Paralel.-2018.-4 dekabr.-¹207.-S.10.

 

Madrid konfransı dünyada dinlərarası dialoqun təşviqinə, sülhə və qarşılıqlı anlaşmaya dəyərli töhfələr verəcək

 

Azərbaycan dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini - multikulturalizmin real modelini təqdim edir

 

Azərbaycan dövləti multikultural dəyərlərin və tolerantlığın ancaq ölkəmizdə deyil, bütün sivil cəmiyyətlərdə bərqərar olması üçün çox geniş miqyasda işlər görür. Belə demək mümkünsə, sanki dünyada multikulturalizmin təbliği və təşviqi missiyasını öz üzərinə götürüb.

 

Bunun davamı kimi bu istiqamətdə görülən işlər də, həmin proqram çərçivəsində həyata keçirilib. Bu baxımdan noyabrın 5-də İspaniyanın paytaxtı Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsi də, multikulturalizmin və tolerantlığın təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Konfransda Azərbaycanı hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri və digərləri təmsil edib.

Tədbir Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə çıxış edən Evsen Fondunun rəhbəri Əli Evsen qeyd edib ki, bu gün bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biri də, gənclərin sağlam gələcəyinin təmin edilməsidir. Bunun üçün bütün dinlərin nümayəndələri birgə fəaliyyət göstərməlidirlər.

O deyib: “Biz gənclərə düzgün yol göstərməli, onların təhsil almalarını təmin etməliyik. Yalnız savad qazanmaqla, təhsil almaqla sağlam gələcək təmin edilə bilər. Bu gün bütün dünyada təriqətlərarası münaqişələrin olmasını inkar etmək olmaz. Ancaq biz müqəddəs bir amal-sağlam gələcək naminə bir olmalıyıq”.

Konfransda çıxış edən İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir ki, dünyada sülh və əmin-amanlıq bərqərar olsun.

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdıran QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Yer üzündə yaşayan insanların bir-birlərinə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamalarının Uca Yaradanın ən böyük tövsiyəsi olduğunu deyərək, müqəddəs kitabımızdan nümunə göstərib: “Bu barədə müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulur: “Yer üzü (iman və ədalətlə) islah olunduqdan sonra, orada fəsad törətməyin”.

Allahşükür Paşazadə onu da diqqətə çatdırıb ki, yaşanan böhran və faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyamızı qoruyan əbədi mənəvi dəyərlər var. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli”, məhz bu məramlara xidmət edir: “Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü Beynəlxalq Madrid Konfransı da, bu amallara xidmətin nümunəTarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini - multikulturalizmin real modelini təqdim edir”.

Allahşükür Paşazadə həmçinin qeyd edib ki, Şərq ilə Qərb arasında islam dünyasının əsas mədəni, dini, sivilizasiya mərkəzlərindən olan Azərbaycan multikulturalizmə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətimizin diqqət və himayəsindən yararlanırlar.

Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilən “Bakı Prosesi”nə də rəhbərlik edir. Qafqaz Müsəlmanları İdarəsinin yanında “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” mərkəzinin təsis edilməsi bu ənənənin davamı kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycan dövləti İspaniyanın həm təşəbbüsçüsü olduğu Sivilizasiyaların Alyansı ideyasına da böyük önəm verir və bunun bariz nümunəsi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsidir. Bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizə verilən yüksək qiymət kimi qəbul etməliyik.

Bu da məlumdur ki, din xadimləri dünyada baş verən hadisələrə ilahi ədalət və insani dəyərlər baxımından qiymət verirlər. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Pitsburq şəhərindəki sinaqoqda və Misirdə zəvvarlara qarşı törədilən terror aktları din xadimləri tərəfindən ilahi dəyərlərin pozulması kimi qiymətləndirilib: “Bu siyahıya Azərbaycan ərazisinin bir hissəsinin uzun illərdir davam edən işğalını, Xocalı şəhərində soyqırım törədilməsini, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsini, zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqların məhv edilməsini əlavə etmək istəyirəm. Bu gün dünya belə cinayətlərə göz yumarsa, gələcəyini də itirə bilər. Halbuki Allah-Təala bizə xeyir əməllərdə, savab işlərdə bərabər olmağı, birgə fəaliyyət göstərməyi əmr edib”, - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri çıxışının sonunda sivilizasiyalararası dialoqa əməli töhfələr verən İspaniya dövlətinə və hökumətinə bu tədbirə verdiyi dəyərə görə təşəkkür edib.

İsrailin keçmiş Prezidenti Dalia İtzik deyib ki, dünyada sülhün təmin edilməsi hər birimizin borcudur. Bu baxımdan bütün insanlar əl-ələ verməli, birgə çalışmalıdırlar.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlətin münasibətlərində qanunvericiliyin rolu mövzusu ətrafında çıxış edib. O, qeyd edib ki, dinlərarası dialoq sivilizasiyaların da inkişafına təkan verir və dini azadlığın olmadığı yerdə digər azadlıqlardan da danışmağa dəyməz. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlıq tam təsbit edilib. «Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki dini konfessiyalara diqqət, qayğı göstərilir. Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini icmaların nümayəndələrinin iştirakı da buna bir nümunədir»,-deyən, Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub.

Məktubda qeyd olunub ki, mədəniyyətlər və dinlər arasında dialoq dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Müasir dövrün çağırışları bəşəriyyət qarşısında bu sahədə ciddi vəzifələr qoyur. Təsadüfi deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyətinə bərabər şəraitin yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətləri sırasında yer tutur. Azərbaycan tarixən fərqli sivilizasiyaların qovuşmasında oynadığı mənəvi körpü rolunu bu gün də uğurla davam etdirir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bununla bağlı çoxsaylı qlobal təşəbbüslər irəli sürür, mütəmadi olaraq ölkəmizdə Mədəniyyətlərarası Dialoq və Beynəlxalq Humanitar forumlar keçirir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və Dünya Dinləri Liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini göstərir. Dövlətimizin başçısı əmin olduğunu bildirir ki, ənənəvi xarakter alan Madrid beynəlxalq konfransında aparılan müzakirələr və irəli sürülən səmərəli təkliflər dünyada dinlərarası dialoqun təşviqinə, sülhə və qarşılıqlı anlaşmaya dəyərli töhfələr verəcək.

Tədbirdə çıxış edən Albaniyanın keçmiş kardinalı Ernest Simoni, Madridin baş yepiskopu Karlos Osoro, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər və başqaları da qeyd ediblər ki, bu gün dünyanın bir çox bölgələrində münaqişələr baş verir, bütün sivil cəmiyyətlər əhalisi çətin şəraitdə yaşayan bu bölgələrə yardım etməlidirilər. Çünki bütün dinlərdə sabitlik v$ sülh əsas tutulur. Lakin çox təəssüf ki, insanlar heç də hər zaman buna əməl etmirlər.

Çıxışçılar həmçinin qeyd ediblər ki, dünyada güclü islamofobiya halları mövcuddur. Bu yanlış yanaşmaya qarşı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də birgə səy göstərməlidirlər.

Bunun üçün bütün cəmiyyətlər ən vacib məsələlərdən biri kimi tolerantlığı qorumalıdırlar. Cəmiyyət nə qazanıbsa, sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar.

Tədbirdə çıxış edən İspaniya Ədliyyə Nazirliyinin nümayəndəsi Pablo Kasado digər çıxışçılara dəstək verərək, dialoq və qarşılıqlı anlaşmanın dünyamızdakı problemlərin həlli baxımından çox önəmli olduğunu bildirib. O, həmçinin din xadimlərinin bu işdə daha yaxından iştirakının vacibliyini qeyd edib.

Minə yaxın nümayəndənin iştirak etdiyi tədbirin ikinci hissəsi bədii proqramla başlayıb. Bədii hissədə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in ifa edilməsi böyük coşqu ilə qarşılanıb.