Paralel. - 2018.- 27 noyabr. - ¹ 203. - S. 10.

 

Azərbaycan multikulturalizmi bütün dünyada qəbul olunan ideologiyaya çevrilib

 

Multikulturalizm və tolerantlıq bəşəriyyətdə sülhün və harmoniyanın bərqərar olmasına xidmət edir

 

 Azərbaycan multikulturalizminin bütün dünyada təbliği, təkcə multikultural dəyərlərin və tolerantlığın qorunub inkişaf etdirilməsinə deyil, həm də bəşəriyyətdə sülhün və harmoniyanın bərqərar olmasına xidmət edir. Diqqətçəkən haldır ki, bir çox dövlətlərdə fəaliyyət göstərən ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatlari(QHT) da Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq dəyərlərinə ciddi maraq göstərir və bu dəyərlərin təbliğində yaxından iştirak edirlər.

Buna misal olaraq, Azərbaycan Dillər Universiteti (ADU), Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda keçirilən beynəlxalq elmi konfransı göstərə bilərik. Konfransın mövzusunun bilavasitə ümummilli liderimizin multikulturalizm və tolerantlıq ideologiyasına həsr olunması da, səbəbsiz deyil. Bu məlum həqiqətdir ki, dinlər və millətlər arasında qarşılıqlı anlaşma, dostluq və qardaşlıq münasibətləri Azərbaycanda ta qədim zamanlardan mövcud olub və bu gün də davam edir. Lakin multikulturalizm və tolerantlıq dəyərlərinin dövlət siyasətinə çevrilməsinin banisi, məhz ulu öndərimiz Heydər Əliyevdir və bu siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam və inkişaf etdirir. Dövlətimizin başçısı, Prezident İlham Əliyevin yaxından dəstəyinin nəticəsidir ki, bu gün Azərbaycan multikulturalizmi bütün dünyada qəbul olunan ideologiyaya çevrilib. Hazırda ölkəmizdə bu sahədə fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət qurumlarının qarşısında duran əsas vəzifə bu ideologiyanın dünyada təbliği və təşviqidir. Almaniya Federativ Respublikasında baş tutun konfrans da belə tədbirlərdən biridir.

Azərbaycan Dillər Universitetindən (ADU) verilən məlumatda qeyd olunur ki, bu konfransın ilk bölmələri Azərbaycan, Türkiyə, Rusiya, Çin, Ukrayna, Belarus , Gürcüstan, Almaniya, İtaliya, Serbiya universitetlərində təşkil olunub və çox böyük maraqla qarşılanıb. Növbəti "Azərbaycan və Almaniya multikulturalizmi" mövzusunda bölmə iclası isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), ADU-nun, Auqsburq Universitetinin və Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Almaniyada baş tutub.

Beynəlxalq konfransda çıxış edən Auqsburq Universitetinin professoru Klaus Volf Azərbaycan və Almaniya multikulturalizminin oxşar və fərqli xüsusiyyətlərindən danışıb. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski azərbaycanlıların tarixən multikultural xalq olduğunu qeyd edərək, bildirib ki, hazırda multikulturalizm Azərbaycanda dövlət siyasətidir və ölkəmizdə tolerantlıq mühitinin bu səviyyəyə çatması Prezident İlham Əliyevin apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Professor Əfqan Abdullayev isə çıxışında qeyd edib ki, Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir:"Dövlətimizin başçısının da qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur, bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır". Ə.Abdullayev vurğulayıb ki, Azərbaycanda tarixən multikultural həyat hökm sürür və Azərbaycanda multikulturalizm siyasətinin banisi ulu öndər Heydər Əliyevdir. Professor deyib: "Azərbaycan multikulturalizmin daha dərindən öyrənilməsi istiqamətində böyük işlər aparır, bu işlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransdır".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlərdən danışaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm barədə fikirlərinin, göstərişlərinin həyata keçirilməsi onun 2016-cı ildə elan etdiyi "Multikulturalizm İli" başa çatdıqdan sonra da davam etdirilir.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov "Azərbaycanda dini müxtəliflik", Mainz Universitetinin professoru Hendrix Busoten "Eposun müqayisəli tədqiqatı: türkologiya kontekstində", Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev "Azərbaycanlılar və almanlar arasında münasibətlər multikulturalizm kontekstində", Bakıdakı Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski "Tolerantlıq və multikultural dəyərlər Azərbaycanda", Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev (Mifodi) "Rus orthados (Pravoslav) Yeparxiyası Azərbaycan multikulturalizminə nümunə kimi", Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili "Alban-udi xristian icması Azərbaycanın multikultural şəraitində", Protestant İcmasının rəhbəri xanım Vera Nesterova "Lüteranlıq Azərbaycanda" və ADU-nun professoru Aynur Sabitova "Heydər Əliyevin mədəniyyətlərarası dialoqda rolu: Azərbaycan və dünyanın ədəbi müqayisəsi kontekstində" mövzularında məruzələrlə çıxış ediblər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti, yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması konfransda geniş müzakirə olunub. Qeyd edilib ki, ölkəmizin 40, dünyanın isə 20 nüfuzlu universitetində uğurla tədris olunan "Azərbaycan multikulturalizmi" fənninin ölkəmizdəki dinlər və milli etnik qruplar arasındakı dostuq və qardaşlıq münasibətlərini geniş auditoriyalara daşıması bəşəri humanizm ideyalarının yayılması baxımından çox önəmlidir. Məruzələrdə Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılması baxımından belə tədbirlərin əhəmiyyəti də xüsusi qeyd olunub.

Belə tədbirlərdən biri də, bu yaxınlarda Beynəlxalq Mətbuat Mərkəzində gerçəkləşdirilib. Belə ki, noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.

Tədbir Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.

 Forumda çıxış edən Cəmiyyətin sədri İlqar Orucov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, forumun məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilən multikulturalizmin Azərbaycan modelinin təbliği, Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan və saxtalaşdırılan tarixi-arxeoloji abidələr, Qarabağ tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasıdır. Eyni zamanda Avropa mediası ilə əməkdaşlığın qurulması və bu qitənin elmi gəncliyi vasitəsilə təbliğatın daha da genişləndirilməsidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev mövzu ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dünyada enerji resursları ilə zəngin dövlət olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanınır. Əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, ölkəmizdə multikulturalizmin yaranmasına və formalaşmasına səbəb olub. Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh, dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkana çevirib.

O, qeyd edib ki, bu gün ölkəmizin ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli Liderin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə əsrlər boyu formalaşan tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və inkişafını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərin tədqiq və təşviqi məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya nümunə olduğunu deyən sektor müdiri vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmur. O, Azərbaycanda səfərdə olan avropalı gənc alimlərə erməni vandalizmi ilə bağlı ciddi araşdırmalar aparmağı tövsiyə edib.

Forumda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən söz açıb. O, bildirib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə "dünya bizim evimizdir" prinsipini rəhbər tutub. Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur.

Millət vəkili işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi barədə məlumat verib.

Tədbirdə çıxış edən digər iştirakçılar da ölkəmizdəki mövcud tolerantlıq ənənələrindən danışaraq, multikulturalizmin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıblar.

 

 “Paralel”in Araşdırma Qrupu