Kaspi.-2018.-23 oktyabr.-¹178.-S.15.

 

Milli təhsil quruculuğu tarixi

 

Və yaxud Azərbaycan Xalq Cümhuriyyəti dövründə müəllimlərin ilk qurultayı

 

Rafiq Səfərov,

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçi

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) 1918-ci il dekabrın 13-dən 28-dək olan müddətdə milli təhsil quruculuğu tariximizdə əhəmiyyətli rolu olmuş xalq və ali-ibtidai məktəb müfəttişlərinin, müəllim və pedaqoqların, təhsil işçilərinin ilk qurultayı keçirilmişdir. Həmin əlamətdar hadisədən 100 il keçməsinə baxmayaraq Bakı şəhərində, 2-ci real məktəbinin zalında Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə keçirilmiş qurultayın materialları müasir dövrdə də unudulmur və bu gün də dərin hörmət və ehtiramla öyrənilir, tədqiq edilir və gənc nəslin elmi - pedaqoji biliyinin artırılmasında istifadə edilir. Azərbaycan xalq maarifi və məktəbinin bu və ya digər tarixi mərhələlərdə necə inkişaf etdiyini, hansı inkişaf mərhələlərindən keçdiyini öyrənmək hər zaman olduğu kimi, bu gün də zəruridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu, təhsildə varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər....” “Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir”.

Cümhuriyyət dövründə çağırılmış ilk qurultayın təhsil tariximizdəki əhəmiyyətli rolunu nəzərə alaraq, onun fəaliyyətinə bir daha nəzər salmaq və milli təhsil quruculuğunda xidmətləri olmuş tanınmış maarif fədailərini böyük hörmət və ehtiramla yad etmək, həmçinin gənc nəslin elmi-pedaqoji biliyinin artırılması məqsədilə arxiv sənəd və materialları əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram:

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən vacib məsələlərdən biri də yenicə yaradılmış respublikada xalq maarifi və təhsilinin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olmaqdan ibarət idi. Qarşıda duran məqsədlərə çatmaqdan ötrü xalq maarifinin yayılması üzrə çoxşaxəli tədbirlərin, o cümlədən ibtidai, ümumi orta, texniki və peşə təhsili üzrə anadilli məktəblər şəbəkəsinin yaradılması, məktəb və təhsil işinin milli köklər üzərində yenidən qurulması, ana dilində milli proqram və dərsliklərin işlənib hazırlanması və nəşr edilməsi, qadınların dünyəvi təhsil alması üçün müvafiq təhsil ocaqlarının açılması, yaşlıların təhsili üzrə lazımi həyata keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi milli hökumətin və Xalq Maarif Nazirliyinin qarşısında dayanırdı. nBu vəzifənin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi, respublikamızın Dövlət Arxivi və Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan tarixi sənədlərdə öz əksini tapmışdır. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri N.b. Yusifbəylinin 1918-ci ilin dekabr ayında Bakı Qubernatoruna göndərdiyi məktubda qeyd edilirdi: “1917-ci il çevrilişinədək Rusiya hökuməti xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi işinə çox az qayğı göstərmişdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki “sağalmaz yaranı” xatırladırdı. Çar hökuməti bununla barışmağa məcbur idi və eyni zamanda məktəbləri məhdud çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata keçirirdi. Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar... Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s. açılmasına yönəldərək, mümkün qədər qısa müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır. Xalqın mövcud vəziyyətə ayıq münasibət göstərməsi və onun vətənə şüurlu məhəbbət ruhunda tərbiyə olunması vacibdir. Bu işin öhdəsindən xalq maarifi və onun daşıyıcısı olan xalq müəllimləri gələ bilərlər. Vətənin mövcudluğunu və tərəqqisini əziz tutan hər bir vətəndaşın mənəvi borcudur ki, bütün qüvvəsini fəaliyyətdə olan məktəblərə dəstək olmağa yönəltsin və yeni məktəblərin açılması işinə əlindən gələn köməkliyi etsin. Təbiidir ki, xalq müəllimlərinə, onların böyük və ağır əməyinə cəmiyyətdə layiqli yüksək yer ayrılmalıdır”. Məktubda Bakı qubernatorundan, həmçinin xahiş edilirdi ki, onun tabeçiliyində olan bütün təşkilatların rəhbərlərinə tapşırılsın ki, onlar ölkədə məktəblərin açılması və onların fəaliyyətinin təmin edilməsi, məktəb rəhbərlərinin və xalq müəllimlərinin bütün ehtiyaclarının ödənilməsi işinə dəstək olsunlar ki, müəllimlər də öz müqəddəs vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Ölkənin gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır.

Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilən arxiv sənəd və materiallar və digər tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk vaxtdan etibarən xalq maarifi, təhsil və mədəniyyətinin inkişaf etdirilməsini taleyüklü məsələ kimi ön cərgəyə çəkmişdir. Çünki, respublikada, xalq maarifi qarşısında duran məsələləri həll etmədən müstəqilliyini yenicə əldə etmiş ölkənin gələcək inkişafını təmin etmək, onun iqtisadi qüdrətini möhkəmləndirmək mümkün deyildi. Respublikada maarif, təhsil, təlim-tərbiyə işinin ən aktual məsələlərini yubanmadan müzakirə etmək və həlli yollarını tapmaqdan ötrü, Xalq Maarif Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində 2-ci real məktəbin zalında, 1918-ci il dekabr ayının 13-dən 28-dək olan müddətdə Xalq Maarif Nazirinin müavini, Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının qurultayı çağırıldı. Azərbaycan hökumətinin 17 dekabr 1918-ci il tarixli qərarı ilə bu qurultaya ezamiyyə edilmiş şəxslərin həmin müddətdə yaşayış xərclərinin ödənilməsi üçün Xalq Maarif Nazirinin sərəncamına 24 min rubl həcmində pul vəsaiti ayrıldı.

Ölkəmizdə tanınmış pedaqoqların, maarif və təhsil xadimlərinin - Həmid bəy Şahtaxtinski, Azad bəy Əmirov, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qəniyev, Abdulla bəy Əfəndiyev, Firidun bəy Köçərli, Cavad Cuvarlinski, Səməd bəy Acalov, Əhməd ağa Mustafayev, M. Mahmudov, N. Nərimanbəyov, Ş. Səfərəlibəyov və başqalarının iştirakı ilə keçirilmiş həmin qurultay böyük əhəmiyyətə malik olmuşdur. Qurultayda müzakirə ediləcək məsələlərin siyahısı Xalq Maarif Nazirliyinin xalq təhsili üzrə baş idarəsinin rəisi Azad bəy Əmirov tərəfindən qurultay iştirakçılarına əvvəlcədən göndərilmişdi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan sənədlər araşdırılarkən, xalq təhsili üzrə baş idarənin rəisi A.b. Əmirovun Qazax müəllimlər seminariyasının direktoru F.b. Köçərliyə göndərdiyi siyahı aşkar edilmişdir. Həmin siyahıda qurultayın müzakirəsinə çıxarılmış məsələlərin aşağıdakılardan ibarət olduğu göstərilirdi:

I. Maliyyə məsələləri. 1919-cu ilə dair xərclər smetasının müzakirəsi: 1) ibtidai məktəblər üzrə; 2) ali-ibtidai məktəblər üzrə; 3) Maryinski məktəbləri üzrə; 4) sənət məktəbləri üzrə; 5) xalq məktəb müfəttişlərinin dəftərxanaları üzrə.

Qurultayda xərclər smetasının müzakirəsi ilə əlaqədar müəyyən vəzifələrin ləğvi və yeni vəzifələrin təsis edilməsi məsələlərinə baxılması da nəzərdə tutulmuşdur.

II. İnzibati məsələlər: Xalq məktəbləri müfəttişlərinin ali-ibtidai, Maryinski və sənət məktəbləri, habelə digər aşağı kateqoriyalı məktəblərə olan münasibəti. Yuxarıda adları sadalanan məktəblər üzrə ayrılan xərclərə dair izahatın verilməsi.

III. Proqram məsələlər:

İbtidai məktəblərin eynitipliliyi (zemstvo, normal, prixod /məhəllə/ və s); İbtidai məktəblər üçün proqram və dərsliklərin tərtib edilməsi.

IV. Ümumi xarakterli məsələlər:

Müəllim kursları və onun bəndləri; Rayon qurultayları; Dəftərxana yazışmalarının üsulları və əsasən də pul hesabatlarının aparılması yolları ilə tanış olması məqsədilə müəllimlər üçün kursların keçirilməsi; Kənd sakinləri üçün mütaliələrin keçirilməsi; Əlifba məsələsi; müəllimlərin hərbi mükəlləfiyyətə münasibəti; Peşə təhsilinin təşkili; Sinifdən xaric oxu; Uşaq bağçaları; Məktəb və pedaqoji muzeylər; Məktəb və müəllim ekskursiyaları; Məktəb dərman qutuları; Məktəb əmanət kassaları; Hərbi və digər gimnastika; Coğrafi, tarixi və digər müsəlman xəritələri; Səyyar müsəlman əlifbaları; Xalq məktəbləri müfəttişləri nəzdində dərs vəsaiti anbarları.

Siyahıda qeyd olunan məsələlər ölkəmizdə maarif, təhsil, məktəb-tədris və təlim-tərbiyə işinin aktual və həlli yubanmadan tələb olunan tapşırıqlar kimi qurultayın müzakirəsinə çıxarılmışdır. Qurultayın müzakirəsinə çıxarılmış məsələlərin çoxşaxəli və mürəkkəb olduğunu nəzərə alaraq, həmin məsələlərin ətraflı müzakirə edilməsi və praktiki əhəmiyyətə malik qərarların qəbul edilməsi üçün dekabrın 17-də keçirilmiş 3-cü iclasda müxtəlif sahələr üzrə təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət səriştəli komissiyaların yaradılması haqqında qərar qəbul edildi. Həmin komissiyalar ayrı-ayrı sahələr üzrə aşağıdakı tərkibdə yaradılmışdır:

1. Ali-ibtidai məktəblərin smetasının işlənib hazırlanması üzrə komissiyanın tərkibi: S. Acalov; A. Mahmudov; Ə. Mustafayev; M.b. Əfəndiyev; B. Kiçikxanov.

2. Maryinski və sənət məktəbləri üzrə smetanın işlənib hazırlanması üzrə - V.Y. Vasilyev; H. Nərimanbəyov; İ. Qəbulov və C. Cuvarlinski.

3. Müfəttişlərin dəftərxanalarının smetasının işlənib hazırlanması və ali-ibtidai, sənət və Maryinski məktəblərinin müfəttişliyə münasibəti üzrə - Ş. Səfərəlibəyov; A. Minasazov; M.b. Quliyev; A. Qiyasbəyov; M. Mahmudov; A. Mustafayev.

4. Aşağı ibtidai məktəblərin eynitipliliyi üzrə Gəncə müəllimlər seminariyasının direktoru V.Y. Vasilyev; Xalq məktəbləri inspektorları: Nuxa qəzası üzrə Abdulla bəy Əfəndiyev, Naxçıvan qəzası üzrə Rəşid bəy Əfəndiyev; Gəncə qəzası üzrə Cavad bəy Cuvarlinski və Zaqatala quberniyası üzrə İsmayıl bəy Qəbulov.

Məktəb və müəllimlərin əməli fəaliyyətlərinə kömək göstərəcək qərarların qəbul edilməsi məqsədilə, Qurultayın gündəliyinə çıxarılmış yuxarıda qeyd olunmuş məsələlər üzrə ətraflı müzakirələr aparılmışdı. Qurultayda iclasların gün ərzində fasiləsiz olaraq gərgin keçdiyi barədə hökumətin mətbu orqanı olan “Azərbaycan” qəzetində də məlumat verilmişdir. Qurultayda “Aşağı ibtidai məktəblərin eynitipliliyi” məsələsi üzrə yaradılmış komissiyanın dekabrın 17-də keçirilmiş iclasında qurultayın sədri, Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin “zemski”, “normal”, “prixodski” adlanan aşağı ibtidai məktəblərin eynitiplilik prinsipinin həyata keçirilməsi haqqında təklifi dinlənildi. Komissiya üzvləri məktəblərin vahidliyinə nail olmaqdan ötrü belə nəticəyə gəldilər ki, respublikada fəaliyyət göstərən və son nəticə etibarı ilə eyni məqsəd güdən bütün aşağı ibtidai məktəblər “Azərbaycanlı Respublikası Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” vahid termin altında birləşdirilsin və onların saxlanması üçün tələb olunan xərclər dövlət xəzinəsindən maliyyələşdirilsin. Komissiya aşağıdakı amillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir:

1.) Hazırda “zemski” adlandırılan aşağı ibtidai məktəblərin müəyyən bir qrupunun dövlət xəzinəsindən maliyyələşdirilməsi, habelə “zemski” rüsumlarının xəzinənin mədaxilinə yönəldilməsi haqqında qurultayın qərarından sonra həmin məktəblərin “zemski” adlandırılmasına əsas və ehtiyac qalmır. Çünki, həmin məktəblər yalnız bir əlamətinə görə - “zemski” rüsumlarından asılılığına görə, “zemski” məktəbləri termini altında ayrıca bir qrupda birləşdirilmişdir.

2.) 1828-ci ilin nizamnaməsinə görə, “prixodski” adlandırılan məktəblərdə təlim-tərbiyə işinin müasir qoyuluşu onun yaradılmasının ilkin məqsədlərindən çox uzaqlaşdırıldığından, indi həmin məktəbləri 1828-ci ilin nizamnaməsinə görə “prixodski” adlandırmaq doğru olmazdı. Komissiya həmin addan imtina etməyi və bu adda fəaliyyət göstərən məktəbləri digər aşağı ibtidai məktəblər kimi “Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” adlandırmağı qərara aldı.

3.) Komissiya, “normal” kənd məktəbləri məsələsi üzrə 1873-cü ildən Zaqafqaziya diyarında, o cümlədən Azərbaycanda meydana gəlmiş “normal kənd məktəbləri” terminologiyasını da ləğv etmək qərarına gəlmişdir. Komissiyanın bu qərara gəlməsinə başlıca səbəb, həmin məktəblərdə çalışan müəllimlərin hüquqi vəziyyətinin digər xalq müəllimlərinin hüquqi vəziyyəti ilə ədalətli müqayisəsi olmuşdur. Yaranmış vəziyyəti nəzərə alaraq, komissiya belə qənaətə gəlmişdir ki, xalq müəllimləri arasında ayrı seçkiliyə yol vermək olmaz. Normal kənd məktəblərinin də təxirə salınmadan aşağı ibtidai məktəblərin ümumi vahid ailəsinə daxil edilməsi vacib sayılsın və aşağı ibtidai məktəblərdə çalışan bütün müəllimlərin dövlət qulluğunda olduğu tanınsın, onlara dövlət qulluğuna aid hüquq və imtiyazlardan həm işlədikləri müddətdə, həm də təqaüdə çıxarkən istifadə etmək hüququ verilsin.

(Ardı var)