Azərbaycan. - 2018.- 16 oktyabr. - ¹ 232. - S. 14.

 

Müstəqilliyin və xalqın müqəddəratını həll edən iki iclas

 

Zöhrə Fərəcova

 

7 dekabr 1918-ci il. Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə başladığı gün. Açılış mərasiminin təntənəsi qış günündə könüllərə bahar havası gətirir… O anları parlamentin stenoqrafçıları kağızlara belə köçürürlər: "İclas günorta saat 1-25 dəqiqədə Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə açılır”. Bakıda Cümhuriyyət Parlamentinin ilk iclasında ilk sözləri söyləmək səadəti ilə dilə gəlir Məhəmməd Əmin Rəsulzadə: "Möhtərəm məbuslar! Azərbaycan Cumhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm” - deyir. Məclis ilk natiqini alqışlayır.

 

"...Səadət və hürriyyət istiqlaldır”

 

Əslində, açılış mərasimi 1918-ci il dekabrın 3-də keçirilməli idI. Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları Azərbaycan Parlamentinin açılmasına mane olmaq üçün bu ərəfədə təşrif gətirmiş müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışdılar. Tomsonla aparılan danışıqlarla bağlı və qəzalardan bütün deputatların Bakıya gələ bilməməsini nəzərə alaraq parlamentin ilk iclası dekabrın 7-nə keçirildi.

...O gün o binada - məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakının Nikolayev küçəsində yerləşən "Qızlar məktəbi”nin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) baş verənlər Azərbaycan tarixinə yazılır. Zaman onlardan aldığı hər anı əbədiyyətə çevirir. Tarixi iclasın iştirakçılarının hər biri bunun fərqindədirlər. Azərbaycan Milli Şurasının sədri davam edir: "Əfəndilər! Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmiş idi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyəyi bir an əvvəl təsis edəcək idi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi müqəddəratının təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisəsanından gözlədilər. Fəqət, Rusiyada inqilab və demokratik naminə zühur edən məkus bir istibdad nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab naminə hökmfərma olan anarxiya və millətlərin hüququ elanından sonra verilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmaya sövq etdi. Zaqafqaziyada Rusiya Məclisi-Müəssisasına intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu Zaqafqaziya "Seymini” təşkil və onun istiqlalını elan etməkdə gördülər.

Eyni məntiq nəhayət, Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi-Milli təşkilinə sövq etdi, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu”. Bu son cümlə məclis iştirakçılarını riqqətə gətirir. Alqış sədaları gurlayır. Axı, onların əksəriyyəti illərlə bu sözləri demək və eşitmək üçün mücadilə aparmışdılar.

Parlamentin ilk iclasının iştirakçıları haqqında Məhəmməd Əmin Rəsulzadə məlumat verir: "Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu Məclis təşkil etmişdir. Bu Məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu Məclis vətənimizi tamamilə təmsil edə bilər”.

Onlar demokratik dövlət qurmuşdular. Elə bir Azərbaycanda yaşamaq istəyirdilər ki, orada millətlər dost, qardaş olsun, hər kəs əl-ələ verərək Azərbaycan Xalq Cümhuriyyətinin əbədi bərqərar olması naminə çalışsın. Uzun illər bezar olduqları çarizm Rusiyasından, Rusiya istibdadından qurtuluşun fərəhi ilə danışan natiq də bütün millətlərə azadlıq arzulayır: "...hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi əqdi-ittifaq etməlidir”. Onun bu fikri də əqidə yoldaşları tərəfindən alqışlanır. Rəsulzadə davam edir: "Biz Rusiyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqlalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. (Alqışlar). İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət dəvam edir)”.

 

Zaman ağır, yol tikanlı...

 

Bu çıxışda müstəqil dövlətin qüruru da, gələcəyə sonsuz ümid də, gözlənilən təhlükələrə qarşı ayıq-sayıq olmağa çağırış da var: "Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və arizəlidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və sər mənzil məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”. Sürəkli alqışlarla məclis coşur.

Bu məmləkətə ta qədimdən "Odlar yurdu” deyiblər. Məhəmməd Əmin də o tarixi iclasda Azərbaycanı bir atəş mənbəyi adlandırır. Vətənimizin hər zaman sinəsində bir müqəddəs atəş bəslədiyini vüqarla söyləyir. Bu atəşin sönməməsi üçün əl-ələ verib çalışmağa dəvət edir. Sonra o, təklif edir ki, parlamentə sədr və sədr müavini seçilsin. Namizədlərin müzakirəsinə başlanılır:

"Şəfi bəy: - "Müsavat” və bitərəflər namından rəisliyə Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə doktor Həsən bəy Ağayevin namizədliyini təklif edirəm.

Sədr: - Başqa namizəd təklif edən və bu barədə söz söyləyən yoxmu? Yoxsa, Əlimərdan bəy ilə Həsən bəyin namizədlikləri qəbul olunacaq.

Əhməd Cövdət: - Müsəlman sosialistlər ittifaqı tərəfindən "Müsavat”ın göstərdiyi bu namizədlərə etiraz yoxdur.

Heybətqulu Məmmədbəyov: - "İttihad” firqəsi tərəfindən Əlimərdan bəy Topçubaşovun namizədliyinə etiraz yoxdur, fəqət Həsən bəyin göstərildiyinə rəy verməyəcəyik.

Şeyxislamov: - Sosialist "Hümmət” firqəsi tərəfindən "Müsavat”ın namizədlərinə etiraz yoxdur.

Sədr: - Şu sürətlə məsələni səsə qoymalıdır. Hər kəs bu namizədliyə razıdır, əlini qaldırsın. (İttihadi-ara ilə Əlimərdan bəy sədrliyə seçilir)”.

 

Məqsəd sevgili Azərbaycanın səadətidir

 

O gün Əlimərdan bəy Azərbaycanda olmaması səbəbindən iclasda iştirak etmir. Sədr müavininə - Həsən bəy Ağayevə söz verilir. Alqışlar altında "mövqei-sədarəti işğal” edən Həsən bəy bu tarixi gündə boynuna düşən böyük, şərəfli vəzifənin məmnunluğu ilə danışır. Parlament üzvlərinə ona etimad göstərdiklərinə, belə uca mənsəbə layiq bildiklərinə görə təşəkkür edir: "Rəis cənabları gələnə kimi onun ağır vəzifəsinin ifası öhdəmə buraxıldı. Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burası hamınıza məlumdur. Fəqət hamının məqsədi sevgili Azərbaycanın səadəti, buraya toplanmamızdan murad əziz vətənimizi sahili-nicata çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavinətiniz ilə vəzifəmi hüsnü-ifayə müvəffəq olacağam”. Sədr müavini parlamentin məqsədlərinə asanlıqla nail olmasını arzulayır və müvəqqəti katibliyə namizəd göstərir: "Ümum parlamentlərdə qaydadır. Müvəqqət katibliyə ən gənc məbus intixab edilir və siyahidən anlaşıldığı üzrə məbuslarımızın ən cavanı Rəhim bəy Vəkilov olduğundan onun namizədliyini təklif edirəm”. Təklif qəbul olunur.

Bu gün münasibətilə Azərbaycanın müxtəlif yerlərindən gələn çoxlu təbrik teleqramlarından bir qismini Həsən bəy Ağayev oxuyur.

Parlamentdə söz alan "Fətəli Xan Xoyski mərkəz və sağların gurultulu alqışları arasında kürsüyü-xitabata çıxır”. Fətəli xan həmin anları tariximizdə bu sözlərlə əbədiləşdirir: "Möhtərəm Azərbaycan Parlamenti əzası! Bu günkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm”.

Fətəli xan Xoyski hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verir. O, Azərbaycan hökumətini təşkil edildiyi çox da uzaq olmayan günlərə nəzər salır. Ölkənin həm xarici, həm də daxili vəziyyətinin çox mürəkkəb olduğunu yada salır: "Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irz və namusu əmniyyətdə deyil idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi, dəmir yolları təmamilə yatmışdı. Poçta, teleqraf yox idi, bir kağız yollamaq mümkün deyil idi. O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmış idi, xidmətçilər qaçmışdılar. İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on adam yığıb hökumət bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi. Daxili işlər böylə ikən Azərbaycan istiqlalı elan edilmiş isə də heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş milli komitə (soldan: doğru deyil!) bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezlik ilə bağlandı. Bununla bərabər, hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməz idik”. Hökumət rəhbəri bildirir ki, bu vəziyyətdə Türkiyəyə müraciət edildi. Çünki: "Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömək istədik. Bu altı ay müddətindəki hökumət idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi Allaha şükür olsun ki, Azərbaycanın hər yerlərində lazımi qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgəri və xəzinəsi olan hökumətmi? Yaxud iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazım idi”.

 

Müstəqil hökumətin şüarı: Millətin hüququ, istiqlalı, hürriyyəti!

 

Vacib məsələlərdən biri maliyyə məsələsi idi ki, onsuz işləmək mümkün deyildi. Fətəli xan bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən də təfərrüatı ilə danışır. Gördükləri bu qədər işi Fətəli Xan Xoyski öhdələrinə düşən vəzifənin bir zərrəsi hesab edir. Xatırladır ki, həmin vaxtlar Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş, baş bilənlər Dağıstan, İran və Turana dağılmışdılar. O, çox əziyyətlər çəkildiyini, nəhayət, məqsədə çatdıqlarını şükranlıqla vurğulayır. İşğaldan azad edilmiş Bakıya üç gün sonra girən hökumət burda qayda-qanun yaratmaq üçün işlərə başlamışdı. Hökumət qarşısında hələ çox mühüm məsələlər dururdu. Fətəli Xan məclis üzvləri qarşısında hesabatını davam etdirir: "Xarici işlər bilirsiniz ki, nə halda idi. Zülmət zamanı qayalıq içində nazik taxta bir qayığa bənzər idi ki, hər dəqiqə qayalara toxunub dağılmaq təhlükəsi var idi. Fikir etsəniz görərsiniz ki, böylə idi. Mən tərif etmirəm. İştə bizim vəzifəmiz bu idi ki, qayığı qayalar arasından keçirə idik”. Bir məsələ həll edilər, edilməz digərləri meydana çıxırdı. Fətəli xan indi də müşkülə düşdükləri o vaxtların hesabatını verir: "...bir zaman gəldi ki, hökumət nə edəcəyini bilməyirdi, ola bilir idi ki, bir addım ilə hər şey dəyişsin. Xalq yeni işlərə razı olacaqmı, yoxmu? Təzə yol ilə getmək istəyəcəkmi? Hökumətə məlum deyildi, burada xalqın öz rəyini bilmək lazım idi, bu lap axırıncı məqam idi. Binaən-ileyh hökumət parlament dəvətini lazım gördü. Fəqət tez parlament çağırmaq mümkün deyil idi. Hökumət təsis olunandan altı ay müddətində Məclisi-Müəssisan çağırmağa söz vermişdi. Bu vaxtadək hələ Məclisi-Müəssisan çağırılmamış, bu bizim təqsirimiz deyildir. Çünki torpağımızın yarısı və paytaxtımız əlimizdə yox ikən Məclisi-Müəssisan dəvəti fikrinə düşmək belə gülünc idi. Şəhər alınandan sonra da dəvət etmək və hazırlaşmaq mümkün deyil idi. Bununla belə, hələ Bakı alınmadan iki gün əvvəl Gəncədə komissiya təşkil edildi ki, Məclisi-Müəssisan dəvətinə hazırlıq işləri görsün. Məlumdur ki, Məclisi-Müəssisan əsas qanun qoymaq üçündür. Böylə bir məclisə malik olmaq üçün qabaqca Azərbaycan istiqlalının dövlətlər tərəfindən qəbul və təsdiq edilməsi lazım idi. Əlbəttə, əsas qanunu qoyub sonra da ləğv etmək böyük ayıbdır. Binaən-ileyh biz müvəqqəti Məclisi-Müəssisansız qalmağı dəvətinə tərcih etdik”. Hökumət başçısı Almaniya, İngiltərə, Amerika və Fransa kimi dünyaya hökm edən ölkələrin o zamankı vəziyyətləri, yürütdükləri siyasət və bütün bunların Azərbaycan hökumətinə təsirlərindən danışır. Bununla bərabər, hökumətin öhdəsinə düşən digər vəzifə də Qafqazda qonşu dövlətlərlə əlaqələrin qurulması idi. Fətəli xan təəssüflə axır aylarda ermənilərlə müsəlmanların arasında müharibə vaqe olduğunu xatırladır. Hökumət rəhbəri ürək açan xəbərlər də verir: "Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təcdid etdi. İndi Allaha şükürlər hər yerdə olmaz isə də bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu sürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur. MİLLƏTİN HÜQUQU, İSTİQLALI, HÜRRİYYƏTİ!

Fəaliyyətimizdə xətalar işləmişiksə də, həmişə fikrimiz bu olmuşdur. Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir”.

Fətəli xan sonda öz hökumətinin istefasını qəbul etməyi yeni yaranmış parlamentdən xahiş edir. İstefa qəbul olunur. Məhəmməd Əmin təklif edir ki, hökumət iş başında qalsın. Təklif qəbul edilir.

Sədr digər məsələlərə keçir. Təkliflər söylənilir. Müzakirələr edilir. Son təklifi Məhəmməd Əmin Rəsulzadə söyləyir: "Məclisi bitirmədən ikinci Məclis vaxtı təyin edilsin.

Sədr: - Gələn iclasın vaxtını müəyyən ediniz.

Məmməd Əmin: - O birisi gün saat 12-də.

Sədr: - Etiraz yox isə iclas düşənbə günü, dekabrın onunda saat 12-yə təyin edilir. İlk iclasda stenoqramçı son qeydini edir: "(İclas saat 5-in yarısında qapanır)”.

 

İki iclas arasında...

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti ilk gündən işlərini demokratik prinsiplər əsasında qurdu. On yeddi ay boyunca 145 iclası keçirildi. Azərbaycan Parlamenti bütün fəaliyyəti ərzində "İstiqlal Bəyannaməsi”nin müəyyən etdiyi prinsiplərə sadiq qaldı. Tarixi şəraiti nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin edərək, müstəqilliyini, vətəndaşlarının azadlıqlarını qoruyaraq müasir, hüquqi-demokratik dövlət yaratmaq məqsədi ilə çox mühüm qanunlar, qərarlar verdi. Onların hər biri müstəqil Azərbaycanın ilk qanun və qərarları kimi də böyük əhəmiyyət daşıyır.

Parlament haqqında qanunda erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün 10 yer, həmkarlar ittifaqı nümayəndələri üçün 3 yer ayrıldığına baxmayaraq, onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etmədilər. Sonralar da Azərbaycanın müstəqilliyi ölkənin daxilində və xaricində olan düşmənlərinin yuxusunu ərşə çəkdi. Onları ruhlandıran bolşevik Rusiyasının Şimali Azərbaycanı yenidən müstəmləkə ölkəsinə çevirmək istəyi idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu arzulayan daxili düşmənlərin əməlləri də qırmızıları arxayınlaşdırırdı.

Təəssüf ki, Azərbaycanın dövlət müstəqilliyinin məhvinə çalışanlar yalnız ruslar, ermənilər deyildi. Azərbaycanlılar arasında da bolşeviklərə qucaq açanlar vardı. Bolşeviklərin qələbəsinə nail olanların əksəriyyəti sonralar elə qulluq etdikləri rejimin siyasətinin qurbanları olacaqdılar. Hələlik isə 1920-ci ilin aprelinin son günləridir. Azərbaycan Cümhuriyyətinin Parlamenti təhlükə ilə üz-üzədir. XI Ordu adlanan işğalçı qoşunların ayaq səsləri eşidilir. Bolşeviklərin təhdidləri və təzyiqləri altında Azərbaycan Parlamenti son iclasını keçirir...

 

Son imtahan...

 

27 aprel 1920-ci il. Saat 20 dəqiqə 45... Azərbaycan Parlamentinin 145-ci, təcili fövqəladə axşam iclası keçirilir. Azərbaycan böyük sınaq qarşısındadır. Parlamentin üzvlərinin çoxu həmin gecəni ömrünün ən ağır anları kimi xatırlayacaq. Doğma millətin, saysız-hesabsız zəhmətlə, sonsuz arzularla qurduqları dövlətin müqəddəratı həll olunur. Qərar vermək çox çətindir... Amma verilməlidir...

İclasın sədri Məhəmməd Yusif Cəfərov, katibi Rza bəy Qaraşarlıdır. Sədr bu tarixi iclasıın qapalı və ya açıq olmağı haqqında fikirləri bilmək istəyir.

"Səslər - Açıq olsun... bağlı olsun... açıq olsun.

Sədr - Bəlkə bir şəxs bu haqda danışmaq istəyir?

Sözü Məhəmməd Əmin Rəsulzadə alır:

- Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.

(Şəfi bəy Rüstəmbəyov, "Azərbaycan” qəzetinin redaktoru ağlayır)”.

Səslərin çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alınır. Komissiya tərəfindən onun sədri Məhəmməd Həsən Hacınski danışır. O, "Azərbaycan kommunist” firqəsindən gəlmiş, əslində, məzmununu hamının bildiyi məktubu təkrarən oxuyur. Rusca oxuduqlarını müxtəsər tərcümə edir: "Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur. Altıncı şərtləri budur: - əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxarırlar ki, Azərbaycan Parlamentinə daxil olan siyasi firqələr musavi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən, hökumət üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra gələn Qızıl Ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər. Onlar bir şeyi də söylədilər ki, hərgah onların təklifi qəbul olunmasa, gələcəkdə məsuliyyət parlament üzvlərinin üzərinə düşəcək”.

Hacınski deyir ki, təzyiq altında belə bir millətin müqəddəratını bir firqəyə əmanət etmək olmaz. O, ölkə sərhədlərindəki vəziyyəti də tənqid edir: "Boynumuza almalıyıq ki, bu gün sərhəddə lazımi qədər düşmənə qarşı mütəşəkkil müdafiəyə hazır deyilik. Hökumətin laqeydliyi nəticəsində Qarabağ dağlarından Yalamayadək sərhəd açıq buraxılmışdır. Bununla belə, ictimaiyyətin fikrilə də razılaşmalıyıq ki, şimaldan heç bir qorxu yoxdur və orada yaşayanlar da Azərbaycan kəndliləri kimi kəndlilərdir və Azərbaycanlı kəndlilərin razılığı və istəyi olmasa, heç kəs Azərbaycana soxula bilməz”.

Parlamentdə müxtəlif fikirlər səslənir. Səmədağa Ağamalıoğlu: "Təslimdən başqa çarə yoxdur, çünkü artıq iş-işdən keçib. Məsələ burasındadır ki, millətin əmin-amanlığını qorumaq lazımdır. Onlar da buna söz verirlər və deyirlər ki, Azərbaycanın istiqlaliyyəti qorunacaq və mən də yəqin edirəm ki, indiki istiqlaliyyət əvəzinə Azərbaycan digər istiqlaliyyətə nail olar. Tarix bunu göstərir ki, bir adam daimi qala bilməz. Doğrudur, bir az ağır gəlir ki, bu vaxta qədər ağalıq edəsən, sonra da deyəsən ki, Əliheydər Qarayev, indi də gəl sən otur, görək neyləyirsən. Bizdə kişilik varsa, bunu etiraf etməli və deməliyik ki, sən otur, bəlkə sənin məramnamən bizimkindən daha yaxşıdır və millətə bizdən də yaxşı xeyir verə bilərsən”

Aslan bəy Səfikürdlü: "İndi başqa bir firqə var ki, o da Azərbaycanın fəhlələri tərəfindədir. Onlar da bizim vətəndaşlarımızdır, özlərini azərbaycanlı sayırlar və hökuməti bizdən istəyirlər. Biz isə heç bir şey bilmədən hökuməti veririk öz camaatımıza - yəni, fəhlələrə və kəndlilərə ki, onlar da bunu istəyirlər. Məhəmməd Əmin demişkən, öz edamımıza özümüz qol çəkirik. Bu da doğrudur. Amma etiraf etməliyik ki, bu ixtiyarı və hökuməti öz camaatımıza veririk. Azərbaycanın ixtiyarını Azərbaycan fəhlələrinin nümayəndələrinə veririk. Bu nümayəndələr deyirlər ki, bütun məsuliyyəti biz öz üzərimizə götürürük. Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin ixtiyarını onlara verməliyik”.

10 dəqiqəlik tənəffüsdən sonra Məhəmməd Əmin Rəsulzadə yenidən söz alır: "Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.

Hacıkərim Sanıyev də söyləyir ki, etimad göstərilən şəxs vəzifəsini layiqincə yerinə yetirə bilməzsə, onda bu etimad geri götürülür və onlar da bu cür edəcəklər.

Bütün ixtiyaratın kommunistlərə verilməsi, hökumət və parlamentin onların rəyi əsasında təşkil olunması təklifi səsə qoyulur. Bir nəfər təklifin əleyhinə səs verir, üç nəfər bitərəf qalır, üç nəfər isə səs vermir.

 

"Bəs bu parlamentin taleyi?”

 

Bu sualı "Əhrar fraksiyası”dan İslam bəy Qardaşov yerindən verir. Və parlamentin taleyi müzakirə olunur.

Ağa Aşurov: "Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə hökuməti adlandırırlar. Biz isə burada dövləti, tacir və o şəxslərik ki, hərəsi bir yerdən gəlibdir. Siz onlarla bir yerdə işləyə bilməyəcəksiniz. Onların fikirlərinə görə bu vaxta qədər olan hökuməti parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir”.

Məhəmməd Həsən Hacınski ("Müsavat”): "Bu məsələ bizim müzakirəmizdə olanda onlar bizə belə cavab verdilər ki, inqilabi hökumət ilə parlament yaşaya bilməz. Məsələ orasındadır ki, parlament öz ixtiyarını həmin inqilab komitəsinə verir. Beləliklə, məsələ aydındır”.

Muxtar Mahmudov ("Müsavat”): "Şimaldan gələn bu qüvvəni dəf etməyə təəssüf ki, cavan Azərbaycanın qüvvəsi olmadığına görə, parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz üzərinə götürən firqəyə verir. Deyirlər ki, təzə firqə bəlkə parlamenti qovub dağıtsın, lakin parlament bütün Azərbaycan millətinin nümayəndələrindən olduğu üçün onu kimsə dağıda bilməz. Nə vaxta qədər ki, parlament öz dağılması haqqında qərar çıxartmayıb, yenə parlamentliyində qalır”.

Muxtar Mahmudov təslim olmağın texniki tərəflərinə toxunur, ordu və digər məsələləri həll etmək lazım olduğunu deyir: "Parlament məsələsinə gəldikdə isə, o gərək öz hüquqlarını layiqincə saxlasın və təmin etsin. Parlamentin dağılması barədə qərar çıxarmaq üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz”.

Aslan bəy Qardaşov sualını geri götürür, rica edir ki, müzakirə olmasın. "Sədr - Beləliklə, parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı elan edirəm.

Saat 23-25 dəqiqədə bağlanır”.

Parlament səs çoxluğu ilə, bu şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edir:

"1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7.Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır”.

Son iclasda parlamentdə inananlar var idi ki, hökuməti Azərbaycan kommunistlərinə vermək lazımdır, əgər onlar ölkəmizin müstəqilliyini söz verdikləri kimi qorumasalar, onda camaat özü azadlığını müdafiə edəcək.

Bolşeviklərin güclü təhdidləri, təzyiqləri altında keçən son iclasın ertəsi günü - aprelin 28-də XI Ordu yolunu kəsməyə çalışan kiçik silahlı dəstənin müqavimətini qıraraq Bakıya daxil oldu. Parlamentdə bəzilərinin ümid etdikləri kimi, Azərbaycanın müstəqilliyinin geri qaytarılması isə 70 il düyünə düşdü. O azad günü görmək Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk və son iclaslarının iştirakçılarının heç birinə nəsib olmadı...