Paralel. - 2018.- 25 oktyabr. - ¹ 183. - S. 10.

 

Azərbaycan mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr verir

 

Dövlət başçısı İlham Əliyevin xarici səfərləri də tərəfdaşlığın inkişafında mühüm rol oynayır

 

 İstər siyasi mədəni, istərsə də siyasi etnik coğrafiya olaraq, Azərbaycan çoxkonfessiyalı və zəngin mədəni keçmişə, çoxşaxəli mikrostruktura malik olub. Bu cür zənginlik isə müasir cəmiyyətimizin əsas multikultural və tolerant keyfiyyətlərini müəyyən edir. Öz növbəsində sözügedən keyfiyyətlər kütləvi sosial təfəkkürün, sosial fəlsəfənin Azərbaycan modelini yaradır.

Multikulturalizmin Azərbaycan modeli ölkəmizdə dövlət tərəfindən dəstəklənir və qlobal mədəni sistemə milli dəyərlərimizin aparıcı komponentlərindən biri kimi təqdim edilir. Etnik, dini, mədəni və məzhəb fərqliliyinə görə insanların bir-birinə qənim kəsildiyi dünyada Azərbaycanın mövcud fərqlilikləri ölkəmizin vacib bir milli sərvəti kimi qəbul edilməklə birgəyaşayış qaydalarını müəyyən edir. Beləliklə, beynəlxalq aləmdə baş verən ağır ictimai-siyasi və sosial proseslər şəraitində Azərbaycanın multikulturalizm nümunəsi özünü daha aydın şəkildə göstərir.

Bunun nəticəsidir ki, bütün konfessiyaların nümayəndələrinin bir ailə kimi, bərabər hüquqlarla təmin olunduğu Azərbaycanda dini və milli zəmində qarşıdurmalar baş vermir. Fərqli inkişaf modeli olan Azərbaycanda bu dəyərlərlə yaşamaq, gündəlik həyat tərzi hesab edilir. Çünki tariximiz əsrlər boyunca ölkə ərazisində yaşayan digər xalqların nümayəndələrinə, milli azlıqlara, etnik qruplara, bütün etnoslara, müxtəlif dinlərin nümayəndələrinə qarşı tolerant münasibətin, birgəyaşayış qaydalarının çoxsaylı nümunələri ilə zəngin olub. Bu mənada, nüfuzlu, tolerant və multikultural ölkə olduğunu dünyaya sübut edən Azərbaycanda multikulturalizm ənənələri gündəlik həyat, yaşam tərzinə çevrilib.

Bu gün də həyat devizimiz olan multikulturalizm istər dövlət, istərsə də vətəndaş cəmiyyəti çərçivəsində inkişaf etdirilir. Sülh, mədəniyyətlərarası əlaqələr və dialoq tərəfdarı olduğunu dünyaya sübut edən Azərbaycan monoetnik ölkə deyil, müxtəlif mədəniyyətlərin cəmləşdiyi bir ölkədir. Ona görə də mədəniyyətlərarası, sivilizasiyalararası və dinlər arası dialoqda Azərbaycan mühüm rol oynayır.

Multikultural cəmiyyət formalaşdıran Azərbaycanın yerləşdiyi coğrafi məkan, sahib olduğu təbii resursları onun beynəlxalq aləmdə də diqqət mərkəzində olmasını şərtləndirib. Bu gün Azərbaycanın əksər ölkələrlə, güc mərkəzləri ilə işgüzar, bərabərhüquqlu münasibətlər qurması qarşılıqlı hörmətə və inama əsaslanır. Qeyd edək ki, təkcə ölkə daxilində deyil, qonşu dövlətlərlə, uzaq xarici ölkələrlə də belə münasibətlər saxlanılır. Əsasən də Avropa ölkələri ilə səmərəli əməkdaşlıq münasibətləri quran Azərbaycan bunu xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir.

Dövlət başçısı İlham Əliyevin xarici səfərləri də tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Prezidentin Belçika, Fransa, Rusiya, Xorvatiyaya səfərləri bu dövlətlərlə əməkdaşlıq sahəsində yürüdülən siyasətin bariz nümunəsidir. Eyni zamanda, İtaliya Prezidenti Sercio Mattarellanın və Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfərləri xarici siyasət sahəsində mühüm irəliləyişdən xəbər verir.

Qeyd edək ki, qarşılıqlı səfərlər nəticəsində ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsi mümkün olur, tərəfdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu mənada Azərbaycanın bütün qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətləri qurması əlaqələrin inkişafı üçün imkanlar yaradır. Mehriban qonşuluq və qədim dostluq ənənələrini saxlayan ölkəmiz Rusiyaya münasibətdə də məlum qonşuluq siyasəti yeridir. Rusiya Federasiyasnın Prezidenti Vladimir Putin də bunu etiraf edərək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf etməsini, regional sabitliyin və təhlükəsizliyin qorunub-saxlanmasında əsas amil olduğunu söyləyib. O, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqların əsas maraqlarının həyata keçirilməsi üçün bu məqamların böyük əhəmiyyətini qeyd edib. Yeri gəlmişkən, Rusiya Prezidenti ilə son aylarda üç dəfə baş tutan görüşlər müntəzəm əlaqələrin çox möhkəm bazaya əsaslandığını, münasibətlərdə davamlılıq prinsipinin gözləndiyini göstərir.

Xəzərin hüquqi statusu ilə bağlı məlum konvensiyanın imzalanmasının sahilyanı ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında mühüm nəticələr verəcəyi də proqnozlar sırasındadır. Uzun illərdir davam edən danışıqlar prosesinin bütün tərəfləri razı salması, eləcə də beynəlxalq hüquq normalarına əsaslanan bir sənədin imzalanması ilə sonuclanması da, müsbət nəticədən xəbər verir. Analitiklər bu konvensiyanın imzalanmasını və onun müddəalarının reallaşdırılmasını beş Xəzəryanı ölkənin mənafelərinə uyğun hesab edirlər.

Xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri olan Azərbaycanın dövlət başçısının son səfərlərini də ölkələrarası münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək mümkündür. Avropa İttifaqına üzv olan ölkələrə ardıcıl səfərlər, eləcə də, İtaliya və Almaniyanın dövlət başçılarının ölkəmizə səfərləri buna əyani misaldır.

Prezident İ.Əliyevin Belçikaya səfərində Avropa İttifaqı və Azərbaycan arasında imzalanan "Tərəfdaşlığın prioritetləri" sənədi ayrı-ayrı sahələr üzrə əlaqələrin inkişafına stimul verən amillərdəndir. Qeyd edək ki, Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulması nəticəsində Azərbaycan hazırda bu təşkilatın bir sıra proqramlarında fəal  iştirak edir. Nəticədə Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur.

Dövlət başçısının Xorvatiyaya səfərini də politoloqlar Avropa İttifaqı səviyyəsində olan əlaqələrin inkişafına stimul verən faktorlardan biri hesab edirlər. Xorvatiyanın dövlət başçısı Kolinda Qrabar-Kitaroviç də sözügedən əlaqələrin inkişafından razılıq ifadə edərək qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Bu səfərlər çərçivəsində Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar, insan haqlarının qorunması istiqamətində geniş məlumatlar verilib. Eyni zamanda, İtaliya və Almaniya dövlət rəhbərlərinin Azərbaycana olan səfərləri çərçivəsində keçirdikləri görüşlərdə də demokratik, multikultural dəyərlərin inkişafı istiqamətində Azərbaycanın gördüyü işlər yüksək qiymətləndirilib. Azərbaycanın xüsusi ənənələri olan ölkə kimi multikultural və tolerant mühitinə sadiq qalması xüsusi olaraq vurğulanıb.

Azərbaycanın dinc qonşuluq və dostluq şəraitində əməkdaşlıq etdiyi ölkələr sırasında müsəlman ölkələri də az deyil. Tacikistan Prezidenti İmoməli Rəhmonovun ölkəmizə səfərini buna misal gətirmək olar. İki ölkə arasında münasibətlərin qədim tarixə malik olduğu qeyd edilərək, bugünümüzün əsas çağırışlarından birinin İslam həmrəyliyinin möhkəmləndirilməsi olduğu həmin görüşlərdə qeyd edilib. İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycanın uzun əsrlərdən bəri dinimizin yayılmasında və müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı söylənilib. İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun və müsəlman ölkələrini bir araya gətirən müxtəlif qurumların üzvü olan Azərbaycanın İslam aləmi ilə faydalı münasibətlər qurması təqdir edilib. Eləcə də, qlobal əhəmiyyətli bir çox mühüm mədəni forumların təşkilatçısı olması, Azərbaycanı tolerant bir ölkə kimi tanıdıb. Ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında böyük töhfələr verdiyi vurğulanıb. İslam dəyərlərinin dünyada təbliğinə imza atması da, müsbət amil kimi xarakterizə edilib. Bunun aydın nümunəsi olaraq Bakının 2009-cu ildə, Naxçıvanın isə 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması qeyd edilib.

Bir sözlə, istər xarici dövlətlərə, istərsə də ölkəmizə olan səfərlərdə Azərbaycanın ölkələr və xalqlar arasında qurduğu dostluq körpüsü yüksək qiymətləndirilib.

Hər səfərin qarşılıqlı münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olduğu şəksizdir. Sözügedən səfərlər çərçivəsində baş tutan rəsmi görüşlərdə də, Azərbaycan müxtəlif sivilizasiyaları, dinləri özündə birləşdirən ölkə kimi təqdim edilir.

Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər quran Azərbaycan dövlətinin xarici siyasətindəki irəliləyişə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarını misal göstərmək olar. Bu qərar Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği, eləcə də beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə yardımçı olmaq yönündə apardığı işin nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə son səfərləri, eləcə də, müxtəlif ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri ölkəmizin multikulturalizmlə bağlı dəyərlərə yüksək önəm verdiyini göstərir. Çünki keçirilən hər görüşdə, tərəfdaşlığın inkişafına dair imzalanan sənədlərdə Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində göstərdiyi səylər müsbət qiymətləndirilir.

Bütün bunlar ona görə mümkün olub ki, dövlətimizin konfessiyalara yanaşmasında bərabərlik prinsipi mütləq mənada qorunur.

Bu da danılmaz fakidır ki, multikulturalizm Azərbaycanda alternativi olmayan həyat tərzidir. Multikulturalizm və tolerantlıq həm də cəmiyyətimizin sosial-mədəni münasibətlər sisteminin daxili təbii tələbatının aparıcı komponentidir. Qeyd edək ki, ksenofobiyaya əks mövqedə dayanan tolerant, multikultural dəyərlər Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü siyasətidir.

 

 “Paralel”in Araşdırma Qrupu