Hərbi and. - 2018.- 26 oktyabr. - ¹ 41. - S. 7.
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Azərbaycan qadını tarix boyu ölkənin cəmiyyət və siyasi həyatında mühüm rol oynayıb. Onlardan biri də dövrünün tanınmış yazıçı və jurnalisti Şəfiqə xanım Əfəndizadədir. O, Azərbaycan Cümhuriyyəti parlamentinin ilk qadın əməkdaşı, həmçinin Cənubi Qafqazın ilk qadın jurnalistidir. Şəfiqə xanım Cümhuriyyət dövründə ən fəal qadınlardan idi. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətlə məşğul olub. Eyni zamanda, Cümhuriyyət parlamentində stenoqrafçı kimi işləyərək, orada bütün Azərbaycan qadınlarını təmsil edib.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin Şəfiqə xanım Əfəndizadənin həyat və fəaliyyəti ilə bağlı məqaləsini təqdim edir.
Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi
Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində anadan olub. Atası dövrünün müasir və mütərəqqi fikirli ziyalılarından olan pedaqoq Məmməd Əmin Əfəndizadə idi. O dövrün şərtləri və imkansızlıqlar ucbatından Şəfiqə xanım məktəbdə təhsil ala bilməsə də, tanınmış pedaqoq Məmməd Əmin Əfəndizadə ona həm də müəllimlik edib. Şəfiqə xanım və bacısı Səidə xanım ilk təhsillərini məhz atalarından alıblar. Oxumağı və yazmağı öyrənən Şəfiqə xanım bununla kifayətlənməmiş, atasından həm də müasir elmin sirlərinə yiyələnmişdir.
1896–cı ildə 14 yaşında ikən Şəkiyə gələn Şəfiqə xanım burada atasının işlədiyi "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi məktəbdə, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycan dili müəllimi kimi dərs deməyə başlayır. Lakin burada çox qalmır. Azərbaycan qızlarının oxumasını və maariflənməsini istəyən məşhur xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Əfəndizadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Şəfiqə xanımın atası bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə xanım 1901-ci ildə Tiflisə gedir. O, Tiflisdə Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək müəllimlik attestatı alır. Sonra yenidən Bakıya qayıdaraq Rus-Müsəlman Qızlar Məktəbində ana dilindən dərs deyir və qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.
O dövrdə Şəfiqə xanım Əfəndizadənin Azərbaycanın qız və qadınlarının maariflənməsi üçün göstərmiş olduğu mədəni davranış və cəsarət nümunəsi böyük bir hadisə idi. Şəfiqə xanımın tutduğu yol digər Azərbaycan qadınlarının maariflənmə hərəkatına qoşulmasına zəmin yaradır. Pedaqoji fəaliyyət göstərən Şəfiqə xanım bu missiyası ilə ilk azərbaycanlı qadınlardan biri kimi adını tarixə yazdırır. Millətçi, vətənpərvər və maarifçi Şəfiqə xanım məktəbdə işləməklə yanaşı, yeni yaranan xeyriyyə cəmiyyətlərinin tədris kurslarında pulsuz çalışaraq qadınların maariflənməsi hərəkatında xeyriyyəçi xanımlarla birlikdə yer alıb. O dövrdə ictimai-siyasi şərait və mühit qadınların işləməsi üçün əngəllər yaratsa da, Şəfiqə Əfəndizadə və onun kimi qadınlar öz amallarından dönməmişlər.
Şəfiqə xanım cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə, rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradaraq, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edirdi. Onun milli–mədəni ruhda verdiyi təhsil və məlumatlar şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradırdı. O, qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda, sərbəst, aydın, savadlı yazmağı da öyrədirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə Əfəndizadə 1910-cu ilədək bu məktəbdə müəllimə işləyir. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənən Şəfiqə xanım, eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında da dərs deyirdi.
Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə xanımın birinci məqaləsi "Şərqi-rus"da işıq üzü görüb
1903–cü ildə dövrün tanınmış simalarından olan məşhur mətbuat xadimi Həsən bəy Zərdabinin dəstəyi ilə publisist və bədii yaradıcılığa başlayan Şəfiqə Əfəndizadə XX əsrin əvvəllərində Azərbaycanda baş verən bütün hadisələrə münasibət bildirib, cəmiyyətin ictimai-siyasi həyatında iştirak etməyə çalışıb. O, fikir və mülahizələrini, təklif və rəylərini xalqa çatdırmaq üçün mətbuat orqanları ilə də əməkdaşlıq edirdi. Azərbaycanın ilk qadın jurnalistlərindən olan Şəfiqə Əfəndizadə birinci mətbu çıxışını "Şərqi-rus"da edib. Həm jurnalist, həm də pedaqoq kimi maarifin, elmin əhəmiyyətini "Dəbistan", "Rəhbər", "Məktəb" jurnallarında təbliğ edirdi. Hər üç jurnalın nəşrində Şəfiqə xanım Əfəndizadənin çox böyük rolu olub. Onun jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan "İşıq" qəzeti ilə bağlıdır. 1911-1912-ci illərdə Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu idi. Publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və s. məsələlərdən bəhs olunurdu. 1914-cü ildə xanım publisistin "İki yetim, yaxud Kərimin hümməti" adlı bədii kitabı nəşr edilib. Onun uşaqların həyatından bəhs edən “İki qızın söhbəti”, “Şəkər alması”, “İlk məhəbbət”, “Röya”, “Müəllim nədir” və “Mükafat” adlı hekayələri o dövrün mətbuatında dərc olunub. Ərəb, fars və rus dillərini yaxşı bilən Şəfiqə xanım bəzi əsər və məqalələrin tərcüməsini də etmişdi. O, sadəcə özünün deyil, eyni zamanda, şagirdlərinin də ictimai həyatda fəal rol almasını təmin etmək üçün onların yazılarını da mətbuatda dərc etdirirdi. Şəfiqə xanımın şagirdi olan Nabat xanım Nərimanovanın “Dəbistan” jurnalının 7–ci nömrəsində dərc olunan məqaləsini buna misal göstərmək olar.
Yazıçı dramaturq Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərinə ilk rəyi yazan da pedaqoq, yazıçı və publisist Şəfiqə xanım Əfəndizadə idi. C.Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın "Bu ki, mənim həyatımdır, çəkdiyim əzablardır", deyə kövrək səslə cavab verib. "Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", deyən Şəfiqə xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib və "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında məqalə yazıb. Şəfiqə xanımın məqalələri “Dirilik”, “Dəbistan”, “Füqara – Füyuzat”, “Açıq söz” və digər mətbuat orqanlarında dərc edilmişdi.