İki sahil. - 2018.- 7 noyabr. - ¹ 211. - S. 10.

 

Multikulturalizm: ölkəmizdə dövlət siyasəti, xalqımızın həyat tərzi

 

Əsmət Teymurova,

ADPU-nun Fizika və texnologiya fakültəsi “Texonologiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi

 

Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən ölkə olaraq  əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb və nüfuz qazanıb.

Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər sahələr kimi, multikultural cəmiyyətin  formalaşmasına və inkişafına töhfələrində də özünü qabarıq şəkildə büruzə verir. «Multikulturalizm  bizim həyat tərzimizdir» söyləyən cənab İlham Əliyevin Sərəncamı ilə  2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi, həmçinin 2016-cı ildə ölkəmizin  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsi dövlətimizin multikulturalizm, tolerantlıq təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacibliyinə işarə, eyni zamanda bu sahədə əldə etdiyimizi uğurların təqdimatı kimi dəyərləndirilməlidir.  Azərbaycanın İslam aləmində qazandığı nüfuz, tolerant ölkə kimi möhkəmlənən mövqeyi  2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında da  öz ifadəsini tapıb.

25 ildən artıqdır ki, Ermənistanın əsassız torpaq iddiası nəticəsində  yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmayıb. Münaqişə nəticəsində  bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dövlətimizin dəyişməz mövqeyini bəyan edib: Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, soydaşlarımızın pozulmuş hüquqları bərpa olunacaq, öz doğma yurd-yuvalarına qayıdacaqlar. Ölkəmizin ev sahibliyi etdiyi humanitar forumların, Ümumdünya Sivilizasiyalararası Dialoq forumlarının, dini sammitlərin də əsas müzakirə mövzusu məhz ədaləti qorumaq, münaqişəli məsələlərin həllinə dəstək olmaq, ən əsası birlik, həmrəylik nümayiş etdirməkdir.  İstər  “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda, istərsə də bu günlərdə VI Bakı Beynəlxalq Humanitar Forumunda dövlətimizin başçısı İlham  Əliyev bildirmişdir: “Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik.”

Bu fakt inkaredilməzdir ki, 2008-ci ildə  Azərbaycanın təşəbbüskarı olduğu «Bakı Prosesi»  mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Nəzərə alsaq ki,  Azərbaycan  həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan  bir neçə dövlətdən biridir, bu halda ölkəmizin multikultural cəmiyyətlərin inkişafına töhfələrinin böyüklüyü daha aydın görünər. Avropa dövlətlərini bir araya gətirən qurumun üzvü olan Azərbaycan, eyni zamanda,  islam ölkələrinin birləşdiyi təşkilatda təmsil olunmaqla bir daha Şərqlə Qərb arasında korpü roluna aydınlıq gətirir.   Azərbaycanın yerləşdiyi coğrafi məkanın beynəlxalq münasibətlər sistemində önəmi hər kəsə məlumdur. Ölkəmiz yerləşdiyi coğrafi məkanla yanaşı,  irəli sürdüyü təşəbbüsləri ilə  mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi möhkəmlənən mövqeyinə yeni əlavələr edir.  Azərbaycanın müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən ölkə olduğunu  təsdiqləyən bu  mühüm hadisələri də qeyd etmək istərdik.  Ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.   Cənab İlham Əliyevin qeyd etdiyi kimi, məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.

Təhlillər fonunda multikulturalizmin, tolerantlığın  dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olduğu daha aydın görünür və təsdiqlənir. Bu gün dünyada cərəyan proseslərə, qarşıdurmalara diqqət yetirsək, dini ayrı-seçkiliyin gücləndiyi, problemlərin dərinləşməsində katalizator rolu özünü qabarıq şəkildə büruzə verir.   Dini müxtəliflikdə biryaşayışın “qızıl ortası” kimi dəyərləndirilən tolerantlıq məhz bu kimi qarşıdurmalara son qoyulmasında, sülh, birlik, həmrəylik, əməkdaşlıq simvolu olaraq ölkələrin, xalqların daha da yaxınlaşmasında yardımçı funksiyasını yerinə yetirir. Dövlətimizin başçısı İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunları ilə bağlı səsləndiridyi fikirləri xatırlatmaq istərdik:  «Oyunlar təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.»

Ölkə Prezidenti İlham Əliyevin “İslam Həmrəyliyi İli” çərçivəsində islam ölkələrinə ardıcıl səfərləri çərçivəsində keçirilən görüşlərdə də bu günümüzün əsas çağırışlarından birinin islam həmrəyliyi olduğu əsaslı şəkildə diqqətə çatdırılmışdır. Ötən ilin dekabrında  İstanbulda  keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsəələsi ilə bağlı fövqəladə  Zirvə toplantısında da cənab İlham Əliyev  Azərbaycanın islam həmrəyliyi işinə böyük töhfə verdiyini önə çəkməklə yanaşı,  işğalçı  Ermənistanın məscidlərimiz və  islam abidələri daxil olmaqla bütün mədəni abidələrimizi məhv etdiyi halda  müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyinə münasibətini açıqlamışdır . “Bu,  ən böyük  riyakarlıqdır” söyləyən dövlətimizin başçısı  bəyan etmişdir: “Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimzi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.”

Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır.