Paralel. - 2018.- 24 noyabr. - ¹ 202. - S. 10.

 

Azərbaycan dövləti azsaylı xalqların öz varlıqlarını qorumasına hər cür imkanlar yaradıb

 

Udilərin öz dillərini və dinlərini qorumasında ölkəmizdə olan multikultural və tolerant mühitin böyük rolu var

 

 Azərbaycanda etnik xalqların nümayəndələri əsrlər boyu mehriban şəraitdə yaşayıb və heç bir halda yaşayış üçün ölkəmizi kütləvi şəkildə tərk edərək getməyiblər. Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biri olan udilər isə dünyanın etnik xəritəsində yalnız ölkəmizdə mövcuddurlar. Tolerant mühitin hökm sürdüyü Azərbaycanda bu azsaylı xalq öz orijinallığını bu günə kimi də qoruyub-saxlaya bilib.

Udilər kompakt halda Oğuzda və Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Doğrudur, udilərin Rusiya Federasiyasında, Gürcüstanda, Qazaxıstanda, Ukraynada da nümayəndələri var. Lakin onlar bir etnos kimi, yalnız Azərbaycan ərazisində qalmaqdadırlar.

Tarixə nəzər salsaq, Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan və udi dilində danışan bu etnosun əcdadlarının Alban çarlığının yaranmasında mühüm rol oynayan 26 alban tayfasından biri - utilər olduğunu açıq şəkildə görmək mümkündür. Utilər haqqında ilk məlumatalara eramızdan əvvəl V əsrdə yaşamış, yunan tarixçisi Herodotun "Tarix" əsərində rast gəlirik. Eramızdan əvvəl I əsrdə yaşamış digər bir tarixçi, coğrafiyaşünas, filosof Strabonun "Coğrafiya", həmçinin Böyük Plininin "Həqiqi tarix" əsərlərində də Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən udilərin yaşadığı qeyd olunur. VII əsrdə Albaniyanın ərəblər tərəfindən fəthindən sonra bu ərazilərdə yaşayan əhalinin böyük hissəsi, o cümlədən utilərin də bir qismi İslam dinini qəbul edir. Az bir qismi isə öz inanclarına ibadət etməkdə davam edirlər.

Qafqazın işğalından bir müddət sonra, 1836-cı ildə Rusiya çarının xüsusi fərmanı ilə udilərə məxsus Alban apostol müstəqil kilsəsi erməni-qriqoryan kilsəsinin birbaşa tabeliyinə verilir. Lakin udilər öz dili, mədəniyyəti və Alban kilsəsinə etiqadını qoruyub saxlamaq üçün, bu tabelikdən imtina edərək kilsəyə getməyib, ibadətlərini, ayin və mərasimləri öz evlərində icra ediblər.

Məlum olduğu kimi, ateist Sovet rejimi dönəmində dini ibadət proseslərinə ciddi nəzarət və təzyiqlər olduğundan insanların böyük əksəriyyəti bu prosesdən uzaqlaşdırılıblar. Kilsə, məscid, sinaqoq və digər ibadət yerlərindən isə başqa, təsərrüfat məqsədləri üçün istifadə edilib. Bu proses SSRİ-yə daxil olan müsəlman respublikalarda daha qabarıq şəkildə özünü göstərib. Ölkəmizin ərazisində mövcud olan minlərlə məsciddən məktəb, anbar, hətta tövlə kimi istifadə edilib. Bu hallara etiraz edənlər isə repressiya qurbanlarına çevriliblər. O cümlədən ölkəmizin ərazisində məskunlaşan udilər də, bu prosesdən əziyyət çəkən azsaylı etnik qrupdan biri olub.

Azərbaycan müstəqillik qazanandan sonra udilərin də sosial-iqtisadi, mədəni və məişət həyatlarında dirçəliş dövrü başlandı. Dövlət qeydiyyatından keçən udilər kilsələrin bərpası və dini ibadətlərin keçirilməsi istiqamətində işlər görməyə başladılar. Bu işdə dövlət də onlara öz dəstəyini və yardımını əsirgəmədi. 2003-cü ildə dünyanın ən qədim Alban- udi kilsələrindən biri hesab olunan Şəki rayonunda yerləşən Kiş məbədi dövlət hesabına ən yüksək səviyyədə bərpa olundu.

2006-cı ildə isə Qəbələ rayonunun Nic kəndində yerləşən üç məbəddən biri - Müqəddəs Yelisey adına Cotari kilsəsi də dövlətin yaxından köməkliyi ilə təmir olunaraq icmanın istifadəsinə verilib. Bu gün Azərbaycan ərazisində yaşayan udilər Alban Apostol Avtokefal kilsəsinin zəngin dini-mədəni irsinin varisləri hesab olunurlar.

Ümumiyyətlə, udilərin tarixi çox keşməkeşli olub. Hələ ötən əsrin ortalarında Mingəçevir SES-in tikintisi ilə bağlı qazıntılar aparılarkən həmin ərazidə VI-VII əsrlərə aid xristian məbədi aşkar olunub. Arxeoloji qazıntılar başlanıb və ərazidə tapılan, üstündə epiqrafik yazılar olan bir neçə qədim lövhə alban əlifbasının movcudluğu ilə bağlı şübhələrə son qoyub. 1956-cı ildə amerikalı tədqiqatçı A.Kurdian tədqiqat işlərini gerçəkləşdirdiyi zaman alban əlifbasının daha bir nüsxəsini aşkar edib. Sovet rejiminin süqutu, onun hüdudlarında yaşayan bir çox alimlərə dünya elminə inteqrasiya imkanları yaratdı. Dünya arxivlərinin, muzeylərinin qapıları onların da üzünə açıldı. Beləliklə də, 1996-cı ildə Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidzenin Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastrında gürcü-alban əlyazması tapması, elmdə böyük hadisə olub. Həmin əlyazmada gürcü dilindəki mətnin altında alban dilində yazılar aşkar edilib. Bu tapıntı bir daha təsdiq edir ki, alban əlifbası nəinki mövcud olub, hətta bu dildə bədii ədəbiyyat da yaradılıb.

1990-cı ildə Azərbaycanda latın qrafikası əsasında udi əlifbası hazırlanıb, əlifba kitabı nəşr edilib və Nic kənd məktəbində istifadə olunmağa  başlayıb. Hazırda Nic və Gürcüstanın Zinobiani kənd məktəbində udi dili tədris edilir.

Yeri gəlmişkən, udilərin ən böyük yaşayış məntəqəsi olan Nic qəsəbəsində hazırda üç xristian məbədi, iki məscid fəaliyyət göstərir. Bu da, ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın nümunəsidir.

Yerli udilərin qürur mənbəyi olan Cotari alban kilsəsi isə tarixi baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Bu məbəddə aparılan əsaslı təmir və bərpa işlərindən sonra udilər dini ayinlərini orada yerinə yetirirlər.

Azərbaycan dövləti Nic qəsəbəsində udilər üçün hər cür şərait yaradıb. Qəsəbənin mərkəzində onlar üçün "Orayin" Udi Mədəniyyət Mərkəzi inşa edilib. Dini əqidəsinə görə qəsəbə sakinləri arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Qəsəbədə məscidlər kilsələrlə qonşuluq edir, müxtəlif etnik qruplar və dinlərdən olan insanlar bir ailə kimi yaşayırlar. Qəsəbədə azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri yaşasa da, sakinlər arasında milli və dini fərq qoyulmur.

Tarixçilər qeyd edir ki, udilərin özünü qorumasına səbəb onların erməni kilsəsinə gedib ibadət etməmələridir. Deyilənə görə, udilər erməni kilsəsinə gedib orada ibadət etmədiyi üçün ermənilər Eçməidzinə çoxsaylı şikayət məktubları yazıblar. Bununla belə, udilərin özünü qorumasında ilk faktor etnosun müharibə edən bir xalq olmaması, digəri isə ətraf mühit amilidir. Azərbaycan türkləri ilə yaxın kökə malik olduqları üçün udilərə həmişə hörmətlə yanaşılıb. Buna münasibət bildirin Alban-udi xristian icmasının rəhbəri Robert Mobili deyib: - "Avropa alimləri Azərbaycana gələndə bizimlə maraqlanırlar. Onları xristian olmağımız deyil, ətrafı tamamilə müsəlman olan bir xalqın öz dili və dinini necə qoruyub-saxlaması maraqlandırır. Təbii ki, əsas amil kökümüzün yaxınlığıdır".

Heç şübhəsiz ki, udilərin öz dillərini və dinlərini qorumasında ölkəmizdə olan multikultural və tolerant mühitin də böyük rolu var. Bu gün də azsaylı xalqların bir nümayəndəsi olaraq udilər diqqətdən kənarda deyillər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Qəbələnin Nic kəndində Qafqaz Albaniyası mövzusuna həsr olunan tədbirdə jurnalistlərə açıqlama verərək qeyd edib ki, udilər Azərbaycanın etnik rəngarəngliyini təmin edən etnoslardan biridir.  Qafqaz Albaniyası Azərbaycanın tarixi irsini təşkil edir və biz bu irsə sahib çıxmalıyıq.

Udilərlə, eləcə də Qafqaz Albaniyası ilə bağlı bədnam qonşularımızın da iddialarının olduğunu vurğulayan R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bununla bağlı istər ölkə daxilində, istərsə də xaricdə mühüm təbliğat işləri apardığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

O, qeyd edib ki, bu layihələr bizim üçün çox önəmlidir. Çünki bu konfransların, tədbirlərin materialları bir neçə dilə tərcümə olunaraq çap edilir və dünyada yayılır. Qafqaz Albaniyası ilə bağlı dünyanın tanınmış tarixçi alimləri ilə də müzakirələr aparılır, tarixi faktlar dəqiqləşdirilir.  R.Həsənov tarixi ədalətsizlik nəticəsində 1836-cı ildə Qafqaz Alban kilsəsinin aftokefallığının ləğv olunduğunu diqqətə çatdıraraq, udilərin tarixi həqiqətlərindən danışıb: "Hər kəs bilməlidir ki, Qafqaz Albaniyasında mövcud olan xristianlıq buranın qədim dinlərindəndir və özünün müstəqil kilsəsinə malik olub. Bəzi tarixçilərin bunu erməni-qriqoryan kilsəsi ilə eyniləşdirmək cəhdlərinin nə qədər əsassız olduğu BBMM-nin təşkil etdiyi tədbirlərdə elmi cəhətdən sübuta yetirilir və bu tədbirlərin nəticələri dünyanın müxtəlif ölkələrində geniş təbliğ olunur".

Bir sözlə, Azərbaycanda daim milli-mənəvi dəyərlərin qorunub saxlanmasına ciddi diqqət yetirilib. Ölkəmizdə bu rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.  Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi, burada məskunlaşan azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlıqlarını qoruyub-saxlamağa əlverişli mühit yaradıb. Bu gün udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün hər cür imkanlara malikdirlər. Bu imkanları yaradan isə Azərbaycan dövləti və onun rəhbərliyidir.

Bütün xalqların kimliyini sübut edən amillərdən biri, onun əsrlər boyu yaratdığı maddi mədəniyyətdir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi hər bir xalqı digərlərindən fərqləndirən xüsusiyyətlərdir. Udilər də tarix boyu özlərinin milli adət-ənənələrini, din və dillərini, mərasimlərini qoruya biliblər. Bu isə sözsüz ki, ölkəmizin azsaylı xalqlara bərabər münasibətinin, tolerant yanaşmasının nəticəsidir.

 

 “Paralel”in Araşdırma Qrupu