Xalq qəzeti. - 2018.- 4 dekabr. - ¹ 273. - S. 3.

 

 

Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır

 

Əliqismət Bədəlov

 

Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri həmişə birgə fəaliyyət göstərmiş, bütün etnik qrup və dinlərin nümayəndələri, mehriban, sülh və harmoniya şəraitində yaşamışlar. Məhz buna görə də respublikamız çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tanınır. Xalqımızın qədim tarixi, adət və ənənələri, milli-mənəvi dəyərləri, yerləşdiyi coğrafi mühit də Azərbaycanın sivilizasiyaların qovuşduğu bir məkana çevrilməsində böyük rol oynayıb.

Son 15 ildə həyata keçirilən düşünülmüş siyasi kurs ölkəmizi dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanıdır. Düz 10 il əvvəl Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransının keçirilməsinin təşəbbüskarı da məhz dövlətimizin başçısı olmuşdur. Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq, həmin il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmiş və ilk dəfə olaraq həmin tədbirə 10 İslam ölkəsi də dəvət edilmişdir. Bu tədbir təkcə Azərbaycanın deyil, eyni zamanda, Şərq və Qərb dövlətlərinin mədəni həyatında böyük əhəmiyyət kəsb etmişdir.

Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer 2008-ci ilin payızında Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransını yüksək qiymətləndirmiş və demişdir ki, bu addım Avropa mədəni proseslərində yeni bir istiqamətin – “Bakı prosesi”nin əsasını qoydu. R.Palmer bildirmişdir ki, Avropa ilə İslam dünyası arasında dialoqun inkişaf etdirilməsində Azərbaycanın vasitəçi kimi fəaliyyəti sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcəkdir. Bundan sonra mütəmadi olaraq keçirilən sivilizasiyalar və mədəniyyətlərarası dialoq respublikamızı mötəbər qurumların öz tədbirlərini keçirdiyi məkana çevirmişdir.

Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirləri konfransında Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı. Konfransda sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsasının qoyulması təşəbbüsü sonrakı illərdə qlobal prosesə çevrildi. Dövlətimizin başçısı çıxışında demişdir: “Mən çox istərdim ki, bu gün əsası qoyulan “Bakı prosesi” uzun müddətli olsun. Bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin”.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.

Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmişdir. Beləliklə, sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur.

İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi, Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. Həmin tədbirə Avropa Şurasına üzv dövlətlərin nazirləri də dəvət edildi. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı. Hər bir azərbaycanlıda qürur yaradan bu tədbir bir daha sübut etdi ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir.

2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransının yüksək səviyyədə keçirilməsi ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşkilinə böyük önəm verdiyini və bu sahədə artıq böyük təcrübə qazandığını təsdiqlədi. Konfransa Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdu. Dünyanın 45-dən çox ölkəsindən, eləcə də İSESCO, İRCİKA, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan 200-dən çox iştirakçının qatıldığı tədbirdə Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı Təşkilatına üzv dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilmiş və birgə kommünike qəbul edilmişdir.

Həmin konfransda yadda qalan hadisələrdən biri də İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin konfransı açaraq, təşkilatçılığa və qonaqpərvərliyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına təşəkkür etməsi, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın ­sivilizasiyalararası dialoqa böyük töhfələr verdiyini deməsi olmuşdur.

2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamışdır. Həmin il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edilmişdir.

Bakıda birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşmışdır. Dövlətimizin başçısının müvafiq fərmanı ilə forum hər iki ildən bir Azərbaycan paytaxtında keçirilir.

2011-ci ilin 7-9 aprel tarixində Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO-nun tərəfdaşlığı ilə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdur. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, dialoqa yönələn maneələr nəzərdən keçirilmiş və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə gündəmə gətirilmişdir. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaratmışdır.

Dünyanın bütün qitələrindən gəlmiş nümayəndələrin təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev forumun Bakıda keçirilməsini yüksək qiymətləndirərək demişdir: “Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır. Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır. Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu müsbət meyillər daha da güclənir”.

Dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə – məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir.

Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün mötəbər məkana çevrilib.