Paralel. - 2018.- 23 oktyabr. - ¹ 181. - S. 10.

 

Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə qardaş kimi yaşayıblar

 

Ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hamı sülh şəraitində yaşayır

 

 Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan digər etnik və dini qruplar, həmçinin xristian və yəhudi icmaları üçün də doğma bir məskəndir. Ölkəmizdə milli azlıqlara hörmət və dözümlülük hələ qədimdən mühüm məsələ hesab edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq, ölkəmizdə bütün milli azlıqlar hökumətin tərkibində yüksək səviyyədə təmsil olunub. Ölkəmizdə indiyədək heç bir xalqın nümayəndəsinə ögey münasibət göstərilməyib.

Azərbaycanın doğma ev olmasını təkcə burda daimi yaşayanlar deyil, ölkəmizə gələn qonaqlar da təsdiq edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut hələ ötən il Bakıya səfərində ölkəmizdə milli azlıqlara əcnəbi kimi yanaşılmadığını söyləyib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən beynəlxalq münasibətlər sahəsi üzrə ekspert qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı müharibəyə və təcavüzə rəğmən, dinc-yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin həlledici amili kimi qalmaqda davam edir. O, Azərbaycanın konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyan bir ölkə kimi xarakterizə edərək onu güclü müstəqil dövlət, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri hesab edib. Ekspertin sözlərinə görə, İsrail Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı, eləcə də, ona bitişik yeddi rayonun qaytarılmasında həqiqi tərəfdaş kimi Azərbaycanı dəstəklədiyini nümayiş etdirir. A.Qut Azərbaycanda heç vaxt antisemitizmin olmadığını, multikulturalizm və tolerantlıq dəyərlərinin ölkədə həyat tərzinə çevrildiyini vurğulayıb.

Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi ölkədəki yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Ekspert ölkə Prezidentinin himayəsilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzinin yaradıldığını deyib. O, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsraillə sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmasının əyani nümunəsi olaraq Qubanın Qırmızı Qəsəbəsini misal gətirib: "Məşhur Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş, sadiq dost kimi yaşayırlar". Bu da onu göstərir ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsidir. ABŞ-da fəaliyyət göstərən Simon Vizental Mərkəzinin təmsilçisi Abraham Kuper mətbuatda İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya keçənilki səfərini, İsrail-Azərbaycan münasibətlərini, Azərbaycandakı tolerantlıq ənənələrini araşdıran məqalə ilə çıxış edib. O, sonuncu səfərində Prezident İlham Əliyevlə görüşüdüyünü qeyd edərək bildirib ki, Azərbaycanda çoxillik konfessiyalararası tolerantlıq və harmoniya ənənələrinin dəstəklənməsinə görə dövlət başçısına minnətdarlıq edib.

Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev isə 2018-ci ilin 27 sentyabrında ABŞ-da nəşr etdirdiyi məqalədə Azərbaycanla İsrail arasındakı güclü əlaqələrdən bəhs edib. Müəllif İsrailin müdafiə naziri Aviqdor Libermanın regiona sentyabrda etdiyi səfər çərçivəsində Azərbaycana baş çəkməsindən danışıb. Budəfəki səfərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan müəllif yazır ki, A.Liberman Bakıda əksər nazirlərlə və yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Onun Bakıya səfərində ən mühüm hadisə isə Prezident İlham Əliyevlə görüş olub. Azərbaycan yəhudi icmasının liderləri ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdəki əlaqələrin inkişafı yüksək qiymətləndirilib. Görüşdə həmçinin Azərbaycanın tolerantlıq, harmoniya və multikulturalizmə bağlı unikal model olduğu vurğulanıb.

Dağ Yəhudiləri İcmasının rəhbəri Libermanla görüşdə yəhudi icmasının hazırkı vəziyyəti, iki xalq arasındakı səmərəli əməkdaşlıq imkanlarından danışıb. Milix Yevdayev yəhudi icması adından Libermana "Albert Aqarunov" mükafatını təqdim edib. Bu mükafat dağ yəhudiləri icması tərəfindən bu yaxınlarda təsis olunub.

İcma rəhbəri deyib ki, mükafat Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsində töhfəsi olan azərbaycanlılara və əcnəbilərə verilir. Mükafatın Albert Aqarunovun adını daşımasına gəlincə isə, o, İsraildən kənarda ən böyük yəhudi kəndi - Qırmızı Qəsəbədə anadan olan yəhudi döyüşçüsü və tank komandiri kimi Qarabağ uğrunda savaşıb və qəhrəmanlıqla şəhid olub.

Məqalədə vurğulanıb ki, Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycanın iki min ildir ki, yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətən olduğu söylənilən yazıda bir sıra məqamlara toxunulub. Daha sonra qeyd edilib ki, yəhudi icması antisemitizmin olmadığı Azərbaycanda o vaxtdan yaşayır. Qeyd edilib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Burda etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub. M.Yevdayev qeyd edib ki, bu ölkədə heç zaman dini və irqi zəmində ayrı-seçkilik olmayıb: "Bu gün də Azərbaycanda yəhudilər siyasət, səhiyyə, təhsil, elm və mədəniyyət daxil olmaqla, bütün sahələrdə təmsil olunur, ölkənin ictimai həyatında fəal iştirak edirlər. Hazırda Azərbaycanda 7 sinaqoq, iki yəhudi ibtidai məktəbi, üç uşaq bağçası və bir "Yeşiva" fəaliyyət göstərir. Azərbaycan-İsrail, azərbaycanlılarla yəhudilər arasındakı unikal əlaqələr və əməkdaşlıq müsəlmanlarla yəhudilərin hörmət, əməkdaşlıq, sülh şəraitində birgəyaşayışına inanmayan, yaxud, inanmaq istəməyən hər kəsə bir mesajdır".

Azərbaycandakı yəhudilərlə bağlı daha geniş, ətraflı məlumatlara Los-Ancelesdə yaşayan yəhudi din xadimi Ravvin İsrail Barukun Azərbaycan yəhudilərinin tarixi, hazırkı şəraiti və digər məqamlardan bəhs edən kitabını misal göstərə bilərik. "Azərbaycan yəhudiləri" adlanan və 2018-ci ildə nəşr edilən kitabda yəhudilərin əsrlər boyu ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin mövcudluğu şəraitində digər xalqlarla dinc-yanaşı yaşadığı, onların Azərbaycanın siyasi-iqtisadi, mədəni həyatında önəmli rol oynadığı vurğulanıb. Kitabda Azərbaycan hökumətinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qorunub-saxlanmasına yüksək önəm verdiyi və yəhudilərə xüsusi diqqət göstərdiyi, eləcə də Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hamının sülh şəraitində birgə yaşadığı qeyd edilib.

İsrailin nüfuzlu "Yerusəlim Post" qəzetində isə "Avropa İttifaqı Azərbaycanın dini tolerantlıq modelini öyrənir" başlıqlı yazı nəşr edilib. Məqalə Azərbaycanda fəaliyyət göstərən dini icma üzvlərindən ibarət nümayəndə heyətinin bu ilin iyununda olan səfərinə toxunub.

DQİDK xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanovun bu məqaləsində qeyd edilib ki, dini və mədəni müxtəlifliyin idarə edilməsi sahəsində uğurlu siyasi təcrübəyə malik olan və dünyəvi müsəlman ölkəsi Azərbaycan İslam və Qərb dünyası üçün nümunəvi tərəfdaşdır.

Yəhudilərə olan səmimi dostluq münasibətinin təzahürü kimi, Bakıda keçirilən "Roş-Ha-Şana" bayramını misal göstərmək olar. Bakıdakı Avropa Yəhudiləri icmasının nümayəndələrinin iştirakı ilə bu ilin sentyabrında dünya yəhudilərinin qeyd etdiyi "Roş-Ha-Şana" bayramı hər iki xalqın dostluq münasibətini bir daha özündə əks etdirib.

Bu da maraqlı faktdır ki, Azərbaycanda qeyd olunun dini və milli bayramlarda burada yaşayan bütün dinlərin və xalqların nümayəndələri iştirak edirlər. Dünya yəhudilərinin qeyd etdiyi "Roş-Ha-Şana" bayramında dövlət rəsmilərinin iştirak etməsi də, bunu bir daha təsdiq edir.

Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, DQİD-nin sədr müavini Səyyad Salahlı və Səyavuş Heydərov tədbirdə iştirak edib.

PA rəsmisi Etibar Nəcəfov Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda qeyd edilib ki, ənənəvi dostluq-qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycanda etnik və mədəni müxtəliflik milli dövlətçiliyin əvəzsiz nailiyyəti kimi qiymətləndirilir. Daha sonra qeyd edilib ki, ölkəmizin bütün xalqları, eləcə də, yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb və heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlaya bilib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühitindən bəhs edib. S.Salahlı qeyd edib ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, insan hüquq və azadlıqlarının təminatı, o cümlədən ölkədə sabitlik, əmin-amanlıq dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. Avropa Yəhudiləri İcmasının sədri, xalq artisti Aleksandr Şarovski və digər çıxış edənlər dövlətin ölkəmizdəki bütün dinlərin və millətlərin nümayəndələrinə həmişə diqqət və qayğı göstərdiyini bildiriblər. Vurğulanıb ki, yəhudi əsilli vətəndaşlarımız müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Bütün bunlar isə heç bir ayrı-seçkiliyə yol verilmədən, sülh və harmoniya içində yaşamağın sayəsində mümkün olub.

 

 “Paralel”in Araşdırma Qrupu