Paralel. - 2018.- 17 noyabr. - ¹ 197. - S. 10.

 

Azərbaycan müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevrilib

 

Tolerantlıq və multikulturalizm irqçiliyin, ksenofobiyanın süqutudur və cəmiyyətdə sülhün bərqərar olmasına yardım edir

 

 Bəlli olduğu kimi, 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Bu təqvim 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Tolerantlığın beynəlxalq səviyyədə Əlamətdar bir gün kimi təsis edilməsində məqsəd qurumun nizamnaməsində deyildiyi kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirməklə mehriban qonşular kimi yaşamağa çağırışdır.

Bu günə öz töhfəsini verən Azərbaycan indi bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Dünyanın nadir ölkəsi olaraq Azərbaycanda bütün millətlər, xalqlar və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Dini və milli dözümlülük, tolerantlıq ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı, bu mərasimlərə Azərbaycanda mövcud olan digər dini icmaların nümayəndələrinin də qatılması, ölkəmizdə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Dövlət başçısı dindarlarla görüşlərində İslam dininə elmi yanaşmanı, İslam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirib. Dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün də dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq xalqımızın ruhundadır. Müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində də dünyanın hər bir nöqtəsində yaşayan insanların gələcək inkişafının konturlarının müəyyən edilməsində və bu

istiqamətdə elmi nailiyyətlərin, əldə olunan təcrübənin müzakirəsində "Bakı prosesi" beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsində Bakı humanitar forumları, eləcə də, son on ildə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq konfrans və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanda mövcud olan bütün dinlərin, dillərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər imkanlar əsasında birgə yaşaması, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafına yönəlmiş gələcək rifahın müəyyən edilməsi, bu siyasətin Azərbaycanın digər ölkələrlə münasibətlərinin formalaşmasında da prinsipial məsələ kimi qarşıya çıxır. Nəticədə, Azərbaycan tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət kimi çıxış edir, həm də beynəlxalq aləm bu dəyərlər ətrafında ölkəmizi əhəmiyyətli tədbirlərin ünvanı kimi tanıyır və qəbul edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də bütün mötəbər tədbirlərdə çıxışı zamanı Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, katolik, yəhudi və digər etiqad sahiblərinin əsrlər boyu bir ailə kimi yaşadıqlarını, ibadət və mərasimlərini sərbəst icra etdiklərini xüsusi qeyd edir: "Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir," deyən QMİ sədri, həmin fikirləri bugünlərdə baş tutan Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçıları ilə görüşü zamanı da təkrar gündəmə gətirib. A.Paşazadə dünyanın siyasi, iqtisadi və dini zəmində narahatlıq yaşadığı bir dövrdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını bildirib.

Doğrudan da, Azərbaycana tarixən xas olan tolerantlıq, dini dözümlülük və etnik bərabərlik dini konfessiyaların, etnik qrupların birgə mövcudluğu, əməkdaşlığı üçün qarşılıqlı hörmət, münasibətlər sistemi kimi qəbul edilir. Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin edir, həmçinin, digər inanc və mədəniyyətlərə mənsub müxtəlif qruplara hörmətin, təmsilçiliyin təqdim edilməsini bəyan edir. Tolerantlıq, dözümlülük məkanı olan müstəqil, müasir Azərbaycanda bu münasibətlər sistemi dünyanın tolerantlıq simvollarından birinə çevrilərək, digər cəmiyyətlərə də örnək kimi təqdim edilir.

Beləliklə, dini tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda İslam, yəhudilik və xristianlıq, eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq milli qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir. Çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin bir dəyər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi 10 milyona yaxın vətəndaşı olan ölkəmizdə tarixi alban kilsə abidələri ilə yanaşı, pravoslav və katoliklərin kilsələri, yəhudilərin sinaqoqları var. Bütün bunlar onu göstərir ki, Azərbaycanın tarixi daim müxtəlif xalqları, mədəniyyətləri və dinləri vahid dəyərlər naminə birləşdirib. Bu vahid dəyərlər azadlıq və firavanlıq, müasir tariximizdə isə müstəqillik və demokratik dəyərlərdən ibarətdir.

Dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı da ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amildir. Tolerantlıq və multikulturalizm müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsinə, yeni inkişaf müstəvisinə yüksəlməsinə yönələn dəyərlər sistemi kimi böyük əhəmiyyətə malikdir. Milli mədəniyyətlərin qorunması onların dilinin, milli adət-ənənələrinin, milli ruhunun qorunmasıdır. Ölkəmizdə bütün xalqların inkişafı, vahid milli dəyərlər sisteminin formalaşdırılması xalqların rifahı ilə bərabər, həm də dövlətçiliyn möhkəmləndirilməsidir. Tolerantlıq və multikulturalizm eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsidir. Vicdan azadlığı, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi əsas dəyərlər sisteminə daxildir. Bir sözlə, tolerantlıq və multikultural dəyərlər irqçiliyin, ksenofobiyanın süqutudur və cəmiyyətdə əmin-amanlığın, sülhün bərqərar olmasına yardım edir.

Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların da ədalət axtarışı əsasən, bir məqamdan qaynaqlanır. Ədalətə çıxış isə ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Təsadüfi deyil ki, lider Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin tarixinin qədim olduğunu və yalnız dialoq, dözümlülük vasitəsilə insanları bir araya gətirmək üçün səy göstərildiyini qeyd edib. Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində hazırda müxtəlif mədəniyyətlərin təmsilçiləri ölkəmizin siyasi, iqtisadi və mədəni elitasında təmsil olunurlar. Onlar bu gün ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Yeni geosiyasi düzən də avrasiyaçılıq, slavyançılıq, İslam, türkçülük, Avropa dəyərləri və digər axınların kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tolerant mühiti multikultural və dözümlülük dəyərlərinin fövqündə duran ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir.

Dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin bu sahədə apardığı işlər, dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı həyata kecirdiyi ardıcıl tədbirlər böyük əhəmiyyətə malikdir. Qədim dini ocaqların, müqəddəs yerlərin yenidən qurulması, onların bərpası istiqamətində mühüm işlərin görülməsi də, bu dəyərlərə olan hörmətin bir nümunəsidir.

İ.Əliyevin bu ilin oktyabrında keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında söylədiyi fikirlər də sözügedən dəyərlərə ölkəmizdə necə önəm verildiyinə nümunədir: "Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək. "Bakı prosesi" artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilib ki, bunların bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyllərin qarşısı alınsın". Dövlət başçısı qeyd edib ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət indi də davam etdirilir.

Prezident həmçinin bildirib ki, bizim tarixi, dini abidələrimiz həm də qədim tariximizdir. Bu, eyni zamanda, Azərbaycanın müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olduğunu göstərir: "Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilən və Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimiz Şəkinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Alban kilsəsi yerləşir. Hər iki məbəd əsaslı təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi, Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda zərdüştilik dininin ənənələri də var. Ənənəvi dinlərin məbədlərin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox güclü ictimai iqlim yaradır. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır".

 

“Paralel”in Araşdırma Qrupu