İki sahil. - 2018.- 8 noyabr. - ¹ 212. - S. 11.

 

Bakı: Bəşəri dəyərlərə sadiqlik nümunəsi, multikulturalizm məkanı

 

Xuraman İsmayılqızı

 

Milli mənəvi sərvətlərini qoruyan, təbliğ edən Azərbaycan xalqı bəşəri dəyərlərə sadiqliyi ilə  multikulturalizmin inkişafına layiqli töhfələrini verir. Təsdiq olunmuş həqiqətdir ki, sivilizasiyalar, Asiya ilə Avropa arasında coğrafi, mədəni, siyasi baxımdan körpü rolunu oynayan Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem, münaqişə yoxdur. Əksinə, Azərbaycanda yaşayan millətlər, müxtəlif dinlərin nümayəndələri ölkəmizin ümumi inkişafı naminə birgə çalışır. Azərbaycanın artıq humanitar platforma adlandırılması xalqımızın birgəyaşayış prinsiplərinə hörmətinin ifadəsidir. Bu baxımdan “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi təbiidir. Müzakirə olunan məsələlərin aktuallığı ilə diqqət çəkən Bakı beynəlxalq humanitar forumlarının paytaxtımızda keçirilməsi ölkəmizin multikultural dəyərlərə sadiqliyidir. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əsas məqsədi budur ki, sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və təhlükəli meyillərin qarşısı alınsın. Birinci Avropa Oyunlarına və IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən ölkəmiz bu təşəbbüsü ilə də yarışlara humanitar əməkdaşlıq prizmasından yanaşaraq dünyada dini radikalizmə, irqi ayrı-seçkiliyə qarşı mübarizənin ön sıralarında olduğunu bəyan etdi. Müsəlman aləmində, Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslərə fərqli yanaşmanın narahatlıq doğurduğu bir məqamda Azərbaycanda təşkil olunan tədbirlərə dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, belə təşəbbüslərə hələ də böyük ehtiyac var. Azərbaycançılıq məfkurəsinin, milli mənəvi dəyərlərimizin əsasını təşkil edən humanizm prinsiplərinə əsaslanan dövlət-din münasibətlərinin tənzimlənməsində, İslami dəyərlərin qorunmasında, tolerantlığın möhkəmlənməsində əvəzsiz rola malik multikulturalizm həm də bəşəri dəyərləri özündə birləşdirir. Xüsusilə Qərb dövlətlərində multikulturalizmin iflasa uğraması ilə bağlı neqativ açıqlamalara illərdən bəri sadiq qaldığı təcrübəsi ilə cavab verən, insani dəyərlərə humanizm baxımından yanaşan və hər cür zorakılığa, ədalətsizliyə qarşı mübarizəni əməli işi ilə göstərən Azərbaycanda plüralizm, birgəyaşayış qaydalarına demokratik yanaşma mövcuddur. Ölkəmizi özləri üçün ikinci Vətən adlandıran azsaylı millətlərin adət-ənənələrinin yerinə yetirilməsi, müxtəlif mədəniyyətlərin qorunub, inkişaf etdirilməsi üçün yaradılan şərait bir daha göstərir ki, multikulturalizm respublikamızda dövlət siyasətinin əsasını təşkil edir və qorunur.  Dünyada baş verən faciələr, bir çox ölkədə islamofob faktların hələ də mövcudluğu, miqrantlara qarşı zorakılıq hallarının davam etməsi, dini radikalizmin “çiçəklənməsi” çox qorxulu tendensiya olmaqla kütləvi qırğınlara səbəb olan terror hadisələrinin artmasına da zəmin yaradır.

İşini başa çatdıran VI Bakı Beynəlxalq Humanitar Forumundan sonra paytaxtımızda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin Konfransının keçirilməsi həm də tolerant Azərbaycan diplomatiyasının gücünün göstəricisidir. Azərbaycan-Fələstin əlaqələrinin inkişafına xüsusi diqqət yetirən ölkəmiz Şərqi Qüds paytaxt olmaqla, Fələstin məsələsinin BMT-nin müvafiq qətnamələri əsasında həllini dəstəkləyir. Fələstin Dövləti də Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini müdafiə edir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bakı belə bir konfransa ev sahibliyi etməklə Fələstin probleminin həllində maraqlı olduğunu nümayiş etdirir.

Azərbaycan BMT-nin ciddi maliyyə çətinlikləri ilə üzləşən Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bu ilin oktyabr ayında 200 min dollar məbləğində yardım edib. Bundan əvvəl, 29 sentyabr 2014-cü ildə Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən 635 min ABŞ dolları həcmində yardım ayrılıb”. Humanitar yardımlarda dəstəyini əsirgəməyən Azərbaycan münaqişə ocaqlarında əziyyət çəkən digər ölkələrin xalqlarına da kömək göstərir. Londonda miqrant probleminə həsr olunmuş “Suriya və regiona dəstək” adlı konfransda çıxış edən, “Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır” söyləyən Prezident İlham Əliyev bildirdi ki, humanizm prinsiplərinə hörmətlə yanaşan Azərbaycanın sadiq qaldığı tolerantlıq və müxtəlif dinlərə ehtiram xalqımızın illərdən bəri qoruduğu ən qiymətli mənəvi sərvətidir. Buna görə də Suriya böhranının mümkün qədər tez həlli dünya siyasətinin gündəliyində duran aktual məsələ olmaqla insanların təhlükələrdən azad olması Azərbaycan xalqının da istəyidir.

Bu günlərdə İspaniyanın paytaxtı Madriddə keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransda böyük tərkibdə iştirak edən Azərbaycan nümayəndə heyətini təmsil edənlər çıxışlarında mültikulturalizmin bəşəri dəyərlərə sadiqliyini əks etdirən ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqa, İslam mədəniyyətinin təbliğinə böyük töhfə verdiyindən ətraflı söz açılıb. Vurğulanıb ki, respublikamızda “Multikulturalizm İli”nin, “İslam Həmrəyliyi İli”nin keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik təşəbbüs olmaqla dini radikalizmə qarşı mübarizəyə çağırış kimi dəstəklənir. Prezident İlham Əliyevin Madrid konfransı iştirakçılarına təbrik məktubunda qeyd edildiyi kimi bəşəri təhlükələrin artdığı bir zamanda sülhün qorunmasına, risklərin azaldılmasına dəstək dünya ictimaiyyətinin əsas vəzifəsi olmaqla gələcəyimizin təminatı baxımından vacibdir. “Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. “Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır” söyləyən cənab İlham Əliyevin sözlərinin məntiqi açıqlaması budur:  Dünyaya açıq olan, sabit məkan kimi tanınan demokratik Azərbaycan dövləti əsrlərə söykənən milli mənəvi dəyərlər üzərində qurulub. Ən əsası odur ki, multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın təşəbbüsləri dünya birliyi tərəfindən təqdir olunur.