Xalq qəzeti. - 2018.- 25 noyabr. - ¹ 266. - S. 4.
Bir əsrlik zəngin tarix
Leyla Süleymanova,
Ədliyyə Nazirliyi Xətai rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən
Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 100 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə qədəm qoymuş, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilmiş və bu müddət ərzində səlahiyyətləri xeyli genişlənmişdir. Həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Ədliyyə Nazirliyi həmin o çətin və mürəkkəb vaxtlarda şəraitin və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Bu sahənin mütəxəssisi olan hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır.
Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Ədliyyə Nazirliyi də ləğv edilir və əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılır. Yeni orqanın səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələnin əsası qoyuldu. Ədliyyə Nazirliyi sərbəst fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirməklə, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək istiqamətində əsaslı addımlar atıldı. Bundan sonra ədliyyə işi getdikcə təkmilləşdirilərək, onun gələcək inkişafı üçün zəmin yarandı.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev xalqın təkidi ilə müstəqil respublikamıza rəhbərliyə gəldikdən sonra digər zəruri sahələr kimi, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Təsadüfi deyildir ki, ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsi məhz ümummilli liderin adı ilə bağlı olmuşdur. Ulu öndərin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində Ədliyyə Nazirliyi müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla mükəmməl bir struktura çevrilmişdir.
Müstəqilliyimizin ilk illərini xatırlayanda həmin dövrdə ölkədə baş alıb gedən özbaşınalıq, anarxiya və xaosun yaratdığı ağır nəticələr bir daha gözlərimiz önündə canlanır. Ulu öndər müstəqil dövlətimizə rəhbərliyə başlayan gündən respublikada möhkəm ictimai-siyasi sabitlik bərqərar olundu. Ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Ulu öndər bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail oldu.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğı göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişləndirilmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmışdır. Bununla yanaşı, ədliyyə sisteminin fəaliyyətində yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. 2001-ci il avqust 16-da Azərbaycanın ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması ümummilli lider tərəfindən bu sahəyə verilən dəyərin göstərici, ədliyyəmizin tarixinə hörmətlə yanaşılmanın parlaq təzahürü idi. Bu gün qanunun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir.
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr –1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Ulu öndərin bu sərəncamı ədliyyə sisteminə, bu sahədə çalışanlara göstərdiyi yüksək səviyyəli diqqət və qayğının təzahürüdür. Bu qayğı həm də ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılmasında böyük əhəmiyyət kəsb edir. Ədliyyə işçilərinin peşə bayramı günü artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi və təntətnə ilə regionlarda da geniş qeyd olunur.
Son 15 ildə ədliyyə sistemində aparılan islahatlar, Azərbaycan ədliyyəsinin beynəlxalq aləmə inteqrasiyası, bu sahənin daha da təkmilləşdirilməsində böyük əhəmiyyət kəsb edən yeni qanunların qəbul olunması məhz möhtərəm Prezidentimizin diqət və qayğısının bariz nümunəsidir.
Ulu öndərin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətdə yeri və rolu artmış, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, onun qarşısında duran mühüm vəzifələrin miqyası ciddi şəkildə genişlənmişdir. Möhtərəm Prezidentimizin qanunçuluğa, hüququn aliliyinə həssaslıqla yanaşmasının, ədliyyə sistemində islahatların reallaşdırılmasına mühüm önəm verməsinin nəticəsidir ki, bu gün Azərbaycan ədliyyəsi yeni inkişaf dövrünü yaşayır.
Dövlətimizin başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilməsi, bir sıra qurumların funksiyalarının dəqiqləşdirilməsi bunun bariz nümunəsidir. Ölkə başçısının fərmanları ilə təsdiqlənmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” qanunlar, 2009-cu il fevralın 6-da təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”, ədliyyə qulluqçularının fəaliyyət prinsiplərini, bu orqanda işə qəbulun hüquqi əsaslarını müəyyənləşdirən sənəd kimi böyük əhəmiyyət daşımışdır.
Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır.
Azərbaycan ədliyyəsinin keçdiyi 100 illik çətin və şərəfli yoldan söhbət açarkən notariat və VVADQ orqanlarının işinə də toxunmağı zəruri hesab edirəm. Son illərdə bu qurumda xidmətin təşkili təkmilləşdirilmiş, notariat kontorlarının işi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmuş, şəffaf prosedurlar əsasında formalaşdırılmışdır. Notariat və VVADQ orqanlarında köklü dəyişikliklərin aparılması nəticəsində ölkəmizdə hüquqi, demokratik dövlət, səmərəli iqtisadi sistem bərqərar olunmuş, yeni növ mülki münasibətlər təşəkkül tapmış, mülki dövriyyənin dairəsi genişlənmişdir.
Həyata keçirilən mütərəqqi islahatlar əhalinin hüquq və mənafelərinin daha etibarlı qorunması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi zərurətini yaratmışdır. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən lazımi tədbirlər həyata keçirilmiş, o cümlədən notariat və vətəndaşlıq vəziyyəti aktları orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda əsaslı işlər görülmüşdür.
Bir əsrlik çətin və şərəfli inkişaf inkişaf yolu keçən Azərbaycan ədliyyəsi bu gün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, fəaliyyətini daha da təkmilləşdirir, işini dövlət başçımızın yüksək tələbləri səviyyəsində qurur.