Paralel. - 2018.- 3-5 noyabr. - ¹ 188. - S. 10.

 

Azərbaycanın tolerantlıq dəyərləri müdafiə olunur və dəstəklənir.

 

Azərbaycanda həm ölkə, həm də beynəlxalq səviyyədə dinlərarası harmoniya əldə olunub

 

 Bu gün heç kim şübhə etmir ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Milli və dini ənənələrə çox bağlı olan ölkəmizin gələcək inkişafında da bu dəyərlər xüsusi önəm daşıyır. Azərbaycan dövlətçiliyi də dərin milli ənənələr, milli-mənəvi dəyərlər üzərində qurulub. Həmin dəyərlərin məcmusu üzərində qurulan multikulturalizm modelini də, bu gün əksər dünya ölkələri tanıyır. Cenevrədə, BMT-nin qərargahında dinlər, məsləklər və digər dəyər sistemləri olan bərabər vətəndaşlıq hüquqlarının möhkəmləndirilməsi məqsədilə güclərin birləşdirilməsi mövzusunda keçirilən beynəlxalq konfrans buna əyani sübutdur.

Müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar arasında birgəyaşayışın, sülhün və əməkdaşlığın təbliğ olunmasına, inklüziv cəmiyyət ideyasının təşviq və təbliğinə həsr olunan konfransda bir sıra ölkələrin yüksək rütbəli dövlət xadimləri, alimlər, dinlərarası və mədəniyyətlərarası dialoqu təbliğ edən beynəlxalq mərkəzlərin rəhbərləri, müsəlman, xristian, yəhudi və digər dini icmaların rəhbərləri, həmçinin, etnik və dini məsələlər üzrə beynəlxalq təşkilatların xüsusi məruzəçiləri işirak edib.

Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "Bərabər vətəndaşlıq hüquqları: yeni paradiqmaya tərəf irəliləyərək" adlı sessiyada "Bərabər və inklüziv vətəndaşlıq hüquqlarının Azərbaycan modeli" mövzusunda çıxış edib.

E.Nəcəfov Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının əsas göstəricisi sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsini, bütün dinlərin və dini məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətinə dövlət tərəfindən hər cür dəstəyin, o cümlədən, maliyyə dəstəyinin göstərilməsini xüsusi qeyd edib. E.Nəcəfov söyləyib ki, Azərbaycanda dinlərarası münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulub.

Konfransın sonunda bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi məqsədilə dünya miqyasında daha böyük mənəvi konvergensiyaya tərəf irəliləmək adlı yekun bəyannamə qəbul edilib. Həmin bəyannamədə əsası Prezident İlham Əliyev tərəfindən qoyulan, dünyada mədəniyyətlərarası dialoqun təbliğ və təşviq olunmasına yönələn "Bakı prosesi"nə dair məlumat da öz əksini tapıb.

Etibar Nəcəfov tədbir çərçivəsində Dini Liderlərin Dünya Şurası təşkilatının baş katibi Bava Cain, BMT-nin din və inkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kərəm, İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi ilə görüşüb. Bu görüşlərdə şöbə müdiri Azərbaycan cəmiyyətində mövcud olan dinlərarası dialoq və qarşılıqlı anlaşma şəraiti, həmçinin dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi sahəsində həyata keçirdiyi siyasət haqqında məlumat verib. Bu görüşlərdə iştirak edənlər Azərbaycanın millətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində həyata keçirdiyi siyasəti alqışladıqlarını bildiriblər. Onlar Azərbaycandakı dini tolerantlığın bir sıra digər ölkələr üçün də nümunə olacağına ümid etdiklərini vurğulayıblar.

Prezident Administrasiyasının şöbə müdiri bu tədbir çərçivəsində müxtəlif səpkili digər görüşlər də keçirib. O, İsveçrənin Bern şəhərində yerləşən Mədəniyyətlərarası Dialoq - Dinlər Evinə də baş çəkib, qurumun rəhbəri David Lötviyler ilə görüşüb. Görüş çərçivəsində həmsöhbətlərinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə geniş məlumat verib.

Cari ilin sentyabrında Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası keçirilib. Hər il payızda keçirilən bu mötəbər tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat verirlər.

Tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri ilə yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri də iştirak edib. Sözügedən tədbir çərçivəsində "Antisemitizmlə mübarizə; dini və ya etiqadi zəmində, o cümlədən, xristianlara, müsəlmanlara və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə" mövzusuna həsr olunmuş 6-cı işçi sessiyası keçirilib. Sessiyada çıxış edən Etibar Nəzəfov tədbir iştirakçılarına "Bakı prosesi" haqqında geniş məlumat verib. PA sözçüsü "Bakı prosesi"nin tarixi, məqsədləri və iştirakçıları barədə danışıb. E.Nəcəfov bu il Azərbaycan Prezidentinin sərəncamı ilə həmin prosesin 10 illiyinin ölkəmizdə qeyd edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Roma şəhərində xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliklərində ATƏT-in İtaliya sədrliyi və təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə təşkilatçılığı ilə "ATƏT regionunda hərtərəfli cavaba doğru: din və etiqad zəminində dözümsüzlük və ayrı-seçkiliklə mübarizəyə dair" mövzusunda konfrans keçirilib. Konfrans ötən ay gerçəkləşib.

Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov da bu mötəbər tədbirdə iştirak edib. Yüksək səviyyədə gerçəkləşən konfransda irqçilik, ksenofobiya, antisemitizm, xristianlara, müsəlmanlara, digər din və etiqad nümayəndələrinə münasibətdə dözümsüzlük barədə çıxışlar edilib. Dini azadlığın və plüralizmin təmin edilməsində dözümlülük və ayrı-seçkiliklə bağlı məsələlər müzakirə olunub.

E.Nəcəfov Azərbaycanda dövlət-din münasibətlərinin xüsusiyyətləri barədə çıxış edib. O bildirib ki, müasir dövrdə qloballaşma şəraitində dünya ölkələrində etnik, dini, mədəni müxtəlifliklərin artdığı müşahidə olunur və onları tənzimləmək vacibdir.

Şöbə müdiri multikulturalizm siyasətinin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal siyasət modeli olduğunu söyləyib. O, Azərbaycanın ölkədəki etnik-mədəni müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə tənzimləyən nadir ölkələrdən biri olduğunu deyib. PA sözçüsü eləcə də, Azərbaycanda multikulturalizmin dövlət və xalq tərəfindən dəstəkləndiyini bildirib. O həmçinin, multikulturalizmin Azərbaycanın daxili siyasətinin tərkib hissəsi kimi çıxış etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun əsas təzahürü kimi, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. E.Nəcəfov buna əsas göstərici kimi Azərbaycanda dini azlıqların azadlıqlarının təmin edilməsini, bütün din və məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsini və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasını qeyd edib.

Tolerantlıq, dini dözümlülük və multikulturalimlə bağı bu il keçirilən tədbirlər silsiləsi bununla yekunlaşmayıb. Belə ki, ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində oktyabrın 7-9-da keçirilən beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub. 50 ölkənin siyasi-ictimai və din xadimlərinin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan hüquqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb. Simpoziumda bir sıra tanınmış dövlət xadimləri, o cümlədən, ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Sem Braunbek, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Haqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak edib.

Simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqqında geniş məlumat verib.

O, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların da qarşılıqlı anlaşma, mehriban qonşuluq, həmçinin, əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul ölkəmizdə tarixən mövcud olan dözümlülük ənənələrin qorunması və inkişafının, multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqətində olduğunu vurğulayıb.

Azərbaycanın dinlər arasındakı harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda, Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söz açıb.

Bütün görüşlərdə söylənənlər Azərbaycanda həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniya ilə bağlı mühüm nailiyyətlər əldə edildiyini göstərib. Ümumiyyətlə, multikultural və tolerant dəyərlərin ölkəmizdə necə həyata keçirildiyi xaricdə baş tutan beynəlxalq səviyyəli konfranslar, simpoziumlar və görüşlərdə əhatəli şəkildə diqqətə çatdırılıb. Eləcə də, Azərbaycanın tolerantlıq dəyərlərinin müasir cəmiyyətdə necə müdafiə olunduğu həmin tədbirlərdə geniş şəkildə işıqlandırılıb.

Bir sözlə, dünyada müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun davam etdirilməsinə duyulan ehtiyac beynəlxalq səviyyədə diqqətə çatdırılıb. Bütün bunların fonunda, vurğulanıb ki, dinlərarası sülhün timsalında ölkəmizin mövcud multikultural və tolerant dəyərlərə malik modeli dünya ölkələrinə bir nümunədir.

 

 “Paralel”in Araşdırma Qrupu