Paralel.-2018.-6 fevral.-¹23.-S.10.

 

Azərbaycan özünün etnoqrafik rəngarəngliyi ilə seçilən ölkədir

 

Ölkəmizin ərazisində 30-dan çox azsaylı xalqın və etnik qrupların nümayəndələri yaşayır

 

Azərbaycanda mövcud olan tolerant mühit tarixin bütün dönəmlərində insanları bu unikal məkana cəlb edib. Bunun nəticəsidir ki, hazırda ölkəmizin ərazisində 30-dan çox azsaylı xalqın və etnik qrupların nümayəndələri yaşayırlar.

Bu gün biz bu qruplar barədə sizə qısa məlumat verməyə çalışacağıq. Bu gün Azərbaycan ərazisində məskunlaşan xalqların dilləri, əsasən, dörd böyük dil qrupuna - türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel -mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti, məhz bu dildə danışır.

O da məlumdur ki, Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunur. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılıb. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir. Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udi dili də aid edilir, lakin bu, hələ elmi təsdiqini tapmayıb. Hazırda udilər əsasən Qəbələ rayonunun Nic kəndində və Oğuz rayon mərkəzində məskunlaşıblar.

Ölkəmizin ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gözbarax, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşıblar.

Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılan avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir. Hind-Avropa dil ailəsinin İran qrupu dilləri isə Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunub.

Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının ərazisində yayılıb. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofizitlər), iudaist tatlar və ya dağ yəhudiləri.

Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın cənub-şərqində - Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılıb.

Kürd dili İran dillərinin qərb yarımqrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılıb.

Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil olunub.

Rus dili hind-Avropa dil ailəsinin slavyan qrupunun şimal-slavyan yarımqrupuna daxildir. Rus dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşıblar.

Erməni dili isə hind-Avropa dillərinin ayrıca qrupunu təmsil edir. Erməni dili Qarabağın dağlıq hissəsinin bir neçə rayonunda yayılıb.

Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunur. Bu dilin daşıyıcıları xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşıblar.

Coğrafi baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan keçmişdən günümüzə kimi, öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixə düşüb.

Bu gün də Azərbaycan özünün etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qruplar özünəməxsus fərqli mədəniyyətlərin elementlərini bu günə kimi də qoruyub saxlaya biliblər. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapıb.

Ölkəmizin ərazisində yaşayan ən qədim xalqlardan biri də yəhudilərdir. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunub. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılan və Midiyada məskunlaşdırılan İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirən insanlar olublar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışıblar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Talışlar - Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında və eləcə də İranın şimalında yaşayan xalqdır. İran dil ailəsinə mənsub olan talış dilində danışırlar. Keçmiş sovet alimləri talışları yerli əhali hesab edirdilər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan kadusilərin nəsli hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırlar. Onların fikrincə, talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın adı ilə bağlıdır. Talışların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.

Kürdlər - Kürdlər hazırda Naxçıvan MR-nın Sədərək rayonunda rayon mərkəzində, Culfa rayonunun Teyvaz kəndində və Şərur rayonunun Dərəkənd kəndində yaşayırlar. Erməni işğalına qədər isə kürdlər həmçinin Laçın (Qarakeçdi, Çıraqlı və Minkənd kəndləri), Kəlbəcər (Ağcakənd, Zar kəndlərində tam şəkildə digər kəndlərdə isə qarışıq şəkildə), Qubadlı (Zilanlı kəndi) rayonlarında yaşayıblar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar.

Tatlar - Azərbaycanın əsasən Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşan tatlar buraya köçürülən qədim iranlıların qalıqlarıdır və onlar, heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrinə aiddirlər.

- Xınalıqlılar - Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda "Şahdağ xalqları" adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.

- Qrızlılar - Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar.

- Rutullar - Azərbaycanda və Rusiyada etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlayıb. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini).

- Buduqlular - "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilən fərmandır. Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat tərzi keçirirlər.

Ölkəmizdə məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan köçüb gələn molokanların nəslinin davamçıları yaşayır.

İngiloylar - Əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. Onların bir qismi I Şah Abbasın dövründə müsəlmanlığı qəbul ediblər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyəti  tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır.

Assiriyalılar - Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşan assuriyalılarla bağlıdır. Hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşıblar.

Udilər - Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıblar. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya biliblər. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər və bu günə kimi də, bu dinin daşıyıcıları hesab olunurlar.

 

“Paralel”in Araşdırma Qrupu