Bakı Xəbər. - 2018.- 20 noyabr. - ¹ 200. - S. 13.

 

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

İradə Sarıyeva

 

Azərbaycanda dini və milli tolerantlığın kökü minillər bundan əvvələ gedib çıxır. Ölkəmiz qədim zamanlardan bu ali mənəvi və insani dəyərlərə sahibdir, zaman-zaman bu məfhumun inkişafı üçün təbii münbit şərait mövcud olub. Respublikamızda dini və milli tolerantlıq mühitinin formalaşması millətlərarası münasibətlərin sağlam şəkildə inkişafına təkan verib. Azərbaycan tarixinə nəzər salsaq, anadilli ədəbiyyatımızı, klassik irsimizi araşdırsaq, görərik ki, burada millətlərarası münasibətlərlə əlaqədər bədii mənzərələr, təsvirlər var. Azərbaycan qollu-budaqlı nəhəng bir ağacdır, ölkəmizdə yaşayan xalqlar isə onun qol-budaqlarıdır. Bütün xalqların anasıdır Azərbaycan. O hər kəsə doğmadır, hər bir xalqın nümayəndəsinə müqəddəsdir.

Dünənə kimi Azərbaycanda olan dini-milli tolerantlıq haqqında özümüz və dostlarımız danışırdılarsa, ölkəmizi bir nümunə kimi dünyaya təqdim etmək istəyirdilərsə, bu gün bütün dünya çoxmillətli Azərbaycan haqqında yüksək fikirlər söyləməkdədir. Müxtəlif konfessiyaların, mədəniyyətlərin qovuşduğu Azərbaycanda multikulturalizm bir həyat tərzinə çevrilib. Ölkəmizdə mədəni müxtəlifliyin qorunması ölkəmiz haqqında beynəlxalq aləmdə müsbət fikirlər formalaşdırıb.

Azərbaycanda mövcud olan etnik-milli müxtəliflik və multikulturalizm ölkəmizdəki mühitlə, sağlam münasibətlərlə tənzimlənən məsələlərdir. Həm yerli, həm də xarici ekspertlər dəfələrlə vurğulayıblar ki, Azərbaycanda millətlərarası münasibətlərin demokratik prinsiplər əsasında tənzimlənməsi, müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri, əsas istiqamətləri, hüquqi bazası, müstəqil Azərbaycanın milli siyasəti azsaylı xalqların hüquq və mədəni irsinin qorunması sahəsinə böyük töhfədir. Görkəmli alimlər dəfələrlə qeyd ediblər ki, Azərbaycan etnoqrafik bir muzeydir. Hazırda Azərbaycan Respublikasında 80-dən çox azsaylı xalq yaşayır və bu azsaylı xalqlar Qafqazdilli, İrandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar. Alimlərimiz qeyd ediblər ki, əcdadlarımızın keçdiyi tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub, Azərbaycan xalqında tarixən konfessiyalara olan tolerantlıq mədəniyyətini formalaşdırıb və millətlərarası münasibətlərin inkişafına təsirsiz ötüşməyib. Elə bunun nəticəsdir ki, ölkəmizdəki etno-milli müxtəliflik indiyə qədər də özünü qoruyub saxlayır.

Heç şübhəsiz ki, multikulturalizm məfhumu çoxmədəniyyətlilik məfhumu kimi qəbul edilir. Məlumdur ki, Azərbaycan Respublikası dünyada azsaylı dövlətlərdən biridir ki, multikulturalizmi dövlət siyasətinə çevirib. Azərbaycanda multikulturalizm siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Hazırda da Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin rolu çox böyükdür. Prezident İlham Əliyev çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd edib və onun bizim üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. “Bəzi ölkələrdə, ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib. Bu yaxınlarda bizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb, müxtəlif tədbirlər, beynəlxalq forumlar keçirilir. Əlbəttə, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə bir nümunə göstərir ki, sosial sifariş və dövlətin düzgün siyasəti olanda bütün bu məsələləri bacarıqla həll etmək mümkündür” - deyə ölkə başçısı çıxışlarından birində qeyd edib.

Azərbaycanda milli-dini tolerantlıqla, millətlərarası münasibətlərin yüksək səviyyədə formalaşması əsas hədəflərdən birinə çevrilib.

Ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək əhəmiyyət verən Prezident İlham Əliyevin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti, eyni zamanda da 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Qeyd edək ki, Prezidentin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təşkil olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir.

Prezident İlham Əliyev multikulturalizmin xalqımızın həyat tərzinə çevrilməsini çıxışlarında dönə-dönə önə çəkib: “Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür”.

Azərbaycanda millətlər və dinlərarası münasibətlərin daha yüksək səviyyədə inkişafı, dünyada yaşayan xalqların da bu amallara meyl göstərməsi arzuedilən haldır.

Ölkəmizdə dini tolerantlıq, birgəyaşayış, xalqlar və mədəniyyətlərarası dialoqların formalaşdırılması istiqamətində uzun illərdir davamlı işlər görülür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideya müəllifi olduğu “Bakı prosesi” nəinki Azərbaycanda, eləcə də bütün dünyada müsbət reaksiyalar doğurur.   

Bildiyimiz kimi, “Bakı prosesi” ideyasını ilk dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixlərində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürüb. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulub. Ümumilikdə, 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib. Bununla da sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.

Ekspertlər qeyd edirlər ki, “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdu.

2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan edib və ölkə başçımızın müvafiq Fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. İndiyədək Bakıda altı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib ki, bu tədbirlərə də dünyanın hər bir yerindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, insanlar qatılıb.

Azərbaycan Respublikası ölkə daxilində, etnik-mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlara eyni münasibət göstərməklə onlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq münasibətlərini yaratdığı kimi, eyni münasibətləri beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlərə və sivilizasiyalara mənsub olan dövlətlər arasında təbliğ edərək, onlar arasında dialoqun inkişaf etdirilməsi istiqamətində böyük işlər həyata keçirir. Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bu kimi nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə, onun multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Azərbaycanın dövlət-din və millətlərarası münasibətlər məsələləri ilə bağlı siyasəti, ölkəmizdə tarixən multikultural ənənələrin mövcud olması, müxtəlif dini və etnik icmaların sülh şəraitində yaşaması, xüsusən də müasir dünyada dini və milli zəmində baş verən münaqişələrin fonunda multikulturalizmin Azərbaycan modelinin xüsusi əhəmiyyət kəsb etməsi bütün dünya üçün böyük dəyərə malikdir. Dini və millətlərarası münasibətlər Azərbaycanda hər zaman müdafiə edilən, qorunan ali dəyərdir. Reallıq budur ki, bu gün Azərbaycan özündə millətlərarası və dinlərarası münasibətlər modelini birləşdirir və bu modelin dünyada qəbul edilməsi olduqca müsbət effektlər verir.

Qərb və Şərq sivilizasiyaları arasında əlaqələrin formalaşmasında önəmli rol oynayan və böyük missiyalar daşıyan Azərbaycanda mövcud olan dinlər və millətlərarası münasibətlər təkcə Azərbaycan üçün deyil, həm də bütöv dünya üçün zəruridir.