Kaspi. - 2018.- 30 noyabr. - ¹ 205. - S. 6.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəsi - Məmməd xan Təkinski
O, milli mənafeli fəal diplomatik mövqeyinə görə daşnakların təzyiqinə məruz qalıb
Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi
(əvvəli ötən sayımızda)
M.X.Təkinskinin fəal diplomatik fəaliyyəti, onun yazışmaları və nota mübadilələri bir daha təsdiq edir ki, Ermənistan özünün soyğunçuluq, beynəlxalq qanun və qaydalara zidd hərəkətindən əl çəkmək istəmir, Azərbaycanın əzəli-tarixi torpaqlarına yiyələnmək kimi cəfəng siyasətini həyata keçirmək istəyir. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskinin Nazirlər Şurasının sədri N.Yusifbəyliyə göndərdiyi 10 may 1919-cu il tarixli şifrələnmiş teleqramda qeyd edilirdi: "Yayılan şayiələrə görə, əgər Ermənistan Qarabağı Azərbaycanın olduğunu qəbul edərsə, ingilislər Şərur-Naxçıvan rayonunu Ermənistana verir. Bu şayiəni ermənilər yayır; mən düşünürəm ki, ermənilərə Qars kifayətdir və başdan-başa müsəlman əhalisindən ibarət olan Şərur-Naxçıvanı onlara vermək olmaz, buranın əhalisi Ermənistanın digər hissələrində olan müsəlmanların dəhşətli vəziyyətinə düşər. Müsəlmanların dəhşətli vəziyyətdə olması haqqında sübutlarım vardır. Bunu Tiflisdəki ittifaq komandanlığına hərtərəfli izah etməli və daim onlarla əlaqədə olmaq lazımdır. Əks təqdirdə bizim diplomatiyamız uduza bilər”.
Azərbaycan Respublikasının xarici işlər naziri əvəzi Ziyadxanovun İrəvan quberniyasının müsəlman əhalisinə qarşı edilmiş zorakılığın araşdırılması üzrə beynəlxalq istintaq komissiyasının təşkilinə rəhbərlik edilməsi haqqında 1919-cu il iyunun 7-də imzaladığı 13 ¹-li əmrdə qeyd edilirdi: "İrəvan quberniyasının dağıdılmış və zorakılığa məruz qalmış kəndləri ilə bağlı beynəlxalq istintaq komissiyasını təşkil etmək üçün dəftərxana direktorundan xahiş edirəm ki, rəhbər rolunu öz üzərinə götürsün və bu işə direktor müavinini, Şepotyevi, Abdulla bəyi və Olenevi cəlb etsin”.
M.X.Təkinski Ermənistan tərəfindən edilən mümkün düşmən hərəkətlərə qarşı müqavimətin göstərilməsi üçün Şərur-Naxçıvan və Ordubadın milli şuralarına köməklik göstərilməsinin vacibliyi haqqında xarici işlər naziri M.Y.Cəfərova 7 iyun 1919-cu il tarixdə göndərdiyi teleqramda qeyd edirdi: "Bakını tutacaqlarına ümid bəsləyən ermənilər, könüllülər ordusunun hərəkət etməsinə sevinirlər, baxmayaraq ki, dəvət etdiyim naharda Xatisov məni inandırırdı ki, müstəqilliyin qorunması məsələsində Ermənistan və Azərbaycanın maraqları ümumidir. Könüllülər ordusu ilə münasibətlərimiz ağırlaşarsa, Ermənistan bizə qarşı düşmən mövqe tutacaqdır, ona görə də, hərbi təşkilata pul buraxaraq Şərur-Naxçıvan bölgəsində Ermənistana təhlükə yaratmaq lazımdır. Mənim tərəfimdən görülmüş tədbirlər nəticəsində artıq Şərur-Naxçıvan və Ordubad milli şura şəklində birləşmişdir və daim mənimlə əlaqə saxlayırlar”.
İrəvan quberniyası və Qars vilayətində müsəlman əhalisi üzərində ermənilərin zorakılığına aid ətraflı statistik məlumatların toplanması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin M.X.Təkinskiyə göndərdiyi 10 iyun 1919-cu il tarixli 1627 ¹-li təcili diplomatik məlumatda qeyd edilirdi: "İrəvan quberniyasında və imkan daxilində Qars vilayətində dağıdılmış müsəlman kəndlərinin nümayəndələri ilə birgə məxfi surətdə adı, familiyası, yaşadığı ünvan göstərilməklə, müsəlmanların insan və əmlak itkisi, əsir düşmüş, əsirlikdən qayıtmış və qayıtmamış qadın və kişilər haqqında, oğurlanmış mal-qara, dağıdılmış kəndlər, uşaq bağçaları və s. haqqında statistik məlumatlar toplasın. Yaxşı olardı ki, şahidlərin və yaxud fəlakətə məruz qalmış şəxslərin öz dili ilə ermənilərin müsəlman kəndlərinə ciddi hücumları təsvir edilsin. Hökumət qərara almışdır ki, ermənilərin müsəlmanlara vurduqları, insan itkisi ilə müşayiət olunan ziyanın miqyasını müəyyən etmək üçün ingilis, italyan və digərlərindən ibarət beynəlxalq komissiya yaratsın. Bu məsələnin həlli müəyyən vaxt tələb edir, ona görə, üzərinizə qoyulmuş vəzifənin icrasına başlayın”. Ermənistanın Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə müdaxiləsinin yolverilməz olduğu haqqında M.X.Təkinskinin xarici işlər naziri M.Y. Cəfərova 1919-cu il iyunun 26-da göndərdiyi məlumatda bildirilirdi: "Mən, 1919-cu il iyunun 25-də Ermənistanın Xarici İşlər Nazirliyinə aşağıdakı 224 ¹-li notanı təqdim etdim: "Mənim hökumətimin tapşırığı ilə bildirirəm ki, Azərbaycan Hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə Sultanov Azərbaycanın ayrılmaz dağlıq hissəsini təşkil edən Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernator vəzifəsinə təyin edilmiş və aprelin 3-də rəsmi tanınmışdır. Ona görə də, Sultanovun qeyd olunan qəzalarda fəaliyyətinə və yaxud Azərbaycan qoşunlarının həmin qəzalarda olmasına qarşı Ermənistan hökumətinin istənilən etirazı Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmək deməkdir. Qarabağın general-qubernatoru Sultanov ciddi tədbirlərlə, artıq Şuşa rayonunda nizam-intizam yaratmış və həyat normal qaydasına düşmüşdür”.
Xarici İşlər naziri A.x.Ziyatxanovun Ermənistanın xarici işlər nazirinə 1919-cu il iyunun 23-də göndərdiyi notada qeyd edilirdi: "Zaqafqaziya xalqları öz müstəqilliklərini elan etdikdən sonra Azərbaycan və Ermənistanın hüdudlarında acınacaqlı nəticələri olmuş çox qanlı hadisələr baş verdi. Keçən il qarşılıqlı surətdə xırda və iri kəndlərin dağıdılması, erməni və müsəlman əhalisi arasında qarşılıqlı surətdə qətllər, təsərrüfatların məhv edilməsi dayanmamışdır. Bu hadisələrin nəticəsində hər iki respublikanın ərazisində çox böyük sayda qaçqınlar yaranmışdır. Bunun nəticəsində ermənilər və müsəlmanlar arasında arzuolunmaz toqquşmalar meydana gəlmişdir.
Müstəqilliyin elan edilməsinin başlanğıcında yeni yaranmış respublikalar üçün əsas ideal mehriban qonşuluq əlaqələrinin yaradılması olmuşdur. Təəssüflər olsun ki, yuxarıda qeyd olunan səbəblər ucbatından bu münasibətlər qaydasına düşə bilmir. Bu hadisələri, onun səbəblərini qərəzsiz və ədalətli araşdırılması və bunların gələcəkdə təkrar yaranmasının qarşısının alınması, həmçinin son dərəcə kəskin qaçqın məsələsinin həlli üçün qəti tədbirlərin görülməsi normal münasibətlərin qurulması üçün etibarlı zəmin ola bilər. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan hökuməti Ermənistan hökumətinə təklif edir ki, yuxarıda xatırlanan məqsəd üçün Erməni və Azərbaycan nümayəndələrindən ibarət qarışıq hökumət-parlament komissiyası yaradılsın. Əgər Ermənistan respublikasının hökuməti lazım bilirsə, Avropa və Amerikanın mədəni millətlərinin nümayəndələrinin də yuxarıda göstərilən komissiyanın tərkibinə daxil edilməsinə Azərbaycan hökuməti etiraz etmir”.
Azərbaycan hökumətinin bu əhəmiyyətli təklifinə Ermənistan tərəfindən müsbət cavab verilməmişdir. Zaqafqaziya ərazisində yaşayan müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıqlar, qətllər və talanların təhqiq edilməsi üzrə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 15 iyun 1918-ci il tarixli qərarı ilə Fövqəladə İstintaq Komissiyasının yaradılmışdır. Bu qərarı yerinə yetirmək üçün Xarici İşlər Naziri əvəzi F.X.Xoyskinin 1918-ci il avqustun 31-də imzaladığı sərəncamla, sədri Ələkbər bəy Xasməmmədov olmaqla, tərkibi Gəncə dairə məhkəməsinin üzvləri – İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadən ibarət Fövqəladə İstintaq Komissiyası yaradıldı. Yuxarıda göstərilən üzvlərdən başqa, komissiyaya Bakı Dairə Məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Kluqe, andlı iclasçı Məmməd xan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbas Əlibəy Hacı-İrzayev, Bakı Dairə Məhkəməsinin üzvü B.Yusifbəyov müxtəlif vaxtlarda həmin komissiyaya üzv təyin edilmiş və ya üzvlükdən azad olunmuşlar.
Son iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdükləri təcavüz və soyqırımı siyasətinin mahiyyətini təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün belə komissiyalara böyük ehtiyac olmuşdur. Erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri qırğınlar, talanlar və soyqırımı siyasəti ilə bağlı arxiv sənəd və materialları əsasında ortaya çıxarılmış fakt və dəlillərlə cinayətkar erməni millətçilərini ədalət məhkəməsinə cəlb etmək və bu cinayəti dünyaya tanıtmaq mümkün idi və indi də mümkündür. Lakin təəssüflər olsun ki, bu vaxtadək bu məsələ həyata keçilməmişdir. Millətçi erməni-daşnak qüvvələri və onların havadarlarının xalqımıza qarşı törətdikləri soyqırımından 100 il keçməsinə baxmayaraq, hələ də törədilmiş bu cinayətə beynəlxalq aləmdə hüquqi qiymət verilməmişdir. Bəlkə də törədilmiş həmin cinayətlərə beynəlxalq aləmdə vaxtında hüquqi qiymət verilsəydi hazırkı dövrdə erməni-daşnak quldur qüvvələri və onların havadarlarının Qarabağda təşkil etdikləri qanlı qırğınların qarşısını almaq mümkün olardı. Müasir dövrdə erməni-daşnak quldur dəstələrinin törətdikləri fəlakətlər davam etməkdədir. Erməni-daşnak quldur qüvvələri və onların havadarlarının Qarabağda törətdikləri qanlı qırğınlar, vəhşiliklər bütün Azərbaycan xalqının ağrısı və iztirabıdır. Biz inanırıq ki, gün gələcək, qəddar düşmənlər bizim ərazilərimizi tərk etməyə məcbur olacaqlar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpağında əmin-amanlıq bərpa olunacaq, insanlar öz doğma yurdlarına qayıdacaq, vətəndaşların normal həyat tərzi bərpa ediləcək və qanlı cinayətlər törətmiş erməni millətçiləri beynəlxalq məhkəmə qarşısında törətdikləri dəhşətli qırğınlara, vəhşiliklərə görə cavab verməli olacaqlar. İnanırıq ki ədalət və insanlıq naminə bu, mütləq həyata keçiriləcəkdir!
Azərbaycan 1920-ci ilin aprelində XI Qırmızı ordu tərəfindən zəbt edilərək sovetləşdirildikdən sonra Xalq Cümhuriyyətinin dövlət xadimləri və ziyalı təbəqə ağır repressiyalara məruz qaldı. Baxmayaraq ki, Parlamentin 27 aprel 1920-ci il tarixdə keçirilmiş axşam iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qəbul edilmiş qərarda qeyd edilirdi ki, yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir. Lakin qəbul edilmiş şərtlərə sonralar əməl olunmadı və digər dövlət xadimləri kimi Məmməd xan Təkinski də 1938-ci ildə repressiya qurbanı oldu.