Hərbi and. - 2018.- 30 noyabr. - ą 46. - S. 6.

 

Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoyub

 

1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdi. Beləliklə, Azərbaycan türk dünyasında və müsəlman Şərqində ilk Xalq Cümhuriyyətini quraraq adını tarixə yazdırdı. Azərbaycan Prezidenti İlham Əliyev 2018–ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Cümhuriyyətin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Sərəncam imzaladı. Bu Sərəncamın imzalanması, eyni zamanda, Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmasının ifadəsi idi.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin Xalq Cümhuriyyətinin tarixi ilə bağlı apardığı tədqiqatlara dair qeydlərini təqdim edir.

 

Milli Şurada 26 nəfərdən 24-ü Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə səs verdi

 

1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında baş verən çevriliş ilə hakimiyyətdən getdi. Ona görə də, Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflis şəhərində Azərbaycan, Gürcüstan, Ermənistan və Qafqazın digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı Zaqafqaziya Seymini qurdular. Seymdə müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin aparıcı və fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

1918-ci il mayın 27-də Seymdəki Azərbaycan fraksiyası iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldi. İclasda Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov isə sədrin müavinləri seçildilər. 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin iqamətgahında tarixi iclas keçirildi. Məhəmməd Əmin Rəsulzadə Batumda Osmanlı dövləti ilə danışıqlar apardığından iclasda iştirak edə bilmədiyi üçün onun yerinə iclasa sədr müavini Həsən bəy Ağayev sədrlik etmişdi. Milli Şura 24 nəfər lehinə, 2 nəfər isə bitərəf qalmaqla mayın 28-də Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul edərək, Azərbaycanın müstəqilliyini rəsmi olaraq elan etdi. İstiqlal Bəyannaməsinin qəbul olunması ilə Azərbaycan xalqının ilk Cümhuriyyət yaratması dünyaya bəyan edildi. Azərbaycan Milli Şurasının həmin iclasında, eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə AXŃ-nin birinci hökuməti quruldu. Müstəqilliklərini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, 1918-ci il iyunun 4-də ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan Dostluq və Əməkdaşlıq Müqaviləsinə Azərbaycan tərəfdən Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmməd Həsən Hacınski imza atdı. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə ilə imzalanan müqavilənin üçüncü maddəsi Azərbaycanın torpaq və ərazi bütövlüyü, dördüncü maddə isə Türkiyənin Azərbaycana siyasi və hərbi köməyi ilə əlaqədar idi. Azərbaycanın müstəqilliyini qorumaq və daşnak, eser, menşevik, bolşevik və başqa qüvvələrdən təmizləmək məqsədilə Azərbaycan hökuməti Osmanlı dövləti ilə imzalanan müqavilənin dördüncü maddəsini əsas götürərək hərbi kömək istədi. Bu istək 3-cü ordu komandanı Məhməd Vəhib Paşaya da bildirildi və vəziyyəti yerində araşdırmaq üçün 6-cı ordu komandanı və 3 zabit bölgəyə göndərildi. Muzaffər Əfəndinin rəhbərlik etdiyi heyətin araşdırmaları nəticəsində hazırlanan və təqdim edilən raporta əsasən Azərbaycana kömək üçün ordu göndərmək qərara alındı.

 

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü

 

Gəncədə vəziyyət nisbətən sabit idi. Buna baxmayaraq, erməni daşnak dəstələri və Bakı Sovetinə bağlı könüllülər Gəncənin rus və erməni məhəllələrində barrikada quraraq şəhərin bir hissəsinə nəzarət edirdi. Nuru Paşanın komandanlığında Gəncəyə gələn Qafqaz İslam Ordusunun bir qrupu və Azərbaycan birliklərinin birgə apardıqları döyüş əməliyyatları ilə şəhər düşmən qüvvələrdən təmizləndi. Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. İyunun 17–də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. İyunun 19–da isə hökumət Azərbaycandakı gərginliyi nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. Bakı neftinə marağı olan Almaniya Gürcüstan hökumətinə təsir edərək Bakının azad edilməsinə mane olmaq istəyirdi. Bu məqsədlə Osmanlı ordusuna mənsub 5-ci diviziyanın Gürcüstan dəmir yolu ilə Bakıya gəlməsinə icazə vermədi. Buna baxmayaraq, Mürsəl Paşanın komandanlığındakı diviziya döyüşə-döyüşə Gümrü–Dilican–Ağstafanı keçərək Gəncəyə gəldi. Ənvər Paşanın əmri ilə qurulan Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığındakı Osmanlı ordusuna mənsub 5-ci piyada diviziyası və general-leytenant Əliağa Şıxlınskinin başçılıq etdiyi Müsəlman Korpusu əsasında yaradılmışdı. Ordunun tərkibinə 12 min əsgər və zabit daxil idi. Daha sonra Türkiyədən gələn və Azərbaycandan qoşulanlar ilə birlikdə əsgər sayı 20 minə çatmışdı.

 

Bakının azad olunması münasibətilə sentyabrın 16–da hərbi parad keçirildi

 

Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti hökuməti iyunun 10-da yeni qurulan Xalq Cümhuriyyətini devirmək üçün Gəncə istiqamətinə ordu göndərdi. Əsas hissəsi ermənilərdən təşkil edilən bu ordu keçdiyi hər yerdə Azərbaycan əhalisinə divan tutur, soyğun, qarət və qətl törədirdi. İyunun 12–də Kürdəmiri işğal edən Bakı Sovetinin ordusu Göyçaya doğru irəliləməyə çalışarkən Qafqaz İslam Ordusunun müqaviməti ilə qarşılaşdı. İki həftə davam edən qanlı döyüşdə Bakı Soveti ordusu məğlub oldu və ağır itki verərək müqavimət gücünü itirdi. Bu, müharibənin dönüş nöqtəsi idi. İyunun 20–də strateji bölgə olan Şamaxı azad edildi. Ard-arda məğlubiyyət Bakı Soveti hökumətinin sonu oldu. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verdi. Onun yerinə 1918-ci il avqustun 1-də Bakıda ingilislərin köməyi ilə daşnak-eser-menşeviklərdən ibarət daha qəddar olan “Sentrokaspi” diktatura hökuməti quruldu. Bütün bunlar Qafqaz İslam Ordusunun qələbə əzminə mane ola bilmədi. Sentyabrın 15–də Qafqaz İslam Ordusu həlledici hücumla Bakını azad etdi. Bu, Cümhuriyyətin yaranmasından sonra xalqımızın tarixində ikinci mühüm hadisə idi. Sentyabrın 16–da şəhərdə Bakının azad olunması münasibətilə hərbi parad keçirildi. Ertəsi günü isə Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü və Bakı Cümhuriyyətin yeni paytaxtı elan edildi.

Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycan hökuməti bölgələrdə də öz hakimiyyətini qura bildi. Qısa müddətdə Türkiyə, Gürcüstan, Ermənistan, İran, Ukrayna, Litva, Polşa, Hollandiya, ABŞ, Belçika, İtaliya, Yunanıstan, Fransa, İngiltərə, Danimarka, İsveçrə, Finlandiya və başqa dövlətlərlə diplomatik münasibətlər quruldu, səfirlik, baş konsulluq, konsulluq səviyyələrində əlaqələr yaradıldı.

 

General Tomson Azərbaycan hakimiyyətini ciddi siyasi qüvvə olaraq tanıdı

 

Birinci Dünya müharibəsinin şərtləri, tarixi şərait Azərbaycanın əleyhinə idi. 1918-ci il oktyabrın 30-da imzalanan “Mudros müqaviləsi”nin şərtlərinə görə, Birinci Dünya müharibəsində məğlub sayılan Türkiyə ordusu Azərbaycanı tərk etdi və Qafqazda nəzarət Antanta qüvvələrinin əlinə keçdi. Azərbaycan və Bakının azad edilməsində mühüm yeri olan türk ordusunun Azərbaycandan ayrılması Cümhuriyyət üçün çətinliklər yaratdı. Noyabrın 17-də general Tomsonun başçılıq etdiyi ingilis qoşunları “Mudros müqaviləsi”nə əsasən, Azərbaycana daxil oldu. Azərbaycan hökumətinin düzgün və çevik siyasəti nəticəsində general Tomson Azərbaycan hakimiyyətini ciddi siyasi qüvvə olaraq tanıdı. Dekabrın 28-də isə Bakının general-qubernatoru Tomson Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin tanınması haqqında deklarasiya imzalayaraq parlamentin açılışına mane olmayacağını bildirdi.

Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etdi. Noyabrın 19-da Azərbaycanda ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentinin yaradılması haqqında qanun qəbul olundu.

 

Cümhuriyyət Parlamentində 270-dən çox qanun layihəsi müzakirə olundu, onlardan 230-a yaxını qəbul edildi

 

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi oldu. Məhəmməd Əmin Rəsulzadənin açılış çıxışı ilə parlamentin ilk iclası işə başladı. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün parlamentə Həsən bəy Ağayev sədrlik edirdi. 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti belə idi: “Müsavat” və bitərəflər fraksiyası 38 nəfər, “İttihad” 13 nəfər, “Əhrar” 6 nəfər, “Sosialistlər” bloku 13 nəfər, partiyasızlar 4 nəfər, müstəqillər 3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası 5 nəfər, erməni fraksiyası 5 nəfər, “Daşnaksutyun” fraksiyası 6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası 4 nəfər.

Cümhuriyyətin parlament tarixi 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək, cəmi 17 ay davam etdi. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də saat 13:00–da, son iclası isə 1920-ci il aprelin 27-də keçirildi. Bu dövrdə parlamentin cəmi 145 iclası oldu. Müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı, onlardan 230-a yaxını qəbul edildi. Bütün bu iclaslarda parlament İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etdi. Bütün bu qanun və qərarlar nəticə etibarilə hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. AXC “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq” ideya və prinsiplərini əsas götürmüşdü. Hökumət tərəfindən 1918-ci il iyunun 24-də əvvəlcə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 1918-ci il noyabrın 9-da həmin bayraq üç rəngli – mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəzləndi. Həmin il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” Qanun imzalandı. Lakin milli dildə mövcud kadr çatışmazlığını nəzərə alaraq, dövlət idarələri də daxil olmaqla, bir çox yerdə müvəqqəti olaraq rus dilindən də istifadə etmə hüququ verildi. Hökumətin aldığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb olundu.