525-ci qəzet. - 2018.- 6 dekabr. - ¹ 216. - S. 4.
Azərbaycan Parlamenti necə yarandı
Solmaz Rüstəmova-Tohidi,
Tarix elmləri doktoru
(əvvəli ötən sayımızda)
2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə - nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur.
Milli Şuradan Azərbaycan Parlamentinə.
1. Tiflis dövrü
1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şuranın ilk iclası keçirilir. Həsən bəy Ağayevin sədr, Mahmud Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26 üzvü iştirak edirdi. İclas son hadisələrlə əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.b.Yusifbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. Xəlil bəy Xasməmmədov Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda yaranmış vəziyyət haqqında məruzə edərək Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırır. Məsələnin işgüzar və ətraflı müzakirəsindən sonra Şuranın 24 üzvü - H.b.Ağayev, F.x.Xoyski, N.b.Yusifbəyli, X.b.Xasməmmədov, M.Y.Cəfərov, M.Mahmudov, Ş.b.Rüstəmbəyov, X.P.b. Sultanov, F.b.Köçərli, M.h.Seyidov, N.b.Nərimanbəyov, H.b.Məmmədbəyov, R.b.Vəkilov, Ə.b.Mahmudbəyov, M.b.Hacınski, C.b.Hacınski, A.b.Qardaşov, Ə.a.Şeyxülislamov, M.b.Hacıbababəyov, X.b.Məlik Aslanov, H.b.Şahtaxtinski, M.Məhərrəmov, H.S.Axundzadə, C.b.Məlik Yeqanov - təxirə salınmadan Azərbaycanın Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən ərazi hüdudlarında müstəqil Xalq Cümhuriyyəti elan edilməsinə səs verirlər. İki nəfər - S.M.Qənizadə və C.b.Axundov səsvermədə bitərəf qalırlar. Bundan sonra Milli Şura üzvləri qalxaraq İstiqlal Bəyannaməsini ayaq üstə dinləyirlər. 6 bənddən ibarət olan bu müstəqillik aktı bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradıldığından xəbər verirdi. Həmin dövr Əqdnamə və ya Misaqi-Milli adlanan bu sənədi Milli Şura üzvlərindən Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzalayırlar.
Azərbaycan Milli Şurasının 28 mayda keçirilmiş bu tarixi iclasında eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin də tərkibi təsdiq edilir.
İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan milli dövlətçiliyin əsasını qoymaqla Azərbaycan xalqının taleyində misilsiz tarixi hadisə idi. Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, millətindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq insanların, o cümlədən, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, eləcə də qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini özündə ehtiva etməklə İstiqlal Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi tarixində ən dəyərli və parlaq sənəd sayıla bilər.
Lakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti yalnız yuxarıdakılarla məhdudlaşmırdı. Yeni yaradılan dövlətə "Azərbaycan" adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi.
"Azərbaycan" kəlməsinin XIX əsrin sonları - XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan bu proses, coğrafi mənada - Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə, müsəlman, tatar, Qafqaz türkü adlanan xalqa və türk adlanan dilə "Azərbaycan" adının şamil edilməsi ilə ildən-ilə və gündən günə geniş vüsət almaqla, nəhayət ki, İstiqlal Bəyannaməsində öz qanunauyğun həllini tapdı. Təsadüfi deyil ki, "Azərbaycan" adının onun aid olduğu xalqın şüuruna və ictimai-siyasi baxışlarına hakim olmasında müstəsna xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət verərkən bu məqamı da xüsusi vurğulayır: "28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə, Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur".
Burada M.Ə.Rəsulzadənin şəxsiyyətini səciyyələndirən bir cəhətə diqqət yetirilməlidir. Rəsulzadənin 1915-1918-ci illərdə Bakıda təsis və nəşr etdiyi "Açıq söz" qəzeti azərbaycançılıq ideyasının təşəkkülündə böyük rol oynamış, Məhəmməd Əmin bəy özü isə hələ o vaxtlar, istər həmməsləkləri, istər S.Şaumyan da daxil olmaqla siyasi rəqibləri tərəfindən birmənalı olaraq Azərbaycan milli istiqlal hərəkatının ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə "Azərbaycan" ideyasına siyasi məna verilməsi təşəbbüsünün onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid olduğunu daima etiraf etmişdir: "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir".
Burada daha bir haşiyə çıxaq ki, "Azərbaycan" adının tarixən ilk dəfə siyasi məfhuma çevrilməsi hələ öz zamanında heç də birmənalı qarşılanmamış və böyük siyasi, elmi-tarixi mübahisələr doğurmuşdur. Bu günə qədər gəlib çıxan həmin mübahisələrin üzərində ətraflı dayanmadan qeyd olunmalıdır ki, Cənubi Qafqazda müstəqil Azərbaycan Cümhuriyyəti elan edilməsi ümumiyyətlə, qonşu dövlətləri, ilk növbədə Sovet Rusiyası və İranı narahat etmiş, yeni yaradılan dövlətin adına "Azərbaycan" toponiminin verilməsi isə İranda xüsusilə kəskin etiraz və təşviş doğurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin, guya türklərin təhriki ilə Təbriz daxil olmaqla Cənubi Azərbaycana da iddia etdiyi və hətta bu əraziləri Osmanlı-türk qoşunlarının dəstəyi ilə işğal etmək qəsdində olduğu kimi əsassız ehtimalları və şübhələrini ən geniş şəkildə müzakirələrə və ittihamlara çevirən İran tərəfi İran mətbuatında və siyasi dairələrində AXC əleyhinə böyük kampaniya açmış, bu məsələni Paris Sülh konfransında qaldıraraq Azərbaycanın İrana qaytarılması kimi ərazi tələbləri irəli sürmüş, müxtəlif xarici yazışmalarda isə Azərbaycan Xalq Cümhuriyyətini Qafqaz Azərbaycanı adlandırmışdır. Hətta Azərbaycan siyasi xadimləri ilə sıx əməkdaşlıq edən İran Demokrat Firqəsinin Bakı təşkilatı da bu kampaniyaya qoşulmuş, Bakıda "Azərbaycan cozv-e layinfək İran" (Azərbaycan İranın ayrılmaz hissədir) adlı bir qəzet nəşr edərək (1918-ci il, yanvar-mart, 13 say çıxmışdır), Azərbaycan adının məhz İran Azərbaycanına aid olduğu kimi fikirləri təbliğ etmişdir. Bununla belə, Azərbaycan tərəfi, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, bütün bu ittihamların əsassızlığını sübut etməklə İranla qonşuluq əlaqələrini tənzimləməyə müvəffəq olmuşdur.
Azərbaycan Milli Şurasının Tiflisdə cəmi 6 iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində müzakirələr əsasən İrəvan quberniyası, qəzası və şəhəri ətrafında aparılmış, Milli Şuranın qəbul etdiyi ən ağır qərar isə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında "İrəvanın Ermənistana güzəştə getməsinin qaçılmaz olduğunu" bildirən, bunu "tarixi zərurət, bizim üçün isə qaçılmaz acı bir həqiqət" kimi qiymətləndirən və bu qərara səs verən 16 nəfər Şura üzvlərinin işlətdiyi "qaçılmaz" sözünün arxasında həmin qərarın qəbul edildiyi dövr regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ararat (Ermənistan) Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə böyük dövlətlər tərəfindən artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, həmin dövr yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı dövlətinin həlledici rol oynadığı, Ermənistan Respublikasının hansı ərazilərdə yaradılması məsələsini həmin dövr məhz bu dövlətin həll etdiyi də qaçılmaz həqiqət idi. Öz ərazilərində hər hansı formada erməni dövlətçiliyi yaratmaq ideyasını qətiyyətlə mümkün saymayan Osmanlı siyasi dairələrinin onun Cənubi Qafqazda yaradılması məsələsində də mövqeyinin birmənalı olmaması onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirirdi. Birinci dünya müharibəsinin son aylarında Osmanlı ordusunun Qafqaz cəbhəsində uğurları qarşısında Tələt paşa və Ənvər paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını ümumiyyətlə, məqsədəuyğun bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistan yaradılmasını mümkün hesab edirdilər. Batum danışıqlarında türkləri təmsil edən nümayəndə heyəti isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə beynəlxalq aləm qarşısında ermənilərin mövcudluğunu tanımağı və onlara müəyyən ərazi güzəştləri etməyi tövsiyə edirdilər. Mayın 27-də hələ Milli Şuranın yaradılması haqda tarixi qərarın verilməsindən əvvəl, fövqəladə iclasa yığılan Seymin keçmiş azərbaycanlı deputatları qarşısında Batumdan yenicə qayıtmış Nəsib bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə son qərarın kim tərəfindən verildiyini göstərdi: "Türkiyə nümayəndə heyətinin qənaətinə görə, Zaqafqaziyanın çiçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır".
Həmin iclasda yaradılan Milli Şuranın mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur. Həmin günün ən mühüm məsələsi İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmı, ya hansı səbəbdənsə, iclasın protokolunda bu məktub və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın 29-da keçirdiyi iclas artıq bütünlüklə Ermənistana ərazi verilməsi məsələsinə həsr olunur və burada nə üçün məhz İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin səbəbi də aydınlaşır. Həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən, quberniyanın ikinci böyük şəhəri - Aleksandropol (Gümrü) artıq türk qoşunları tərəfindən tutulmuşdu. Fətəli Xan Xoyski məhz bu faktı vurğulamaqla, "ermənilərə veriləcək siyasi mərkəzin" artıq ancaq İrəvan şəhəri ola biləcəyini və bu şəhərin ermənilərə güzəştə gedilməsinin qaçılmaz olduğunu qeyd edir.
Azərbaycan Milli Şurasının bu "qaçılmaz" reallıqla, xüsusilə Osmanlı nümayəndələrinin "tövsiyələri" ilə hesablaşmamaq imkanı var idimi? Bütün bu məsələlərin Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin - neft Bakısının düşmən əlində - bolşevik-daşnak Bakı Soveti hökumətinin ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən Azərbaycan qoşununun hələ də yaradılmadığı, 14 minlik nizami Qızıl Ordunun Azərbaycan milli qüvvələrinin mərkəzi Gəncəyə yürüşə hazırlaşdığı, Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və Azərbaycan xalqını kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi Osmanlı ordusuna ümid edildiyi nəzərə alınarsa, bu sualın cavabı özlüyündə aydınlaşar.
Həmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı sayılan Gəncədə hələ onları nə gözlədiyindən xəbərsiz olan Milli Şura üzvləri itirilmiş torpaqların acısını azaltmaq üçün elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistan qarşısında onlara edilən güzəştlər müqabilində həmin dövr Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların dayandırılması, ermənilərin Qarabağa olan iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazdığı məktubdakı sətirlər - "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik" - Azərbaycan dövlət xadimlərinin bu labüd itkidən mümkün qədər siyasi fayda götürmək cəhdlərindən xəbər verirdi.
Azərbaycan Milli Şurasının qərarı ilə dövlət yaratmaq üçün ermənilərə cəmi 9 min km2 - İrəvan şəhəri və onun ətrafındakı ərazini əhatə edən torpaqlar verilmişdir. Bu ərazilərdə yaşayan əhalinin ümumi sayı 321.000 nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi.
Burada xüsusi vurğulanmalıdır ki, AXC dövründə Ermənistan dövləti elə bu hüdudlarda qalmışdır.
Milli Şuradan Azərbaycan Parlamentinə.
2. Gəncə dövrü
1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və Hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır.
Azərbaycan cəmiyyətinin ictimai-siyasi baxımdan fəal hissəsi arasında hələ 1918-ci il martın əvvəllərindən güc toplamağa başlayan və sonradan "ilhaqçılıq" (ilhaq-birləşmək) adlanacaq prosesin öz inkişafında son həddinə çatdığı aydınlaşır. Azərbaycanlıların əsasən qeyri-dost millətlər əhatəsində yaşadığı, Azərbaycan torpaqlarına qonşuları tərəfindən iddialar edildiyi və xalqa qarşı artıq silahlı hücumlar və qırğınlar aparıldığı bir şəraitdə Azərbaycan milli qüvvələrini təmsil edən bir qrup tanınmış şəxslər, xüsusilə Gəncə bölgəsinin nümayəndələri bu vəziyyətdən çıxış yolunu Osmanlı dövlətinə birləşməkdə görürdü. Bu məqsədlə əhali arasında imzalar toplanır, Zaqafqaziya Seyminin hələ Trabzonda və Batumda danışıqlar apardıqları zaman Gəncədən bu şəhərlərə, eləcə də İstanbula nümayəndə heyətləri göndərilir, ayrı-ayrı türk xadimləri ilə, o cümlədən, yüksək rütbəli hərbçilərlə danışıqlar aparılırdı. Osmanlı dövləti ilə rəsmi danışıqlarda iştirak edən Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrin Gəncəyə, öz həmkarlarına göndərdikləri məktub və teleqramlarda bu növ təşəbbüslərin qarşısını almaq tələbləri nəticəsiz qalırdı. Lakin ilhaqçıların bu mövqeyi yalnız mövcud siyasi durumdan və xalqın maraqlarından irəli gəlmirdi. Əsasən dini-klerikal və mülkədar-burjua zümrələrin nümayəndələrindən ibarət olmaqla, onların böyük əksəriyyəti Azərbaycan Milli Şurası və hökumətinin "həddən artıq demokratik" islahatlar keçirəcəyindən də ehtiyat edirdilər.
Digər tərəfdən, I dünya müharibəsinin öz sonluğuna çatdığı, Osmanlı imperiyasının geniş ərazilərinin - Balkanlar, Ərəbistan - əldən getdiyi artıq aydın olduğu bir zamanda bu dövlətin, başda Ənvər paşa olmaqla romantik ruhlu rəhbərliyi reallıqdan xeyli uzaq yeni planlar qurur, dağılmış Rusiyanın müsəlman-türk xalqlarının yaşadıqları ərazilər də daxil olmaqla bu dəfə yeni - Turan imperatorluğu yaratmaq niyyətlərini heç də gizlətmir və 1918-ci ilin əvvəllərindən başlayaraq bu sahədə hərbi əməliyyatlara hazırlaşırdılar. Təbii ki, bu dövr azərbaycanlıların üzləşdiyi son dərəcə ağır vəziyyət, torpaqların işğalı, əhalinin milli qırğına məruz qalması qardaş xalqa kömək məqsədi ilə yanaşı, daha geniş mənada Turan imperatorluğu yolunda Qafqaz İslam Ordusunun yaradılmasını və dərhal regiona göndərilməsini sürətləndirən amillərdən idi.
Ehtiyac yarandığı halda Azərbaycana hərbi yardım edilməsinə dair xüsusi maddənin olduğu AXC və Osmanlı dövləti arasında müqavilə hələ 1918-ci il iyunun 4-də imzalanacağı halda Nuru paşanın Qafqaz İslam ordusunun Baş komandanı kimi 300 nəfərlik türk zabitləri - hərbi təlimatçılar dəstəsi ilə artıq may ayının sonlarında Gəncəyə gəlməsi bütün bu proseslərin nəticəsi idi. Təsadüfi deyil ki, Nuru paşanı böyük təntənə ilə qarşılamış, şərəfinə qurbanlar kəsmiş, ziyafətlər vermiş ilhaqçılar, artıq bütün dünyaya Müstəqil Azərbaycan dövlətinin yarandığını bəyan edərək 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə gəlmiş və rəsmən qarşılanmamış Milli Şura və hökumət üzvlərinə açıq etimadsızlıq göstərirlər.
Beləliklə, Azərbaycan milli-siyasi qüvvələrinin və daha geniş mənada Azərbaycan cəmiyyətinin iki - istiqlalçılar və ilhaqçılar adlanan hissəyə parçalandığı məlum olur. Eləcə də ilhaqçıların Nuru paşa və Azərbaycanda türkçülük hərəkatının ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmiş Əhməd bəy Ağaoğlu (Ağayev) tərəfindən dəstəkləndiyi aydınlaşır. İlhaqçılar və onları dəstəkləyən qüvvələr tərəfindən Cümhuriyyət rəhbərlərinə ünvanlanan bəyanatlar - onlara xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik olmadığı və bu səbəbdən Osmanlı dövlətinə birləşməyin daha məqsədəuyğun olduğunu - əslində, Azərbaycanın dövlətçiliyini tanımaqdan imtina demək idi.
Cəmi bir neçə aydan sonra Osmanlı imperiyasının I Dünya müharibəsində məğlubiyyətə uğrayıb qalib dövlətlər tərəfindən tutduğu bütün ərazilərdən çıxmağa məcbur ediləcəyi (Mudros sazişi) və Türkiyənin özünün bir müstəqil dövlət olaraq qalması uğrunda ölüm-dirim savaşına qalxacağı nəzərə alınarsa, Milli Şura və Hökumət üzvlərinin ilhaqçıların tələbləri qarşısında geri çəkiləcəyi təqdirdə azərbaycanlıların və onların ərazilərinin taleyinin hansı ölkələr tərəfindən və necə həll ediləcəyi o qədər də sual doğurmur. Hər halda Milli Şuranın üzvləri yaranmış vəziyyətin ağırlığını və nə kimi təhlükəli nəticələrə gətirib çıxaracağını aydın təsəvvür edirlər, lakin eyni zamanda, şəhərdə real hakimiyyətin Nuru paşanın və ilhaqçıların əlində olduğu, digər tərəfdən Bakı şəhəri başda olmaqla işğal altındakı torpaqların azad edilməsi üçün Osmanlı ordusuna olan ehtiyacı nəzərə alırlar.
İyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şura Gəncədə fasilələrlə gündüz saat 12-də başlanan və gecə saat 2-də tamamlanan 3 qapalı iclas keçirir. Fətəli Xan Xoyski 26 nəfər Milli Şura üzvünə M.Ə.Rəsulzadə və M.H.Hacınskinin Nuru Paşa ilə ilkin görüşü və apardığı danışıqlar barədə məlumat verir. Nuru paşanın özünü əsgər adlandıraraq daxili işlərə qarışmadığını bildirdiyi, siyasi məsələlərin müzakirəsini özünün mülki işlər üzrə müavini Əhməd bəy Ağaoğluna həvalə etdiyi, daha sonra göstərilən şəxslərin Ə.Ağaoğlu ilə son dərəcə ağır keçən danışıqlarının nəticəsi kimi Milli Şuranın buraxılması, ölkədə hökm sürən anarxiyanı, habelə daxili və xarici maneələri nəzərə alaraq daha geniş səlahiyyətlər verilmiş yeni hökumətin təşkil edilməsi kimi razılıq əldə edildiyi iclas iştirakçılarının nəzərinə çatdırılır.
Burada qeyd edilməlidir ki, Ə.Ağaoğlu və ilhaqçılarla bu "razılıq" özü heç də asan başa gəlməmiş, irəli sürülən tələblərin - Milli Şuranın və hökumətin buraxılması - beynəlxalq aləmdə Azərbaycan Cümhuriyyətinin Osmanlı ordusu tərəfindən işğalı kimi qiymətləndiriləcəyi kimi istiqlalçıların qətiyyətli xəbərdarlığı qarşısında əldə edilmişdi.
Milli Şuranın son dərəcə gərgin və əsəbi şəraitdə keçən ikinci iclasında Milli Şura üzvlərinin bir hissəsi onun buraxılmasına qəti etiraz edir, bu tələbi Nuru paşanın və Osmanlı hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir. M.Y.Cəfərovun titrək səslə: "Bizim azadlığımızı əlimizdən alırlar. Biz də asanlıqla əldə etdiyimiz azadlığımızı asanlıqla əldən veririk. Əfsuslar olsun ki, bizim kömək gözlədiyimiz türk qardaşlarımız bizim ürəyimizi parçalayır, bizim hisslərimizi zəhərləyirlər"- sözlərindən sonra ağlayaraq oturması bu müzakirələrin nə qədər yüksək emosional səviyyəyə çatdığını göstərir. Lakin M.Ə.Rəsulzadə öz həmkarlarını "belə bir fövqəladə ağır vəziyyət olduğu bir zamanda bu məsələni olduqca soyuqqanlılıqla müzakirə etməyə" çağırır. Nəticədə Milli Şura üzvləri sözün əsl mənasında siyasi müdriklik və iradə nümayiş etdirir, yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alaraq mümkün olan həddə qədər güzəştlərə getmək, lakin istiqlalı saxlamaq məqsədilə iki mühüm qərar qəbul edirlər: Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırsın, birinci Hökumət buraxılsın, bütün hakimiyyət (qanunvericilik və icra) Müəssislər Məclisi çağırılanadək F.X.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə edilsin.
Bu məsələni Əhməd Ağaoğlu və onun vasitəsilə Nuru Paşa ilə razılaşdırdıqdan sonra tərkibinə eyni sayda (6 nəfər) ilhaqçılar da daxil edilmiş yeni hökumətin səlahiyyətləri müəyyənləşdirilir. Bu səlahiyyətlər xeyli genişləndirilsə də, hökumətə Azərbaycanın dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək hüququ verilmir.
Gəncə dövrü, cəmi bir neçə ayı əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda, təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən - azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən asılı olduğunu göstərirdi. Milli Şuranın - "xalqın təmsilçisi olan bir təsisatın Azərbaycanın müvəqqəti paytaxtı Gəncə şəhərində səhnədən çəkilməsi"ni onun sədri M.Ə.Rəsulzadə "demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru" kimi qiymətləndirir. Öz vəzifəsindən əl çəkmiş Məhəmməd Əmin bəy Milli Şuranın sədri kimi bu iclasdakı son nitqində yaranmış şəraitdə "tarixi məsuliyyətin bütün çəkilməz ağırlığını" boynuna götürmüş Fətəli xan Xoyskinin və onun "Azərbaycanın taleyini əllərinə almış" hökumət üzvlərinin "qismətinə ən çətin, lakin həm də ən mühüm borc - yeni doğulmuş Azərbaycanı məhv olmağa qoymamaq borcu" düşdüyünü vurğulayır. Bununla belə, Milli Şura üzvlərinin son dərəcə pərt və məyus əhval-ruhiyyəsi qarşısında M.Ə.Rəsulzadə öz həmkarlarını gələcəyə nikbin baxmağa çağırır: "İndi gəlin, bu ağır günlərdə üzərinə ağır vəzifə yüklədiyimiz bu hökumətlə vidalaşaq və ayrılaq. Gəlin, qardaş kimi ayrılaq. Əfəndilər, ayrılarkən ümid edək ki, Allahın köməyi ilə tezliklə Azərbaycanın paytaxtı Bakıda, Təsis yığıncağında görüşəcəyik. Yaşasın Azərbaycan! Yaşasın Türk xalqı!"
Beləliklə, olduqca mürəkkəb beynəlxalq və daxili şəraitdə Azərbaycanın siyasi xadimləri həmin dövr faktiki olaraq soyqırımına məruz qalan Azərbaycan xalqının varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini bir daha öz üzərilərinə götürürlər, Azərbaycan istiqlalını bütün digər məsələlərdən, o cümlədən, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin tələb etdiyi kimi, vəzifə, partiya və şəxsi maraqlarından üstün tutaraq siyasi böhrandan çıxmağa müvəffəq olurlar.
(Ardı var)