Paralel.-2018.-1 dekabr.-¹206.-S.10.

 

Azərbaycan dövləti dini icmaların fəaliyyətinə bütün zəruri dəstəyi verir

 

Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar ölkəmizin multikultural cəmiyyətinin ayrılmaz hissəsidirlər

 

Bildiyiniz kimi, bu gün Azərbaycan dövləti bəşəri birgəyaşayışın, sülhün, demokratiyanın, tolerantlığın və multikulturalizmin dünyada təbliği və təşviqi istiqamətində çox böyük işlər görür.

Dünyada multikulturalimzmin iflasa uğradığı iddiasında olan Avropa ölkələrində Azərbaycan bu istiqamətdə görülən işlər xüsusi əhəmiyyət daşıyır. Noyabr ayının əvvəlində müxtəlif ölkələrin dövlət, ictimaiyyət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində “Dinlər və sivilizasiyalar arası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransın keçirilməsi də, bu baxımdan təqdirəlayiq haldır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya- Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçilığı ilə baş tutun bu konfrans bütün sivilizasiyaları dialoqa və əməkdaşlığa çağırır.

Konfrans zamanı Azərbaycanın multikultural və tolerant həyatını əks etdirən vizual və əyani materialların, kitab və albomlardan ibarət sərgi-ekspozisiya nümayiş etdirilməsi də, tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Dünyanın 40-a yaxın ölkəsindən üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Almaniya dövlətinə və xalqına, o cümlədən tədbir iştirakçılarına çatdırıb.

O, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verildiyini bildirib. A. Paşazadə qeyd edib ki, ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoq və əməkdaşlığı dövlət səviyyəsində dəstəklənir. Milli, etnik və dini müxtəliflikləndirilir.

Şeyx həzrətləri qeyd edib ki, milli və dini müxtəliflik bizim qürur mənbəyimizdir: “Prezident İlham Əliyevin Azərbaycanda “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” elan etməsi də ümumbəşəri dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf etdirilir və dünyaya təqdim olunur”, - deyə şeyx həzrətləri bildirib.

Konfransda qeyd olunub ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti multikulturalizm və dini həmrəylik ideyalarını fəal təbliğ və təşviq etməklə insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir və bu mütəmadi xarakter daşıyır. Hazırda Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Bakı Dinlərarası və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılması da bu ənənənin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin yüksək səviyyədə həyata keçirdiyi dövlətçilik siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilib. Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır.

Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə olub. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun xəttilə Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mötəbər tədbirin keçirilməsinin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar ölkəmizin multikultural cəmiyyətinin ayrılmaz hissəsidirlər.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri dünyada sülhün, əmin-amanlığın və insan həyatının qorunması yolunda öz səylərini həmişə nümayiş etdirirlər. Dünyanın bir çox ölkələrində, o cümlədən Böyük Britaniya, İsveç, Finlandiya, İspaniya, Almaniyada keçirilən beynəlxalq forumların ümumi müəmmalığın qorunub saxlanılması, insan həmrəyliyinə nail olmaqdır.

Konfransda həmçinin bildirilib ki, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunan bütün münaqişələr, o cümlədən Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviyadakı mövcud vəziyyət humanitar fəlakətlərə aparır. Bu gün dünyanı narahat edən problemlərdən biri də müharibələrin yaratdığı məcburi miqrant axınıdır. Onlara qarşı anti-humanist, irqçi, aqressiv münasibət hər kəsi, bütün sivil dünyanı narahat edir. Bu münasibətlər yolverilməzdir. Belə hallar sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, terrorizmə, radikalizmə və ekstremizmə yol açır.

Dünya ictimaiyyətini narahat edən hadisələr, həmçinin dini və milli zəmində terror aktları dövlətlərin təhlükəsizliyinə və insan hüquqlarına ağır zərbədir. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini də xüsusi qeyd etmək lazımdır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, münaqişə nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, zəbt olunan ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqların məhv edilməsi, sözün həqiqi mənasında bəşəriyyətə qarşı törədilən cinayətdir və beynəlxalq ictimaiyyət buna öz mövqeyini bildirməlidir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasəti olduğu azsaylı ölkələrdən biridir. Dövlət bu siyasətin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında, tolerantlıq və multikulturalizm siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycan dövləti cəmiyyətdə dağıdıcı meyillərin qarşısını almaq məqsədi ilə multikulturalizm siyasətinin ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişafına və onun milli təhlükəsizliyinə xidmət etməsi üçün əlindən gələni əsirgəmir.

Demokratik inkişaf yolu ilə uğurla addımlayan, multikultural mühiti və tolerantlığı ilə tanınan Azərbaycan üçün dini etiqad azadlığı ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bütün dünya bunu görür. Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər sənədlər Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının hüquqi əsasları kimi çıxış edir.

Bunun nəticəsidir ki, ölkəmizdə bütün dinlər, dini icmalar qanun qarşısında bərabərdirlər. Buraya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qeydiyyatından keçən dini qurumları aiddir. Dövlət Komitəsinin məlumatına görə, 2009-cu ildən bəri Komitə tərəfindən 861 dini qurum dövlət qeydiyyatından keçib. Onlardan 830-u müsəlman, 31-i qeyri-müsəlman təşkilatdır. 31 qeyri-müsəlman təşkilatından 20-si xristian, 8-i yəhudi, 2-si bəhayi, 1-i isə krişna şüurlu dini icmasıdır. Dövlət dini icmaların fəaliyyətinə bütün zəruri dəstəyi verir. Onlara maliyyə yardımı ayırır. Xüsusilə dövlət məscidlərin, sinaqoqların və kilsələrin bərpası və yenidən qurulması üçün onlara maddi yardım göstərir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan hər zaman müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub. Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub.

Daha sonra Azərbaycanda dövlət-din münasibətlərinin uğurundan danışan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə dini məsələlərlə bağlı düzgün siyasət aparılır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüququn normalarına uyğun olaraq tənzimlənib, eləcə də icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

“Heç kəs dini etiqadına görə təhdid oluna bilməz. Biz insanları və fərqliliyi sevməliyik. Bu, dünyada sülhün bərqərar olmasının əsasını təşkil edir. Biz həmişə şərə qarşı mübarizə aparmalıyıq. Şər dünyamızda yayılmamalıdır”,- bu fikirlər isə ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycə məxsusdur. O, daha sonra qeyd edib ki, dialoq həmişə müdriklərin seçimi olub: “Biz vahid amal uğrunda çalışmalı, sülh yolu ilə getməliyik. Sülhü, əmin-amanlığı təbliğ etməli və möhkəmləndirməliyik”.