Respublika.-2018.-21 noyabr.-¹260.-S.4-6.

 

Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin siyasi taleyi

 

Cəbi Bəhramov,

t.ü.f.d., dosent

 

XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Şimali Azərbaycan iqtisadiyyatının əsasını, heç şübhəsiz ki, neft sənayesi təşkil edirdi. Bu da səbəbsiz deyildi. Çünki məhz bu dövrdə Rusiya imperiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın Bakı şəhəri 1872-ci ildə çar hökumətinin qərarı ilə 1807-ci ildə neftlə bağlı tətbiq edilən iltizam sisteminin ləğvindən sonra neftçıxarma işinin mərkəzinə çevrildi. Neftli torpaqlarının müsadirə (hərrac və ya auksiona çıxarmaqla - C.B.) yolu ilə satışının təşkili çox qısa bir müddət ərzində buraya çox böyük miqdarda daxili və xarici kapitalın axınına səbəb oldu.

1873-1898-ci illər ərzində Bakı neft sənayesində Azərbaycan milli kapitalının H.Z. Tağıyev, A.M. Nağıyev, A.M. Muxtarov, A.Ş. Əsədullayev, İ. Hacınski, Aşurbəyovlar qardaşları və başqaları ilə yanaşı, Avropa və Çar Rusiyası kapitalının Rotşild, Nobel qardaşları, Ceyms Vişaunun başçılığı ilə Britaniya kapitalı təmsil olunmuşdu. Böyük Britaniya kapitalının nümayəndələri 1885-ci ildə Bakıya gəldikdən sonra burada yeni səhmdar cəmiyyətləri yaratmaqla bərabər, onlar hələ də neft müəssisələrinin alışı ilə məşğul idilər. İngilis kapitalını burada bir neçə maliyyə qrupları təmsil edirdilər. Bu qruplardan birinə Böyük Britaniya Bankının direktoru Hubbard, digər qrupa isə A. Styuart və Zeyn başçılıq edirdi. E. Hübbartın rəhbərlik etdiyi qrupa H. Qladston, D. Kiston, Ç. Mur, V. Conson, K. və V. Vernerlər daxil idilər və onlar Azərbaycan milli kapitalının tanınmış nümayəndəsi H.Z. Tağıyevdən kerosin yağı, sulfat turşusu istehsal edən zavodu, neft kəmərini, neftdaşıyan donanmanı, dəmiryol sistemləri parkını və neft-kerosin anbarını 5 milyon rubla satın almışdılar. Qeyd etmək lazımdır ki, iltizam sisteminin ləğvindən sonra neftlə zəngin sahələrin böyük hissəsi rus, yəhudi və erməni kapital nümayəndələri tərəfindən ələ keçirilmişdi. Bu dövrdə neftli torpaqları olan şəxslər içərisində yalnız H.Z. Tağıyevin adı var idi.

Avropa kapitalı isə Nobel qardaşlarının timsalında artıq 1873-cü ildə neftli torpaqlarının hərrac satışında iştirak edərək Balaxanı, Sabunçu və digər ərazilərdə neftli torpaq sahələri almışdı. Neftli torpaq sahələrinin hərrac yolu ilə satışından sonra Bakı neft sənayesində neftin çıxarılması, emalı, satışı, daxili və xarici bazarlara çıxarılması işi ilə məşğul olaq şirkətlərin sayı çox sürətlə artmağa başladı. İltizam sisteminin ləğvindən keçən bir ildən sonra, yəni 1873-cü ildə Bakıda 12 şirkət fəaliyyət göstərdiyi halda, onların sayı 1879-cu ildə 79, 1900-cu ildə isə 146-ya çatmışdı. Qeyd etmək lazımdır ki, qoyulan kapital öz bəhrəsini verməyə başlamışdı. Belə ki, Nobel qardaşlarının əldə etdikləri gəlirin miqdarı 1874-cü ildə 3 milyon rubl olduğu halda, 1885-ci ildə bu rəqəm 15 milyona çatmışdı. Bakı neft sənayesində neftçıxarma işində müxtəlif texniki üsullar tətbiq olunurdu. Neft quyusuna zərbə vurmaq və uzunsov vedrə (jelonka) tətbiq etmək üsulları neftçıxarma işində üstünlük təşkil edirdi. XIX əsrin 70-ci illərinin II yarısından başlayaraq neftçıxarma işində əl əməyini buxar mühərrikləri ilə əvəz edilməsi neft sənayesində bir çevriliş idi. Bu yeniliyin tətbiqi nəticəsində əgər 1875-ci ildə Bakı neft sənayesində 35 qazma quyusu olduğu halda, 1900-cü ildə onların sayı artıq 1710-a çatmışdı. Buna müvafiq olaraq Bakı neft sənayesində neftin hasilatı 1870-ci ildə 1.482.100 pud (1 pud - 16 kiloqrama bərabərdir - C.B.) olduğu halda, bu rəqəm 1898-ci ildə 489.000 pud olmuşdu. 1918-ci ilin iyunun 5-də cəllad S. Şaumyanın sağ əli Bakı Soveti Neft Komitəsinin sədri Ter-Qabrelyana neft şəhərini nəyin bahasına olursa-olsun saxlamaq, mümkün “olmadığı təqdirində şəhəri yandırın” əmrini verən, “cənab milyard” ləqəbini daşıyan C. Rotfellerin ayırdığı milyonlar hesabına Rusiyada hərbi çevriliş edərək hakimiyyəti ələ keçirən V.İ. Lenin, Bakı neft rayonunda 1895-ci ildə 384 mln. pud, 1902-ci ildə isə 637,7 mln. pud neft hasil edildiyini və “demək olar ki, bütün neft Bakı quberniyasında çıxarılır” ifadəsini işlətmişdi. Bu ifadənin “Sovet hakimiyyətinin banisi” tərəfindən işlətməsi təsadüfi deyildi. Çünki XIX əsrin 70-90-cı illərində Bakı nefti beynəlxalq münasibətlərdə, xüsusilə də böyük dövlətlər arasında olan münasibətlərdə xüsusi yer tuturdu. Belə bir fakt da təsadüfi xarakter daşımır ki, dünyanı yenidən bölüşdürmək üzrə XX əsrin əvvəlində yaranma prosesi başa çatmış iki hərbi siyasi bloka daxil olan birliyin üzvləri - Böyük Britaniya, Fransa və çar Rusiyasına məxsus neft şirkətləri 25 ildən artıq bir dövr ərzində Bakı neft sənayesində təmsil olunmuşdular. 1917-ci ilin aprelində I Dünya müharibəsinə “Antanta” bloku tərəfindən qoşulan ABŞ-ın “Standart Oyl” şirkətinin nümayəndəsi Herbert Tvidlt hələ 1880-ci ildə Bakıya gəlmiş və burada təmsil etdiyi şirkət üçün konsessiya almağa da səy göstərmişdi. Bakı neft rayonunda neft hasilatı üzrə pay almağa nail olmayan ABŞ-ın neft maqnatı burada fəaliyyət göstərən Avropa neft şirkətlərinin məxfi şəkildə səhmlərini almağa başlamışdı. Burada əsas məqsəd öz inkişaf sürətinə görə ABŞ-ı geridə qoyan Bakı neft rayonunun imkanlarının genişlənməsinin qarşısını almaq idi. Bu məqsədlə ABŞ deyil, həm də Avropa ölkələrinin neft şirkətlərinin məxfi nümayəndələri də səyyah adı ilə Bakıya gəlir, özlərini tədqiqatçı kimi təqdim edərək neftli torpaqlarla maraqlanırdılar. Belə “səyyah”lardan biri İsveç mənşəli Stiven Hedin idi. Öz cəsusluq fəaliyyəti ilə çoxdan diqqəti cəlb edən bu şəxs 1885-ci ildə Bakıya gəldikdən sonra Cənubi Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə “maraqlanır” və missionerlik fəaliyyəti ilə məşğul olmuşdu. Burada XX əsrin 40-50-ci illərində keçmiş SSRİ Neft Sənayesi Naziri N.K. Baybakovun referenti işləmiş Avqust Qermanoviç Helkvristin bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi, iqtisadi və hərbi qüdrətinin yaradılmasında müstəsna yeri olan Azərbaycan Xəzər dəniz neft sənaye sahəsinin yaradılmasına hər vasitə ilə mane olmaq üçün atdığı əvvəlcədən düşünülmüş və gələcək çirkin niyyətli məqsədlər üçün göstərdiyi fəaliyyəti də xatırlatmaq yerinə düşür. N. Baybakovun tapşırığı ilə tanınmış Azərbaycan alimi, Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri üzrə elmlər doktoru, professor Baba Babazadəni nə Abşeron yarımadasında, nə də Xəzər dənizində neftin olmaması ilə bağlı SSRİ neft sənayesi naziri adına rəsmi ərizə yazmağa məcbur edən bu mənfur şəxsin o zaman hansı çirkin niyyətlər güddüyü indi artıq bizə məlumdur.

Bu hadisələr arasında yalnız zaman fərqi var, amma Azərbaycan xalqının təbii sərvətlərinə daima göz dikən düşmən qüvvələr indi də öz cinayətkar planlarını qurmaqda davam edirlər. Bütün bunlara baxmayaraq, qeyd etmək lazımdır ki, 1898-1903-cü illərdə Bakı neft sənayesinə qoyulan bütün kapitalın 56%-i xarici kapitalın payına düşürdü. Bu da bir danılmaz həqiqətdir ki, bütün bunlarla yanaşı, əldə edilən gəlirdən götürülən onun əsl sahibi olan Azərbaycan xalqının deyil, Rusiya imperiyasının yırtıcı maraqlarının təmin edilməsinə sərf edilirdi. Çar Rusiyasının və onun müttəfiqlərinin maraqlarının təmin edilməsinə yönəldilməsini təşkil etmək üçün hökumətin yeritdiyi siyasət neft sənayesində inhisarların - bank kapitalı ilə sənaye kapitalının birləşməsi ilə nəticələndi. 1888-ci ildə “Bakı neft sənayeçiləri qurultayı” adlı təşkilatın yaradılması bu prosesin bariz nümunəsi idi. Əsrin sonunda Bakı nefti dünyada çıxarılan neftin 52 faizini, Çar Rusiyasında isə çıxarılan neftin 95 faizini verirdi. 1900-1905-ci illərdə Bakı neft mədənlərindən hər il orta hesabla 10 milyon ton neft çıxarılırdı. 1914-cü ildə isə, yəni I Dünya müharibəsi başlayan zaman neftçı-xarmanın həcmi 7,5 milyon tona enmişdi.

Bundan əlavə, neftin satışında da çox böyük dəyişikliklər baş vermişdi. 1900-cü illə müqayisədə, Bakı neftinin qiyməti, 1911-ci ildə 50%, 1912-ci ildə isə 86 faiz bahalaşmışdı. Bunun səbəbi isə Bakı neft sənayesində təşkil olunan və əsas məqsədləri Azərbaycan xalqına məxsus bu qiymətli təbii sərvətin talan edilməsi olan Avropa və çar Rusiyası neft şirkətlərinin yeritdikləri talan, qarət siyasətinin nəticəsi idi. Burada daha çox üç böyük şirkətin ruslara məxsus “Produql”, İsveç əsilli, lakin Rusiya tələbələri olan Nobel qardaşlarına məxsus “Nobel Mazut” və ingilislərə məxsus “Royal Date Sell”in qarətçi fəaliyyəti diqqəti cəlb edir. “Nobel Mazut” şirkəti hazır kerosinin 77%-nin, artıq qalan neft məhsullarının isə 56%-nin satışını öz əlində cəmləşdirmişdi. I Dünya müharibəsi ərəfəsində Bakı neft mədənlərindən 489 milyon pud neft çıxarılmış və buradan dünya ölkələri bazarlarına satış üçün 322,2 milyon pud müxtəlif neft məhsulları çıxarılmışdı.

Bakı neft rayonunda çıxarılan və ixrac edilən neftin həcmi göstərir ki, 1914-1918-ci illərdə öz coğrafi miqyasına görə insanlıq tarixində dünyanı yenidən bölüşdürmək üçün başladılmış I Dünya müharibəsində vuruşan dövlətlərin öz cinayətkar hərbi-siyasi məqsədlərinə çatmaq üçün bu strateji məhsulun beynəlxalq münasibətlərdə hansı rol oynadığını bir daha sübut edir. Qeyd etmək lazımdır ki, başqa enerji resurslarından fərqli olaraq, neft, hərbi siyasətdə həlledici əhəmiyyət kəsb edir. Buna görə də I Dünya müharibəsində benzin, kerosin və digər məhsulların istehsalı üçün neft emalını təmin edən strukturların olmadığı halda hər hansı başqa bir səbəbdən danışmaq yersiz idi. Çar Rusiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın dünyanın neft mərkəzi rolunu oynayan Bakı neft rayonu bütün bu imkanlara malik idi və buna görə də Bakı neft rayonu böyük dövlətlər üçün sonsuz qarət mənbəyi, Azərbaycan xalqı üçün isə talan olunmaq və yoxsullaşmaq faktı ilə üz-üzə qalmaq aqibəti idi.

I Dünya müharibəsi illərində Böyük Britaniyanın hərbi-dəniz donanması naziri məşhur: “əgər neft krallıqdırsa, Bakı onun tacıdır” cümləsinin müəllifi Uinston Çorçill tərəfindən donanmanın kömürlə deyil, neftlə işləməsi üzrə qanunu Böyük Britaniya parlamentində qəbul edilmişdi. I Dünya müharibəsi ərəfəsində ingilis geoloqları tərəfindən Yaxın Şərq ölkələrində neft yataqlarının aşkar edilməsi və 1909-cu ildə “İngilis-İran neft şirkəti”nin yaradılması faktı bu fikri söyləməyə əsas verir ki, Böyük Britaniya imperiyasının Ön Asiya siyasətində neft amili xüsusi yer tuturdu. Məhz həmin Uinston Çorçill təkidilə hökumətdən “İngilis - İran neft” şirkətinin səhmlərinə dair nəzarət paketlərinin alınmasını tələb etmişdi. Bu isə onu göstərir ki, bu dövrdə Yaxın Şərq nefti təkcə iqtisadi deyil, həm də ilk növbədə siyasi xarakter daşımağa başlayır. 1914-cü ildə Böyük Britaniya parlamentində U. Çörçillin təklifi qəbul edildikdən sonra I Dünya müharibəsi başlamışdı. Neftin dövlətlərarası və beynəlxalq münasibətlərdə həlledici amilə çevrilməsi, I Dünya müharibəsini “motorlar müharibəsi”nə çevrildi. Aviasiya və tankların istehsalı hərbi-strateji zərurətə çevrildi və Almaniyanın hərbi-siyasi dairələri müharibədə öz məğlubiyyətlərinin əsas səbəbini neft yanacağı ilə işləyən tankın və aviasiyanın orduda bütün gücü ilə işlədilməsində görürdülər. Neft təkcə yanacaq, sürtkü yağları deyil, həm də döyüş sursatları - partlayıcı maddələr istehsalı üçün də istifadə olunurdu. Məhz I Dünya müharibəsi zamanı vuruşan dövlətlərin ordularında yanacaqla işləyən tank, avtomobil və təyyarələrlə yanaşı, neftdən hazırlanmş döyüş sursatlarından istifadə olunmuşdu. Tank hərbi əməliyyatların əsas atributuna çevrilmişdi. I Dünya müharibəsinin başlanması Çar Rusiyası üçün ağır zərbə olsa da, özünü Bakı neftinin hesabına o dövrdə çox qüdrətli dövlət hesab edirdi. Müharibənin başlanması və bu müharibə Böyük Britaniya, Fransa, Çar Rusiyası, Almaniya və 1917-ci ildə ABŞ-ın müharibəyə qoşulması ilə neftə olan tələbatı artması onun dünya bazarında qıtlığına səbəb oldu. Nəticədə neft hasilatının həcminə görə Bakı, ABŞ, Qacarlar İranı və Meksikanı da ötüb keçmişdi. 1914-1917-ci illər ərzində Bakı neft rayonunda 28683 min ton neft çıxarılmışdı ki, bu da ümumdünya neft hasilatının 75 %-ni təşkil edirdi.

Buna görə də Antanta ölkələrinin əsas rəqibi olan Almaniya ilə müqayisədə hərbi üstünlüyü özünü açıq şəkildə göstərirdi. Elə bu səbəbdən də Böyük Britaniyanın Baş naziri Lloyd Corc Azərbaycan neftinin Almani­yaya satışının dayandırılmasını təkidlə tələb edirdi. 1917-ci ildə Rusiya imperiyasının süqutu Qafqaz cəbhəsində çox böyük boşluqların yaranmasına səbəb oldu. Hər iki hərbi-siyasi bloka daxil olan dövlətlərin ordularının Bakıya yürüşə başlandı.

Neftin I Dünya müharibəsində həlledici vasitə olduğunu əyani olaraq görən və məğlubiyyətə düçar olan Almaniya və onun müttəfiqi olan Osmanlı dövlətinin də Bakı ilə bağlı planları mövcud idi. I Dünya müharibəsi illərində Osmanlı dövlətinin iqtisadiyyatı ağır vəziyyətə düşmüşdü və onun neft məhsullarına böyük ehtiyacı var idi. Buna görə də 1918-ci ilin payızında Osmanlı dövləti ilə AXC arasında imzalanmış müqaviləyə əsasən AXC hökuməti Osmanlı dövlətinə 1 milyon lirə dəyərində neft və neft məhsullarını satmaq öhdəliyini götürmüşdü. Buna görə də 15 oktyabr 1918-ci il tarixdə Osmanlı dövlətinin Şərq Orduları Qrupunun komandanı Xəlil paşanın müdafiə naziri Ənvər Paşaya vurduğu şifrəli teleqram Bakı neft mənbələri ilə bağlı hansı planların nəzərdə tutulduğu aydın görünür: “Bu gün Bakıdakı anbarlarda toplanmış olan neft və mazutun bugünkü fiyatlara görə qiyməti yüz milyonlarla lirə təşkil edir. Tanrının bir lütfü olaraq əldə etdiyimiz bu qaynaq bütün maliyyə sıxıntımızı qarşılayacaq mahiyyətdədir Bakı uğrunda apardığımız iki-üç müharibədə üç minə yaxın can kayb etdik. Bundan dolayı Bakı vətənin ən böyük hissəsindən fetih hansı olaraq bizim və Azərbaycanın yararlanması lazımdır”. Bundan əlavə, Osmanlı dövlətinin Turançı siyasəti baxımından da Bakı şəhəri türk dünyası üçün həm də bir açar rolunu oynamalı idi. Qeyd etmək lazımdır ki, 1918-ci ilin noyabrın sonunadək Bakıda olan Osmanlı dövləti hərbi komandanlığı tərəfindən neft məhsullarının daşınması üçün Bakı-Batum ağ neft (Kerosin - C.B.) kəmərinin təmiri üçün tədbirlər görüldü və Bakıdan Batum terminalına Türkiyə və Almaniya üçün hər gün ən azı 23 sistem neft daşınırdı. Amma Almaniya Bakı nefti məsələsində öz müttəfiqi olan Osmanlı dövlətinə heç də etibar etmirdi. Alman komandanlığı Ukrayna və Qara dəniz vasitəsilə Gürcüstana çıxmaq və oradan Bakı istiqamətində irəliləməyi planlaşdırmışdı.

Almanların təzyiqi ilə Gürcü fraksiyasının Cənubi Qafqaz Seymindən çıxaraq öz “dövlət müstəqilliklərini elan etmələri” də Bakı nefti ilə bağlı idi. Buna görə də Yaxın Şərq hərbi teatr meydanından Alman komandanlığının qərarı ilə general fon Kressin hərbi hissələrinin Gürcüstana göndərilməsi də təsadüfi deyildi. Almaniya Baş Qərargah rəisinin müavini E. Lyüdendorfun “...ordunun yanacağa olan ehtiyaclarını yalnız Bakı nefti hesabına təmin etmək mümkün olar” sözü yuxarıda deyilən fikri təsdiq edir. Lakin almanların planlarından xəbərdar olan Böyük Britaniya hərbi komandanlığı general L. Denstrivilin 1000 nəfərlik hərbi desant qrupunun Qacarlar İranının Ənzəli şəhərindən Bakıya yeridilməsinə razılıq verdi. Burada bir tarixi siyasi məqama xüsusi diqqət yetirmək yerinə düşərdi. Müasir dövrədək I Dünya müharibəsi tarixinə həsr olunmuş elmi ədəbiyyatın tam əksəriyyətində vuruşan dövlətlərin əsas məqsədlərinin Osmanlı imperiyası mülklərinin bölüşdürülməsi olduğu göstərilir. Lakin nə üçün və hansı “etdiyi günahlara” görə Osmanlı dövlətini və bu dövləti yaradan türk xalqını cəzalandırmaqda məqsəd nə idi? Bu göstərilmir. Osmanlı imperiyası, Qacarlar İranı və Cənubi Qafqazın Bakı neft rayonunun tükənməz enerji resursları ilə zəngin olduğunu bilən Böyük Britaniya və Çar Rusiyasının hərbi-siyasi dairələri 1828-ci il Türkmənçay, 1907-ci ildə isə bütün Qacarlar İranını öz nüfuz dairələrinə bölən yırtıcı xislət sahibi olan bu dövlətlər Fransanı da cəlb etməklə Osmanlı imperiyası ərazilərinə daxil olan enerji resursları ilə zəngin Yaxın və Orta Şərq ölkələrini öz aralarında bölüşdürməyi planlaşdırmışdılar.

1915-1916-cı illərdə Çar Rusiyası-İngiltərə, Çar Rusiyası - Fransa və İngiltərə-Fransa iki tərəfli keçirilən məxfi görüşlərdə əldə edilən razılaşmalar da bunu təsdiq edir. Osmanlı dövlətini məhv etmək və onun ərazilərini bölüşdürmək üçün müxtəlif qondarma “səbəb və bəhanələr” axtarıb tapan və yaxud öz yırtıcı xislətlərinin məhsulu olan xristian təəssübkeşliyi pərdəsi altında dağıdıcı planlar quran bir vəhşi avropalıların vəhşi övladları guya müsəlman dininin hakim olduğu bu dövlətdə xristianların, xüsusilə də xristian kilsəsinin bidətçi saydığı qriqoryan ermənilərinin incidildiyi, insani haqlarının pozulduğunu bəhanə edərək onlardan Osmanlı dövlətini dağıtmaq üçün bütün mümkün olan və olmayan vasitələrdən istifadə etməyə başladılar. 1914-cü ildə olan I Dünya müharibəsinin təşəbbüskarı olan Kayzer Almaniyasının zorən “müttəfiqi” olan Osmanlı imperiyası hökumətini və bütün türk xalqını 1915-ci il aprelin 22-də vətəndaşları olduqları dövlətə xəyanət etdiklərinə görə 2345 erməni terrorçunun həbs edilməsini “soyqırımı” cinayəti kimi qələmə verən başda Böyük Britaniya və ABŞ olmaqla Antanta ölkələri Osmanlı dövlətinin məhv edilməsi qərarını artıq vermişdilər. I Dünya müharibəsinə 1917-ci ilin aprelində qoşulmasına baxmayaraq, hələ müharibənin əvvəlinə yaxın bir dövrdə ABŞ-ın yeni seçilən prezidenti Vudro Vilsona, hökumətin “Antanta” hərbi blokunda hərbi attaşesi olan polkovnik Xausun “cənab prezident Osmanlı dövləti ilə birbaşa münasibətləri biz səfir Morgentau vasitəsi ilə qura bilərik” sözünə Vudro Vilson “tezliklə Türkiyə adlandırılacaq bir şey olmayacaq” - deyə cavab vermişdi. ABŞ prezidentinin verdiyi bu birmənalı cavab yuxarıda söylənilən fikri bir daha təsdiq edir. Bu hadisədən 107 il keçsə də, ABŞ-ın türk xalqına və Türkiyə dövlətinə münasibəti mahiyyət etibarilə dəyişməmişdir.

Yuxarıda qeyd olunduğu kimi, I Dünya müharibəsində vuruşan dövlətlərin əsas hədəflərindən biri ikiyə bölüşdürülmüş Azərbaycan və onun dünya neftçıxarma mərkəzi olan Bakı idi.

Bu dövrdə Yaxın Şərqdə böyük hərbi qüvvə saxlayan Böyük Britaniya imperiyası heç bir dövləti bu regiona buraxmaq istəmirdi. Böyük Britaniyanın Baş naziri Lloyd Corc öz memuarlarında yazırdı ki, “Biz o vaxt əli qoynunda oturmamışdıq”. 1926-cı ildə İngiltərənin “Tayms” qəzeti 1918-ci ildə ingilislərin Bakıya qoşun yeritdikdən sonra buraya hansı məqsədlə gəldiklərinin: “Biz gəlmişdik ki, Bakının neft mədənlərini zəbt etdik” - olduğunu öz səhifələrində açıq şəkildə etiraf etmişdi. Bu faktı da qeyd etmək lazımdır ki, neft Bakısını işğal etmək üçün ingilisləri buraya dəvət etmək üçün Qacarlar İranının Ənzəli şəhərinə birinci qaçaraq gəlib öz xidmətlərini təklif edən ermənilər olmuşdu. Lakin qeyd etmək lazımdır ki, bütün bu qısa müddət ərzində baş verən hadisələrdən ən dəhşətlisi o idi ki, Cənubi və Şimali Azərbaycan ərazilərini öz aralarında bölüşdürən Böyük Britaniya və Rusiya imperiyaları Bakını əllərindən vermək istəmirdilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, Bakı neft sənayesində Böyük Britaniya və Çar Rusiyasının neft şirkətlərinin xüsusi yerləri var idi.

Buna görə də Rokfellerdən maliyyə yardımı alaraq Rusiyada hərbi çevriliş yolu ilə hakimiyyəti ələ alan V.İ. Lenin, L. Trotski, F. Dzerjinski və digər bolşeviklər Bakını əldə saxlamaq üçün 1917-ci il dekabrın 16-da bolşevik və “Daşnaksütyun” partiyalarının üzvü S.Q. Şaumyanı Qafqazın fövqəladə və səlahiyyətli komissarı təyin etdilər. Geniş səlahiyyətlər alan S.Q. Şaumyan, həm də Bakı Sovetinin sədri olduğu üçün ona V.İ. Leninin birbaşa göstərişi ilə 500 min rubl vəsait ayırmışdı. Bakıda hakimiyyəti ələ alan S.Q. Şaumyan Sovet Rusiyasının rəhbəri V.İ. Lenindən yeni tapşırıqlar alır. 1918-ci il fevralın 14-də V.İ. Leninin ona ünvanladığı teleqramda bu öz əksini tapmışdı. Mərkəzi hökumətdə Qafqaz məsələləri ilə məşğul olan İ.V. Stalin isə 19 mart 1918-ci ildə S.Q. Şaumyana yazdığı məktubunda: “Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirmək lazımdır” fikrini ifadə etməkdə məqsədi Bakı neft rayonunu nəyin bahasına olursa olsun əldə saxlamaq idi. Bu məqsədlə V.İ. Leninin göstərişi və İ.V. Stalinin bilavasitə iştirakı ilə Bakı Sovetinə 30 milyon 800 min rubl maliyyə vəsaiti ayrılmış və Moskva hərbi dairəsindən neft şəhərinə 14 aeroplan, 2 zirehli qatar, 5 min tüfəng və hərbi dəstə göndərilmişdi. Sovet Rusiyasından hərbi və maliyyə yardımı olan Stepan Şaumyan 1918-ci ilin martın sonunda Bakı şəhərini əsl sahibi olan azərbaycanlılardan təmizləmək üçün soyqırımı cinayəti törətdi.

Moskva hərbi dairəsindən alınan silahlar, o cümlədən 5 min tüfəng Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya gətirilmiş erməni əsgərlərinə paylanmışdı. Qeyd etmək lazımdır ki, 10-12 minlik Bakı Sovetinin tabeliyində olan qondarma “qırmızı qvardiya”nın 70 faizi ermənilərdən ibarət idi.

Sovet Rusiyası Bakını əldə saxlamaq üçün ermənilərdən dəhşətli silah kimi istifadə edəcək Şimali Azərbaycan ərazisinin İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Şamaxı, Quba, Lənkəran bölgələrində 300 000 nəfərdən çox azərbaycanlının soyqırımını təşkil etmişdir. Bu məsələdə erməniləri öz tərəflərinə çəkmək istəyən Böyük Britaniya, ABŞ və hökumətləri də onlara maliyyə yardımı ilə bərabər, həm də hərbi təlimlər keçirdilər. Sovet Rusiyası 1918-ci ilin iyunun əvvəlində Bakıda vəziyyətin ağırlaşdığından xəbər tutduqdan sonra Şaumyanın ünvanına bir sıra müraciətlər ünvanlayır. Bu müraciətlərdən biri onun Bakı Neft Komitəsinə sədr təyin etdiyi Ter-Qabrelyana ünvanlanmışdı. V.İ. Lenin tərəfindən vurulan teleqramda: “Bundan əlavə siz Terə əgər hücum təhlükəsi olarsa, o Bakını tamamilə yandırmaq üçün hər şeyi hazır etsin və bunu mətbuatda çap etdirsin”. Bu teleqramdan sonra Lenin tərəfindən S. Şaumyanın ünvanına 50 milyon rubl maliyyə vəsaiti də göndərilmişdir ki, ondan istifadə edərək Bakının yandırılmasını həyata keçirsin. Bakıda törədilən türk-müsəlman soyqırımı cinayətini gizlədərək ona “Vətəndaş müharibəsi” donu geyindirən də məhz Stepan Şaumyan 1918-ci il aprel ayının 13-də Moskvaya, Sovet Rusiyasının rəhbəri V.İ. Leninə göndərdiyi məktubda 30-31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşma olmuşdur Bir tərəfdən Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz Beynəlmiləl Qızıl Ordu, Qırmızı Donanma və erməni milli hissələri, o biri tərəfdən “Müsavat” partiyasının başçılıq etdiyi müsəlman “Vəhşi diviziyası” və silahlı müsəlman quldur dəstələr vuruşdular. Biz də Aviasiya məktəbinin hidroaeroplanları da kömək etdi. Düşmən tamamilə darmadağın edilmişdir. Onlar Bakıda üstün gəlsəydilər, səhəri Azərbaycanın paytaxtı elan edər, bütün qeyri-müsəlman ünsürlər tərk-silah edilib qırılardı”. Məktubun məzmunu belə bir fikri söyləməyə əsas verir ki, Sovet Rusiyasından xüsusi tapşırıq alan bu cəlladın əsas məqsədi Azərbaycan xalqına divan tutaraq onu öz doğma torpağından mərhum etmək və sərvətlərini ələ keçirmək idi. Onun şəhərin müsəlman əhalisinə divan tutarkən Moskva hərbi dairəsindən göndərilən aeroplanlardan istifadə edildiyini etiraf etməsi faktı belə bir fikri qəti surətdə təsdiq etməyə əsas verir ki, bu cəllad azərbaycanlıların soyqırımını təşkil etmək sifarişini Sovet Rusiyası rəhbərliyindən almışdı. Digər bir təkzibedilməz fakt odur ki, Bakının milli qüvvələr tərəfindən gələcək Azərbaycan dövlətinin paytaxtı elan etməsindən qorxuya düşən bu cəlladlar buna yol verməmək üçün Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətdilər. Cinayətkar sovet hökumətinin nəyin bahasına olursa-olsun, Bakını əlində saxlamaq istəyini təsdiq edən fakt Almaniyanın İstanbuldakı konsulunun 1918-ci il iyul ayının əvvəlində öz hökumətinə təqdim etdiyi hesabatında da öz əksini tapmışdır. Konsul bolşeviklər tərəfindən Bakını güclü mühafizə edildiyini qeyd edir və “Bakı məsələsi” ilə bağlı Sovet Rusiyası ilə danışıqlar aparmağı təklif edərək yazırdı: “Əgər biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, mədənləri yandıracaqlar, onda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik. Onlarsız isə Qafqaz dəniz yollarının istismarı tezliklə dayanacaq”. Bu fikri daha başqa bir fakt da təsdiq edir. 1918-ci ilin iyulunda İstanbulda konfransda iştirak edən Azərbaycan XC nümayəndə heyətinin rəhbəri M.Ə. Rəsulzadənin M.H. Hacınskiyə məktubunda qeyd edirdi: “Sizə məlumdur ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-Almaniya məsələsidir”. Məsələnin maraqlı tərəfi odur ki, I Dünya müharibəsində vuruşan dövlətlərin, o cümlədən Böyük Britaniya hökumətinin də planlarında Bakını işğal etmək xüsusi əməliyyat planı var idi və onu həyata keçirməyi Qacarlar İranının Ənzəli limanında yerləşən ingilis hərbi dəstəsinin komandanı general Lionel Denstrillə tapşırmışdı.

Qeyd etmək lazımdır ki, Bakı Sovetindən hakimiyyəti təhvil alan qondarma Sentrokaspi hökumətinin üzvləri olan eserlər, menşeviklər və erməni daşnakları Bakı şəhərini əllərində saxlamaq üçün Böyük Britaniya qoşunlarının dəvət olunması məqsədi ilə erməni daşnaklarından ibarət nümayəndə heyətini Qacarlar İranının Ənzəli şəhərinə göndərmişdilər. Ermənilər general G. Denstvillin komandanlığı altında 20 min nəfərlik Böyük Britaniya qoşununun Bakıya gələcəyini gözləyirdilər. Lakin avqustun 4-də Bakıya cəmi 1000 nəfərlik hərbi dəstə daxil oldu və şəhərdəki vəziyyətlə tanış olduqdan sonra, həmin ayın 24-də general G. Denstrivill şəhəri tərk etmək haqqında qərar qəbul etdi. Sentrokaspi qondarma hökumətinin zəifliyi və xüsusilə də erməni daşnaklarının özbaşınalığının geniş miqyas alması ingilis komandanlığını belə bir qərar qəbul etmək qənaətinə gətirmişdi. Digər əsas səbəb isə Birləşmiş Qafqaz islam Ordusunun Bakı şəhərini azad etmək istiqamətində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar idi. Artıq 1918-ci ilin avqustun sonunda ingilis komandanlığı müqavimət göstərməyin heç bir əsası olmadığını anlamışdılar. Buna görə də onlar Ənzəli limanına dönərkən ermənilərin müqaviməti ilə rastlaşdılar və onların hərbi hücumuna məruz qalaraq 47 nəfər itki verdilər. Lakin bu, heç də uzun sürmədi.

L. Denstervill Bakıdakı eser, menşevik və daşnaklarla əlaqə yaratdı ki, şəhərin işğalı planını hazırlamaqda və həyata keçirməkdə onlardan yardım alsın.

İngilis komandanlığının fəaliyyəti nəticəsində neftçıxarma sahəsinə vurulan zərər 45 milyon rubl, o cümlədən neftdaşımada dəyən zərər 157,55 milyon rubl təşkil etmişdi. Bütövlükdə isə ümumi hasilatda dəyən zərər isə 220,57 milyon təşkil etmişdi, ingilis komandanlığının 1918-ci ilin dekabrından 1919-cu ilin iyulunadək Azərbaycan Xalq Cümhuriyyəti Dəmir Yolu idarəsinə sərnişin, yükdaşıma və o cümlədən maye yanacaq daşınması üzrə yığılan borcu 26465929 rubl 75 qəpik idi. Bütövlükdə isə əldə olan rəsmi sənədlərə əsasən İngilis komandanlığının AXC hökumətinə olan ümumi borcunun 25734220 rubl 64 qəpiyi hökumətin 354 saylı cari hesabına köçürüldükdən sonra, qalan borcun miqdarı 52 200 150 rubl 39 qəpik təşkil edirdi. Bütünlüklə isə 1918-ci ilin dekabrından 1919-cu ilin avqustunadək olan müddət ərzində 113,5 milyon rubl dəyərində 30 milyon pud neft ingilis hərbi komandanlığı tərəfindən Azərbaycandan aparılmışdır.

Bundan əlavə, İngilis komandanlığının sifarişi ilə göstərilən müddət ərzində ağ neft kəməri və dəmir yolu ilə Bakıdan göndərilən bütün növ neft məhsullarının ümumi həcmi 29830989 pud 37 funt olmuşdur ki, onun da 19552316 pud 33 funtunun hansı ünvana göndərildiyi məlum deyildir. Bütün bunlar 1918-1920-ci illərdə mövcud olmuş AXC hökumətinə və Azərbaycan xalqına Böyük Britaniya imperiya nümayəndələrinin ilk növbədə dövlət və hərbi xidmətlərinin hansı münasibət göstərdiklərini bir daha təsdiq edir.

Böyük Britaniya Osmanlı dövlətinin məğlub olaraq 30 oktyabr 1918-ci ildə imzaladığı Mudros müqaviləsindən sonra türk qoşunlarının Cənubi Qafqaz, ilk növbədə isə neft Bakısını tərk etməyi tələb etdi. Böyük Britaniya qoşunlarının komandanı general Tomson Bakı limanında AXC-nin dövlət bayrağını təhqir edərək bu “əsgi parçası”nı çıxarıb atmağı tələb etdi. Şəhəri ələ keçirdikdən sonra AXC hökumətinə etinasızlıq göstərən general Tomson ondan Müdafiə Nazirliyinin Bakı şəhərindən çıxarılmasını tələb etdi və şəhərin özünün və onun neft mədənlərinin Böyük Britaniya dövlətinin mülkü olduğunu elan etdi. Lakin 1918-ci il dekabrın 28-də yenidən təşkil olunmuş hökumətin başçısı Fətəli xan Xoyskininin gərgin səyləri nəticəsində ingilis komandanlığı ilə normal münasibətlər qurmaq mümkün oldu və general Tomson onu Azərbaycanda yeganə qanuni hakimiyyət olduğunu qəbul etdi.

Qeyd etmək lazımdır ki, ingilis işğalı nəticəsində Azərbaycan neft sənayesinə ağır zərbə vuruldu. Bakı Soveti qoşunlarının bombardımanı və ingilislərin hərbi müdaxiləsi nəticəsində neft sənayesinə dəyən ümumi zərərin miqdarı 21 milyon 548 min rubl təşkil edirdi.

1918-ci il noyabrın 17-də “Bakı və onun neft mədənlərini işğal etmək” niyyəti ilə Böyük Britaniya qoşunları yenidən Bakıya daxil oldu.

Bakı neftini ələ keçirmək niyyəti o zaman yanacağa və digər neft məhsullarına kəskin ehtiyacı olan I Dünya müharibəsinin başlanmasının təşəbbüskarı Almaniya hökumətinin planlarında da xüsusi yer tuturdu. Alman generalı Ludendorf hesab edirdi ki, Qafqazı ələ keçirməklə iqtisadi cəhətdən gücləndirmək üçün onun açıqcasına etiraf etdiyi kimi, almanlara “Bakıya gəlib çıxmaq” lazım idi. Almaniyanın Qafqazı, o cümlədən Bakını ələ keçirmək cəhdlərinin ciddiliyi və ona böyük əhəmiyyət verdiyini Almaniya Baş qərargahının 1918-ci ilin iyul ayında Belçikanı Spa şəhərində keçirilmiş məxfi müzakirələrinin sənədləri də aşkar şəkildə tənqid edir. Müzakirələrdə Kayzer II Vilhelm, Hindenburq, Lüdendorf və digər hərbçilər iştirak etmişdilər. 1918-1920-ci ilin aprelin sonunadək AXC hökumətinin göstərdiyi bütün səylərə baxmayaraq, Sovet Rusiyası Bakı neftinə sahib olmaq niyyətindən əl çəkməyərək onu de-jure tanımaqdan imtina etdi və 1920-ci il aprelin 28-də Bakı Sovet Rusiyasının XI Qırmızı Ordusu tərəfindən işğal olundu.

Bundan əlavə, 1919-cu il Paris Sülh Konfransında iştirak edən AXC nümayəndə heyətinin sədri Ə.M. Topçubaşovun göstərdiyi bütün səylərə baxmayaraq, AXC və digər Avropa ölkələri tərəfindən də de-jure tanınmadı. AXC-nin siyasi taleyinin həllində Bakı neftində güclü mövqelərə malik “Nobel qardaşları” şirkəti və onun səhmlərini alan Rokfellərə məxsus “Standart Oyl” Rotşildlə-ə məxsus “Xəzər-Qara və Dəniz neft-sənaye və ticarət cəmiyyəti”, ingilis kapitalına məxsus “Royal Date Şell” şirkətlərinin tutduqları mövqe isə xüsusi yer tutur. Bu mövqe AXC-nin siyasi taleyində həlledici rol oynadı.

Qeyd etmək lazımdır ki, AXC-nin bütün rəhbərləri neftin ölkənin siyasi taleyində tutduğu yeri dərindən dərk edir və bundan maksimum dərəcədə istifadə etməyə çalışırdılar. AXC-nin Xarici İşlər naziri M.H. Hacınskinin 1918-ci il iyul ayının əvvəlində İstanbula M.Ə. Rəsulzadəyə ünvanladığı məktubunda Almaniya və Osmanlı dövlətinin Bakı nefti ilə bağlı maraqlarının Azərbaycan hökuməti tərəfindən nəzərə alınacağını söyləməyi xahiş etmişdi. O, yazırdı: “Türkiyə, Azərbaycan və Almaniyanın maraqlarının uzlaşdırılması üçün zəmin tapır. Bu zəmin Bakı nefti haqqında iqtisadi razılaşmadan ibarətdir. Burada güzəştlərə getmək olar”.

Göründüyü kimi, AXC təmsilçilərinin keçirdikləri bütün diplomatik görüşlərdə, yazdıqları rəsmi məktublarda, apardıqları danışıqlarda Bakı nefti məsələsi əsas məsələ olaraq Cümhuriyyətin siyasi taleyində xüsu­si yer tutduğu aydın görünür.

Bakı neftinin AXC-nin siyasi tabeliyində oynadığı roldan bəhs edərkən burada ABŞ dövlətinin mövqeyini barədə fikir söyləməyə mütləq ehtiyac vardır. Belə ki, ABŞ şirkətləri XIX əsrin sonu-XX əsrin 1920-ci ilə qədərki dövrdə Bakı neft sənayesində rəsmi olaraq təmsil olunmasalar da, göstərilən müddət ərzində həmişə buraya maraq göstərmişlər. Bu baxımdan ABŞ-ın Rokfellerə məxsus “Standart Oyl” şirkətinin fəaliyyəti diqqəti cəlb edir. ABŞ hökumətinə çox güclü təsir gücünə malik Rokfellerin atdığı addımlar, 1918-ci ildə “Nobel qardaşları yoldaşlığı” şirkətinin səhmlərinin “Standart Oyl” şirkəti tərəfindən alınması, 1919-cu ildə ABŞ hökuməti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı həyata keçiriləcək siyasətin formalaşdırılmasına dair arxiv sənədləri ilə tanışlıq ABŞ dövlətinin 1920-ci ilin yayına qədər bu regionda yeritdiyi siyasətin mahiyyətini anlamağa imkan verir. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məsələ qalib dövlətlərin, ilk növbədə ABŞ prezidenti Vidro Vilsonun təklifi ilə 1919-cu ilin mayın 2-də Dördlər Şurasının iclasında müzakirə olunmuş və AXC nümayəndə heyətinin Parisə buraxılması tələb olunmuşdu. Qeyd etmək lazımdır ki, Vudro Vilson Parisə yola düşərkən O, “Standart Oyl”un sahibi Rokfeller tərəfindən qəbul edilir, ona AXC nümayəndə heyəti ilə görüşmək təlimatı verilsə də, ABŞ hökuməti tərəfindən onun de-yure tanınması qadağan edilir. Məsələnin maraqlı tərəfi odur ki, burada məqsəd, nəyin bahasına olursa-olsun, Bakı neftini ələ keçirmək istəyən Rokfellerin təklifi ilə gerçəklikdə əsas rəqibi olan Böyük Britaniya neft şirkətlərini təmsilçisi H. Deterdinqə qarşı mübarizə aparmaq üçün XX əsrin əvvəlində dünya maliyyəsi məsələləri üzrə məşhur saxtakar və fırıldaqçı Harri Tsinkler bu işə cəlb olunur. 1920-ci ildə İstanbula gələrək Çar generalı Frangell ordusunda xidmət etmiş ehtiyatda olan zabitlər də daxil olmaqla 8000 nəfər şəxsi öz ətrafında toplayan Henri Sinfeler buradakı Bakı istiqamətində hərəkət etmək və neft mərkəzini Sovet Rusiyasının hərbi sənayesi caynağından qoparmaq kimi xəyali bir plan hazırlayır. Lakin bu planın qarşısı Osmanlı dövləti tərəfindən alınmışdı.

1919-cu ilin mayında Parisə gələn AXC-nin nümayəndə heyətinin Ə.M. Topçubaşov başda olmaqla üzvləri ABŞ Prezidenti Vudro Vilsonun tövsiyəsi ilə ABŞ-ın Osmanlı dövlətindəki keçmiş səfiri Henri Morgentan ilə görüşür. 28 may 1918-ci ildə keçirilən bu görüş bir neçə saat çəkir. Nümayəndə heyətinin rəhbəri AXC parlamentinin de-jure tanınmasını və ikitərəfli münasibətlərin qurulmasını təklif etsə də, Rokfellerin mövqeyi də işini görür. ABŞ hökuməti regionu dərindən öyrənmək üçün “Qafqazda Amerika admnistrasiyasının yardım Komitəsi” yaradıldı və öz nümayəndələri olan V.N. Haskel, Con Rondolf və Ceyms Rey kimi şəxsləri olan V.N. Haskel sentyabrın 1-də Naxçıvanda ABŞ dövlətinə tabe olan general-qubernatorluğunun yaradılmasına böyük ehtiyac olduğunu söylədi. Əldə qalan arxiv sənədləri belə bir fikri söyləməyə səs verir ki, AXC-yə məxsus əraziləri nəzarətə götürən ABŞ dövlətinin hərbi-siyasi missiyasının əsas məqsədi Ermənistana hərbi-siyasi və maliyyə yardımı göstərilməklə bərabər, guya Cənubi Qafqaz xalqları arasında baş verə biləcək münasibətlərin qarşısının alınması idi, lakin əslində bu belə deyildi. 1919-cu il sentyabrın 5-də Ermənistan parlamentində çıxış edən V.H. Haskel iki ölkə arasında yaranmış hərbi-siyasi gərginliyin artmasında AXC hökumətini ittiham edir və ABŞ hökuməti tərəfindən Ermənistana yardım ediləcəyini vəd etdikdən sonra, AXC hökuməti üzvləri ilə keçirdiyi görüşdə isə onun adından deyilənlərin yalan və böhtan olduğunu söyləyir. Bütün bunlar ABŞ dövlətinin AXC-yə qarşı hansı siyasi mövqe nümayiş etdiyini açıq-aydın göstərir. Tarixdə varislik prinsipinə istinad edərək, birmənalı şəkildə söyləmək olar ki, AXC-nin yaradılmasından 100 il ötsə də, 70 illik sovet işğalından sonra çox ağır itkilər və məhrumiyyətlər hesabına öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, 1992-ci ildən bu günədək Qərb ölkələri, o cümlədən ABŞ, Fransa, Böyük Britaniya, RF və digər böyük xristian ölkələri tərəfindən həyata keçirilən ikili standartlar siyasəti ilə hər addımda qarşılaşmaqda davam edir. Lakin bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti, bütün maneələri dəf edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında öz beynəlxalq mövqelərini möhkəmləndirmiş və Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.