflisdə təşkil edilən bu “Müsəlman fraksiyası” üzvlərində idi. Həmin fraksiya qanunların tənzim edilməsi və hökumət təşkili kimi siyasi işlərdən başqa bir çox milli və ictimai işlər ilə də məşğul olmağa məcbur oldu. Cəbhədən geri çəkilən rus ordusu hissələrinin Azərbaycan daxilində bir hadisə törətmədən keçib getmələrini təmin elədilər. Cəbhədən qayıdan erməni hərbi birləşmələri Azərbaycan türkləri silahsız olduğu üçün Qars və İrəvan əhalisini qılıncdan keçirmiş və var-dövlətlərini əllərindən almışdılar. Ərdahan, Axıska, Borçalıda və sair yerlərdə türklərə təzyiq edirdilər. Tiflisdə o zaman üç ordunun təşkil edilməsi nəzərdə tutulsa da müsəlman, gürcü və erməni adları altında üç ordudan son ikisi təşkil və təchiz edilərək, cəbhələrə göndərildiyi halda, Zaqafqaziya Demokratik Federativ Respublikası Azərbaycan türklərindən ibarət ordu yaradıb təchiz etmədi.
Mart soyqırımı: Çar ordusuna mənsub olub alman və Avstriya-Macarıstan cəbhəsindən Osmanlı imperiyasına qarşı vuruşan cəbhədəki ordudan 40 minə qədə əsgər öz evlərinə qayıtmaq üçün Bakıya gəlmişdilər.4O min əsgər rus-erməni hərbi birləşmələrindən ibarət idi. Təyyarəçilər çaxnaşma yaratdıqlarına görə bu ordu əsgərləri məmləkətlərinə gedə bilmədilər və Bakıda toplanıb qaldılar. Bu ordunu bolşeviklər özlərinə tabe etdilər. Ordu bolşeviklərin əlinə keçdikdən sonra Bakının Türk-müsəlman əhalisini məhv etmək üçün rus bolşeviklər və onların müttəfiqləri “Daşnak” partiyası qanlı soyqırım törətdi. Bu soyqırım 31 mart 1918-ci ildə başlayıb 2 aprel 1918-ci İlə qədər davam etdi. Bu soyqırım üç gün sürdü. “İsmailiyyə” deyilən böyük və gözəl saray yandırıldı. “Təzə pir” və sair məscidlər bombardman edildi. Şəhidlərin sayı 15 min nəfər idi. On minlərlə Azərbaycan türkü və müsəlman itkin düşmüşdü. Qətliamdan qurtulanlar ətraf kəndlərə və dağlara çəkildilər. Azərbaycanın istiqlaliyyəti yolunda ilk qurbanlar burada verildi. Qatil bolşevik-daşnak ordusu ətrafa hücum edərək Şamaxı şəhərini yandırdı və əhalisini tamamilə qırdı. Rus bolşeviklər və erməni daşnaklar Lənkəran, Salyan, Quba, Hacıqabul və Kürdəmiri zəbt ədib qanlı soyqırım törətdilər. Gəncə şəhərini təhdid altına aldılar.
Nəhayət bu qırğınlardan, soyqırımdan sonra Zaqafqaziya Demokratik Federativ Respublikası müsəlman ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib, düşmən qarşısına, Kürdəmirə göndərdilər. Dəstə birinci tatar süvari alayı ilə yenidən təşkil edilmiş ikinci süvari alayı, bir gürcü piyada bölüyü və bir Gəncə topçu batareyasından ibarət idi. Hamısı ancaq min nəfərə yaxın olar idi. Başıpozuqlardan beş min nəfərə qədər könüllü gəmiş isə də, bunlardan əksəriyyəti soyğunçuluqla məşğul olduğundan cəbhədən xaric edildilər. Düşmən qarşısında yalnız həmin kiçik dəstə ilə müqavimət edildi və Yevlax dəmiryol stansiyası yaxınında, Kür çayı üzərində olan məşhur böyük körpünü dəstə mühafizə edərək, Osmanlı ordusunun gəlməsinə qədər düşmənə bu körpünü verməyib, bolşevikləri burada durdurdu. Beləcə dəstə martdan iyuna yəni, Osmanlı imperatorluq ordusunun gəlməsinə qədər qəhrəmanlıqla vuruşdu. Osmanlı ordusu gəldiyi zaman gürcü piyada bölüyü geri çağırıldı. Birinci tatar süvari alayı və ikinci süvari alayı osmanlı ordusu birlikdə çalışaraq Bakının azad olunmasına qədər düşmən ilə çarpışdı.
İrəvan vilayətinin bütün kəndləri Andronik, Dro və sair erməni qatilləri tərəfindən yerlə bir və əhalisi məhv edildi. Bu qırğından qurtulanlar Gəncəyə doldular. İrəvan hadisəsi seymin 5,7,19,20 fevral iclaslarında böyük gurultulara səbəb olmaqla İrəvana heyətlər göndərildi. Bu heyətlər təhqiqatlar apararaq qayıtdı. İrəvan quberniyasının vilayətinin 211 ancaq Azərbaycan Türkü yaşayan kəndinin məhv edildiyi və 100 min insanın məhv edildiyini isbat və sübut edildi. Seym tərəfindən mühacirlər üçün 15 milyon manat təyin edildi isə də, ancaq 3 milyonu verildi və yerlərindən, yurdlarından qovulanların ehtiyacları tamamilə dəf edilmədi. Çarizm zamanında İrəvan vilayətində yaşayan üç yüz mindən çox türkdən 100 mini vəhşicəsinə öldürülmüşdü. Bütün bunlar seymin tədqiqat üçün göndərdiyi nümayəndələrin sənəd və sübutlarında da göstərilmişdi.
İstiqlaliyyət elan edildikdən sonra Osmanlı İmperatorluğu ilə sülh bağlamaq üçün ikinci dəfə bir heyət göndərildi. Birinci dəfə heyət göndəriləndə Osmanlı İmperatorluğu rəsmi heyəti qəbul etməmişdi. Birinci heyət gedəndə Cənubi Qafqaz öz istiqlaliyyətini elan etməmişdi. Osmanlı dövləti Brest-Litovsk müqaviləsinə istinadən Qars, Ərdəhan, Batum vilayətlərini tələb edirdi. Gürcü və erməni nümayəndələri bunu qəbul etmədilər. Çünki o torpaqları özləri işğal etmək istəyirdi. Bu məsələdə Azərbaycan türkləri Osmanlı türklərini daim dəstəkləyirdilər. O sıralarda Azərbaycanın və Dağıstanın kənd və şəhərlərindən Trabzon və İstanbula heyətlər silsilə ilə getdi, soyqırımdan qurtulmaq üçün Osmanlı İmperiyasına birləşməyi tələb etdilər. Buna qarşılıq gürcü və .ermənilər Osmanlı imperatorluğuna qarşı müharibəyə başladılar. Nəhayət Qafqaz cəbhəsində gürcü və erməni; orduları türk ordusu tərəfindən məğlub edildi. Azərbaycan nümayəndələri Qafqaz cəbhəsində açılan Türkiyəyə qarşı yeni hərbə etiraz edərək hökumətdən çıxdılar. Seymin gürcü nümayəndələri sülh məsələsində Azərbaycan türkləri ilə birləşdilər. Yenidən sülh heyəti göndərildi. Bu dəfə Osmanlı imperatorluq ordusu tərəfindən zəbt edilmiş olan Batuma göndərildi. Gürcülər Batumun türklər tərəfindən yenidən ələ keçirilməsini qəbul etmək istəmirdilər. Ancaq Ənvər Paşanın təzyiqi ilə bunu qəbul etməyə məcbur oldular. Gürcü və ermənilər osmanlı türklərinə hərb elatı etdikləri zaman buna etiraz olaraq Azərbaycan nümayəndələri hökumətdən çıxmışdılar. Ermənilərin Qafqazda torpaqları olmadığı halda orduları var idi. Azərbaycan türkləri Cənubi Qafqazın əksəriyyətinin sahibi olduqları halda orduları yox idi. Qafqazda üç nəfərlik diktatura hökuməti təşkil etdilər və Azərbaycan türklərini tamamilə dövlət işlərindən uzaqlaşdırmaq üçün seymi belə qapatdılar. Hələ Bakı məsələsində tutulan mövqe ilə münasibətlər büsbütün pozuldu. Bolşevik ruslar və ermənilər Bakıdan Kürdəmirə qədər Azərbaycanı qılıncdan keçirdən zaman hökumətdə olan gürcü və ermənilər buna mane olmadılar. Hətta nümayəndələri Tiflisdə seymdə olan daşnak erməniləri Bakıdakı bolşeviklərlə birləşdilər və Tiflis şəhərinə iddia edib Tiflis üstündə bu seymin əleyhinə qalxmışdılar. Gürcülər Azərbaycanın faciələrinə səslərini çıxarmadılar. Yaradılması nəzərdə tutulan Azərbaycan ordusuna silah verilmədi. Azərbaycan ordusu cəbhədən geri qayıdan rus əsgərlərini tərksilah etməklə silahlanırdı. Azərbaycan fraksiyası buna dözmədi və Azərbaycanın istiqlaliyyətini elan edəcəklərini təhdidlə bildirdilər.
26 may 1918-ci ildə Osmanlı imperiyası ZDFR-in buraxılması barədə ultimatum verdi. Gürcü tərəfi Osmanlı İmperiyası ilə ikinci dəfə müharibəyə girişməmək və daha çox ərazi itirməmək üçün 26 may 1918-ci ildə müstəqilliyini elan etdi. Azərbaycan İsə 28 may 1918-ci ldə müstəqilliyini əlan edərək istiqlaliyyətinə qovuşdu. Zaqafqazlya Demokratik Federativ Respublikası 1918-ci ilin 22 aprelindən 1918-ci ilin 26 mayına qədər mövcud olmuşdu. Zaqafqaziya seymi ilə Azərbaycan dövlətçiliyinin bünövrəsi qoyuldu və son məqsəd Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə Azərbaycan Cümhuriyyətinin qurulması ilə yekunlaşdı. Səymin Müsəlman fraksiyasının müstəqillik uğrunda apardığı mübarizə sonda dünyada Azərbaycanın müstəqilliyinin bərpası ilə nəticələndi. Bu günki dövlətçiliyimizin bünövrəsi qoyuldu.