Paralel. - 2018.- 19 oktyabr. - ¹ 179. - S. 10.

 

Milli azlıqların hüquqlarının müdafiəsi qlobal məsələdir

 

Azərbaycanın təcrübəsi beynəlxalq konfrans iştirakçılarına təqdim edilib

 

 Milli azlıqların hüquqlarının müdafiəsinin təmin edilməsi, çağdaş dünyanın aktual problemi kimi daim diqqət mərkəzindədir. Hələ keçən əsrin 80-90-cı illərində Avropa Şurası bu quruma daxil olan ölkələrdə milli azlıqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə iki sənəd işləyib hazırlayıb. Onlardan biri Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, digəri isə Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasıdır.

Bildiyiniz kimi, həmin dövrlərdə dünyada baş verən mühüm geosiyasi dəyişikliklər nəticəsində 70 il davam edən kommunist ideoloji rejiminin hökmüranlıq etdiyi Sovetlər İttifaqı dağıldı. Dünya sosializim sistemi ağır zərbə aldı və bu sistemə daxil olan ölkələrdə milli azlıqların hüquqlarının müdafiəsinin təmin edilməsi problemi önə çıxdı. Bu səbəbdən də, yuxarıda adlarını qeyd etdiyimiz sənədlər ancaq 1998-ci ildə qüvvəyə mindi. Bu il həmin sənədlərin qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə Strasburqda Xorvatiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində xüsusi konfrans keçirilib.

Yəni, milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasının qüvvəyə minməsinin 20-ci ildönümü beynəlxalq müstəvidə qeyd edilib.

Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov həmin konfransda Ölkəmizi təmsi edib.

Onu da diqqətinizə çatdıraq ki, Avropa Şurasının Nazirlər Komitəsinin qərarı ilə qeyri-üzv dövlətlər də bu konvensiyaya qoşula bilərlər. Azərbaycan AŞ Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını 2000-ci il iyunun 16-da ratifikasiya edərək, bu konvensiyaya qoşulub. Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasını ölkəmiz 21 dekabr 2001-ci ildə imzalasa da, onu ratifikasiya etməyib. Onun əsas səbəbi də həmin sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, milli təhlükəsizliyinə xələl gətirə bilən bir sıra tələblərin olmasıdır. Qeyd edək ki, sözügedən Xartiyanı AŞ-a üzv olan 47 ölkədən Belçika, Bolqarıstan, Estoniya, Litva, Latviya, Yunanıstan, Gürcüstan, Türkiyə, Portuqaliya kimi ölkələr də imzalamayıb. Halbuki, həmin ölkələrin çoxu hətta Avropa İttifaqına da daxildirlər.

Azərbaycanın qoşulduğu Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının məzmunu və bu sənədin əsas məqsədi ona qoşulan ölkələrdə milli azlıqların müdafiəsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün müstəqil ekspertlərdən ibarət Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə milli azlıqların müdafiəsi ilə bağlı üzv ölkələrdə görülən işlərin monitorinqini aparır və onlara dair rəy, bəyanat qəbul edərək münasibət bildirir. Rəyin qəbul edilməsindən öncə Çərçivə Konvensiyasına üzv olan hər bir ölkə milli azlıqların müdafiəsinə dair öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dövri məruzə, hesabat hazırlayır. Monitorinq hər bir ölkədən ilk hesabatını Çərçivə Konvensiyasına qoşulandan sonra bir il ərzində, növbəti hesabatları isə beş ildən bir və yaxud, Avropa Şurasının Nazirlər Kabinetinin xüsusi istəyilə müxtəlif vaxtlarda təqdim olunmasını tələb edir. Eləcə də, Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə üzv dövlətlərə milli azlıqların həmin dövlətlərdə vəziyyəti ilə bağlı cavablandırmaq üçün anket də göndərir. Üzv ölkə milli azlıqların müdafiəsinə dair öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dövri məruzəni, hesabatı hazırlayarkən, müxtəlif mənbələrdən, o cümlədən, milli azlıqların nümayəndələrindən, QHT-lərdən məlumat toplayır. Məruzə hazır olandan sonra  Avropa Şurasının baş katibinə təqdim edilir. Məruzə Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin ekspert qrupu tərəfindən yoxlanılır. Yoxlamanı həyata keçirərkən ekspertlər müxtəlif mənbələrdən, o cümlədən, qeyri-hökumət mənbələrindən istifadə edirlər. Məruzədə əks olunan məlumatları yoxlamaq, eləcə də üzv ölkədə milli azlıqların müdafiəsi ilə bağlı vəziyyəti öyrənmək üçün onlar həmin ölkəyə səfər edirlər. Səfər zamanı onlar mərkəzi və yerli icra hakimiyyətinin rəsmiləri, parlamentin üzvləri, milli azlıqların nümayəndələri, QHT üzvləri və digər müvafiq şəxslərlə də görüşür və onları maraqlandıran məlumatları əldə edirlər.

Üzv ölkənin təqdim etdiyi məruzə yoxlanandan sonra Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə tərəfindən rəy, bəyanat qəbul olunur və şərh üçün həmin ölkəyə göndərilir. Burda da əsas məqsəd ölkənin sözügedən sənədə münasibətinin müəyyən edilməsidir. Yəni onun rəydə əks olunan məlumatla razı olub-olmamasını göstərməkdir. Üzv ölkə tərəfindən şərhlər AŞ-ya təqdim olunandan sonra bu təşkilatın Nazirlər Komitəsi bəyanat qəbul edir. Bəyanatda nəticələr, həmçinin, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının öhdəliklərinin icrasına dair üzv ölkəyə münasibətdə verilən tövsiyələr əks olunur. Bu bəyanat AŞ saytında dərc edilir. Tövsiyələri yerinə yetirdikcə, üzv ölkə Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəni məlumatlandırır.

Azərbaycan bu günə kimi AŞ Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dörd dövri məruzə, hesabat hazırlayıb. Dördüncü dövri məruzəni Azərbaycan hökuməti 2016-cı ilin sonunda hazırlayaraq AŞ baş katibinə təqdim edib. Məruzəyə dair 8 noyabr 2017-ci il tarixində Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə rəy qəbul edib. Rəydə qeyd olunduğu kimi, onun hazırlanmasında üç mənbədən istifadə edilib. Birincisi, Çərçivə Konvensiyası üzrə öhdəliklərin yerinə yetirilməsinə dair Azərbaycan hökumətinin hazırladığı dördüncü dövri məruzə-hesabat, ikincisi, "Məşvərətçi Komitənin həmsöhbətləri" kimi rəydə təqdim olunan anonim xəbərçilərdən alınan məlumat, üçüncüsü isə Məşvərətçi Komitənin nümayəndə heyətinin 2017-ci ilin 3-7 iyul tarixində Bakı, Lənkəran və Masallıya səfəri zamanı dövlət rəsmiləri və QHT təmsilçiləri ilə apardığı danışıqlardan əldə edilən məlumatlardır. Həmin rəy 2018-ci ilin əvvəlində şərh üçün Azərbaycan hökumətinə verilb.

Azərbaycanın Çərçivə Konvensiyasını yerinə yetirməsi üzrə dördüncü dövri hesabatı ilə bağlı Məşvərətçi Komitənin qəbul etdiyi rəydə ölkəmiz etnik və dini cəhətdən rəngarəng cəmiyyət olduğu, Azərbaycanda multikulturalizmin geniş təşviq olunması etiraf edilsə də, Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov onun bütövlükdə qərəzli və qeyri-obyektiv xarakter daşıdığını bildirib.

E.Nəcəfov qeyd edib ki, sözügedən rəydə Azərbaycanda milli azlıqların müdafiəsi, etnik, dini, mədəni müxtəlifliyin qorunması sahəsində dövlətimizin həyata keçirdiyi böyük işlərə düzgün qiymət verilməyib. O, söyləyib ki, rəy hazırlanarkən Məşvərətçi Komitə Azərbaycan hökumətinin təqdim etdiyi hesabata deyil, "Məşvərətçi Komitənin həmsöhbətləri" kimi rəydə təqdim olunan anonim xəbərçilərin heç bir fakta əsaslanmayan subyektiv və qərəzli xarakter daşıyan məlumatlarına istinad edib. E.Nəcəfov bunu Məşvərətçi Komitənin məqsədyönlü şəkildə etdiyini deyib. Və bu da əsassız deyil, çünki Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində apardığı müstəqil siyasət və bu siyasətin nəticəsində əldə etdiyi nailiyyətlər Qərb ölkələrində müəyyən dairələri qane etmir. Onlar bizim uğurlarımıza qısqanclıqla yanaşırlar. Müasir dövrdə Qərb ölkələrində multikulturalizm siyasəti böhranla üzləşir. Bir sıra Yaxın və Orta Şərq ölkələrində davam edən hərbi münaqişələr nəticəsində Avropaya artan miqrant axını bu böhranı daha da dərinləşdirib. Həmin dövlətləri də bu tendensiyanın qarşısın almaqda acizlik çəkirlər ki, multikutluralizmin iflasa uğradığını iddia edirlər. Belə bir zamanda, Azərbaycanın multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətlər onları düşünməyə vadar edir.

Çünki bu gün Azərbaycan multikulturalizmin meydana gəldiyi Qərb dövlətlərindən də, səmərəli multikulturalizm modeli təklif edir. Belə bir şəraitdə ölkəmizin nailiyyətlərinə Qərb ölkələrindəki müəyyən dairələrin nümayəndələrinin qərəzli yanaşması anlaşılındır və biz hər zaman bunun şahidi olmuşuq.

Qeyd edək ki, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası və Regional Dillər və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasının qüvvəyə minməsinin 20-ci ildönümünə həsr olunan konfransın konkret mövzusu "Dəyişən Avropada azlıqlar və azlıqların dilləri" olub. Konfrans çərçivəsində dörd panel sessiyası keçirilir. E.Nəcəfov "Multikultural cəmiyyətdə azlıqların dilləri və təhsili" adlı sessiyada Azərbaycanda azlıqların dilləri və təhsili mövzusunda çıxış edib. O, Azərbaycan tərəfindən Çərçivə Konvensiyasının milli azlıqların dillərində təhsil sahəsində öhdəlikləri uğurla həyata keçirdiyi barədə məlumat verib. Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkəmizdə yaşayan milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğunu qeyd edən PA sözçüsü burada milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlətin mühüm işlər gördüyünü xüsusi qeyd edib. E.Nəcəfov konkret faktlara əsaslanaraq, Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbinin fəaliyyət göstərməsi haqqında konfrans iştirakçılarına məlumat verib. Həmçinin, ölkədə 18 ümumtəhsil məktəbində tədrisin sırf rus dilində aparıldığını, 326 məktəbin rus sektorunda isə 90 min şagirdin rus dilində təhsil aldığını bildirib. Azərbaycanda milli azlıqların dillərində qəzet və jurnalların dərc olunması, televiziya və radio verilişlərinin aparılması haqqında da konfrans iştirakçılarına məlumat verilib. E.Nəcəfov həmçinin Azərbaycanın müasir dövrdə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biri olduğun tədbir iştirakçıların diqqətinə çatdırıb. O, bunun əsas göstəricisi kimi ölkəmizdə tarixin heç bir dönəmində etnik, dini və irqi zəmində qarşıdurmanın, münaqişənin olmamasını göstərib.

Azərbaycanın bu gün dünya ölkələrindən daha səmərəli multikulturalizm modeli təklif etdiyini deyən E.Nəcəfov, bu modelin Qərb ölkədərində mövcud olan modellərdən fərqləndiyini vurğulayıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dünyada artıq multikulturalizm mərkəzi kimi tanınır. Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin xarici ölkələrdə öyrənilməsinin vacibliyini qeyd edib:"Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaq".

 

 “Paralel”in Araşdırma Qrupu