Paralel. - 2018.- 18 oktyabr. - ¹ 178. - S. 10.

 

Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir

 

Ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilir

 

Multikulturalizmin və tolerintlığın əsas prinsiplərindən biri də vicdan azadlığıdır. Bu prinsiplərin pozulduğu cəmiyyətlərdə nə demokratiyadan, nə multikulturalizmdən, nə də insan haqlarından danışmaq olar. Vicdan azadlığı həm də insanların dini inancları ilə sıx baqlıdır. Buna görə də vicdan azadlığının məhdudlaşdırılması, həm də insanların dini inaclarına münasibətlərinin məhdudlaşdırılması kimi qəbul olunur.

Bu baxımdan bəzi Qərb dövlətlərində multikulturalizmin iflasa uğraması barədə deyilənlər başadüşüləndir. Çünki bu dövlətlərdə multikulturalizm və tolerantlıq dedikdə, əsas etibarı ilə azsaylı xalqların və digər dinlərə, xüsusən də islam dininə mənsub insanların assimilasiyası hədəf kimi götürülüb. Bu alınmadıqda isə multikulturalizmin iflasa uğradığı iddiasını ortaya atırlar. Bu kimi hallar ötən əsrin əvvələlində də müşahidə olunub.

Buna görə də, vicdan azadlığı problemi bəşəriyyətin inqilabi-demokratik inkişafının aktual problemlərindən birinə çevrilirb. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətdir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır.

Vicdan azadlığı məsələsi 1918-ci il mayın 28-də yaranan ilk Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətinin də əsasını təşkil edib.

Bu da səbəbsiz deyildi, tarixin bütün dönəmlərində başqalarına qarşı dözümlü münasibəti ilə seçilən Azərbaycan rus imperiyasının "parçala hökm sür" siyasətinə tabe edilərək, azərbaycanlılar arasında dini ayrılığı daha da dərinləşdirmək məqsədilə əhalini sünnü və şiə məzhəblərinə bölərək, onların müstəqil ruhani idarələrini yaratmışdı və bu məqamdan öz siyasətini həyata keçirmək üçün məharətlə istifadə edirdi.

Azərbaycan Demokratik Respublikasının rəhbəri Məmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.

ADR hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu və 48 yaşlı Axund Ağa Əlizadəni Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin etdi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyatı güclü olan, parlamentin işinə kömək edən bir şəxs olduğundan az bir zamanda böyük işlər görə bildi.

ADR bu məsələdə vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətina toxunmamaq prinsipini əsas götürdü.

Çünki dinlərdən birinə üstünlük verilməsi, digərlərinin sıxışdırılması və beləliklə də, dini bərabərsizliyə şərait yaradılması müxtəlif dinlərə mənsub vətəndaşların hüquq bərabərliyinin pozulması demək olardı.

Bu da məlumdur ki, Azərbaycan Demokratik Respublikası Parlamentinin tərkibi müxtəlif millətlərin və dinlərin nümayəndələrindən ibarət olub. Parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav dininin 10 deputat mandatı var idi. Bundan əlavə, yəhudilərin, gürcü və polyak xristianlarının nümayəndələri də parlamentdə təmsil olunurdular.

 O dövrdə Gürcüstanda gürcü-pravoslav kilsəsi, Ermənistanda erməni-qriqoryan kilsəsi din siyasətində aparıcı rol oynasa da, Azərbaycanda dinlərdən birinə üstünlük verilməsi məsələsi müzakirə olunmadı və dini bərabərliyə hörmət, əsas prinsip kimi qəbul olundu.

Bu gün də ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə bütün dinlərə bərabərhüquqlu münasibət göstərilir. Bununla yanaşı, bəzi hallarda bu münasibətdən sui-istifadə edilməklə, tarixən formalaşan milli-mənəvi dəyərlər sisteminə zidd olan ünsürlərin və cərəyanların destruktiv təsirinin, cəmiyyətin həyatına nüfuzetmə, xüsusilə də dini zəmində ekstremizm və separatizmin yayılmasına cəhdlərin şahidi oluruq. Azərbaycan dövləti bu kimi halların qarşısının alınması istiqamətində böyük işləri görür. Azərbaycan hökuməti eyni zamanda hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlər həyata keçirir.

Bu da danılmaz faktdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdış da sürətlənib.

Buna görə də gənclər arasında dini maarifləndirmə işinin genişləndirilməsi zərurəti meydana gəlib. Bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmaq cəhlərinin qarşısının alınması üçün görülən işlərin miqyası və keyfiyyəti artırılıb. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait yaradılıb. Azərbaycan iqtisadi inkişafı ilə yanaşı, dünyada həm də tolerantlıq modeli ilə tanınır. Bununla belə, hələ də bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlı olur. Bütün bunlar bəzən gənclər arasında çaşqınlığın yaranmasına gətirib çıxarır.

Demokritik, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən birdir. Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür. Bəzi cəmiyyətlərdə vicdan azadlığının sərhəddi müəyyənləşdirilsə də, əsl vətəndaş cəmiyyətlərində və hüquqi dövlətdə vicdan azadlığı məhdudlaşdırılmır. Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir.

Qeyd edək ki, vicdan azadlığı problemi bəşəriyyətin demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətdir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Ölkəmizdə də vicdan azadlığı prinsiplərin və insanların inancına hörmətlə yanaşılır. Ölkəmizdə bu sahə ölkə Konstitusiyası və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Adından da göründüyü kimi, müvafiq qanunumuz məhz "Dini etiqad azadlığı" adlanır. Yəni, söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından, maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir.

İnsan haqları və azadlıqların, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Əgər real həyatda "Dini etiqad azadlığı" inanclı insanlar üçün "Dini etiqad məhdudiyyətinə" çevrilərsə, o halda, vətəndaşlarımızın konstitusion haqları məhdudlaşdırılmış olar. Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır və bütün digər qanunlarımız da əsas qanunumuzun tələblərinə cavab verməlidir. Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkəti heç kəs, heç bir adla qadağan edə bilməz. Hər halda, hüquqi dövlət prinsipi bunu tələb edir. Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi qaydaları, məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsipləri heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır. Bu isə dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Bir sözlə, din və vicdan azadlığı, əslində insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə inanclıların da, digərlərinin də haqları pozulmuş olur. Biz Konstitusiyamızda təsbit edilən haqları insanlara verməyəcəyiksə, bəs onda Konstitusiyanın mahiyyəti nədən ibarətdir?.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, yersiz və qanunazidd qadağalar, hər zaman cəmiyyətdə gərginliyi artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi əvəzinə, daha yeni problemlərə yol açır. Cəmiyyətdə gərginliyin artması isə heç bir dövlətin maraqlarına uyğun deyil. Hər kəs atdığı addımları ilə mövcud problemləri həll etməyə, gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu qızışdırmağa yox. Plüralizmin və barəsində çox danışdığımız tolerantlığın mənası da elə budur.

 

“Paralel”in Araşdırma Qrupu