Paralel. - 2018.- 17 oktyabr. - ą 177. - S. 10.

 

"Azərbaycan multikulturalizmi" fənninin tədrisi daha geniş coğrafiyanı əhatə edir

 

Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən biri vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunmasıdır

 

Azərbaycan multikulturalizminin istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə təbliğində əsas ağırlıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzərinə düşür. Bu qurumların aktiv fəaliyyəti nəticəsində son illər Azərbaycan multikulturalizminin dünyada təbliği geniş vüsət alıb və artıq müsbət nəticələr də göz qabağındadır. Azərbaycan multikulturalizminin təbliği və təşviqindən danışdığımız zaman Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü BBMM- müşahidəçilər şurasının sədri Kamal Abdullanın adını çəkməmək mümkün deyil. K.Abdullanın bu istiqamətdə gördüyü işlər göz qabağındadır. Multikulturalizm sahəsində onun qələmə aldığı dərs vəsaitələri, artıq dünyanın bir çox ölkələrində tədris olunur.

Sentyabr ayında Bakıda səfərdə olan Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərlə görüşən Kamal Abdulla rektoru olduğu ADU-da Avropa ölkələri, onların dilləri və mədəniyyətləri ilə yanaşı, İndoneziya, Hindistan, Yaponiya, Koreya kimi ölkələrin dil və mədəniyyətlərinin öyrənildiyini qonağın diqqətinə çatdırıb. O, tələbələrin Sudan ədəbiyyatına, tarixinə, mədəniyyətinə də böyük marağının olduğunu deyib. O həmçinin, Sudan universitetlərinin biri ilə əməkdaşlığı hər iki ölkə mədəniyyətinin təbliği baxımında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycandakı multikultural şərait haqqında qonağa ətraflı məlumat verən rektor qeyd edib ki, ölkəmizdə müxtəlif xalqlar dinc və qardaşlıq şəraitində yaşayır. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrildiyini də, qonağın diqqətinə çatdırıb.

 "Azərbaycan multikulturalizmi" bir fənn kimi dünyanın müxtəlif ölkələrinin universitetlərində, o cümlədən, Almaniya, İsveçrə, İtaliya, İndoneziya, Polşa, Gürcüstan və başqa ölkə universitetlərində də tədris olunduğunu qeyd edən rektor, Sudan universitetlərində də bu işin həyata keçirməsinin mümkün olduğunu bildirib.

Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər də Azərbaycanın ən nüfuzlu və yüksək səviyyəli universitetlərindən olan ADU-nun Sudan universitetləri ilə əməkdaşlıq təklifini yüksək qiymətləndirib. O, bu əlaqələrin yaradılmasının yeni əməkdaşlığa yol açacağına əminliyini bildirib. İbrahim Əhməd Ömər eyni zamanda, tələbə mübadiləsi, birgə araşdırma, tədqiqatlar və layihələr istiqamətində addımlar atmağın mümkünlüyünü və vacibliyini dilə gətirib.

 Qeyd edək ki, təkcə Sudan və digər islam dövlətləri deyil, bu gün dünyanın bir çox nüfuzlu ölkələri BBMM-ə müraciətdə "Azərbaycan multikulturalizmi" fənninin özlərinin aparıcı ali təhsil müəssisələrində tədrisi ilə bağlı təkliflərini irəli sürürlər. Həmin ali təhsil müəssisələri bu fənnin tədrisi ilə yaxından maraqlanırlar.

Bu səbəbdən də Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ardıcıl və məqsədyönlü iş aparır. Bu işlərin nəticəsi olaraq yaxın gələcəkdə xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinin daha geniş coğrafiyanı əhatə etdiyinin şahidi olacağıq.

Bu istiqamətdə işlər davam edir. Məsələn, İsveçin Malmö Universitetində tədris edilən "Azərbaycan multikulturalizmi» fənninin həmin təhsil müəssisəsinin Mədəniyyət və Cəmiyyət fakültəsində tədrisi Bakı Dövlət Universitetinin professoru Kazım Əzimova həvalə edilib.

Malmö Universitetinin qafqazşünaslıq bölməsində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər maraqla qarşılanıb. Universitetin magistrlərdən ibarət qrupunda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində isveçli tələbələrə

ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc-yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. Bu da heç şübhəsiz ki, isveçlilərin ölkəmizə marağının artmasına, Azərbaycan haqqında daha geniş məlumat əldə etmələrinə və ölkəmizin bu ölkədə təbliğinə xidmət edir.

Azərbaycan multikulturalizmi fənninin tədrisi baxımından Hindistan da digərlərindən geridə qalmır. Sri- Sri Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslər keçirilir. Dərslər həmin universitetlə BBMM-nin 2017-ci ilin dekabrında əldə edilən razılaşma əsasında keçirilir. Sri-Sri Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi Kənan Məmmədova həvalə edilib.

Təqdirəlayiq haldır ki, bu fənnin açılış dərsində universitetin prezidenti Rajit Kulkarni, universitetin rektoru Nanda Lal, fənnin tədris olunduğu kafedranın müdiri Pratima Sarangi və tələbələr çıxış ediblər. Dərslər üçün qeydiyyatdan keçən hindistanlı tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, o cümlədən, Hindistandakı universitetlərdə

Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə mədəniyyət, tariximiz, ədəbiyyatımız və multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edib.

Əgər bu gün BBMM əsas gücünü beynəlxalq aləmdə Azərbaycan multikulturalizminin təbliğinə yönəldibsə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də öz fəaliyyətini ölkə daxilində maarifləndirmə işini gücləndirməklə həyata keçirir.

Bu baxımdan Komitənin təşkilatçılığı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları" mövzusunda tədbirin  keçirilməsi təqdirəlayiq haldır. Çünki biz dini ekstremizim, terrorizm kimi hallardan danışdığımız zaman ilk növbədə ağlımıza "hava yolları" gəlir.

Tədbirin açılışında DQİDK-nın sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi iştirakçılara nümayiş olunub.

Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdəki tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur: "Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də böyük töhfə verən ölkəyə çevrilib".

Bu da şəksizdir ki, Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən biri və başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsi Prezident İlham Əliyev tərəfindən atılan uzaqgörən, məntiqli və mütərəqqi addım kimi qəbul olunmalıdır.

Dini radikalizmin mahiyyəti və onunla mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsində əsas məqsəd, dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsidir. Bildiyiniz kimi, respublikamızda məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi cərəyanlarla mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması üçün çox böyük işlər görülür.

Bu baxımdan Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Şəhadət" sənədli fimi də, dini fanatizmin və radikalizmin təsirinə məruz qalan, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərlə yanaşı, Vətən uğrunda şəhadətə qovuşan Milli Qəhrəmanlarımızdan bəhs edir. Filmdə hərbçilərimizin vətənpərvərliyi, qəhrəmanlıqları və fədakarlıqları hər bir Azərbaycan gənci üçün nümunədir.

Şəhidlik müqəddəs zirvədir, məqamdır, bu məqama yüksəlmək hər bir vətənpərvər insanın arzusu olsa da, az qisim insanlara nəsib olur, Vətən yolunda, Millət yolunda, Din yolunda şəhid olmaq. Bəzən gedib hansısa xarici ölkədə, xarici münaqişədə, din adı altında döyüşlərdə ölənləri də şəhid adlandırırlar. Buna münasibət bildirən DQİDK-nın sədr müavini Səyavuş Heydərov hesab edir ki, "Bu, yanlışdır. Şəhidliyi öz ordusunda öz vətəni, dövlətinin suverenliyi və təhlükəsizliyi uğrunda həyatlarını qurban verənlər qazanırlar. Vətənpərvərlik hissi zəif olan insanlar isə yad dini ideologiyaların təsirinə məruz qalırlar və cəmiyyət üçün təhlükəli şəxslərə çevrilirlər. Ölkəmizə qarşı dini müstəvidə yönəlmiş təhdidləri nəzərə alaraq, vətəndaşlarımızın ayıq-sayıq olmaları, respublikamızda formalaşan milli-mənəvi dəyərlər, xüsusilə tolerantlıq və multikultural ənənələr, dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması və daha da inkişaf etdirilməsi son dərəcə vacibdir".

Qeyd etmək lazımdır ki, son illər DQİDK-nın dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işinin aparması, hüqüq-mühafizə  oqanlarının bu istiqamətdə gördüyü profilaktik işlər nəticəsində ölkəmizdə dini radikalizmin təbliğinə çalışan qrupların fəaliyyəti tam məhdudlaşdırılıb və proses bu gündə davam etdirilir. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan "Şəhadət" sənədli filminin nümayişi insanların, xüsusilə gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının, eləcə də vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynayır.

 

 “Paralel”in Araşdırma Qrupu