Paralel. - 2018.- 20 oktyabr. - ¹ 180. - S. 10.

 

Ölkəmizdə mədəni müxtəlifliyin hüquqlarına hörmət kimi çoxdillilik ənənəsi qorunur

 

Multikultural cəmiyyətinin formalaşmasında dövlət dili olduqca mühüm əhəmiyyət daşıyır

 

 Ana dilimiz bizim milli varlığımızdır. O, tarixən inkişaf edərək, zənginləşərək hazırda dünyanın hər bir yerində yaşayan azərbaycanlıların istifadə etdiyi ümummilli dil səviyyəsinə yüksəlib. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu isə dövlətçiliklə sıx bağlı məsələdir. Ona görə də dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab edilir.

Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır və bununla yanaşı, informasiya imkanları genişlənir. Ötən əsrin əvəllərinə nəzər salsaq, hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dilimizi dövlət dili kimi təsdiqləyib. 1936-cı ildən sonra isə Azərbaycan dili rəsmən dövlət dili sayılsa da, bu, formal xarakter daşıyıb və dövlət idarələrində məhdud çərçivədə işlənib. "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir",-deyən, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən başlayaraq dilimizin inkişafı istiqamətində məqsədyönlü iş aparıb və mövcud tarixi təcrübəni, müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirib. Nəticədə, 1970-ci ildən başlayaraq Azərbaycan dili elmi şəkildə öyrənilib və müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər

yaradılıb. Ali məktəblər üçün yazılan dördcildlik "Müasir Azərbaycan dili" dərsliyi 1974-cü ildə H.Əliyevin təşəbbüsü ilə dövlət mükafatına layiq görülüb.

Azərbaycan müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yaranıb. Elə həmin dövrdə də ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü işlərin aparılmasına başlanılıb. Ana dilimizin qorunub-inkişaf etdirilməsi, bütün idarə-təşkilatlarda onun dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Nəhayət, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilib.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Dövlət dili haqqında" qanunun tətbiq edilməsi barədə Prezident fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyub. 2001-ci il 9 avqust tarixli Prezident fərmanına əsasən isə, hər il avqust ayının ilk günü ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Dövlət başçısı, Prezident İlham Əliyev dilimizin daha geniş təbliğinə hərtərəfli imkanlar yaradıb. Bu gün inkişaf etmiş bir çox dünya dövlətlərində tədrisin Azərbaycan dilində aparıldığı məktəblər açılıb. Həmin məktəblər dogma dilimizdə olan dərsliklərlə, metodiki və bədii ədəbiyyatlarla təmin edilib.

Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı da Azərbaycan dilinə göstərilən qayğının ifadəsidir. Nəticədə, bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə lazım olan şərait yaradılıb.

Ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına Naxçıvan MR-da da xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. Ana dilimizin daha da inkişaf etdirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində ucaldılan "Ana dili" abidəsi dilimizə ehtiramın bariz nümunəsidir.

Dilimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu həm ölkə daxilində, həm də bütün dünyada yüksəltməyə çalışmalıdır. Çünki dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin və dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa da imkan yaradır. Təsadüfi deyil ki, hər bir ölkənin ictimai-siyasi həyatıında dogma dilin rolunu artırmaq, ana dilinin əhəmiyyətini göstərmək, onu qorumaq məqsədilə hər il fevralın 21-də Beynəlxalq Ana Dili Günü qeyd edilir. Bu təqvim gününün əlamətdar bir hadisə kimi təqdimatı Birləşmiş Millətlər Təşkilatının qərarı ilə gerçəkləşdirilir.

Bütün qeyd edilənlər ana dilimizin bizə nə qədər vacib olduğunun bir göstəricisidir. Yəni dil bütün dəyərlərin ifadə vasitəsi olmaqla ən ülvi-bəşəri hadisələrin, mədəniyyət və mənəviyyatın çoxsaylı cəhətlərini özündə ehtiva edən vacib bir məsələdir. Lakin Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, onun inkişaf etdirilməsi üçün aparılan işlər ölkəmizdə yaşayan etnik qruplara, azsaylı xalqlara, başqa dillərdə danışanlara ögey münasibət bəsləmək, onların dillərindən imtina etmək, dillərini unutdurmaq demək deyil.

Azərbaycanda yaşayan hər bir etnosun özünəməxsus dilini qoruyub-saxlamasının əyani nümunəsini bu gün ölkəmizdə yaşayan milli azlıqların, etnosların öz dillərində rahat, müstəqil danışmasında görmək olar. Azərbaycanda yaşayan xalqların hər biri öz dilində danışmaqda, onu qoruyub-saxlamaqda və inkişaf etdirməkdə tam müstəqil və azaddır.

Məsələn, ölkəmizdə yaşayan avarlar Şimali Qafqaz dil ailəsinə məxsus avar dilində, talışlar İran dil ailəsinə mənsub talış dilində, kürdlər də İran dil ailəsinə məxsus kürd dilində danışırlar. Dünyada yeganə dil olan xınalıq dili də, məhz Azərbaycanın Quba rayonuna məxsusdur.

Qafqazın qədim sakinləri olan udilərin dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olmaqla yanaşı, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib.

Azərbaycan tarixən polietnik və müxtəlif dinə, dilə mənsub ölkə olub. Əhalisinin əksəriyyəti azərbaycanlı olan ölkəmizdə qədimdən İran, Qafqaz etnosları, yəhudi, rus, ukrayna, tatar, belarus və başqa xalqlar da yaşayıblar. Burada mövcud etnik, dini, dil qeyri-cinsliyi deyil, dövlətin məhz bugünkü anlamda desək, multikulturalizm siyasətinin mədəni müxtəlifliyinin ideoloji modelləri sivil yaşam tərzinə çevrilib.

Bununla yanaşı, multikulturalizm siyasətində vətəndaş cəmiyyətinin formalaşdırılması əhalinin azərbaycanlı kimi özünü adekvat olaraq identikləşdirməsi, yəni eyniləşdirməsidir. Bu, həm də ölkə vətəndaşının etnik mənsubiyyətindən asılı olmayaraq, özünü "azərbaycanlı" adlandırmalı, belə saymalı olduğunu deyir. Bu məqam əslində, əhalisinin əksəriyyəti azərbaycanlı olanların türksoylu olmasına qarşı deyil. Bu, ölkədəki etnik fərqlərin bir vahiddə ifadəsi deməkdir.

Əslində, insanların etnik kökünün onun vətəndaşlığına heç bir aidiyyəti yoxdur. Azərbaycanda dünyaya gələn, valideynlərindən biri Azərbaycan vətəndaşı olan hər bir insan onsuz da qanuna görə, azərbaycanlı hesab olunur. Multikulturalizm siyasətində, vətəndaş cəmiyyətinin formalaşması prosesində dövlət dili olduqca mühüm əhəmiyyət daşıyır. Bu mənada, Azərbaycan vətəndaşlarının hamısının dövlət dili olan Azərbaycan dilini mənimsəməsi əsas şərtlərdən biridir. Bu məqamda qeyd edək ki, Azərbaycan dilinin mənimsənilməsi etnik azlıq və yaxud, qrupların dilinin qorunması ilə birgə tətbiq olunur. Yəni mədəni müxtəlifliyin hüquqlarına hörmət əlaməti olaraq ölkəmizdə əsrlərlə bərqərar olan çoxdillilik ənənəsi qorunub-saxlanılır. Onun aydın nümunəsi də azsaylı xalqların, etnik qrupların, bütün etnosların özlərinə məxsus dillərdə danışmaları, həmin dillərdə təhsil almaları üçün geniş imkanların yaradılmasıdır.

Bununla bərabər, Azərbaycan vətəndaşlarının hamısının dövlət dilini öyrənməsi və mənimsəməsi məsələsi vacib şərtlərdən biri hesab edilir. Çünki bu dil ən azından başqası tərəfindən məskun olduğu ərazidə hər kəsin bir-birini anlaması, başa düşməsi probleminin çozülməsidir. Yəni liberal fərd insan haqları ilə yanaşı, ona əlavə olaraq etnik və dil icmalarının xüsusi qrup hüquqlarının tanınmasına gətirib çıxarıb. Etnoqraflar da hesab edir ki, mədəni müxtəlifliklə bağlı multikultural siyasətdə sərtlik deyil, inadcıllıq göstərmək lazımdır. Yəni Azərbaycandakı sürətli inkişaf dəyişiklikləri ilə yanaşı, həm də dil və mədəniyyətlərin qarşılıqlı əlaqəsi də intensivləşməlidir. Mütəxəssislər də hesab edir ki, dövlət, üçüncü sektor, siyasi institutlar bu günün tələblərinə uyğun multikultural vətəndaşlar yetişdirməlidirlər. Martin Haydegerin təbirincə desək, indi insan fəaliyyəti mədəniyyət kimi qavranılmalı və həyata keçirilməlidir. Mədəniyyətin mahiyyəti odur ki, insanın ali nemətlərə ehtiyacını mədəniyyət üstünə götürür və məhz bu, mədəni siyasətə çevrilir. Bu mənada mədəni müxtəliflik, qarşılıqlı hörmət, ünsiyyət, dialoq və sosiomədəni proseslərin öyrənilməsi çağdaş dünyanın, müasir əsrimizin əsas elmlərindən birinə çevrilməkdədir.

Bütün söylənənlərin vacib tərkib hissəsi olaraq, bu gün Azərbaycanda yaşayan azsaylı xalqların, etnosların hamısının dilinə hörmət, onlara bərabər yanaşma siyasəti həyata keçirilir. Bu da Azərbaycanda ta qədim zamanlardan mövcud olan, günümüzə qədər gəlib çatan və indi də qorunub-saxlanılan multikultural dəyərlərə müsbət münasibətin, hər bir fərdə və milli azlıqlara yanaşmada ayrı-seçkiliyin olmamasının təzahürüdür.

 

 “Paralel”in Araşdırma Qrupu