Xalq qəzeti. - 2018.- 5 dekabr. - ¹ 274. - S. 4.

 

Dünya siyasətçiləri alqışlayır

 

“Bakı prosesi” – 10

 

İttifaq Mirzəbəyli

 

2008-ci il dekabrın 2-3-də mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü nəticəsində ərsəyə gələn “Bakı prosesi”nin ilk forumundan on il keçir. Bu müddət ərzində Azərbaycan paytaxtı çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Həmin tədbirlərin bir çoxu tarixə “Bakı prosesi”nin tərkib hissəsi kimi düşüb.

 

Həmin gün Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edilmiş, İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunmuşdu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası ­dialoqun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edilmişdi.

Planetin əksər ölkələrində geniş işıqlandırılmış “Bakı prosesi”nin on illik yubileyi günlərində dünyanın görkəmli siyasətçilərindən bir neçəsinin bu möhtəşəm tədbirlər silsiləsinə verdiyi qiymətləri yada salmaq istəyirik.

BMT-nin Baş katibi Antonio Quttereşin bu il martın 15-də Bakıda keçirilən VI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir:

– Builki tədbirdə əsas diqqəti sağlam planetdə hamı üçün daha yaxşı dünyanın qurulması istiqamətində universal və transformativ yol xəritəsi olan 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin əhəmiyyətli bir hissəsinə – inklüziv cəmiyyətlərin yaradılması hədəfinə yönəltməyinizi alqışlayıram.

16-cı Dayanıqlı İnkişaf Məqsədi insan haqları, qanunun aliliyi, şəffaf, səmərəli və məsuliyyətli təsisatlara, hörmətə əsaslanan sülhsevər və inklüziv cəmiyyətlərin təbliğinə çağırır. Bu məqsədə çatmaq və silahlı münaqişələrin qarşısını almaq üçün biz narazılıq, hüquqlardan məhrumetmə və bərabərsizliklərin kökündə duran səbəblərlə məşğul olmalı, hər bir fərdin ləyaqət və hüquqlarını müdafiə etməliyik.

Rusiya Federasiyasının ­Prezidenti Vladimir Putinin bu il oktyabrın 25-də Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun iştirakçılarına ünvanladığı məktubda burada müzakirə edilən mövzuların əhəmiyyətindən söz açılır:

– Artıq VI dəfədir ki, Bakı bu foruma ev sahibliyi edir. Burada müzakirə olunan mövzular əhəmiyyətlidir. Burada müxtəlif aktual məsələlərin müzakirəsi, təhsil, informasiya təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Forumun iştirakçılarına ən xoş arzularımı çatdırmaq istəyirəm.

UNESCO-nun Baş direktoru xanım İrina Bokova ötən il mayın 4--6-da UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı mərasimində çıxış edərək demişdir:

– Biz dialoqu, sülhü daha da gücləndirməliyik. Münaqişəli zonalarda mədəni irsin qorunması ilə bağlı olan bu mesaj, eyni zamanda, “Bakı prosesi”nin təməlini təşkil edir. Mədəni müxtəliflik təhdid deyil, bu, hamı üçün şans və imkandır. Mən hətta deyərdim ki, mədəni müxtəliflik qürur mənbəyidir. Bu, bəşəriyyətin qürur mənbəyi olmalıdır. Mədəni müxtəliflik əsrlər boyu Azərbaycanın zəngin tarixi ənənəsini əks etdirən bir amildir.

BMT-nin Sivilizasiyalar ­Alyansı üzrə ali nümayəndəsi Nassir ­Abdulaziz Al-Nasser Bakı tribunasından deyib:

–”Bakı prosesi” artıq bir platformaya çevrilib. Bu platformanın artıq bir çox ölkədə mədəniyyətlərarası dialoqa, inklüziv cəmiyyətə rəvac verən bir prosesə çevrildiyini qeyd etməliyik. Sivilizasiyalar Alyansı bu təşəbbüsü ilk vaxtdan dəstəkləməyə qərar vermişdir. Öz növbəsində bunun xalqlar arasında, müxtəlif cəmiyyətlərdə, bir çox ölkələrdə müxtəlifliyə, dialoqa, eləcə də qarşılıqlı anlaşmaya töhfə verən bir proses olduğuna inanırıq. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi də xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, forumun məqsədi insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanları axtarmaqdan ibarətdir.

ABŞ, Simon Vizental (“Simon Wiesenthal”) Mərkəzinin Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi Anette Blum 2016-cı il yanvarın 1-də öz Twitter səhifəsində paylaşdığı “Bakı -- Dialoq və sülh üçün unikal geosiyasi mühit” adlı ­statusda yazır:

– 2015-ci ildə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun panelisti və iştirakçısı kimi mən dialoqun keyfiyyətlərinin və xüsusiyyətlərinin multikulturalizm və sosial harmoniyanın standartlarına və xarakterinə necə kömək etdiyi barədə məlumat vermək məqsədilə həmkarlarımdan və liderlərdən ibarət böyük bir beynəlxalq qrupa qoşuldum. Səfərimdən öncə mən Azərbaycan haqqında bir-birinə zidd olan fikirlər eşitmişdim, lakin buna baxmayaraq, müəyyən səbəblərdən iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdim.

Hər şeydən öncə, diqqətimi çəkən maraqlı məqam ondan ibarət idi ki, İslam dünyasında ilk dünyəvi demokratiya 1918-ci ildə məhz Azərbaycanda yaradılıb. Bundan əlavə, mühafizəkar və bəzən də radikal ideologiyalarla əhatə olunmasına baxmayaraq, Azərbaycan qadınlara səsvermə hüququnu 1919-cu ildə verib. Bu hadisə Birləşmiş Ştatların qadınlara cəmiyyətdə və rəhbərlikdə onların rolunun zəruriliyini göstərən həmin vacib hüquqların verilməsindən bir il öncə baş verib...

Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən bu dövlətdə qəti şəkildə kök salmış dəyərlər sayəsində ətraf ölkələrdən gələn təhlükələr üçün burada özünə yer tapmaq və inkişaf etmək şansı yoxdur.

Azərbaycan bu vəzifənin öhdəsindən gəldiyini bütün səviyyələrdə və cəmiyyətin bütün sahələrində sübuta yetirib. Yəhudi qadın Azərbaycan Respublikasının Ali Məhkəməsində öz müsəlman və xristian həmkarları ilə birlikdə çalışır, parlamentin yəhudi və xristian üzvləri isə müsəlmanların sayının çoxluğuna baxmayaraq, tamamilə sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan bütün dini əqidələrdən və mədəniyyətlərdən olan insanların azad yaşadığı və bərabər imkanlara malik olduğu bir dövlətdir.