Paralel. - 2018.- 26 oktyabr. - ¹ 184. - S. 10.

 

Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir

 

Azərbaycan bəyan etdiyi bütün dəyərlərə sadiqdir və onların qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır

 

 Mədəniyyətlərin və dinlərin harmoniyası və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri humanist  Azərbaycan xalqının milli mədəniyyəti üçün hər zaman xarakterik olub.

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların və din nümayəndələrinin hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasətin həyata keçirilməsidir. Multikulturalizm ayrıca götürülən ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmoniyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm,  tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm, mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.

Bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə də inteqrasiya olmağı arzu edirlər. Bu vəzifənin həlli üçün "Homo sapiens"  tipli insandan "Homo culturalies"  tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir. Bu baxımdan Azərbaycan ənənəvi multikulturalizmi  siyasəti çox yaxşı modelidir. Deməli, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycanın inkişafıdır ki, burada ölkənin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina isə bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə aparan yoldur.

Multikulturalizm həm də elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə bağlıdır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək  hüquqlarına malikdir. Multikulturalizm bir siyasət olaraq, həm də tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin birgəyaşayışını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə bağlıdır.

Son zamanlar dünyada çox dəhşətli hadisələr baş verir. Yaxın Şərq, Ön Asiya, Avropa böhran içindədir. Bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. Bu ölkələrin rəhbərləri bəyan etdikləri multikultural dəyərlərə sadiq qala bilmirlər. Onlardan fərqli olaraq Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik mühiti hökm sürür. Çünki Azərbaycan bəyan etdiyi bütün dəyərlərə sadiqdir və onların qorunmasına, inkişaf etdirilməsinə xüsusi diqqət ayırır. Çünki milli-mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas qayəsidir.

Məhz buna görə də, dövlətimizin başçısı İlham Əliyev bəyan edib ki, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasətidir.  Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilib. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilzasiyalar və mədəniyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının uğurlu missiyası və töhfəsidir.

Bu da məlumdur ki, bu gün multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsinə istiqamətlənmiş mühüm və müsbət dəyər kimi geniş və hərtərəfli təşviq edilir. "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması mühitində həyata keçirildi. Tədbirin iştirakçıları olan dünyanın 140-dan çox ölkəsinin nümayəndələri planetin müxtəlif regionlarında etnik və dini zəmində baş verən qarşıdurma və toqquşmalar kimi mürəkkəb problemlərin həllinə dair vahid fikrə gəlmək üçün geniş müzakirələr apardılar və konstruktiv dialoqun inkişafına xidmət edəcək təkliflər irəli sürdülər. Çıxışlarda qaldırılan təşəbbüslər, tövsiyələr mədəniyyətlər, sivilzasiyalar arasında əməkdaşlığa, əlaqələrin güclənməsinə, qarşılıqlı anlaşmaya öz böyük töhfəsini verəcək.

Qeyd edək ki, Sivilizasiyalar Alyansı dünyada etimad və anlaşma yaradır.  Gəlin, zamanımızın çağırışları ilə üzləşdiyimiz bir vaxtda bu qiymətli Alyansı daha da gücləndirək, - deyən BMT-nin baş katibi Pan Gi Mun Forum iştirakçılarına nümayiş etdirilən video-müraciətində deyib: "Bölünmə və təcrid ekstramistlərə sərf edir. Onların atdığı bombalar binaları hədəfə alır. Lakin onların, əslində məhv etmək istədiyi bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də mən bu Forumun "İnklüziv cəmiyyətlərdə birgəyaşayış" mövzusuna həsr olunmasını alqışlayıram. Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə irqçilik, diskriminasiya, ksenofobiya və zorakılığın digər formaları üzündən uzun müddət təcrid olunmuş insanlar üçündür. Alyans heç kimin unudulmaması və hamıya ləyaqətli həyat təmin etmək üçün bu qlobal planı reallaşdırmağa kömək edir. Mən BMT-nin bu qurumunu tam dəstəkləyirəm".

Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan dövlətimizin başçısı, cənab İlham Əliyev isə bildirib ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: "Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. "Multikulturalizm" sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu bütün dünya qəbul edir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik".

Lakin çox təəssüflər olsun ki, zorakılıq tərəfdarı olan bəzi qüvvələr dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsilə təsir göstərir, onları fəlakətə sürükləyirlər. Bunun qarşısının alınması üçün yeni nəsilə inancları, ədaləti, bərabərliyi əsas götürərək həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq. Bu istiqamətdə fəaliyyətimizi birlikdə davam etdirməliyik.

Bakı Forumu tolerantlığın və qarşılıqlı anlaşmanın təmini üçün ölkələr və xalqlar arasında əməkdaşlığı, dostluğu inkişaf etdirməyin zəruru olduğunu bir daha təsdiqlədi. Dialoq və mübadilələr müxtəlif çağırışlara cavab tədbirlərinin görülməsi üçün çoxtərəfli münasibətlər sisteminin dərinləşdirilməsinin mühüm və əhəmiyyətli olacağını göstərdi. Bu Forum özünün sülh, davamlı inkişaf hədəflərini açıq bəyan etdi.

Ölkəmizdə Forumun ortaya qoyduğu tezislərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür.

Azərbaycan Dövlət İqtisad Universiteti də ali təhsil ocağı kimi gələcək nəsillərə multikulturalizm və tolerantlıq dəyərlərini aşılamaq məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin prioritet elan etdiyi bu siyasətə öz dəstəyini verməkdədir.  Belə ki, universitetdə bütün ixtisaslar üzrə tədris planlarına "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi"  fənləri daxil edilərək, tələbə və magistrlərə tədris olunur. Eyni zamanda UNEC-də multikulturalizm və iqtisadiyyatın qarşılıqlı təsiri ilə bağlı mütəmadi "dəyirmi masa"lar, konfranslar və müzakirələr təşkil olunur. 2016-cı ildən UNEC milli azlıqların kompakt yaşadığı iqtisadi rayonların davamlı sosial-iqtisadi inkişafı məqsədi ilə "Azərbaycanda multikulturalizm və sosial-iqtisadi inkişaf" mövzusunda tədqiqatların aparılması işində özünün təcrübəli iqtisadçı-ekspertlərini bu işə cəlb edib.

 Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən irəli gələn bir göstəricidir.

 

 “Paralel”in Araşdırma Qrupu