Paralel. - 2018.- 2 noyabr. - ¹ 187. - S. 10.

 

Müasir dünyamız millətçilik, ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən əziyyət çəkir

 

Ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühitinin təbliği və təşviqi təkcə Bakı Forumu ilə məhdudlaşmır

 

Tarixən insanlar öz əcdadlarının adət-ənənələrinə, doğma torpaqlarına, qərarlaşdıqları ərazilərə və burda mövcud olan hakimiyyətlərə sadiq olublar. Lakin 18-ci əsrin sonları insan cəmiyyətində yaranan yeni meyllər (məsələn, maarifçilik hərəkatı, sənaye inqilabı) insanları millətçiliyə sövq etməyə başlayıb. Beləliklə, millətçilik modern anlayış olaraq, ilk dəfə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində Avropada meydana gəlib və müxtəlif zamanlarda, fərqli Avropa ölkələrində bir neçə formada təzahür edib. Sonralar millətçilik ictimai və fərdi həyatın ümumi qəbul olunan, ayrılmaz sentimentinə və müasir tarixin yeganə müəyyənedici faktoruna çevrilib. Onun ilk güclü təzahürləri kimi, Fransa və Amerika inqilablarını göstərmək olar. 19-cu əsrin əvvələrindən başlayaraq millətçilik Mərkəzi Avropada geniş yayılıb və sonralar Latın Amerikası, daha sonra isə Şərqi və Cənubi Avropa ölkələrinə nüfuz edib. 20-ci əsrin əvvələrində isə millətçilik Asiya və Afrika qitələrində çiçəklənməyə başlayıb. Beləliklə, 19-cu əsr "Avropa millətçiliyi əsri" adlanırsa, 20-ci əsr də Asiya və Afrika millətçiliyi əsri hesab olunur.

Millətçilik tarixi zərurətdən doğan fəlsəfi-mədəni anlayış, sosial-siyasi ideya, məfkurə və mübarizə forması kimi geniş araşdırılmalı, müsbət və mənfi təzahürləri öyrənilməlidir. Onun müsbət cəhətlərindən faydalanaraq güclü, məsuliyyətli və təəssübkeş millət quruculuğu istiqamətində tədbirlər həyata keçirmək olar.

İkinci Dünya Müharibəsinə kimi millət, millətçilik pərakəndə şəkildə araşdırılsa da, müharibədən sonra ABŞ və Avropada Karlton Heys, Hans Kohn, Alfred Kobban, Luiz Snayder kimi tarixçilər, Karl Doyş, Eli Kedori, Tom Nairn, Con Brulli, Erik C. Hobsbaum, Ernest Qellner, Benedikt Anderson kimi modernistlər və 1980-90-cı illərdən etibarən etno-simvolçu Con Armstronq, Antoni D. Smit, Con Hatçinson kimi nəzəriyyəçilər tərəfindən  "hazır ictimai kateqoriya", "modern dövr anlayışı" kimi və "etnik keçmiş və mədəni amillər" kontekstindən  daha geniş və sistemli şəkildə tədqiq olunub.

Bu səbəbdən də millət, millətçilik anlayışları və millətçiliyin liberal, mühafizəkar və radikal formaları müxtəlif ədəbiyyat, akademik məqalə və digər internet resurslarına (ensiklopediya və s.) istinadən təhlil olunur. Bu təhlillərin məqsədi millət və millətçilik anlayışlarına müxtəlif yanaşmaları və baxışları təhlil edərək Avropa millətçiliyinin meydana gəlməsi və formalaşmasını, həmçinin, millətçiliyə müasir baxışları müzakirə etmək və liberal, radikal və mühafizəkar millətçiliyin spesifik xüsusiyyətlərini üzə çıxarmaq, eyni zamanda, "millətçilik neqativ yoxsa, pozitiv fenomendir" sualına cavab tapmaqdır.

Əslində, millətçilik müasir dünyanın tələblərinə uyğun gəlmir və qloballaşmanın əksinə olan bir məfhumdur. Son zamanlar bu ifadəni işlədənlər üstünlük təşkil edir. Doğrudan da, radikal millətçilik mənfi fəsadlar verə bilər. O zaman ki, əsl millətin nə demək olduğunu bilməyəsən və yaxud, millət kimi üstün xüsusiyyətlərə sahib olmayasan. Ermənilər kimi öz tarixi, mədəniyyəti qədim köklərə dayanmadığından, başqa xalqlara məxsus olanı almağa cəhd edəsən. Elə bir fəsad toxumları ilə köklənəsən ki, öz xalqından başqa, hamını məhv etməyə hazır olasan. Üstəgəl, özün millətçi ola-ola başqa ölkələrdə bunu qloballaşmanın əleyhinə olan bir hal kimi pisləyib, insanların düşüncələrini qarışdırasan. Bu da, daha çox ermənilərin havadarları olan ruslara aiddir. Son zamanlar müasir rus dövlətinin nə cür işğalçı siyasət yeritdiyini bütün dünya gördü. Təbii ki, elə millətçi, vətənsevər insanlar var ki, onlar canlarını torpaq uğrunda heç çəkinmədən qurban verirlər. Doğrudur, adam indi bu fikirləri səsləndirməyə ehtiyat edir. Həyat üzünə cilvəli bir maska çəkdiyindən hər birimiz hər şeyi elə maskalı görürük. Hətta vətənsevərlərə belə dırnaqarası baxırıq. Təəssüf ki, dövrümüzün özünü "avropalaşmış" hesab edən insanları elə başa düşür ki, bu düşüncələrlə çıxış etmək, millətçi olmaq, geridə, yəni keçmişdə qalmağın, yaxud faşist düşüncələrə sahib olmağın əlamətidir. Əslində isə bütün bunlar bir Azərbaycan xalqı olaraq bizə yad elementlərdir.

Çünki tolerantlıq xalqımızın çox qədimdən gələn həyat tərzidir, yaşamıdır. Bu səbədən də ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm dünyanın bir çox ölkələrində maraqla qarşılanır və birgəyaşayışın ən mükəmməl nümunəsi kimi təqdir olunur. Bunun nəticəsidir ki, Bakıda hər il keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşan iştirakçıların da sayı ildən-ilə artır. Onların arasında nüfuzlu ekspertlər, habelə, bütün dünyanı təmsil edən ictimai təşkilatların və dövlət qurumlarının nümayəndələri çoxluq təşkil edirlər.

Bu tədbirin iştirakçısı olan Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib ki, Azərbaycan paytaxtında təşkil edilən Forum ildən-ilə genişlənir, hər dəfə tədbir iştirakçılarının sayı artdığı müşahidə edilir bu da onun əhəmiyyətinin və nüfuzunun artmasının göstəricisidir. Forumun fərqləndirici cəhəti ondan ibarətdir ki, onun tərəfdaşları arasında UNESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, Dünya Turizm Təşkilatı , Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası  kimi nüfuzlu beynəlxalq qurumlar var. Bütün bunlar xalqların, ölkələrin bir-birinə hörmət ruhunda ünsiyyətinin aktuallığına və bu cür ünsiyyətə ehtiyac olduğuna dəlalət edir. Müasir dünyamız millətçilik, ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən əziyyət çəkir. Bunun yeganə çarəsi xalqların bir-birinin mədəniyyətini öyrənməsi ilə müşayiət olunan fasiləsiz dialoqdur, çünki hər bir millətin ən yaxşı cəhətlərinin universal daşıyıcısı, məhz mədəniyyətdir.

Bu da məlumdur ki, bu forumlar Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur. Çünki Azərbaycan multikulturalizm modeli bütün ölkələr üçün etalon hesab edilə biləcək bir həyat tərzi formasıdır. Ona görə ki, bu model dünyaya təhlükəsizlik təklif edir. Mahiyyət etibarilə də bütün Azərbaycan daimi qarşılıqlı fəaliyyət, fasiləsiz mədəniyyətlərarası dialoq məkanıdır. Dövlətimizin başçısı, Prezident İlham Əliyev də dünyaya məhz elə bir nümunəvi ölkənin olduğunu göstərməyə çalışır ki, orada qarşılıqlı dialoqda heç vaxt fasilə yaranmır. Buna görə də Azərbaycan hamının hamı ilə mübarizəsinin nə demək olduğunu bilmir. Lakin çox təəssüflər olsun ki, siyasətin əsasını millətçilik və ya düşüncəsiz psevdo siyasi korrektlik təşkil edən ölkələrdə bunun tam əksini müşahidə edirik.

Bu gün dünyada Bakı Mədəniyyətlərarası Dialoq Forumu qədər qlobal məsələləri əhatə edən ikinci bir platforma yoxdur. Buna görə də, dünya siyasi və intellektual təfəkkür elitasının nümayəndələri qarşılıqlı anlaşma körpüləri qurmaq üçün bu platforma çərçivasində, məhz, Bakıda toplaşırlar. Bu təkcə ona görə deyil ki, Azərbaycan müxtəlif millətlərə və müxtəlif konfessiyalara mənsub olan insanların birgə, ahəngdar yaşamasına canlı nümunədir, həm də ona görə ki, bu dövlət özünü ən yüksək səviyyəli tədbirlərin təşkilatçısı kimi artıq çoxdan dünyaya tanıda bilib.

O da məlum həqiqətdir ki, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühitinin təbliği və təşviqi təkcə Bakı Forumu ilə məhdudlaşmır. Ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, dini konfessiyalar, ictimai birliklər və qeyri- hökumət təşkilatları (QHT) da ölkəmizdəki mültikulturalizm və birgəyaşayış modelinin təbliğində fəal iştirak edirlər. Belə qurumlardan biri olan Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu tədbirin keçirilməsində məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqi olub.

Konfransda çıxış edən ekspertlər, müxtəlif qurumların nümayəndələri və xarici qonaqlar multikulturalizim və tolerantlıq, birgəyaşayış və etnomədəniyyət, eləcə də digər aktual məsələləri əhatə edən geniş məruzələrlə çıxış ediblər. Ermənistandan olan nümayəndələrin də çıxışları diqqət çəkib.

Forum iştirakçıları öz məruzələrində Azərbaycan dövlətinin müvəffəqiyyətlə gerçəkləşdirdiyi və beynəlxalq aləmdə rəğbətlə qarşılanan mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm siyasətinin ümumbəşəri dəyərlərin qorunmasında və beynəlmiləl münasibətlərin genişləndirilməsindəki yeri və rolundan bəhs ediblər.

Məruzəsçilər həmçinin, monoetnik və təcavüzkar Ermənistanda hökm sürən ksenofobiyanın, faşizmin və ifrat şovinizmin dövlət siyasəti səviyyəsinə qaldırılması, həmçinin, sürətli inkişafın, xalqlararası dostluğun və əməkdaşlığın rəmzinə çevrilən bölgə ölkələrinə separatçılıq və milli ayrı-seçkilik kimi təhlükələri "ixrac" etməsi cəhdləri və bunun ümumi sabitlik, əmin-amanlıq üçün doğurduğu qorxulu fəsadlar barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıblar.

 

“Paralel”in Araşdırma Qrupu