İki sahil. - 2018.- 27 oktyabr. - ¹ 204. - S. 3.
Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib
Yeganə Əliyeva
Dövlətimizin başçısı VI Beynəlxalq Humanitar Forumda bir daha bildirmişdir ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, öndə ölkələrdə problem olmayacaq
Ulu öndər Heydər Əliyevin «Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir» fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur. VI Beynəlxalq Humanitar Forum ötən dövr, yəni V Forumdan keçən bu müddətdə dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi olan multikulturalizm və tolerantlıq sahəsində əldə edilən uğurların təqdimatı oldu. Multikultural dəyərlərin təbliğində əhəmiyyətli rol oynayan «Bakı Prosesi»nin beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirildiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bildirmişdir ki, bu təşəbbüs nəticəsində keçirilən müxtəlif görüşlərin, tədbirlərin bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın.
Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bu günün reallıqlarını düzgün dəyərləndirmək hər zaman keçilən yola nəzər salmağa, düzgün təhlillər aparmağa böyük zərurət yaradır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynadı. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Son 15 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında Azərbaycanın İslam həmrəyliyinə və multikultural cəmiyyətlərin formalaşmasına töhfələrini diqqətə çatdıraraq bildirir ki, multikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. Forumda da ölkə Prezidenti bu reallığı xüsusi qeyd etmişdir: «Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır.» Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkəmizdə «Multikulturalizm İli», 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan edilməsi də deyilənlərə əyani sübutdur.
Ölkəmizin ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da Azərbaycanın tolerantlıq təcrübəsi yüksək dəyərləndirilərək bildirilir ki, Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət edir. Təbii ki, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsi də bu uğurlarından irəli gəldi. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəsi ilə diqqət çəkir. «Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük» söyləyən cənab İlham Əliyev bildirir ki, əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.
Bu günümüzün əsas çağırışlarından biri budur: Milli dəyərlərimizə sadiq olmalı, qloballaşma adı altında milli mentalitetə xas olmayan keyfiyyətlər aşılanmamalıdır. Sovetlər dövründə xalqımız nə qədər məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə belə dininə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Müstəqillik əldə etdikdən sonra dini ənənələrimizin təbliği, islami dəyərlərə hörmət və ehtiram güclənmişdir. Son on beş ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi beynəlxalq səviyyədə də təqdir edilir, yüksək qiymətləndirilir.
İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir. Bu faktı da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin maraqlarına cavab vermir. Ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları və dini təriqətlər Azərbaycana da ayaq açır və onlar respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli- mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və təhrik etmək istəyənləri, şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq əsas vəzifələrimizdəndir. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün din pərdəsi altında göstərilən cəhdlərin ölkə üçün nə kimi problemlər yaratdığını ətraflı şəkildə təhlil etməyə böyük zərurət duyulduğu daha dərindən dərk olunar. Xalq-iqtidar birliyinin möhkəmliyi fonunda bütün bu kimi cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınır. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik düşünülmüş v məqsədyönlü siyasətin nəticəsidir.
Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolunun təsdiqi kimi məhz beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsini xüsusi qeyd etməliyik. Ənənəvi keçirilən Humanitar forumlar ölkəmizin xarici siyasətdə uğurlarına işıq salır. Tədbir iştirakçılarının say tərkibinin genişlənməsi də diqqətdən kənarda qalmır. 97 ölkədən 580 nəfərin və 24 beynəlxalq təşkilatın təmsilçilərinin, BMT-nin baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadi və Sosial Şurası kimi təşkilatların rəhbərlərinin, nazirlər və nazir müavinlərinin, ombudsmanların, elm xadimlərinin, ekspertlərin iştirak etdikləri VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu da bir çox məqamlara, o cümlədən günümüzün əsas tələblərindən birinə aydınlıq gətirir: «Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı».
Əməkdaşlığın genişləndirilməsinin bütün sahələrdə uğurlara yol açdığını önə çəkən dövlətimizin başçısı İlham Əliyevin Forumda əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. İşğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını bir daha tədbir iştirakçılarının diqqətinə çatdıran cənab İlham Əliyev bəyan etdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, soydaşlarımız döğma yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, həmçinin digər qurumların qərar və qətnamələrində ermənilərin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb: “Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.”
Humanitar əməkdaşlığa çox böyük diqqət göstərildiyini, təşəbbüslər irəli sürüldüyünü önə çəkən dövlətimizin başçısı İlham Əliyev onlardan biri kimi Bakı Beynəlxalq Humanitar Forumunun timsalında bu əminliyi ifadə etdi ki, aparılacaq diskussiyalar, müzakirələr ümumi işə gözəl töhfə verəcək.