525-ci qəzet. - 2018.- 4 dekabr. - ¹ 214. - S. 4.
Azərbaycan Parlamenti necə yarandı
Solmaz Rüstəmova-Tohidi,
Tarix elmləri doktoru
2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə - nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur.
Bu gün müasir Azərbaycan Respublikası Parlamentinin - Milli Məclisin varlığını və fəaliyyətini milli dövlətçiliyimizin labüd bir reallığı kimi qəbul edən və bu məntiqində haqlı olan vətəndaşlarımızın böyük əksəriyyəti Milli Məclisin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixən öz yaranma mərhələlərində nə qədər mürəkkəb və ağır, çətin və keşməkeşli və eyni zamanda, şərəfli bir yol keçdiyini bəlkə də bilmir, yaxud bunun fərqinə varmır. Bu keçilən yola bir nəzər salaq.
Rusiya Dövlət Dumasından Ümumrusiya Müəssislər Məclisinə
Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr tarixli manifesti əsasında təsis edilən I Dövlət Duması artıq 1906-cı ilin aprelin 27-də işə başlasa da, Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında seçkilər hələ yalnız mayın 31-də keçirildiyi üçün azərbaycanlı deputatlar onun işinə sonradan qatılmışlar. İmperiyanın, o cümlədən, Cənubi Qafqazın müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov - seçilmişlər.
Rusiya Dövlət Dumasında işə başlayan azərbaycanlı deputatlar ilk gündən böyük fəallıq göstərirlər. Rusiyanın digər müsəlman xalqlarının nümayəndələri ilə əməkdaşlığa başlayır və bunun nəticəsi kimi 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil olurlar. Diqqətəlayiqdir ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövr artıq peşəkar hüquqşünas və nüfuzlu ictimai xadim kimi tanınan Ə.b.Topçubaşov rəhbərlik edirdi.
Azərbaycanlı deputatlar I Dumanın işində yaxından iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar. Belə çıxışlar arasında İsmayıl xan Ziyadxanovun 1905-1906-cı illər Cənubi Qafqazı bürümüş erməni-müsəlman silahlı qarşıdurması zəminində millətlərarası toqquşmalarla əlaqədar verilmiş sorğu ilə bağlı söylədiyi nitq çarizmin Azərbaycandakı müstəmləkəçilik siyasətinin kəskin tənqidi ilə seçilməklə o zaman üçün son dərəcə böyük cəsarət tələb edən addım sayılırdı:
"Artıq elə bir vaxt gəlib çatmışdır ki, biz də oyanmışıq və bizim susmağa ixtiyarımız yoxdur. Rusiya yüz il bundan əvvəl Cənubi Qafqazı zəbt etmişdir. Yüz il ərzində biz, bir növ, hərbi əsir hesab olunurduq... heç bir hüququmuz yox idi. Milli varlığımıza təcavüz edilmişdir... Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyil... Torpaq azlığından əziyyət çəkirik, lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür... Artıq səbrimiz tükənmişdir... "
Qeyd edilməlidir ki, 1-ci Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış Çar hakimiyyəti Dumadaxili münasibətlər və ondan kənarda ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq, 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. 1-ci Dumanın buraxılması ilə razılaşmayan bir qrup nümayəndələr (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında - Vıborqda keçirməyi qərara alır. 9-10 iyul tarixlərində 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin Müraciətnaməni imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən, Ə.b.Topçubaşov və İ.x.Ziyadxanov, üç aylıq həbsə məhkum edilməklə növbəti Dövlət Dumalarına seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əli Mərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etmədiyinin səbəbi bu qadağa ilə bağlıdır.
Bununla belə, 1907-ci il 20 fevral - 2 iyun tarixdə çağırılmış 2-ci Dövlət Dumasında azərbaycanlı deputatların artıq yeni dəstəsi qanunvericilik fəaliyyətinə başlayır. Bu Dumaya seçkilərdə iştirak edənlərin dairəsi seçki qanununa "Senat izahı" adlı sənədlə məhdudlaşdırılsa da, bu dəfə artıq 6 azərbaycanlı deputat mandatı almağa müvəffəq olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və İsmayıl Tağıyev. Sonuncu şəxs Dumanın işində iştirak etməsə də, Müsəlman fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusilə F.x.Xoyski və X.b.Xasməmmədov dəfələrlə müzakirələrdə yalnız öz adlarından deyil, fraksiya adından da çıxışlar edirdilər. Bu Dumaya seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün bəhanə axtaran çar hökuməti cəmi 103 günlük fəaliyyətdən sonra 2-ci Dumanın da işinə son qoyur.
1 və 2-ci Dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması Çar hökumətini bu qanunvericilik orqanına seçki prosesini daha ciddi tənzimləmək qənaətinə gətirir. 3-cü Dövlət Dumasına seçkilər artıq 1907-ci il 3 iyun tarixdə qəbul edilmiş və vəziyyəti mülkədar və burjua nümayəndələri xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır. Bunun nəticəsində milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlərin sayı xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan 3-cü Dumanın cəmi 8 nəfərdən ibarət olan Müsəlman Fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi. Əvvəlki Dumalardan fərqli olaraq bu Dumaya nəzarəti ələ almış Çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etməmiş və bu Duma 1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləmişdir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X. b. Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü olmuş, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair çıxışlar etmiş, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi çarizmin köçürmə siyasətini xüsusi vurğulamışdır.
1912-ci il 15 noyabr tarixdə fəaliyyətə başlayan 4-cü Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdən ibarət olan müsəlman fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yenə də yalnız bir deputat - bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir. Əvvəlki Dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanının hakimiyyətə münasibətdə tutduğu bir qədər gözləmə mövqeyi I dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır. İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühüm rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü - fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqan Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət "Müəssislər Məclisinə seçkilərin başlanması ilə əlaqədar olaraq 1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 Oktyabr (yeni təqvimlə 7 noyabr) bolşevik çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 (31) dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur.
Cəmi 11 illik tarixi olan Rusiya Dövlət Dumaları Azərbaycanda parlamentarizmin inkişafında əhəmiyyətli rol oynamışdır. İmperiyanın müsəlman əhalisinin ölkənin bu ali nümayəndəli hakimiyyət orqanında az sayda təmsil edildiklərinə baxmayaraq, müsəlman, o cümlədən, azərbaycanlı deputatlar üçün bu təmsilçilik yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən tanışlıq, qanunvericilik prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini istiqamətləndirən müxtəlif təmayüllü partiya fraksiyaları ilə ünsiyyət nəticəsində sırf siyasi, parlamentçilik təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır. Etnik, dini və mədəni baxımdan rəngarəng Rusiya imperiyasının özünəməxsus "xalqlar nümayəndəliyi" funksiyasını yerinə yetirən bu ali hakimiyyət orqanında dini eyniyyətinə görə "müsəlman" adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri tərəfindən isə daha çox "milli qrup" kimi qəbul edilən müsəlman deputatların birgə fəaliyyət təcrübəsi artıq həmin dövrdə Rusiya müsəlmanlarının, (azərbaycanlı deputatların ən fəal iştirakı ilə) ümummilli siyasi mərkəzlərinin yaradılması cəhdlərinə gətirib çıxarır.
Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarındakı fəaliyyəti ayrıca bir mövzudur. Burada isə belə bir məqamı qeyd edək ki, Dumaların üzvü olmuş 11 azərbaycanlı deputatdan 5 nəfəri - Ə.b.Topçubaşov, F.x.Xoyski, İ.x.Ziyadxanov, X.b.Xasməmmədov və M.Y.Cəfərov professional hüquqşünas idilər və bu sahədə öz vətənlərində geniş fəaliyyət göstərirdilər. Məhəmməd ağa Şahtaxtlı Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq universitetini bitirmişdi. Digər deputatlar da Rusiyanın və Avropanın müxtəlif ali məktəblərini bitirmiş və öz xalqlarının ictimai-mədəni həyatında xidmətləri ilə tanınmış ziyalılar idi.
Burada Azərbaycan parlamentinin yaradılmasında və onun fəaliyyətində mühüm rol oynayacaq daha bir siyasi xadimin - Məhəmməd Əmin Rəsulzadənin öz gələcək həmkarlarından fərqli bir şəraitdə parlamentçilik təcrübəsinə yiyələnməsi tarixinə də qısa nəzər salmaq məqsədəuyğun olardı. 1908-1909-cu illərdə, İranda Məşrutə (konstitusiya) hərəkatının artıq ilk dövrünün arxada qaldığı, şah hökumətinin yeni yaranmış İran Məclisini topa tutduqdan sonra hərəkatın mərkəzinin Təbrizə keçdiyi bir zamanda 24 yaşlı Rəsulzadə Bakıdakı "Tərəqqi" qəzetinin müxbiri kimi İrana ezam olunur. Cənubi Azərbaycanın şəhər və kəndlərini addım-addım gəzən, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edən, Təbriz Əncüməninin (yerli idarə orqanı) üzvləri, ziyalılar və azadlıq mücahidləri ilə görüşən, Səttarxanla müsahibə aparan M.Ə.Rəsulzadə özünün məşhur "İran məktubları"nı yazır və "Tərəqqi" qəzetində dərc olunan bu silsilə yazıları ilə Təbriz üsyanının salnaməsini yaradır. Həmin səfəri zamanı Məhəmməd Əmin hələ Bakıdan tanış olduğu Cənubi Azərbaycanın və İranın tanınmış ictimai-siyasi xadimi, İran məclisində Təbrizdən nümayəndə heyətinin başçısı Seyid Həsən Tağızadə ilə yenidən görüşür. Geniş bilik dairəsi, müasir siyasi düşüncə tərzi, güclü qələmi və əməli qabiliyyəti ilə S.H.Tağızadənin diqqətini cəlb edən gənc Rəsulzadə onun əməkdaşlıq təklifini qəbul edir. 1909-cu ildə Tağızadə ilə birlikdə Tehrana gələn Məhəmməd Əmin İran təbəəsi olmadığı halda Tağızadənin yaratdığı və bu ölkədə partiya sisteminin əsasını qoyan İran Demokrat Partiyasının təşkilatçılarından biri kimi onun Mərkəzi Komitəsi heyətinə daxil olur və partiyanın mərkəzi mətbuat orqanı, fars dilində buraxılan "İran-e nou" (Yeni İran) qəzetinin ideya rəhbəri və baş redaktoru təyin edilir. "İrane-nou" qəzeti İDP və İran Məclisində Tağızadənin rəhbərlik etdiyi Demokrat fraksiyasının ölkənin siyasi sisteminin modernləşməsi istiqamətində fəaliyyətini işıqlandırmaqla yanaşı, İranın ictimai, siyasi, mədəni həyatına, cəmiyyətdə mövcud olan ictimai münasibətlərə, parlament, mətbuat, siyasi təşkilat, dil və s. kimi anlayışlara dair ən geniş səpgili yazılar dərc edirdi və bu yazıların müəllifi M.Ə.Rəsulzadə özü idi.
Şərqin despotik Şah hakimiyyəti dövründə fəaliyyət göstərən İran məclisinin üzvü olmasa da, bu qanunverici orqanın fəaliyyətini, xüsusilə Tağızadənin başçılıq etdiyi inqilabçı, dünyəvi, radikal Demokrat fraksiyası ilə Məclisdə əksəriyyət təşkil edən Etedaliyyun (mühafizəkar) fraksiyası arasında ictimai, iqtisadi, siyasi, mədəni islahatlar və onların aparılması üsulları məsələlərində ciddi ixtilafları yaxından izləyən və redaktoru olduğu qəzetdə geniş işıqlandıran M.Ə.Rəsulzadə eyni zamanda, burada parlamentarizm təcrübəsinə yiyələnir, bəzi hallarda hətta Məclis vəkillərinin işinə bu və ya digər dərəcədə təsir göstərirdi. İran mətbuatı tarixinə həsr edilmiş ədəbiyyatda "Bakılı Məhəmməd Əmin Rəsulzadənin" sər-dəbiri (baş redaktoru) olduğu" "İrane-nou" qəzeti öz dövründə İranın ən nüfuzlu mətbuat orqanı kimi qiymətləndirilir, İran Məclisi nümayəndələrinin öz nitqlərində bu qəzetin yazılarından tez-tez istifadə etdikləri göstərilir. İranın ali siyasi dairələrində artıq ciddi və yetkin bir siyasətçi kimi qəbul olunan M.Ə.Rəsulzadənin bu ölkədəki siyasi fəaliyyəti "İrane-nou" qəzetinin antirus istiqamətindən narazı olan Rusiyanın İrandakı səfirliyinin bu nüfuzlu qəzetin bağlanması, Rusiya təbəəsi Rəsulzadənin isə İrandan xaric edilməsi tələbinin yerinə yetirilməsi ilə başa çatır. Az sonra S.H.Tağızadə də ölkəni tərk etməli olur.
Beləliklə, 1906-1916-cı illər ərzində Azərbaycanın bir sıra ictimai xadimləri ilk dəfə Rusiyanın Dövlət Duması və İranın Milli Məclisində parlamentarizmin əsasları ilə yaxından tanış olurlar. Bu tanışlıq çar Rusiyası və şahlıq İranında, diktatura və irtica mühitində yaranan və işləməli olan qanunvericilik orqanlarının nümunəsində baş versə də, azərbaycanlı xadimlər qazandıqları bu acı təcrübədən çox mühüm dərslər alırlar. Ali nümayəndəlik və qanunvericilik orqanı sayılan Parlamentin daha sərbəst və ədalətli fəaliyyət göstərməsi üçün ölkədə əsl hakimiyyət bölgüsünün olması, bunun üçün isə demokratiyanın zəruriliyi Azərbaycan xadimlərinin bu 10 illik parlamentçilik təcrübəsindən çıxarılan ən başlıca nəticə olur.
Az sonra onların əksəriyyəti Azərbaycanda öz xalqlarının taleyüklü məsələlərinin həlli məsuliyyətini öz üzərinə götürəcək və son nəticədə öz vətənlərində ilk demokratik parlamentin əsasını qoyacaqlar.
Lakin 1917-ci ilin fevralında onlar bu məqsədə aparan yolun hələ başlanğıcında idilər.
Ümumrusiya Müəssislər Məclisindən Zaqafqaziya Seyminə
Fevral inqilabının ilk günlərində Müvəqqəti hökumət yerlərdə hakimiyyət məsələsini həll etmək zərurəti ilə üzləşir və artıq martın 9-da (22-də) Tiflisdə 4-cü Dövlət Dumasından olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi (XZK) adlanan milli zəmində hakimiyyət orqanı yaradılır. Qarşısına "Zaqafqaziya diyarında möhkəm qayda yaratmaq və hakimiyyət orqanını təşkil etmək" vəzifəsi qoyulmuş və cəmi 5 nəfərdən ibarət olan bu Komitəyə sədrlik etmək bütün Rusiya Dumaların üzvü olmuş Don kazak birləşmələrinin nümayəndəsi Vasiliy Xarlamova həvalə olunur. Qalan 4 komitə üzvü - azərbaycanlı Məmməd Yusif Cəfərov (kadet, sonra müsavatçı), gürcü A.Çxenkeli (menşevik), gürcü K.Abaşidze (sosial-federalist) və erməni M.Papacanov (daşnak) arasında isə vəzifə bölgüsü aparılır. M.Y.Cəfərova yeni yaradılan XZK-də sənaye və ticarət işlərinə nəzarət tapşırılır. Lakin vaxtilə "mərkəzləşdirilmiş bürokratik mexanizmin Rusiyanın özgə xalqlarının milli hissələrini" təhqir etməsinə kəskin etirazını bildirən sonuncu, 4-cü Dumanın yeganə azərbaycanlı deputatının fəaliyyəti ona tapşırılan sahələrə nəzarətlə bitmir. M.Y.Cəfərov Rusiya Dumalarının "Müsəlman" fraksiyalarına daxil olan deputat həmkarları ilə birlikdə həmin "özgə" xalqlar"ın (inorodsı) milli maraqlarının təmin edilməsi sahəsində geniş fəaliyyətə başlayır.
Hər günü qarşıya yeni, taleyüklü tələblər qoyan bu dövrdə, yəni Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir - 1917-ci ilin aprel və may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultayları - xüsusi qeyd olunmalıdır. Belə ki, Azərbaycan milli qüvvələri Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da qarşıdakı müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.
Burada bir haşiyə çıxaq ki, Rusiya imperiyasında yaşayan müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və bu məqsədlə onların siyasi cəhətdən təşkilatlanması ideyası hələ 1905-ci ilin əvvəllərində Azərbaycanda meydana gəlmiş, həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və tatar ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-müslimin" (Ümumrusiya müsəlmanlar ittifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. Cəmi 4 aydan sonra, avqustun 15-də Rusiyanın Nijni-Novqorod şəhərində yarmarka vaxtı, hökumətin rəsmi razılıq vermədiyinə baxmayaraq, 150 nəfər nümayəndənin iştirakı ilə Rusiya müsəlmanlarının Volqa çayı boyu üzən gəmidə yarıgizli I qurultayı keçirilmiş və bu təşkilatın əsası qoyulmuşdur. 1906 (2 dəfə), 1914 və 1916-cı illərdə bəzən gizli, bəzən icazəli keçirilən və Rusiya müsəlmanlarının problemləri geniş mənada müzakirə olunan sonrakı qurultaylarda Azərbaycan nümayəndə heyəti ən fəal surətdə iştirak etmiş, Əli Mərdan bəy isə əvəzsiz olaraq onların sədri, yaxud sədrlərindən biri seçilmişdir.
1917-ci il 15-20 aprel tarixlərində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına da sədrliyi Ə.b.Topçubaşov edir və Rusiya və Azərbaycan müsəlman xalqlarının ağsaqqalı sayılan bu böyük nüfuz sahibi Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirə edilən və geniş fikir ayrılığı doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni Məmməd Əmin Rəsulzadə edir. Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən, bolşeviklər isə inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə, aşağıdakı fikir səslənən bir Qətnamə qəbul edir: "Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən yaxşı forma kimi tanınsın".
Bakı qurultayından cəmi 10 gün sonra, 1917-ci il mayın 1-də Moskvada artıq Ümumrusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən, 100 qadının iştirak etdiyi Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi-dövlət quruluşu olur. Qurultayın bu iclasına sədrlik edən M.Ə.Rəsulzadə və osetin Əhməd Salikov həmin məsələyə dair müzakirəyə iki qətnamə layihəsi çıxarırlar. M.Ə.Rəsulzadənin "milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması" ideyası qarşısında Ə.Salikov "Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması" təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə (446-271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul olunur. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.
Burada nəzərə alınmalıdır ki, bu tələb 1917-ci ilin mayında - monarxiya rejimi devrilmiş Rusiyada demokratik prinsiplərə əsaslanan yeni dövlət quruluşu məsələnin hələ son dərəcə aktual olduğu və ən müxtəlif siyasi partiyalar və cərəyanlar tərəfindən qızğın şəkildə müzakirə edildiyi zaman səslənirdi və Rusiyanın müsəlman xalqları, o cümlədən, azərbaycanlılar üçün o dövr federativ respublika tərkibində ərazi muxtariyyətinə nail olmaq çox mühüm nəticə sayılardı.
Düz bir ildən sonra, 1918-ci il may ayının sonlarında Azərbaycan milli siyasi qüvvələri artıq başqa bir seçim qarşısında duracaqlar və birmənalı şəkildə öz xalqlarının müqəddəratını tamamilə başqa bir ideya - müstəqillik - əsasında həll edəcəklər.
Lakin 1917-ci ilin yazında, azərbaycanlılar öz gələcəyini Rusiyanın digər xalqları ilə birlikdə görür və ən ciddi surətdə Ümumrusiya Müəssislər Məclisinə seçkilərə hazırlaşırdılar.
Ümumrusiya Müəssislər Məclisinin - dövlətin idarə formasını müəyyən etmək və ən mühüm siyasi, iqtisadi və milli problemlərin qanunvericilik əsasında həllini tapacaq konstitusiya hazırlamaq üçün ümumi seçki hüququ əsasında yaradılacaq ali nümayəndəli orqanın çağırılmasını Rusiya Müvəqqəti hökuməti özünün başlıca vəzifəsi hesab edirdi. Seçkilər haqqında Əsasnamə ümumi seçki hüququ əsasında proporsional seçki sisteminin nəzərdə tutulması, qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması və s. baxımdan demokratik sənəd idi. Müvəqqəti hökumət seçkilərin keçirilməsi vaxtını 1917-ci il 12 (25) noyabra, Müəssislər məclisinin çağırılmasını isə 28 noyabra (11 dekabr) elan etmişdi. Bu müddət ərzində Rusiyada Oktyabr çevrilişi baş versə də, hakimiyyətə gəlmiş bolşeviklər Müəssislər Məclisi fikrinin geniş xalq kütlələri və siyasi dairələr arasında son dərəcə dəstəkləndiyini nəzərə alaraq seçkilərin keçirilməsi vaxtını dəyişmədən saxlayırlar. Bolşeviklər Sovet hakimiyyətinin ilk dekretlərinin, ən əvvəl sülh və torpaq haqda dekretlərin seçicilərin səslərini onların xeyrinə toplayacağına və bununla da Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) partiyasının Müəssislər məclisinə seçkilərdə uğur qazanacağına ümid edirdilər.
Rusiyada bolşevik hakimiyyətinin qurulması Cənubi Qafqazda rəğbətlə qarşılanmır. Bu zaman bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da müxtəlif siyasi cərəyanların, partiyaların və sosial təbəqələrinin fəallığının artdığı, münasibətlərin isə gərginləşdiyi bir şəraitdə yerli hakimiyyət orqanı olan Xüsusi Zaqafqaziya Komitəsinin sabitliyi təmin etməyə qadir olmadığı aydınlaşır. Regionu anarxiya və xaosdan qorumağa çalışan və Sovet Rusiyasına tabe olmaq istəməyən gürcü menşevikləri, azərbaycanlı müsavatçılar, erməni daşnaklar və sağ eserlər 1917-ci il noyabrın 15-də Tiflisdə Zaqafqaziya Komissarlığı adlanan koalision hökumət yaradırlar. Yeni hakimiyyət Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilərin keçirilməsi prosesini sürətləndirir.
Müəssislər Məclisinə seçkilər Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın da siyasi həyatında mühüm rol oynamalı idi. Belə ki, ilk dəfə idi ki, azərbaycanlılar Ümumrusiya nümayəndəli qanunverici məclisinə seçkilərdə müstəqil milli siyasi təşkilatlar qismində iştirak edirdilər. Hələ XZK nəzdində seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası təşkil edilmişdi. Azərbaycanda yaradılmış müvafiq komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. Həmin dövr Azərbaycanın siyasi həyatında aparıcı mövqe tutan "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırsa da, prinsipial məsələlərdə fikir ayrılığı milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmağa imkan vermir. Müəssislər Məclisinə seçkilərdə iştirak edən 4 əsas Azərbaycan partiyaları - "Müsavat", "Müsəlman sosialist bloku", Müsəlman sosial-demokrat menşevik "Hümmət" və Rusiyada müsəlmançılıq "İttihad" - müstəmləkə keçmişinin, milli zülmün və hüquq bərabərsizliyinin tənqidində eyni mövqedə dursalar da, milli hərəkatın gələcək inkişafı və perspektivləri məsələsində onların yolları ayrılırdı. "Müsavat" qəti şəkildə federativ Rusiya tərkibində milli-ərazi muxtariyyəti formasında Azərbaycan dövlətçiliyinin yaradılması tərəfdarı idi, qalan üç partiya isə yalnız milli-mədəni muxtariyyətlə kifayətlənməyə üstünlük verirdi. Bu səbəbdən "Müsavat" partiyası hər iki tərəfdən - sosialistlər və islamçıların kəskin tənqidinə məruz qalırdı. Azərbaycan sosialistləri Azərbaycan xalqının öz milli arzularına yalnız "yeni" Rusiya ilə ittifaqda çatacağını bildirərək müsavatçıları xalq kütlələrinin deyil, "vahid ümumrusiya inqilabi hərəkatını" parçalamağa can atan burjua və xan-bəy dairələrinin mənafeyini dəstəkləməkdə ittiham edirdi. İslamçılar əksinə, "Müsavat"ı həddən artıq sosialist yönlü olmaqda günahlandırır, xüsusilə qadın məsələsində onun mövqeyini qəbuledilməz hesab edirdi. "Müsavat"ın qadınlara kişilərlə bərabər hüquq verilməsi tələbini islamçılar "dinsizlik və əxlaqsızlıq" kimi qiymətləndirirdilər. Lakin Müəssislər Məclisinə seçkilərin gedişi artıq çoxdan öz həllini gözləyən qadın məsələsinin "Müsavat" tərəfindən irəli sürülməsinin özünü nə qədər doğrultduğunu göstərdi. İslamçıların güclü əks-təbliğatına baxmayaraq, Azərbaycan qadınlarının bu seçkilərdə iştirakı "Müsavat" partiyasının qələbəsinin həlledici amillərindən biri oldu.
Seçkiqabağı kampaniyada "Müsavat" partiyasına qarşı daha güclü barışmaz mövqeni rus partiyaları nümayiş etdirirdi. Bolşeviklər, menşeviklər, eserlər və kadetlər Azərbaycan milli qüvvələrinin güclənməsi təhlükəsi qarşısında bütün partiyadaxili münaqişələrini kənara qoyaraq milli qüvvələrin əsas sütunu hesab edilən "Müsavat"a qarşı vahid cəbhədə birləşdilər. Beləliklə, Müəssislər Məclisinə seçkilər eyni zamanda, Cənubi Qafqazın siyasi partiyalarının cəmiyyətdə nüfuzunun göstəricisi olmalı idi.
Nəhayət, 1917-ci il 26-28 noyabr tarixlərdə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. 2 455 274 seçicinin iştirak etdiyi bu seçkilərin yekununa görə gürcü menşevikləri 661.934 səs (seçicilərin ümumi sayının 26,9 %), müsavatçılar - 615.816 (25,1 %), daşnaklar - 558.400 (22,7 %), "Müsəlman Sosialist bloku" - 159.770 (6,5 %), eserlər - 117.522 (4,8 %), bolşeviklər 95.581 (3,9 %), menşevik "Hümmət" - 84.748 (3,5 %) və "İttihad" - 66.504 (2,7 %) səs aldılar.
Seçkilərin nəticələri istər Cənubi Qafqazda, istərsə də Azərbaycanda siyasi qüvvələrin real nisbətini göstərdi. Yığdığı səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçıların öz əsas rəqibləri - bolşevikləri 6,5 dəfə üstələməsi "Müsavat"ın şəksiz qələbəsi idi.
Seçkilər həmçinin, Cənubi Qafqaz əhalisi arasında Azərbaycan partiyalarının təsir və nüfuz dərəcəsini müəyyən etdi. Bu partiyaların birlikdə aldığı 926.838 səs Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə Cənubi Qafqazdan verilən ümumi səsin 37,7 %-ini təşkil edirdi ki, bunun da 66,5 % - "Müsavat", 17,2 % - "Müsəlman sosialist bloku", 9,1 % - "Hümmət", 7,2 %, - "İttihad" partiyasına düşürdü. Seçkilərin nəticəsinə görə, öz xalqları arasında birmənalı şəkildə üstünlüyə nail olmuş gürcü menşeviklərindən və daşnaklardan fərqli olaraq "Müsavat" partiyası azərbaycanlılar arasında tam üstünlük qazana bilməsə də, Azərbaycan partiyalarına verilən səslər arasında alınan 66,5 % "Müsavat" partiyasının lider mövqeyinin təsdiqi ilə yanaşı, Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Azərbaycana milli-ərazi muxtariyyəti verilməsinin tərəfdarı olduğunu göstərdi.
Seçkilərin yekun nəticəsinə görə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə 34 deputat seçildi ki, onlardan da 12 nəfəri azərbaycanlı idi. Məclisə "Müsavat" dan Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xosrov Paşa bəy Sultanov, Qazi Əhməd Məmmədbəyov; "Müsəlman sosialist bloku"ndan İbrahim Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski; "Hümmət"dən Cəfər Axundov, "İttihad"dan Sultanməcid Qənizadə mandat almışdılar.
Ümumrusiya Müəssislər Məclisində üstünlüyü 62 % -dən çox səs toplamış eser və menşeviklər əldə etmişdilər, bolşeviklər isə cəmi 23,9 % səs yığmışdı. Məhz bu amil bu Məclisin taleyində həlledici rol oynadı.
1918-ci il 5 (18) yanvar tarixində Petroqradda açılan Müəssislər Məclisi Sovet hökumətinin dekretlərini tanımadığını bildirdi və bolşeviklərin təklif etdiyi "Zəhmətkeş və istismar olunan xalqların hüquq bəyannaməsi"nin müzakirəsini rədd etdi. Beləliklə, Müəssislər Məclisinin bolşevik platformasında durmadığı dərhal aydın oldu və 13 saat davam edən elə birinci iclasdan sonra, səhər saat 5-də Məclisin keçirildiyi Tavriya sarayın mühafizə rəisinin tələbi ilə onun işinə xitam verildi. Bir gündən sonra isə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Leninin məruzəsi əsasında Müəssislər Məclisinin buraxılması haqqında dekret qəbul etdi.
Hadisələrin belə istiqamət alması yollar bağlı olduğu üçün Müəssislər Məclisinə gedib çıxa bilməmiş Cənubi Qafqazdan olan nümayəndələri region xalqlarının taleyini həll etmək vəzifəsini öz öhdələrinə götürmək zərurəti ilə üzləşdirdi. Bu zərurət yalnız Müəssislər Məclisinin qovulması ilə deyil, eyni zamanda, 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda yaranmış son dərəcə mürəkkəb vəziyyətlə bağlı idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçmişdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vehib paşaya teleqram göndərərək Türkiyə ilə sülh danışıqları aparmaq təklifi etmişdi. Lakin regionda güclü hakimiyyətə və nüfuza malik olmayan bu hökumətin yaranmış ağır vəziyyətdən çıxa biləcəyi böyük sual doğururdu. Odur ki, Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar əhalinin səlahiyyətli nümayəndələri kimi yaranmış şəraiti real qiymətləndirərək 1918-ci il fevralın 22-də keçirilən yığıncaqda Zaqafqaziya Komissarlığının buraxılması, yeni qanunvericilik orqanı kimi Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqda qərar qəbul etdilər.
(Ardı var)