Paralel. - 2018.- 31 oktyabr. - ¹ 185. - S. 10.

 

Etnik dini dözümlülük mühiti milli siyasətin məntiqi nəticəsidir

 

Azərbaycan müxtəlif mədəniyyətlər arasında dialoqu və etimadı möhkəmləndirir

 

 Mərhəmət, əxlaq və sevgi dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu mənada regionda dözümlülük və tolerantlıq mühitinin formalaşmasında İslam dininin də mühüm rolu olub. Ölkəmizdə əsrlər boyu müsəlmanlarla yanaşı digər dinlərin mənsubları da dinc şəraitdə, ayrı-seçkiliyə məruz qalmadan yaşayıblar. Məhz bu sahəyə dövlət qayğısının nəticəsidir ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədə qurulub və inkişaf etdirilir.

Ölkəmizdə mövcud olan ictimai sabitlik, etnik dini dözümlülük və vətəndaş həmrəyliyi mühitini də, tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsi hesab etmək olar. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin baş tutması da, bu ənənələrin real şəkildə təqdim edilməsi deməkdir. Dünya xalqları içində sivil münasibətlərin qurulmasında və bu əlaqələrin genişləndirilməsində multikulturalizmin Azərbaycan modelinin böyük əhəmiyyəti var.

Azərbaycanın Avropa Şurasının, eləcə də, İSESCO-nun üzvü olan yeganə müsəlman ölkəsi olmasının da, çox sadə bir səbəbi var. Azərbaycan həm İslam ölkələri, həm də Qərb dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri saxlayaraq, beynəlxalq aləmdə çox vacib olan birlik və həmrəylik siyasəti yürüdür. Ölkəmizdə baş tutan beynəlxalq miqyaslı tədbirlərin qısa siyahısına nəzər salsaq, bunun əyani təsdiqini görərik. Mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində irəli sürülən təşəbbüslərin çoxunun müəllifi Azərbaycandır. Hələ 2011-ci ildən başlayaraq iki ildən bir baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsində də əsas məqsəd, Azərbaycanın İslam dünyası ilə Qərb sivilizasiyası, başqa mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsinə nail olmaq istəyidir. Çünki müxtəlif mədəniyyətlər, ənənələr arasında qarşılıqlı əməkdaşlıq yaratmaq üçün qlobal platformanı təsis etmək vacibdir. Azərbaycanın multikultural mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə təqdim etmək baxımından da, belə tədbirlərin əhəmiyyəti böyükdür.

Müasir dünyada baş verən qarşıdurmalar, məhəlli və qlobal miqyasda törədilən müharibələrin əksəriyyəti etnik-dini anlaşılmazlıqlardan qaynaqlanır. Bu səbəbdən dünyanın bir çox ölkəsində milyonlarla insan qaçqınlıq şəraitində yaşamağa məcbur qalır. Məhz etnik təmizləmə siyasəti aparan ölkələrin "xidmət"ləri nəticəsində dünya belə bir problemlə üz-üzədir.

Mədəniyyətlərarası münasibətlərin sivil qaydalara əsaslanması, dünyanı bir çox mənfiliklərdən mühafizə edə bilər. Bu baxımdan Azərbaycanın uğurlu multikulturalizm modelinin təqdimatı da böyük önəm daşıyır. Bu model dünyanın aparıcı dövlətləri tərəfindən də müsbət qiymətləndirilir.

Dövlətimizin başçısı İlham Əliyev müsəlman ölkələrinə səfərləri, eləcə də, diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşlərində bu məqamlara daim diqqət edir. Prezident qeyd edir ki, İslam mədəniyyətinin dünyada təqdim edilməsində Azərbaycan mühüm rol oynayır. Sözügedən siyasətin bundan sonra da davam etdiriləcəyini qeyd edən dövlət başçısı, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin mövcud reallıqların təbliğində böyük əhəmiyyəti olduğunu söyləyib. Bu gün dövlət səviyyəsində aparılan siyasətin, həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan dünyanın nəzərində siyasi-iqtisadi və humanitar mərkəzə çevrilib.

Azərbaycanın dünya miqyasında tanıdılması üçün müəyyən təşəbbüslərin irəli sürülməsi də təqdiredicidir. Belə təşəbbüslərin həyata keçirilməsində bir dövlət olaraq iradə və qətiyyət nümayiş etdirilməsi isə, günün tələbidir. Bütün uğurların təməlində dayanan isə ölkəmizdə  vətəndaş birliyinin bərqərar olmasıdır. Prezident İ.Əliyev çıxışlarının birində diqqətə çatdırıb ki, vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil. Bu məqam, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə gözlənməlidir: "Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar da fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm də xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Azərbaycanda heç bir vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq. Bizim siyasətimiz bundan ibarətdir. Bu bizim birliyimizi daha da gücləndirir".

Azərbaycan qeyd etdiyimiz kimi, çoxkonfessiyalı ölkədir. Qərb və Avropa dövlətləri ilə yanaşı, İslam aləmi ilə də qarşılıqlı faydalı münasibətləri daha da inkişaf etdirmək  ölkəmizin xarici siyasətdə xüsusi yer tutur. Bütün problem və məsələlərin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də sülh, əmin-amanlıq çərçivəsində həll olunması Azərbaycanın maraqlarına uyğundur. Bu mövqeyi ilə Azərbaycan regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiq edir. İslam Əməkdaşlıq Təşkilatı ilə ölkəmizin əməkdaşlığının yüksək səviyyədə olması da təsadüfi deyil. Azərbaycan həmin qurumun sülhməramlı fəaliyyətinə dəstək verməklə, müasir dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə çalışır. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, eləcə də, digər tədbirlərində Azərbaycanın islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusilə önə çəkilir. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən çox müsəlman ölkəsinin iştirakı ölkəmizdə islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirilib. Prezident İlham Əliyev isə bunu "Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik" deyə, ifadə edib.

Dövlətimizin başçısı çıxışlarında dünyanın ikili siyasətindən, yaradılan problemlərdən daim bəhs edərək, Dağlıq Qarabağda, Xocalıda həlak olan, soyqırıma məruz qalan insanların, dinc əhalinin sayına diqqəti çəkir. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrini xatırladan Prezident, erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, eləcə də Avropa dövlətlərinin, beynəlxalq təşkilatların müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşdığını beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu söyləyir.

Qeyd edək ki, Ermənistanda islamofobiya yüksək həddə olduğu halda, bu ölkə müxtəlif müsəlman dövlətləri ilə əlaqələrini genişləndirməyə çalışır. Azərbaycanın tarixi əhəmiyyətli müqəddəs məscidlərini, ziyarətgahlarını dağıdan təcavüzkar Ermənistanın müsəlman ölkələri ilə dostluğunu mümkünsüz hesab edən dövlət başçısına görə, ermənilərin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorlar vəhşilikdir. Ermənistan BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunan qərarlara və qətnamələrə məhəl qoymur. Həmçinin, Ermənistanı açıq-aşkar təcavüzkar kimi tanıyan Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas çağırış olmalıdır. Ona görə ki, Ermənistanın işğalçılıq siyasəti, təkcə Azərbaycanın dini-mədəni sərvətlərinin məhv edilməsinə deyil, həm də İslamın tarixi-mədəni irsinə qarşı yönəldilən bir təcavüzdür.

Xatırladaq ki, Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah və qəbiristanlıq dağıdılıb. Bu faktların hamısı ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq edilib.Yeri gəlmişkən, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanı rəsmən tanımaqdan imtina edib. Türkiyənin Ermənistanla sərhədlərini açmasından imtina etməsi, eləcə də, beş müsəlman dövlətinin Xocalı soyqırımını rəsmən tanıması da, İslam həmrəyliyinin təcəssümüdür.

Azərbaycan da islami dəyərlərə sahib çıxması ilə humanist bir addım atır. Ölkəmiz İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini verərək müsəlman dövlətlərində mövcud olan problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə beynəlxalq hüquqa əsaslanır. Prezident İ.Əliyev də bu məsələlərə dəqiq qiymət verərək qeyd edib ki, Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdirlər, Azərbaycana xoş niyyətlə gəlirlər: "Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaq. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımzın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu bizi hiddətləndirir.

Azərbaycan o ölkələrədəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin, dini, milli zəmindəki qarşıdurmaların sayı da azalar".

Azərbaycanda  bir çox xalqların və dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması, dövlətimizin ən böyük sərvətidir. Bu əminlik ölkəmizin tarixən multikultural dəyərlərə malik tolerant mühitindən qaynaqlanır.

 

“Paralel”in Araşdırma Qrupu