Səs.-2018.-21 noyabr.-¹220.-S.15.

 

Tolerantlıq və insan haqları

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Tolerantlığın müasir dövrü m üzdəki anlayışı müxtəlif din və mədəniyyətlərə mənsub olan bütün xalqların layiqli yaşamaq hüququnun tanınması və təsdiq edilməsini ehtiva edir.

Bununla belə, müxtəlif sivilizasiyalar üçün fərqli mövcudluq şərtləri olduğundan beynəlxalq müstəvidə tolerantlığın qorunub-saxlanılması üçün cəmiyyətin inkişaf paradiqrmasını dəyişmək gərəkir. Tolerantlığın vətəndaş cəmiyyətlərinin formalaşması prosesində qorunub-saxlanılması və inkişaf etdirilməsinə nail olmaq üçün hakim dairələrin İnhisarlığının qarşısının alınması labüddür. Buradan, belə qənaətə gəlmək olar ki, dözümlülük cəmiyyətdə öz-özünə yaranmır, onun inkişafı üçün mütləq surətdə imkan yaradılmalıdır. Əks halda, müxtəlif baxışlara malik fərdlərin eyni cəmiyyətdə mövcudluğu cəmiyyətin qeyri-sabit olmasına, ictimai inkişafın qarşısının alınmasına səbəb olacaqdır.

Fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov yazır: “Ümumiyyətlə, əgər həqiqi vətəndaş cəmiyyətindən danışılırsa, deməli, bu vətəndaş cəmiyyəti, fərd və qrup fərqlərini bir dəyər olaraq qiymətləndirək, dözümlülüyə, daha doğrusu, plüralizmin əhəmiyyətinə yüksək qiymət verir. Tolerantlıq, vətəndaş cəmiyyətində çoxluqda olanların azlıqda olanlara münasibətdə dözümlülük nümayiş etdirməsilə yanaşı, azlığın da bu dözümlülüyü nəzərə almasilə özünü büruzə verir. Başqa sözlə desək, ümumi və ictimai əsaslı tolerantlıq tələblərinə görə, hamının bir-birinə qarşı məsuliyyətli və insani həssaslıqla davranması vacibdir. Azad və bərabərhüquqlu fərdlərin könüllü birliyi, qarşılıqlı fayda verən əməkdaşlığı və onların özünütəşkil, özünüidarə səviyyəsində ictimai həyatda iştirakı, bir-birinə dözümlülüyü mümkün olan cəmiyyət vətəndaş cəmiyyəti adlandırıla bilər.

Vətəndaş cəmiyyətinə həsr edilmiş çoxsaylı ədəbiyyata istinadən deyə bilərik ki, vətəndaş cəmiyyətinin mahiyyəti iki formada, yaxud yanaşma mövqeyinə görə şərh edilə bilər: sosiumun müəyyən vəziyyəti kimi və sosiumun müəyyən sferası kimi. Birinci mövqeyə əsasən, vətəndaş cəmiyyəti - xüsusi tip cəmiyyətdir ki, insan hüquq və azadlıqlarını təmin edir və bu səbəbdən də, sivil cəmiyyət sayılır.

İkinci mövqeyə görə isə “vətəndaş cəmiyyəti” məfhumu altında dövlətin müdaxiləsi və tənzimləməsindən kənar olan hakimiyyət xarici əlaqə, struktur və institutlar nəzərdə tutulur. Tarixə nəzər salsaq, birinci mövqenin, əsasən, vətəndaş cəmiyyətinin bir ideya və fenomen kimi təşəkkül dövrünə təsadüf etdiyinin şahidi olarıq”.

Ulu Öndər Heydər Əliyev demişdir: “Məlumdur ki, yüksək tolerantlıq, ilk növbədə, yüksək mədəniyyətin təzahürüdür, insanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaqdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konfranslar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir”.

Bütün Qafqazın şeyxi Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini tolerantlıq siyasətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolunu izah edərək göstərmişdir: “Tolerantlığın bir dövlət strategiyası olaraq, əsasını Ümummilli Liderimiz Heydər Əliyev qoymuş və bu zəngin ənənə hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük ləyaqətlə davam etdirilir. Ölkəmizdə demokratik-hüquqi prinsiplərin, din və vicdan azadlığının ardıcıl həyata keçirilməsinin təminatçısı olan möhtərəm dövlət başçımızın qayğı və diqqəti sayəsində, dini baxışından asılı olmayaraq, bütün vətəndaşlara bərabər münasibət bəslənilir, ayrı-seçkiliyə yol verilmir, insanlara dini ayinləri sərbəst yerinə yetirmək üçün şərait yaradılır. Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlar, habelə, dünya miqyasında tanınmış dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, başqa dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər.”

Ulu Öndər Heydər Əliyevin dediyi kimi, dövlətimizin dinlə bağlı apardığı uğurlu siyasət, rəsmi qaydada Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr, 1995-ci il Konstitusiyamız və qanunlarda əksini tapmışdı. 1948-ci il dekabrın 10-da BMT-nin Baş Assambleyası Ümumdünya insan Hüquqları Bəyannaməni (ÜİHB) qəbul etdi. 30 maddədən ibarət ÜİHB-nin ilk iki maddəsi bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır, insan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir. Burada “ümümbəşərilik” o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hərəkəti və heç bir səbəblə ondan alına bilməz. Heç də təsadüfi deyil ki, məhz bu prinsiplərdən irəli gələrək, Azərbaycanda 1992-cı ildən bəri “Üç dinin forumu” fəaliyyət göstərir.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyada hər bir ölkə vətəndaşlarının vicdan azadlığı birmənalı təsbit edildi. Konstitusiyamızın 48-ci maddəsində deyildiyi kimi: I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Göründüyü kimi, Azərbaycan dövləti rəsmi qaydada dinlərarası dialoqun təşviqi məqsədi ilə həm beynəlxalq, həm də dövlət daxili səviyyədə xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və dövlətimizi dünya mədəniyyətlərini qovuşduran bir məkan kimi beynəlxalq aləmdə tanıtdırmaqdadır. Daha doğrusu, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilzasiyalararası dialoqda böyük önəm var. Anar Həsənlinin qeyd etdiyi kimi, Azərbaycan hazırda dünyada 5 ən tolerant dövlətlərdən biri kimi tanınır.

Qərbi Avropada hakim olan kapitalist münasibətləri sayəsində siyasət və iqtisadiyyat arasında ziddiyyətlərin kəskinləşməsi baş verir. A. Tokvilin “Amerikada demokratiya haqqında” əsərindən sonra ikinci mövqe genişlənərək inkişaf etmişdir. A. Tokvilin vətəndaş cəmiyyəti ilə əlaqədar nəzəriyyəsi C. Lokkun nəzəriyyəsini üstələməyə başlamışdır. Bunu şəxsin dövlətdən asılılığının azalması, dövlətin vətəndaş cəmiyyətinə müdaxiləsinin məhdudlaşdırılması, cəmiyyətin sosial quruluşunun mürəkkəbləşməsi, cəmiyyətdə üfüqi sosial münasibətlərin möhkəmlənməsi və yeni sosial təşkilat və hərəkatların yaranması ilə izah etmək olar.

A. Tokvilin vətəndaş cəmiyyəti ilə əlaqədar şərhinin həm pozitiv, həm də neqativ cəhətləri vardır ki bunları da aşağıdakı kimi təsnif etmək olar:

1. Pozitiv cəhətlər:

a) cəmiyyətin və onun sosial quruluşunun inkişaf prosesini əks etdirir;

b) vətəndaş cəmiyyətinin xüsusi hadisə kimi, hüquqi dövlətdən və siyasi demokratiyadan məzmun-mahiyyətcə fərqli fenomen kimi araşdırılmasını nəzərdə tutur;

s) dövlət hakimiyyəti və vətəndaş cəmiyyəti arasındakı münasibətləri önə çəkərək dəqiqləşdirir;

d) bu yanaşma vətəndaş cəmiyyətinin anlaşılmasında onun dövlətə qarşı qoyulmasından deyil, hakimiyyət münasibətlərinin müəyyən təşkilatlanma üsulundan çıxış edir.

2. Neqativ cəhətlər:

a) bu mövqe vasitəsilə bir sıra XX və XXI əsrlərdə baş vermiş prosesləri izah etməkdə çətinlik yaranır;

b) tarix baxımından zəngin deyil və müəyyən məhdudiyyətlər vardır;

c) münaqişəli vəziyyətlərdə dövlət-cəmiyyət münasibətlərində baş verən mürəkkəbliyə təsir edə bilmir.

Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, hər iki şərh və mövqe bir-birini tamamlayan fikirlər baxımından sinergetik qarşılıqlı əlaqədə (postneoklassik epistemologiya müstəvisində) istifadə olunmalıdır.

Ə. Abbasovun qeyd etdiyi kimi, demokratiyanın sağlam olması baxımından vətəndaş cəmiyyəti çox mühüm bir faktordur. Belə ki, məhz vətəndaş cəmiyyətində həqiqi demokratik konsolidasiya, maraq və mənafelərin sosial ədalət prinsipi əsasında rasional uzlaşması mümkün ola bilər, istənilən siyasi rejimin fəaliyyəti üçün ən başlıca göstərici dolğun vətəndaş çəmiyyətinin varlığıdır.

Vətəndaş cəmiyyətindən danışarkən, hüququn bu cəmiyyətdə oynadığı rola da diqqət yetirmək lazımdır. Hüquq - fərd, cəmiyyət və dövlət arasında ən etibarlı, ədalətli, təminedici və təminatverici əlaqələr sistemidir. Bu əlaqələrin səmərəliliyi və mütləq hakimiyyəti vətəndaş cəmiyyətini və bu cəmiyyətin subyekti olan insanı müdafiə edərək, onun sosial varlıq kimi mövcudluğuna, dəyərli olmasına təminat verir. Əks halda, insan hüquq və azadlıqlarından danışmaq mənasız olardı.

Vətəndaş cəmiyyəti ilə əlaqədar yazılmış əsərlərdəki ideyaları ümumiləşdirərək onun əsas fərqləndirici əlamətləri kimi sosial, iqtisadi, siyasi, mənəvi maraq və mənafelərin uzlaşmasını, dövlətin və siyasi hakimiyyətin, bütövlükdə xalqın və hər bir vətəndaşın qarşısında məsuliyyətini, vətəndaşların hüquq bərabərliyi və onların cəmiyyətin idarə olunmasında real iştirakını, dövlət tərəfindən insanın hüquq və azadlıqlarının etibarlı müdafiəsini və qanunun əlilliyini göstərmək olar.

Həqiqi vətəndaş cəmiyyətinin məğzini dövlət, xalq və millətin suverenliyinin əsasında duran fərdin suverenliyi təşkil edir. Vətəndaş cəmiyyəti fərdin suverenliyini ən yüksək səviyyədə qəbul edərkən, zəruri olan məhdudiyyətlərin olmasını inkar etmir. Bu zəruri məhdudiyyətlər, məhz elə həqiqi vətəndaş cəmiyyətinin bərqərar olmasının şərtlərindən irəli gəlir. Fərdin suverenliyinin hüdudları qanunauyğun olaraq müəyyən edilməli, dövlətin milli təhlükəsizlik əsaslarının möhkəmlənməsi və inkişafı məqsədini güdməlidir.

Ümumiyyətlə, tarixi faktların göstərdiyi kimi, demokratiya, insan hüquqları, hüquqi dövlət, vətəndaş cəmiyyəti kimi fenomenlər qarşılıqlı əlaqədədir və bir-birini şərtləndirir. Bunu ondan görmək olar ki, əsas fərdi azadlıqlar, məhz hüquqi dövlət və demokratik vətəndaş cəmiyyəti şəraitində öz həqiqi mənasını tapır, ictimai sistemin sonrakı təkmilləşməsində mühüm şərtlərindən biri kimi çıxış edir. Azad fərdlərə və onların könüllü formalaşan birliklərinə istinad edən vətəndaş cəmiyyəti insana sosial cəhətdən əhəmiyyətli azadlıqlarını və maraqlarını həyata keçirmək imkanı yaratmağa, müxtəlif xarakterli münasibətləri mütəşəkkil qaydada nizamlamağa səy göstərir. Vətəndaş cəmiyyətinin başlıca cəhətlərindən biri odur ki, cəmiyyətin bir sistemi kimi idarə olunmasında ağırlıq yalnız subordinasiya (şaquli əlaqələrin koordinasiya (üfüqi) əlaqələrin üzərinə düşür. Bu, eyni zamanda, dövlətin də bir siyasi institut kimi fəaliyyətini daha səmərəli edir və insan hüquqlarının qorunmasına etibarlı zəmanət verir.