Paralel. - 2018.- 24 oktyabr. - ¹ 182. - S. 10.

 

"Multikulturalizm" verilişi multikultural dəyərlərin daha səmərəli təbliği üçün geniş imkanlar açacaq

 

Dünyada heç bir dövlət, heç bir siyasi qüvvə terrorun öhdəsindən təkbaşına gələ bilməz

 

Multikulturalizmin təbliği, təşviqi və dünyada tanıdılması üçün Azərbaycan dövlətinin gördüyü işlər, bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və digərlərinə də nümunə kimi təqdim olunur. Çünki Azərbaycan multikulturalizmi modeli bu gün dünyada mövcud olan milli və dini qarşıdurmaların qarşısına çıxacaq yeganə sınanmış bir modeldir. Bu modelin istər beynəlxalq səviyyədə, istərsə də ölkəmizdə təbliği üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də, bütün imkanlarını səfərbər edib. Bu yaxınlarda Mərkəz Azərbaycan Televiziyası ilə birgə yeni layihəyə start verib. Belə ki, oktyabr ayından etibarən Azərbaycan Televiziyasının efirində "Multikulturalizm" adlı yeni televiziya verilişi yayımlanmağa başlayıb. Artıq ilk buraxılışı yayımlanan verilişin qonaqları Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov olub. Verilişdə multikulturalizmin tarixi və mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda fikir mübadiləsi aparılıb, Azərbaycanın multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin təbliği və təşviqi ilə əlaqədar bu günə qədər görülən və gələcəkdə görüləcək işlərin əhəmiyyətindən söz açılıb. Qeyd edək ki, yeni telelayihənin məsləhətçisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəllif və aparıcısı isə BBMM-in əməkdaşı, tanınmış telejurnalist Billurə Aslanqızıdır.

Bu layihənin həyata keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına(QHT), eləcə də digər dövlət və qeyri-dövlət qurumlarına onların Azərbaycanda mövcud olan multikultural dəyərlərin daha səmərəli təbliği üçün geniş imkanlar açacaq. Bu layihə həm də, son zamanlar dünya miqyasında multikulturalizmin inkişaf etdiriməsi istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin təbliğində mühüm rol oynayacaq.

Bildiyiniz kimi, son dövurlərdə bir sıra dünya dövlətlərində, ələlxüsus da, Avropa məkanında multikulturalizmin iflasa uğraması və bu dəyərlərin quvvədən düşməsi barədə gəzən fikirlər din və etiqad zəminində dözümsüzlük və ayrı-seçkilik hallarının atmasına və yeni dözümsüzlük və qarşıdurma ocaqlarının yaranmasına səbəb olub. Bütün bu problemlərin multikultural dəyərlər çərçivəsində həllinin tapılması məqsədilə Roma şəhərində, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində ATƏT-in  sədrliyi və təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə təşkilatçılığı ilə "ATƏT regionunda hərtərəfli cavaba doğru: din və etiqad zəminində dözümsüzlük və ayrı-seçkiliklə mübarizəyə dair" mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov konfransda iştirak edib.

Konfransda irqçilik, ksenofobiya, antisemitizm, xristianlara, müsəlmanlara, digər din və etiqad nümayəndələrinə münasibətdə dözümsüzlük barədə geniş müzakirələr aparılıb. Həmçinin dini azadlığın və plüralizmin təmin edilməsində dözümlülük və qeyri ayrı-seçkiliyin təşviqi məsələləri barədə fikirlər səsləndirilib.

Tədbirdə ayrı-seçkiliyin və dözümsüzlüyün artan təzahürlərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin roluna, son zamanlar cəmiyyətdə geniş yayılan mənfi stereotiplərin ləğvində, qarşılıqlı hörmət və anlaşmanın təşviqində təhsil proqramlarının əhəmiyyətinə diqqət çəkilib. Bundan başqa, ayrı-seçkiliyin və dözümsüzlüyün bütün formalarının ləğv edilməsində ATƏT-ə üzv ölkələrin müsbət təcrübəsinin geniş müzakirəsinə xüsusi önəm verilib. Bu baxımdan Azərbaycan Dövlət Televiziyasının efirində "Multikulturalizm" adlı yeni televiziya verilişinin yayımına start verilməsi də, çox müsbət hal kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov konfransda "Dözümsüzlük və ayrı-seçkiliyin həllində yaxşı təcrübələr" mövzusuna həsr edilən panelində "Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin xüsusiyyətləri" adlı məruzə ilə çıxış edib. O, müasir dövrdə qloballaşma şəraitində dünya ölkələrində etnik, dini, mədəni müxtəlifliklərin artdığının müşahidə olunduğunu bildirərək onların tənzimlənməsinin vacibliyini qeyd edib.

Şöbə müdiri multikulturalizm siyasətinin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən optimal siyasət modeli olduğunu deyərək, Azərbaycanın ölkədəki etnik-mədəni müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə tənzimləyən nadir ölkələrdən olduğunu, bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Qərb ölkələrində multikulturalizmin dərin böhranla üzləşdiyi bir şəraitdə Azərbaycanda onun həm dövlət, həm də xalq tərəfindən hərtərəfli dəstəkləndiyini, bu istiqamətdə bir çox işlərin görüldüyünü də konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Multikulturalizmin Azərbaycanın daxili siyasətinin tərkib hissəsi kimi çıxış etdiyini deyən Prezident Administrasiyasının rəsmisi onun mühüm təzahürlərindən biri kimi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Bunun əsas göstəriciləri kimi ölkəmizdə dini azadlıqların təmin edilməsini, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasını, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsini, həmçinin dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulduğunu bildirib.

Azərbaycan eyni zamanda bütün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində beynəlxatq terrorizmə və dini radikalizmə qarşı mübarizədə fəal iştirak edir. Bu proses həm də ölkə daxilində qarşıdurma yaratmaq istəyən radikal qüvvələrə qarşı aparılır. Bunun nəticəsidir ki, ölkəmizdə bu qüvvələrin fəaliyyət dairəsi xeyli məhdudlaşdırılıb və son illər artıq hissolunmaz dərəcəyə çatıb.

Bununla belə ölkəmizdə bu mövzu daim diqqət mərkəzindədir və bununla bağlı tədbirlər davam etdirilir. Bildiyiniz kimi, belə tədbirlərdən biri də, oktyabrın 8-də Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşəbbüsü ilə keçirilib. "Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna, Belarus və digər ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak ediblər.

Tədbirdə çıxış edən Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov bildirib ki, beynəlxalq konfransın iştirakçıları bir sıra mühüm məsələlər üzrə ümumi razılığa gəliblər.

Beynəlxalq konfransın qəbul etdiyi qətnamədə deyilir:

“Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir. Terror aktlarının sayı artır və artmaqda davam edəcək. Dünyada heç bir dövlət, heç bir siyasi qüvvə, heç bir güc strukturu terrorun öhdəsindən təkbaşına gələ bilməz. Dünya xalqlarının və dövlətlərinin səylərinin birləşdirilməsinə ehtiyac var. Terrorizmin xarici təzahür formaları dəyişsə də, mahiyyəti eyni olaraq qalır: zorakılıq və hüdudsuz qəddarlıqla vətəndaşları, cəmiyyəti, dövlətləri qorxutmaq. Müasir dövrdə terrorizmlə mübarizə çox siyasiləşib: bir sıra dövlətlər terrorçularla mübarizə aparsalar da, digərləri əksinə, onlara kömək edir. Bu sosial bəlaya qarşı mübarizədə bütün dövlətlərin və dünya ictimaiyyətinin səylərini birləşdirmək lazımdır. Bu baxımdan:

a) BMT-nin himayəsi altında terrorizmin dövlətlərin böyük əksəriyyəti üçün məqbul olan, onu milli-azadlıq mübarizəsinin inqilabi formasından fərqləndirən normativ tərifini işləyib hazırlamaq;

b) BMT Baş Assamblesiyasının terrorizmlə mübarizə mövzusunda iclasını keçirmək;

c) bütün ölkələrə terrorçuların cəzasını maksimum sərtləşdirməyi tövsiyə etmək, siyasi motivlərlə törədilən cinayətlərə görə məsuliyyətdən yanınma imkanını istisna etmək;

d) terrorizmin maliyyələşdirilməsi imkanlarının aradan qaldırılmasına maksimum diqqət yönəltmək;

e) terrorizmlə mübarizə üzrə dövlətlərarası əməkdaşlıq prosedurunu maksimum dərəcədə sadələşdirmək (belə əməkdaşlıqdan yayınanların hamısını terrorçularla əlbir hesab etmək) məqsədəuyğun sayılsın.

Biz də qəti əminliyimizi ifadə edirik ki, terrorizmin öhdəsindən gəlmək, həmvətənlərimizin rahatlıq və təhlükəsizliyini təmin etmək xalqların gücü daxilindədir. Bunun üçün bütün sülhsevər insanların birliyi və əzimkarlığı lazımdır. Biz də Erməni terrorizmindən əziyyət çəkən bir dövlət kimi, bütün dünyada bu bəlaya qarşı mübarizədə hər zaman həmrəylik nümayiş etdiririk və etdirəcəyik.

Çünki şərə ancaq birlikdə qalib gəlmək olar!

 “Paralel”in Araşdırma Qrupu