Yeni Azərbaycan.-2018.-30 oktyabr.-¹205.-S.6.

 

Tolerantlıq nümunəsi olan Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib

 

Ekspertlər yüksək nüfuza malik olan və sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıq məkanı olduğunu qeyd edirlər

 

Nurlan Qələndərli

 

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Ölkəmiz öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir. Respublikamızın, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu da dünyanın diqqət mərkəzində oldu. Forum çərçivəsində iki gün ərzində rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını müzakirə etdilər. Ümumiyyətlə, dünyada çox önəmli beynəlxalq tədbirə çevrilən Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyət üçün aktual məsələlərin həlli yollarının müzakirə platforması kimi mühüm əhəmiyyətə malikdir.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, gələcək dünyamizi formalaşdıracaq kreativ ideyaların və onların həyata keçirilməsi yollarının axtarılmasının diqqətdə saxlandığı VI Bakı Beynəlxalq Humanitar Forumunda 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150- dən çox məruzə dinlənilib: “Bu, Forumun əhəmiyyətini təsdiqləyən çox mühüm göstəricidir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir. Ölkəmiz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edir. VI Bakı Beynəlxalq Humanitar Forumu da bu baxımdan xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir”.

Millət vəkili əlavə edib ki, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması təqdirəlayiq hal və müsbət nümunədir: “Azərbaycanın multikulturalizm nümunəsi və təcrübəsi dünya üçün çox gözəl örnəkdir. Multikulturalizm sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verir, ona görə də multikulturalizmin alternativi yoxdur. Dövlətimizin başçısı Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır”.

Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin sivilizasiyalararası dialoqun inkişafına və beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsinə çox mühüm töhfələr verdiyini qeyd edən S. Fətəliyeva vurğulayıb ki, “Bakı prosesi” bu baxımdan böyük önəmə malikdir. “Ümumiyyətlə, “Bakı prosesi”nin əhəmiyyəti beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı prosesi” ölkəmiz tərəfindən uğurla davam etdirilir”, - deyə millət vəkili əlavə edib.

VI Bakı Beynəlxalq Humanitar Forumunda dünyanı narahat edən problemlər və onun həlli yollarının geniş müzakirə edildiyini deyən Milli Məclisin deputatı Sona Əliyeva isə diqqətə çatdırıb ki, iki gün davam edən beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndənin iştirak etməsi VI Bakı Humanitar Forumunun önəminin göstəricisidir. Onun sözlərinə görə, Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir: “Bütövlükdə, Bakı Beynəlxalq Humanitar Forumu dünyanı narahat edən problemlərin müzakirəsi və onların həlli yollarının araşdırılması baxımından önəmli platformadır”.

“Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılması olub. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaları və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın keçdiyi inkişaf yolu və qarşıda dayanan hədəflər barədə fikirlərini söylədi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib”, - deyə S. Əliyeva vurğulayıb.

Milli Məclisin deputatı qeyd edib ki, hazırda dünyada sivilizasiyalar arasında dialoqun gücləndirilməsi, multikulturalizm və tolerantlıq kimi dəyərlərin qorunması və inkişafı çox vacibdir: “Azərbaycanın təcrübəsi bu baxımdan müsbət və təqdirəlayiq nümunədir. Tolerantlıq nümunəsi olan Azərbaycan sivilizasiyalararası dialoqa mühüm töhfələr verir və dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib. Azərbaycanda multikulturalizm həm dövlət siyasəti, həm həyat tərzidir. Eyni zamanda, Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Prezident İlham Əliyev Forumda çıxışı zamanı diqqətə çatdırdı ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır”.

“Hazırda humanitar məsələlər bəşəriyyət üçün olduqca aktualdır. VI Bakı Beynəlxalq Humanitar Forumunda da bəşəriyyət üçün aktual məsələlərin həlli yolları müzakirə edildi. Dünyanın diqqət mərkəzində olan Foruma beynəlxalq maraq çox yüksək idi. Ümumiyyətlə, VI Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq əməkdaşlığın dərinləşməsi baxımından çox mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri isə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

“Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsinə müstəsna töhfələr verir. Ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dinləri liderlərinin Zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər beynəlxalq tədbirlər keçirilir. Bütün bunlar onu göstərir ki, yüksək nüfuza malik olan və sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan beynəlxalq humanitar əməkdaşlıq məkanına çevrilib”, - deyə R. Əliyev qeyd edib.

Millət vəkili Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də diqqət mərkəzində olduğunu bildirib: “Ölkəmiz müstəqilliyinin ilk illərində böyük humanitar fəlakətlə üzləşib. Dünya ictimaiyyətinə məlumdur ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr və bütövlükdə beynəlxalq hüquq bunu tələb edir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bildirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir”.