Azad Azərbaycan.-2018.-7 noyabr.-¹ 160.-S.7.
“Unutsaq-unudularıq”: Qulamhüseyin bəy Kazımbəyov
Ağasəf İmran: “Ədalət və halallıq tərəfdarı olan Qulamhüseyn bəy Kazımbəyov şəfərli həyat yolu keçib”
Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduqca zəngin, millətə, Vətənə bağlı saysız-hesabsız aydınlarımız olub. Onlar tarixin bu fürsətindən istifadə edib dövlətçiliyimizin yaranması, yaşaması üçün var gücü ilə səy göstəriblər. Təəssüf ki, onların bu səylərinin qarşısını bolşeviklər amansızcasına aldı və bununla kifayətlənməyib həmin ziyalıların bir çoxuna düşmən kəsildi. Buna baxmayaraq bu vətənpərvər oğullarımız əvvəl olduğu kimi bolşevik işğalından sonra da xalq üçün səylərini davam etdirmişlər.
Dövrün özü o qədər qarmaşıq olmuşdur ki, bu gün də həmin tarixi tam təfsilatı ilə öyrənə bilmirik. Zaman keçdikcə həmin dövrlərdə xidməti olan şəxsləri tarix unutmur və yenidən tarixə qaytararaq onları qiymətləndirir.
Belə fəaliyyəti az öyrənilən həmin dövrün xadimlərindən biri də Qulamhüseyin bəy Kazımbəyovdur. O, Çar Rusiyasında, daha sonra Azərbaycan Demokratik Respublikasında ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyovun qardaşı oğludur. Söhbətimizi Qulamhüseyin bəy Kazımbəyovun qızı Şükufə xanımın həyat yoldaşı, ADNSU-nun dosenti, iqtisadçı-alim Ağasəf İmranla davam etdirəcəyik. İndi isə həmin söhbəti təqdim edirik:
- Ağasəf müəllim, söhbətimizin əvvəlində Siz gileyləndiniz ki, Cümhuriyyətimizin 100 illiyi tədbirlərində onun yaradıcılarından biri olan Qulamhüseyin bəy Kazımbəyov barədə heç bir söhbət açılmır və o nə səbəbdənsə heç xatırlanmır. Sözün doğrusu heç mən özüm də onun barəsində məlumatlı deyiləm. Bəlkə, mənə və hörmətli oxuculara onun barəsində bir məlumat verərsiniz.
- Çox təəssüf edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən onun tərkibinə Lənkəran qəzasından müsavatçıların və bitərəflərin nümayəndəsi kimi daxil edilmiş Qulamhüseyin bəy Kazımbəyov tədqiqatçıların diqqətindən kənarda qalıb. Hesab edirəm ki, bu ədalətsizlikdir və “unutsaq-unudularıq” prinsipinə ziddir. Mən Qulamhüseyin bəyi bir qohum kimi tanıyıram və onun Cümhuriyyət, xalq qarşısında xidmətlərinin çox az bir hissəsini qohum-əqrəbadan və qismən də özündən eşitmişdim. Əvvəlcə onu bildirim ki, Qulamhüseyin bəy dövrünün qabaqcıl ziyalılarından biri və Peterburqda ilk təhsil almış azərbaycanlılardan olub. O, 1889-cu ildə Astraxanbazar (indiki Cəlilabad) rayonun Hasıllı kəndində doğulub, sonradan ailəsi ilə birlikdə Qalabazarına (indiki Masallı) köçərək Təzə Alvadı kəndində məskunlaşıb. O, Peterburqda təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və uzun müddət ədliyyə orqanlarında mirzə, vəkil, pristav köməkçisi və digər vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o Lənkəranda, Salyanda, Bakıda yaşamış və həmişə ədalətə xidmət etməklə çox böyük nüfuz qazanıb.
Bəlkə Qulamhüseyin bəy Kazımbəyovun həyatından eşitdiyiniz epizodları xatırladasınız.
Mənim eşitdiyimə görə o Lənkəranda işləyərkən Müslüm Maqomayev də orada müəllimlik edirmiş və onlar möhkəm dost olublar. Onlar birlikdə çəkdirdikləri şəkil indi də mənim arxivimdədir. Onların dostluğu həmçinin sonralar Üzeyir bəylə və xüsusən də Zülfüqar bəylə ailəvi dostluğa çevrilib. Onlar Bakıda bir məhəllədə yaşamış və qonşu olublar. Bu dostluqları məslək və mədəni əlaqələr kimi dəyərləndirmək olar. Qulamhüseyin bəy ixtisasca hüquqşünas olduğu üçün, uzun müddət mirzəlik, vəkillik və tərcüməçilik (o zamanlar üçün daha çox ehtiyac duyulan dilmanclıq) edib. Onun oğlu İnqilab (Toğrul) danışırdı ki, Bakıda inqilabi çaxnaşmalar zamanı, quldurluq üstündə mühakimə olunan İosif Stalinin (Kobanın) məhkəməsi zamanı Qulamhüseyin bəy məhkəmənin tərcüməçisi olub.
1916-1920-ci illərdə Bakıda yaşayan Qulamhüseyin bəy Sabunçu rayonunda hansısa yüksək vəzifə tutmuş Alyoşa Çaparidzenin müavini vəzifəsində çalışmış və onunla dostluq edib. Bu yerdə, yaddaş tarixində qalan, lakin kitab və sənədlərə düşməyən bir epizodu danışmaq yerinə düşər. 1918-ci ilin mart ayında Bakıda törədilən müsəlman qırğınları zamanı İçərişəhərin mühafizə olunmasında onun da təşkilatçılığı sayəsində erməni-daşnak qüvvələri geriyə oturdulmuş və bu zaman həm yerli qoçu dəstələrindən, həm də Çaparidzenin göndərdiyi “drujinaçılar”dan istifadə olunub. Mən şübhə etmirəm ki, o zaman Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyana A. Çaparidzenin göndərdiyi teleqramın hazırlanmasında və göndərilməsində Qulamhüseyin bəyin mütləq və müstəsna rolu olub. O zaman A. Çaparidze Bakı Sovetinə tabe olan Hərbi Dəniz Donanmasının rəhbəri kimi Şaumyana belə bir xəbər göndərir: “Əgər sən Bakı küçələrindəki qırğınları dayandırmasan, mən ixtiyarımda olan gəmilərdən Ermənikəndi topa tutduracağam”. Əgər yaxşı axtarılarsa, bəlkə də arxivlərdən belə bir sənəd tapmaq olar. Heç şübhəsiz ki, Bakıdakı qırğınların dayandırılmasında bu xəbərdarlığın da təsiri az olmayıb.
Belə xidmətlər göstərmiş bir adamı unutmaq olmaz. Bəs, bu şəxs Cümhuriyyət dövründə və sonralar nə işlər görüb, necə yaşayıb? Bu barədə xatirələriniz varmı?
Cümhuriyyət dövründə parlamentdə hüquq bölməsində Xəlil bəylə (onun familiyasını və kim olduğunu çox təəssüf ki, mən bilmirəm) birlikdə çalışıb. Hansı vəzifədə çalışdığını da bilmirəm. Rəhmətlik Qulamhüseyin bəy özü və gördüyü işləri barədə danışmağı xoşlamazdı. Lakin, həyat yoldaşı Gülxanımın danışdığı bir epizodu da oxuyuculara çatdırmağı vacib bilirəm. Belə ki, 1920-ci ildə Sovet hökuməti (bolşeviklər) Bakıda Azərbaycan Xalq Cümhuriyyətini devirən zaman Gəncədə çox böyük xalq üsyanı baş verir və bu üsyanın da rəhbərlərindən biri Qulamhüseyin bəyin əmisi polkovnik Cahangir bəy Kazımbəyov olur. Bakıda baş verən hadisələri düzgün qiymətləndirən Qulamhüseyin bəy xəlvəti Gəncəyə gedib Cahangir bəyi inandıra bilir və razı salır ki, böyük qırğınlardan qaçmaq üçün üsyanı dayandırmaq və gizli fəaliyyətə keçmək daha doğru olar. Beləliklə də Gəncə əhalisinin kütləvi qırğınının qarşısı alınır və bolşeviklərin (əslində isə erməni-daşnakların) Gəncəni məhv etmək planları alt-üst olur.
Məncə Gəncədə qırğınların dayandırılması özü də Bakıdakı qırğınların dayandırılması qədər əhəmiyyətli və qiymətlidir. Bəs sonra, Sovet dövründə?
Bu hadisələrdən sonra təqiblərdən qaçmaq üçün Qulamhüseyin bəy bir müddət ailəsi ilə birlikdə İranda yaşayır. Bir qədər sonra isə Azərbaycana qayıdır, lakin Bakıda yox, Qubada məskunlaşır. Daha sonra isə Bakıya qayıdır və müxtəlif təşkilatlarda hüquqşünas və vəkil kimi çalışır. Lakin, 1937-ci il repressiyası dövründə müsavatçı olduğu üçün izlənilir və həbs edilir. 1937-ci ildə gecə yarısı cəllad xəfiyyələr onu aparırlar. Bu zaman yalnız bir söz deyə bilir: “Üzeyir bəyə çatdırın ki, məni apardılar”. Üç gün həbsdə qalan Qulamhüseyin bəy dördüncü gün Zülfüqar bəyin müşayiət ilə evlərinə qayıdır.
Ömrü boyu ədalət və halallıq tərəfdarı olan Qulamhüseyin bəy Kazımbəyov şərəfli həyat yolu keçmiş, nə Çar hökuməti, nə inqilablar və çaxnaşmalar dövründə, nə də Sovet dövründə heç kəsə pislik etmədiyi üçün onun üzünə duran, onun pisliyini istəyən kimsə olmadığı üçün bütün mühakimələrdən alnıaçıq - üzüağ çıxaraq 93 il yaşadı və 1972-ci ildə vəfat etdi: Onun məzarı Novxanı qəbirstanlığındadır.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu