Hərbi and.-2018.-15 noyabr.-¹44.-S.15.

 

Azərbaycan Xalq Cümhuriyyətinin gənclər siyasəti

 

Kamran İsmayılov,

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Hər bir cəmiyyətin siyasi, mədəni, iqtisadi tərəqqisi ən dinamik təbəqə olan gəncliyin siyasi fəallığından, onun sosial-psixoloji vəziyyətindən bilavasitə asılıdır. Gənclər bütün dövrlərdə tarixi proseslərin gedişinə güclü təsir göstərən mühüm sosial qüvvə olublar.

1918-ci ilin əvvəllərində azərbaycanlı gənclər mədəni-maarif sahəsində geniş təşkilatçılıq, təbliğatçılıq işi aparırdılar. Onlar müxtəlif bölgələrdə məktəblərin və kursların təşkilində, təhsilin milliləşdirilməsində, müxtəlif xeyriyyə tədbirlərinin keçirilməsində fəal iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müxtəlif sosial təbəqələrin sosial-siyasi coşqunluğuna, ictimai fəallığının artmasına gətirib çıxardı. Azərbaycan gəncliyi respublikada formalaşmaqda olan azad fəaliyyət mühitindən, demokratik şəraitdən bəhrələnməklə milli dövlət quruculuğu prosesində, ictimai-mədəni həyatda daha yaxından iştirak etmək imkanı qazandı.

1919-cu il yanvarın əvvəllərində Qafqaz Müsəlman Tələbələrinin (İttifaqının) Mərkəzi Komitəsi bütün müsəlman tələbələrə müraciət edərək onları təşkilatlanmağa, mədəni-maarif sahəsində fəaliyyətlərini genişləndirməyə, dövlət quruculuğunda daha yaxından iştirak etməyə çağırdı. Həmin dövrdən etibarən Qafqaz Müsəlman Tələbələri İttifaqı Azərbaycan Tələbələri İttifaqı adı altında fəaliyyət göstərməyə başladı, İttifaqın Mərkəzi Komitəsi tələbə və şagirdlərin problemlərinin həlli ilə bağlı Azərbaycan hökuməti ilə sıx əlaqə saxlayırdı.

1919-cu ilin iyununda keçirilmiş Azərbaycan tələbə gənclərinin I qurultayı gənclərin milli dövlət quruculuğunda iştirakının genişlənməsində, onların fəallığının artırılmasında mühüm rol oynadı. Qurultayda Azərbaycanın bütün regionlarının nümayəndələri iştirak edirdilər. Qurultayın ən mühüm məqamlarından biri Azərbaycan gənclərinin onları narahat edən ictimai-siyasi problemlərə öz münasibətlərini bildirmələri oldu. Azərbaycan tələbə-gəncləri qonşu Qafqaz respublikalarında müsəlman türklərin vəziyyəti, xüsusən Ermənistanda onlara qarşı yeridilən ayrı-seçkilik siyasəti ilə bağlı məsələni müzakirə edərək Ermənistan hökumətinin Azərbaycan türklərinə qarşı soyqırımı siyasətinə və buna imkan yaradan Avropa dövlətlərinin ikili siyasətinə qarşı qəti etirazlarını bildirmiş, bütün dünya ictimaiyyətinə və mətbuat orqanlarına müraciətlə öz soydaşlarına qarşı yeridilən ədalətsizlik və vəhşiliklərə nifrətlərini bildirməyi tələb etmişdilər. Qurultayda Denikin təhlükəsinin Azərbaycanın müstəqilliyi üçün ciddi faktor olduğu nəzərə alınaraq etiraz bəyanatı da qəbul edilmişdi. Antanta qoşunları komandanlığının Denikini himayə edən siyasətini qəzəblə qarşılayan Azərbaycan gəncləri Cümhuriyyət hökumətindən və parlamentindən “istiqlaliyyətimizin müdafiə və mühafizə yoluna bütün təşəbbüsləri icra etməyi” tələb etmiş və bildirmişlər ki, “bu yolda Qafqaziya türk və islam mütəəllimləri bütün gənc qüvvələrini hökuməti cümhuriyyətimizə təqdim ediyorlar”.

1919-cu ilin fevralında Azərbaycan Tələbələrinin Mərkəzi Komitəsi Antanta qoşunlarının Bakıdakı baş komandanı general Tomsona müraciət edərək azərbaycanlı tələbələrin xaricdə təhsillərini başa çatdırmaları üçün kömək göstərməsini xahiş etmiş, İngiltərədə oxumaq istəyən tələbələrin oraya göndərilməsi imkanları ilə maraqlanmışdı.

Azərbaycan hökumətinin qarşısında duran ən mühüm problemlərdən biri yüksək ixtisaslı milli kadrların hazırlanması idi. Bu məqsədlə qısa müddət ərzində ən zəruri addımlar atılmış, müxtəlif bölgələrdə pedaqoji kurslar təşkil edilmiş, Bakı Dövlət Universiteti fəaliyyətə başlamış, 100 nəfər azərbaycanlı tələbənin xarici ölkələrdə təhsil almaq üçün göndərilməsi barədə xüsusi qərar verilmişdi. Sonuncu məsələ hələ 1919-cu ilin yayında həm hökumət və parlament dairələrində, həm də geniş ictimaiyyət arasında müzakirə olunurdu. Bu məsələ həm də azərbaycanlı gəncləri çox düşündürürdü. 1919-cu il iyulun 4-də Azərbaycan Tələbələrinin Mərkəzi Komitəsi 102 nəfərin iştirakı ilə tələbələrin xaricə göndərilməsi ilə bağlı məsələni geniş müzakirə etdi. “Azərbaycanlı gənclərin yerli orta təhsil məktəblərində lazımi səviyyədə təhsil ala bilmədiklərini”, “Azərbaycanda ziyalı qüvvələrin, xüsusən ali texniki təhsilli adamların az olduğunu, lakin böyük təbii sərvətləri olan ölkənin texniki təhsilli şəxslərə böyük ehtiyacını nəzərə alan”, gənclərin xaricə texniki təhsil almaq üçün göndərilməsini ən zəruri məsələlərdən biri hesab edən Mərkəzi Komitə Azərbaycan hökumətinə müraciət edərək ondan bu məsələnin təcili həlli üçün zəruri addımlar atmağı xahiş edirdi. 1919-cu il iyulun 5-də parlamentdə əmək nazirinin iştirakı ilə həm tələbələrin öz təhsillərini davam etdirmək, həm də onların xaricdə təhsil almaq məsələsi geniş müzakirə olundu. Ümumiyyətlə, bu sahədə Azərbaycan Tələbələrinin Mərkəzi Komitəsi ilə hökumət arasında sıx əməkdaşlıq yaranmışdı. Xaricdə təhsil almaq üçün göndəriləcək tələbələrin seçilməsi üçün M.Ə. Rəsulzadənin sədrliyi ilə yaradılmış komissiyaya tələbə gənclərin nümayəndəsi də daxil edilmişdi.

Mərkəzi Komitənin Azərbaycan hökumətinə tələbələrin təhsil müddətində hərbi xidmətdən azad edilməsi ilə bağlı müraciəti də olmuşdu. Hökumət 1919-cu il 23 iyun tarixli iclasında bu məsələni müzakirə edərək bütün təhsil alan tələbə və şagirdlərin çağırışdan azad edilmələri, hərbi xidmətdə olan tələbələrin geri çağırılmaları haqqında qərar qəbul etmişdi.

Azərbaycan Cümhuriyyətində gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün mühüm işlər görülürdü. Bu istiqamətdə həm dövlət orqanları, həm də müxtəlif ictimai təşkilatlar birgə fəaliyyət göstərirdilər. Gənclərin milli şüurunun dirçəlməsində “Səda”, “Nəşri-maarif”, “Nicat”, “Türk ocağı”, “Ədəbi yurd”, “Müsəlman ədibləri cəmiyyəti”, “Yaşıl qələm” və s. cəmiyyət və dərnəklərin rolu böyük idi.

1918-1920-ci illərdə uşaq və gənclər üçün nəzərdə tutulan bir sıra nəşrlər, o cümlədən “Gənclər sədası”, “Əfkari mütəəllim”, “Mədəniyyət”, “Övraqi-nəfisə”, “Məktəb”, “Gənclər yurdu” (Tiflis), “Cavanlar şurası” (İrəvan), “Gələcək”, eləcə də rus dilində solyönümlü “Molodoy raboçiy”, “Raboçaya molodyoj” “Yunıy soçialist”, “Molodoy proletariat” kimi qəzetlər işıq üzü görmüşdü. “Azərbaycan”, “Azerbaydjan”, “istiqlal”, “Bəsirət”, “Gənclər sədası”, “Naş put” qəzetlərində milli tərbiyə, hərbi vətənpərvərlik mövzusunda materiallar dərc edilirdi, gənclərin həyatı ilə bağlı xüsusi rubrikalar yaradılmışdı. Cümhuriyyətdə dövri mətbuatın inkişafında da gənclərin xidmətləri böyük idi. Müxtəlif ideya istiqamətli qəzetlərdə gənc jurnalist və ədiblər - Y.V. Çəmənzəminli, S. Hüseyn, X. İbrahim, Ə. Buzovnalı, Ə. Cavad, Ə. Razi, M.B. Məhəmmədzadə, Ə. Həmid, R. Vəkilov və başqalarının publisist yazıları müntəzəm çap edilirdi.

Gənclər Cümhuriyyətin mədəni həyatında yaxından iştirak edirdilər. Azərbaycanın müxtəlif qəzalarında gənclərin iştirakı ilə maarif cəmiyyətləri yaradılmış, milli tarixin, ədəbiyyatın, mədəniyyətin təbliği məqsədilə müxtəlif gecələr, müsamirələr təşkil edilmişdi. Cümhuriyyət dövründə Bakıda Gənclər evi, Xalq Universiteti fəaliyyət göstərir, yoxsul tələbə və şagirdlərə kömək məqsədilə müxtəlif xeyriyyə tədbirləri təşkil edilirdi.

Gənclər hərəkatının inkişafında “Azərbaycan Tələbələri İttifaqı”, “Şagird Tələbələri Şurası”, “Qurtuluş” təşkilatlarının fəaliyyəti böyük idi. Onların iclasları müntəzəm olaraq keçirilir, fəaliyyəti barədə qəzetlərdə məlumatlar verilirdi.

Azərbaycanda hətta müstəqilliyimiz əleyhinə mübarizə aparan siyasi təşkilatların təsiri altında olan gənclər təşkilatlarının (Beynəlmiləlçi fəhlə gənclər ittifaqı, eser gənclər təşkilatı, erməni şagird klubu, erməni “Miatsum” tələbə ittifaqı və s.) fəaliyyəti üçün bütün demokratik şərait mövcud idi.

Gənclər hərəkatının mühüm əlamətlərindən biri təkcə Bakıda deyil, Cümhuriyyətin digər bölgələrində də gənclər təşkilatlarının yaradılması idi. Bu baxımdan Gəncədə Mütəəllimlər İttifaqının, İrəvanda Cavanlar Şurasının, Lənkəran Mütəəllimlər Şurasının fəaliyyəti səciyyəvidir. Gəncədə yaradılmış təşkilatın əsas məqsədi gənclər arasında Azərbaycan tarixini, mədəniyyətini təbliğ etmək, yoxsul tələbələrə yardım göstərmək idi.

Bakı Dövlət Universitetinin tələbələri ölkənin mədəni və ictimai həyatında fəal iştirak edirdilər. Universitet tələbə və müəllimlərinin iştirakı ilə müxtəlif dərnəklər və cəmiyyətlər fəaliyyət göstərirdi. Tarix-filologiya fakültəsində islam Şərqini, türk xalqlarının tarixini öyrənən cəmiyyət təşkil edilmişdi. 1919-cu ilin sonunda universitet tələbələrinin qarşılıqlı yardım cəmiyyəti yaradılmışdı. Tələbələr əhali arasında mədəni-kütləvi iş aparır, xeyriyyə gecələri təşkil edirdilər.

Universitetdə azərbaycanlı tələbələrin xüsusi təşkilatı da yaranmışdı. 1919-cu il dekabrın 5-də yaradılmış bu təşkilata Əli Rza Atayev, M. Həşimov, Z. Pepinov, Ə. Ağayev, Z. Hacıhəsənskaya və b. daxil idilər. Ermənilərin Dağlıq Qarabağa hücumu zamanı təbib tələbələrdən ibarət xüsusi qrup təşkil edilərək Qarabağa göndərilmiş və yaralı əsgərlərə tibbi yardım göstərməyə başlamışdı. Ş.B. Rüstəmbəyovun, M. Vəkilovun, N. Nərimanbəyovun, Ə.A. Şeyxülislamovun, R. Vəkilovun, Ə. Pepinovun, Ə. Əminovun, F. Xoyskinin nazir və deputat kimi fəaliyyət göstərdikləri zaman heç 30 yaşları tamam olmamışdı.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə tələbə-gənclər hərəkatı özünün yeni yüksəliş dövrünə qədəm qoydu. Gənclər təşkilatlarının yaranması prosesi güclənmiş, fəaliyyət üçün demokratik şərait formalaşmışdı. Gənclər Cümhuriyyətin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etməklə, milli dövlətçiliyin, maarif və mədəniyyətin inkişafına öz töhfələrin verdilər. Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində mühüm addımlar atıldı.