Xalq qəzeti. - 2018.- 15 noyabr. - ¹ 257. - S. 7.

 

Bir əsrlik yubileyə böyük nailiyyətlərlə

 

Ədliyyə Nazirliyi – 100

 

Rəşadət Ağayev,

Şirvan Apelyasiya Məhkəməsinin sədri

 

Yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımızın həyatında yeni bir mərhələ başlandı. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya göstərdi.

AXC 1918-ci ilin 28 mayından - 1920-ci ilin 28 aprelinədək, yəni cəmi 23 ay mövcud olmasına baxmayaraq, mühüm demokratik hüquqi islahatlar həyata keçirdi. Çətin və mürəkkəb tarixi bir şəraitdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan olundu, dövlət quruculuğu sahəsində ciddi tədbirlər görüldü. Azərbaycanın ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin – mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, təhsil milliləşdirildi, ilk universitet təsis olundu. Bütün bunlarla bərabər, xalqın sonrakı illərdə mədəni yüksəlişinə müsbət təsir göstərən, ictimai fikir tarixi baxımından müstəsna rol oynayan layihələr gerçəkləşdirildi.

Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixi gündə – 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edilmiş, nüfuzlu ictimai-siyasi xadim Xəlil bəy Xasməmmədov həmin quruma rəhbər təyin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq edilmişdir. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.

ADR-in süqutundan sonra Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. Ölkə işğal edildikdən sonrakı dövr – Azərbaycan ədliyyə sistemində bolşevik prinsiplərinə uyğun aparılan dəyişiklikləri, nazirliyin dəfələrlə ləğv edilib, yenidən yaradılmasını da unutmaq olmaz.

1920-ci il sovet işğalından sonra dəfələrlə ləğv edilib, səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına həvalə edilmiş Ədliyyə Nazirliyinin yenidən dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə ulu öndər Azərbaycan rəhbərliyinə gəldikdən bir il sonra, daha dəqiq desək, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmişdir. Bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır. Ulu öndərin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində ölkəmizdə zəruri şərait yaradılaraq milli hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, mühüm addımlar atıldı.

Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə bildirmişdir ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən ulu öndər, həmçinin demişdir: “Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır. Bu gün – bu bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır”.

Ulu öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir.

Prezident ­İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyaslı tarixi hadisə adlandırmışdır: “... Müsəlman aləmində ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 iyun 1995-ci il tarixli iclasında demişdir: “Azərbaycan Respublikasının ilk demokratik dövlətinin, 1918-ci il mayın 28-də yaranmış demokratik respublikasının konstitusiyası olmayıb. Ancaq bu hökumət, bu dövlət fəaliyyət göstərdiyi dövrdə konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş və onların əsasında işləmişdir. Ona görə də onları, demək olar ki, müəyyən qədər konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar”.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti fəaliyyət göstərdiyi dövrdə 640-dan çox hüquqi akt qəbul etmişdir. Bunların arasında məhkəmə təsisatının yaradılması ilə bağlı qəbul olunmuş qanun, qərar və digər hüquqi aktlar da mühüm yer tuturdu. Cümhuriyyət yaradıcılarının fikrincə, hüquqi dövlətin varlığı, həm də müstəqil məhkəmə təsisatının mövcudluğu ilə bağlı idi. F.Xoyski hüquqi dövlətdə məhkəmənin rolunu yüksək qiymətləndirərək bildirirdi: “Yalnız o ölkə, o dövlət hüquqi hesab edilə bilər ki, orada ədalət mühakiməsinin həyata keçirilməsi, həqiqətin müəyyən edilməsi üçün bütün zəruri təminatlarla təşkil edilmiş müstəqil, qərəzsiz, əhaliyə yaxın məhkəmə var. Belə məhkəmədən məhrum olan ölkə həmişə özbaşınalıq və anarxiyanın hakimiyyəti altında olur. Bu zaman ortada hüquq qaydasından söhbət belə gedə bilməz”.

Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində ədliyyə və məhkəmə-hüquq islahatlarının gerçəkləşdirilməsi prioritet istiqamət idi. Cümhuriyyətin elan edildiyi 1918-ci il mayın 28-i tarixində, həm də Ədliyyə Nazirliyinin təsis edilməsi, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədovun ədliyyə naziri təyin olunması bunun bariz ifadəsi idi.

Qeyd edilməlidir ki, Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin fəaliyyətinin bərpa edilməsi, noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəlinin təsdiq olunması Xalq Cümhuriyyəti hökumətinin bu sahədəki səmərəli fəaliyyətindən xəbər verir.

Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə naziri, eyni zamanda, baş prokuror vəzifəsini yerinə yetirirdi. Cümhuriyyətin ədliyyə nazirləri olmuş F.Xoyski, X.Xasməmmədov, A.Səfikürdski və T.Makinski, eyni zamanda, Azərbaycan Demokratik Respublikasının baş prokurorları olmuşlar.

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoymuşdur. Ötən dövrə nəzər salanda Ədliyyə Nazirliyinin ölkəmizin hüquq sisteminin inkişafında əvəzsiz rolunun bir daha şahidi oluruq.

1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi bərqərar etmiş, ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.

“Məhkəmələr və hakimlər ­haqqında” Azərbaycan ­Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə

1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ədalət mühakiməsini həyata keçirən müstəqil məhkəmə sisteminin yaradılmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər verilmiş, bununla da ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyənləşdirmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması qərara alındı. 2000-ci ildə keçirilmiş test ­imtahanları zamanı hakim korpusu

60 faizə qədər yeniləndi. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, ­demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir. 28 dekabr 2004-cü il tarixində isə Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməklə ölkəmizdə aparılan islahatlar nəticəsində yeni təsisat – məhkəmə hakimiyyətinin özünüidarə îrqanı îlan Məhkəmə-Hüquq Şurası təşkil îlunmuşdur.

Prezident İlham Əliyevin

17 avqust 2006-cı il tarixdə imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanla aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri dəqiq müəyyən edilmiş, onun cəmiyyətdə rolu və əhəmiyyəti daha da artmış, nazirliyin üzərinə yeni məsul vəzifələr qoyulmuş, yeni struktur qurumlar yaradılmışdır.

Ədliyyə sistemi ilə ­yanaşı, insan hüquq və azadlıqlarının təmini baxımından ötən müddətdə məhkəmə sistemində yeni dövrün tələblərinə cavab verən islahatların aparılması da dövlət başçısının diqqət mərkəzində olmuşdur. Ötən 12 ildə “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmiş, yeni dövrün reallıqları ilə şərtlənən bir sıra qanunvericilik aktları qəbul olunmuşdur.

Belə ki, bölgələrin inkişafı tədbirlərinin davamı olaraq 2006-cı il yanvarın 19-da Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə prezident fərmanı imzalandı. Məhz bu fərman əsasında bölgələrdə yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələr yaradıldı. Qeyd etmək lazımdır ki, bu fərman işıq üzü görənə qədər respublikamızda yalnız bir Apelyasiya Məhkəməsi fəaliyyət göstərirdi. Bu da bölgələrdə yaşayan insanlar üçün ciddi problemlər yaradır, onların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər törədirdi. Vətəndaşlar birinci instansiya məhkəmələrinin qərarlarından verdikləri apelyasiya şikayəti ilə əlaqədar uzaq məsafə qət edərək Bakıya gəlməyə, əksər hallarda prosesin müəyyən səbəblərdən təxirə salınması ilə bağlı dəfələrlə bu yolu qət etməyə məcbur olurdular. Apelyasiya şikayətlərinin çoxluğu əksər hallarda ədalətli məhkəmə araşdırmasının aparılmasını və iş üzrə yekun qərar vermək imkanlarını da məhdudlaşdırırdı. Regionlarda apelyasiya məhkəmələrinin fəaliyyətə başlaması bu sahədə ciddi dönüş yaratdı.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 19 yanvar 2006-cı il tarixli, 352 saylı fərmanı ilə ölkəmizdə təşkil edilmiş bir sıra yeni məhkəmələrdən biri də Əli Bayramlı Apelyasiya Məhkəməsi (hal-hazırda Şirvan Apelyasiya Məhkəməsi) olmuşdur. Həmçinin həmin fərmanın 9 və 9.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yeni təşkil olunmuş məhkəmələrin yüksək statusuna uyğun olan binalarla təmin edilməsi, məhkəmələrin fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlarla təmin edilməsi məqsədilə tədbirlər görülməsi tapşırılmışdır.

O da qeyd olunmalıdır ki, Şirvan Apelyasiya Məhkəməsi təşkil edilərkən məhkəmə 14 hakim və 33 aparat işçisindən ibarət olmuşdur. Məhkəmə-Hüquq Şurasının 13 oktyabr 2010-cu il tarixli qərarı ilə hakimlərin sayı 3 ştat vahidi artırılaraq, 17 ştat vahidinə çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2012-ci il tarixli sərəncamı ilə məhkəmə aparatı işçilərinin ştat sayı isə 56 ştat vahidi müəyyən edilmişdir. Hazırda Şirvan Apelyasiya Məhkəməsi 17 hakim və 56 aparat işçisi olmaqla, cəmi 73 ştat vahidindən ibarət tərkibdə fəaliyyət göstərir. Bu da 2007-ci illə müqayisədə ştat sayında 36 faiz artım deməkdir. Məhkəmənin fəaliyyəti ilə bağlı hakimlərin baxdıqları işlərin həcminə gəldikdə isə, ötən dövr ərzində işlərin sayında 5,5 dəfə artım olmuşdur.

Bu artım dinamikası və cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Bununla əlaqədar məhkəmə islahatı davam etdirilir, məhkəmələrdə işlərə daha keyfiyyətli baxılması üçün hakim korpusunun sayı artırılır.

Ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ədliyyə və məhkəmə islahatları dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Belə ki, son dövrlərdə yeni məhkəmə komplekslərinin yaradılması, mövcud bir çox məhkəmələrin inzibati binalarının əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi dövlət başçısının məhkəmə-hüquq islahatları sahəsinə verdiyi önəmin bariz nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, bu sahədə əldə edilən müsbət nəticələr nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb etmişdir.

Həyata keçirilən hüquq islahatlarının ən mühüm məqsədlərindən biri də məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Dövlət başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncamı məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoymaqla, vətəndaşların müraciət imkanlarının daha da genişlənməsinə, sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

Əsası cənab Prezident İlham Əliyevin qeyd olunan sərəncamı ilə qoyulan elektron məhkəmə sisteminin tətbiqinin uğurlu nəticəsidir ki, bu günlərdə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olmuşdur. Azərbaycan bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi “Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak etmiş və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək, təsis edilmiş 4 mükafatdan birinə layiq bilinmişdir. Digər qalib gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim edilmişdir.

Sovet İttifaqının dağılmasından sonra cəmi 26 illik müstəqil dövlətçilik tarixi olan ölkəmizin layihəsinin müsabiqədə iştirak edən 37 layihə içərisində mükafata layiq görülməsi və dövlətimizin adının ən yüksək kürsülərdən şərəflə çəkilərək, bir çox Avropa İttifaqı dövlətlərini qabaqlaması respublikamızda son dövrlərdə aparılan məhkəmə islahatlarının uğurundan xəbər verir.

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, vətəndaşların bölgələrdə qəbuluna yetirilən xüsusi diqqətin nümunəsidir ki, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov vaxtaşırı respublikanın müxtəlif bölgələrində vətəndaşların qəbulunu keçirir. Həmin tədbirlərlə yanaşı, yerlərdə ədliyyə işçiləri ilə keçirilən müşavirələrdə ədliyyə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunur, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilir.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədov ötən ilin sonunda Şirvan Apelyasiya Məhkəməsində də olaraq, məhkəmənin fəaliyyəti və iş şəraitinin yaxşılaşdırılması üzrə görülmüş tədbirlərlə tanış olmuş, müşavirə keçirərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunmuşdur.

Məhkəmə sistemində aparılan uğurlu hüquqi islahatlar nəticəsində şəffaflığın maksimum dərəcədə artırılması, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi kimi neqativ halların aradan qaldırılmasını təmin etmək məqsədi ilə atılan addımlar qulluq mövqeyindən asılı olmayaraq ədliyyə sahəsində çalışan hər bir əməkdaşı daha da məsuliyyətlə işləməyə, qanunla üzərilərinə qoyulmuş vəzifələri daha da məsuliyyətlə yerinə yetirməyə sövq edir.

2005-ci ildən etibarən, qısa müddət ərzində müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, həmin ilin fevral ayında yeni qanunvericiliyə uyğun olaraq demokratik əsaslarla formalaşdırılmış Məhkəmə-Hüquq Şurası ədliyyə naziri, birinci dərəcəli Dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə mühüm və səmərəli fəaliyyətə başlamışdır.

Fəxrlə demək olar ki, ötən müddət ərzində Məhkəmə-Hüquq ­Şurasının gördüyü işlərə nəzər salarkən bir daha əmin olursan ki, ölkəmiz qısa bir vaxtda müasir məhkəmə sisteminin yaradılmasına nail olmuş, onun infrastrukturunun yeniləşməsi, hakimlərin ən mütərəqqi üsullarla seçilməsi üzrə böyük işlər görülmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş köklü islahatların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla inkişaf etdirməsinin nəticəsidir ki, beynəlxaq ekspertlərin rəyinə görə, hazırda Azərbaycan dünyanın ən səmərəli məhkəmə-hüquq islahatları aparan 10 ölkəsindən biridir.

Bu sahədə ­uğurlarımızı şərtləndirən amillərdən biri də odur ki, Azərbaycan düzgün olaraq məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi işində qabaqcıl Avropa təcrübəsindən bacarıqla faydalanır.

Ədalət mühakiməsinin əlçatımlılığı zəruriliyini nəzərə alaraq son illər ərzində ölkə ərazisində geniş regional məhkəmə şəbəkəsinin, o cümlədən, vahid apelyasiya məhkəməsini əvəz edən regional apelyasiya məhkəmələrinin, həmçinin ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin yaradılması regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə, son illərdə Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Bu islahatlar çərçivəsində nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində məhkəmə infrastrukturunun yeniləşməsi üzrə görülən tədbirlər xüsusi qeyd edilməlidir. Məlum olduğu kimi, Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi birgə layihələr çərçivəsində 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 5 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, bir neçə məhkəmə üçün bina və komplekslərin intensiv inşası gedir. Ötən illərdə ən müasir tələblərə cavab verən Sabunçu və Şəki məhkəmə komplekslərinin inzibati binalarının açılışı sübut etdi ki, beynəlxalq ekspertlərin qeyd etdiyi kimi, Azərbaycanda inşa olunan məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir.

Dövlət başçısının məhkəmə-hüquq islahatlarına və məhkəmə fəaliyyətinə verdiyi müsbət qiymət hər birimizin qəlbini qürur hissilə doldurduğu kimi, bu sahədə, xüsusilə insan hüquqlarının etibarlı müdafiəsi, korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa qarşı mübarizə ilə bağlı qarşıda duran vəzifələrə dair tapşırıq və tövsiyələri məsuliyyətimizi qat-qat artırır, daha əzmlə çalışmağa səfərbər edir, göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün bütün bilik və bacarığımızı, təcrübəmizi əsirgəməməyə sövq edir.

Azərbaycan Respublikasında qanunun aliliyini, insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyini və səmərəliliyini təmin etmək məqsədi ilə son illər məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar vətəndaşların müraciət imkanlarının asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artmasına, ümumilikdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və bölgələrdə hüquq institutlarının inkişafına təkan vermişdir.

Müstəqil Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi dövlətçilik baxımından çox mühüm işləri görür. Məsələn, normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir. O cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələrinə rəylər verir, hüquqi maarifləndirmə işi görür; mətbu nəşrlərin reyestrini aparır; notariat fəaliyyətinə rəhbərlik edir; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir; məhkəmə qərarlarının icrasının təmin olunmasını təşkil edir; məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir və s.

İnamla demək olar ki, Azərbaycanın ədliyyə işçiləri özlərinin 100 illik yubileylərini böyük nailiyyətlərlə qarşılayırlar. Respublikanın ədliyyə sistemində işləyən bütün insanları əlamətdar gün münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.