Bakı Xəbər. - 2018.- 6 noyabr. - ¹ 191. - S. 10.

 

Qazax Müəllimlər Seminariyasının 100 yaşı, Prezidentin diqqəti və maraqlı tarixi faktlar...

 

Ermənilər Firudin bəy Köçərlini qətlə yetirəndən sonra...

 

İradə Sarıyeva

 

Məlahət Mürşüdlü: “Azərbaycanda ilk dünyəvi təhsil verən milli müəllim kadrlarımız bu seminariyanın yetirmələri olublar”

“Seminariyada təhsil alanlar təkcə Cümhuriyyət dövründə deyil, Sovet illərində də təhsilimizin, mədəniyyət və incəsənətimizin, ədəbiyyatımızın inkişafına böyük təkan verən simalar oldular”

 

Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illiyi ilə bağlı sərəncam imzalayıb. Milli təhsilin, milli pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayan seminariyanın əsasının qoyulması həqiqətən də böyük əhəmiyyət daşıyıb.

Sənəddə qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir. “Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var. Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur” - deyə bildirilir.

 

Cümhuriyyətin yaşıdı Qazax Müəllimlər Seminariyası...

 

Azərbaycanda milli təhsilin inkişafında və pedaqji kadrların hazırlanmasında əsas rol oynayan Qazax Müəllimlər Seminariyası bu statusda cəmi iki il fəaliyyət göstərə bilsə də, milli təhsil sisteminin özülünün qoyulmasında əvəzsiz iş görməyə müvəffəq oldu.

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkəmizdə təhsilin milliləşdirilməsi məsələsi əsas istiqamət kimi meydana çıxdı. 1918-ci ildə Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi bir sıra zəruri məsələləri, xüsusən də milli təhsil amilini zamanın tələbinə çevirdi. Həmin dövrdə məktəblərin milliləşdirilməsi və məktəb islahatlarının aparılması bir vəzifə olaraq Cümhuriyyət hökumətinin qarşısında dayanırdı.

“Milli pedaqoji kadrların yetişməsində Qazax Müəllimlər Seminariyasının rolu əvəzsizdir”

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə bildirdi ki, ölkə başçısının Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam xalqımızın təhsil tarixində mühüm rol oynayan bir ocağa verilən böyük dəyərdir.

Seminariyanın Azərbaycanın təhsil tarixində və pedaqoji kadrların hazırlanmasında oynadığı roldan danışan M.Mürşüdlü qeyd etdi ki, seminariyanın məzunları bir təhsil kadrları kimi təhsilimizin inkişafında böyük rol oynayıblar. O bildirdi ki, həmin dövrdə Azərbaycan dilində təhsil verə biləcək müəllimlərin sayının az olması milli müəllim kadrlarının hazırlanmasını zəruri edib. M.Mürşüdlü vurğuladı ki, Azərbaycan dilində dərs deyə biləcək müəllim qıtlığı probleminin həll edilməsi istiqamətində işlərə başlandı və Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi gündəmə gətirildi, Cümhuriyyət hökuməti bu məsələni həyata keçirdi. “Bilirsiniz ki, 1918-ci ildə Cümhuriyyət dönəmində Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü. Həmin dövrdə Cümhuriyyətin savadlı, təhsil görmüş, şagirdlərə, tələbələrə dünyəvi təhsil verən müəllimlərə böyük ehtiyacı var idi. Qazax Müəllimlər Seminariyası bu ehtiyacın ödənilməsi sahəsində çox qısa müddət ərzində böyük işlər görə bildi. Bu baxımdan, deyə bilərik ki, Azərbaycanda ilk dünyəvi təhsil verən milli müəllim kadrlarımız seminariyanın yetirmələri olublar. 1918-ci ilə qədər bizim məktəblərə dünyəvi təhsil görən müəllimlər Rusiyadan dəvət edilirdilər və təbii ki, onlar da rus dilində dərs deyirdilər. Ancaq milli pedaqoji kadrların yetişməsində Qazax Müəllimlər Seminariyasının rolu əvəzsizdir. Qazax Müəllimlər Seminariyasında təhsil alan insanlar Azərbaycan təhsilinin, elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafında mühüm rol oynadılar. Seminariyada təhsil alanlar təkcə Cümhuriyyət dövründə deyil, Sovet illərində də təhsilimizin, mədəniyyət və incəsənətimizin, ədəbiyyatımızın inkişafına böyük təkan verən simalar oldular. Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Seyfulla Şamilov və başqaları kimi böyük şəxsiyyətlərimiz Qazax Müəllimlər Seminariyasında təhsil alıblar. Onlar bu seminariyanın ilk tələbələridir” - deyə bildirən M.Mürşüdlünün sözlərinə görə, 1940-cı ildə bu seminariya Qazax Pedaqoji Texnikumuna çevrilib və bolşevizm ideologiyasına uyğun kadrlar hazırlamağa başlayıb. “Həmin texnikumun qurulmasında atam Cəfər Mürşüdlünün rolu böyük olub. Bu texnikumun qurulması Mircəfər Bağırov tərəfindən ona həvalə edlib”. Hazırda 100 yaşını qeyd etməyə hazırlaşdığımız seminariyanın bazasında Qazax Müəllimlər İnstitutunun fəaliyyət göstərdiyini deyən M.Mürşüdlünün bildirdiyinə görə, bu gün də həmin məkan maarifçilik ənənəsinə sadiqdir.

M.Mürşüdlü bildirdi ki, Firudin bəy Köçərlinin daşnaklar tərəfindən faciləi şəkildə qətlə yetirilməsi milli maarifçiliyimizə də zərərsiz ötüşməyib.

 

Seminariyanın formalaşmasında Firudin bəy Köçərli izləri…

 

Qazax Müəllimlər Seminariyasının yaradılması və fəaliyyəti tarixinə nəzər salarkən çox möhtəşəm və maraqlı səhifələrlə qarşılaşırıq. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi məqsədilə Azərbaycan hökumətinin 1918-ci il 22 iyun tarixli qərarı ilə bölmənin keçmiş inspektoru, böyük Azərbaycan pedaqoqu, maarifçisi  Firudin bəy Köçərlinin sərəncamına beş min rubl pul vəsaiti ayrıldı.

Beləliklə, Azərbaycan bölməsi Qazaxa köçürülərək müstəqil seminariyaya çevrilib və burada fəaliyyətini davam etdirib. Azərbaycan xalq maarif naziri Nəsib bəy Yusifbəylinin 1918-ci il 12 oktyabr tarixli əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli həmin il oktyabrın 1-dən seminariyanın direktoru təyin edilib. Seminariyada İsfəndiyar bəy Vəkilov rus dili və təbiət elmlərindən, Yusif Qasımov tarix fənnindən, Əli Hüseynov tarix və coğrafiyadan, Məhəmməd Hüseynzadə riyaziyyatdan, İbrahim Əfəndi Qayıbov isə ana dilindən dərs deyirdi.

Qazax Müəllimlər Seminariyası 1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürüldükdən sonra bütün respublikada böyük bir maarifçilik ocağı kimi tanınmağa başlayır və bu ocağın başında onun bura köçürülməsində əvəzsiz xidmətləri olan görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərli dayanırdı.

 

Seminariya nə üçün Qazaxda fəaliyyət göstərirdi?

 

Təhsil ekspertlərinin qənaətinə görə, seminariyanın Qazaxa köçürülməsinin əsas səbəblərindən biri buranın bir sıra rayonlara yaxın olması ilə bağlı idi.

Məlumatlara görə, Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H.Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa, Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya Xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi.

Bu gündən 100 il əvvələ baxdıqda görürük ki, o seminariya nə qədər çətin şəraitdə fəaliyyət göstərib, lakin heç vaxt öz əzəli məqsədindən dönməyib.

XX əsrin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında bu seminariyanın yetişdirdiyi kadrların rolu doğrudan da əvəzsizdir. Seminariyanın milli təhsil tariximizin inkişafı baxımından rolu haqqında pedaqoji irsimizi araşdıranlar çox yüksək fikirlər söyləyiblər, yazıblar.

 

Təhsildə milliləşmə və burada seminariyanın rolu…

 

Ekspertlər qeyd edirlər ki, müəllimlərin 1906-cı ildə keçirilən 1-ci və 2-ci qurultaylarında iştirak edən Firidun bəy Köçərli çıxışlarında təhsilin milliləşdirilməsi məsələsini aktuallaşdırırdı. O hesab edirdi ki, milliləşməni təhsilin məzmunundan başlamaq lazımdır.

Firudin bəy Köçərli “Azərbaycan” qəzetində Qazax əhalisinin Qori Seminariyasının Azərbaycan şöbəsinə 10 desyatin yer ayıracağı, birdəfəlik 3 min manat və hər il min manat pul verəcəyi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında məsələ qaldırdığından bəhs edib. “Nəhayət, ADR hökuməti 1918-ci il 10 iyul saylı iclasının qərarı ilə qazaxlıların arzusunu yerinə yetirmişdi” - deyə “Azərbaycan” qəzeti yazırdı.

Pedaqoqlar yazırlar ki, Firudin bəy Köçərli Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət göstərdiyi dövrdə özünün xalqımızın balalarının maariflənməsi, milli tariximizə, soykökümüzə bələd olması ilə bağlı istək və arzularının həyata keçirilməsinə çalışırdı. Cümhuriyyətin maarif naziri Həmid bəy Şahtaxtinski köhnə proqramları yeni dövrün tələblərinə uyğun olaraq yenidən tərtib etmək məqsədilə F.Köçərliyə göndərmişdi. O, təhsildə milliləşmə ilə əlaqədar proqramlarda Azərbaycan türkcəsinə uyğun gəlməyən bəzi sözləri redaktə etməklə kifayətlənməmiş və Cümhuriyyətin “Azərbaycan tarixi” kursunun proqramını qəbul etmiş, tarix dərslərini həmin proqrama əsaslanaraq keçirməyi təklif etmişdi. Proqramda türk qəbilələri və xalqları, qədim türk dövlətləri, Mahmud Qəznəvi sülaləsinin hökmranlığı dövrü, türk səlcuqları və onların mədəni xidmətləri, Azərbaycan haqqında tarixi arayış, Şah Abbas, Nadir şah, Şirvan xanları və s. haqqında biliklər açıqlamaq və müəyyən məlumatlar vermək nəzərdə tutulmuşdu.

Qazax Müəllimlər Seminariyası Cümhuriyyətin təhsil sisteminin milli əsaslar üzərində qurulmasında, həqiqi mənada, bir təcrübə, dayaq rolu oynaması ilə tarixi vəzifəni yerinə yetirdi.

Eskpertlər qeyd edirlər ki, seminariya müəllimlərinin köməyilə yaşlılar üçün savad kursları da açılırdı. Cümhuriyyət 1920-ci il fevralın 2-də 4 seminariyanın açılmasına icazə verdi. Belə seminariyalardan biri də Zaqatalada qızlar üçün açılmışdı. Qeyd edək ki, açılan müəllim kursları və seminariyalarda Qazax Müəllimlər Seminariyasının təcrübəsindən geniş şəkildə istifadə olunurdu.

Azərbaycanın milli təhsilinin, pedaqoji sisteminin formalaşmasında, qurulmasında müstəsna rol oynayan 100 yaşlı Qazax Müəllimlər Seminariyasının oynadığı tarixi rol nəsillərdən-nəsillərə qürurverici bir örnək kimi keçəcək.