Paralel. - 2018.- 9 oktyabr. - ¹ 171. - S. 10.

 

Multikulturalizm əməkdaşlıq və dialoq imkanlarını genişləndirir

 

Azərbaycanda multikulturalizm dəyərləri təhsildə, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq edilir

 

 Azərbaycan cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək ölkələrdən biridir. Dini-mədəni müxtəliflik mühiti Azərbaycanda dövlət səviyyəsində qorunur, inkişaf etdirilir və təbliğ olunur. Müstəqillik əldə olunduqdan sonra isə bu sahədə çox böyük nailiyyət lər də əldə edilib.

Müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, qardaşlıq münasibətində yaşadığı ölkəmizdə multikulturalizm dəyərləri təhsildə, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq edilir. Ölkəmizdə multikultural mühit həyatın bütün sahələrində, o cümlədən, mədəniyyət və incəsənətdə, ədəbiyyatda da özünü göstərir.

Hazırda Azərbaycanda multikulturalizm siyasi elmlər müstəvisindən, təhsil müstəvisinə proyeksiya olunub. Yəni ölkəmizdə multikulturalizm elmin, mədəni dəyərlərin qorunmasına yönəlib. Bunun nəticəsidir ki, multikulturalizm cəmiyyətin bütün sahələrinə olduğu kimi, təhsil sahəsinə də ciddi təsir edir. Bu təsirin müsbət nəticələrini görən digər ölkələrdə də Azərbaycan multikulturalizminin öyrənilməsinə ehtiyac yaranır. Bu zaman multikulturalizmin həm də pedaqoji məsələ olduğu üzə çıxır. Çünki multikulturalizm təcrübəsinin təbliği, öyrənilməsi və öyrədilməsi pedaqoji prosesdə həyata keçirilir.

Buna görə də, multikulturalizm haqqında biliklərin gənclərə ötürülməsi, hər kəsdə multikultural mədəniyyətin formalaşdırılması üçün bu işə kompleks pedaqoji yanaşma tələb olunur. Bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq bağçasından başlayaraq, ümumtəhsil məktəbində və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Çünki multikulturalizm bilgiləri və təcrübi reallığın tərbiyəvi amilləri, mədəni-intellektual insanın formalaşmasına təsir edir.

Mütəxəssislər qeyd edir ki, multikulturalizmin təhsil sahəsinə nüfuzu pedaqogikada humanizm prinsiplərini artırır. Hazırda humanist pedaqogikanın qarşısında duran mühüm vəzifələrdən biri də, məhz şəxsiyyət və cəmiyyət məsələsidir. Onu da diqqətə çatdıraq ki, humanist pedaqogika müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında təkcə professional keyfiyyət və bacarıqların öyrədilməsini nəzərdə tutmur. O, dövlət, dünya və ümumiyyətlə, həyat üçün yüksək əxlaqi-ruhi inkişafa, yaradıcılıq imkanlarına nail olan, müasir multikulturalizm şəraitində hər cür kommunikasiyalara və ünsiyyətə hazır olan insanların yetişdirilməsini nəzərdə tutur. Şəxsiyyətin bütövlüyünü nəzərdə tutan humanist pedaqogikanın məğzində dayanan ideya da həyatın müxtəlif sahələrində yaradıcılıq qabiliyyətlərini aça bilən, yüksək keyfiyyətlərə sahib azad məfkurəli insanların yetişdirilməsidir. Bu cür şəxsiyyətlər fərdi və cəmiyyət həyatında dürüst, vicdanlı, elmli və bacarıqlı olmaqla bərabər, həm də yüksək mənəviyyatlı insan kimi formalaşırlar.

Bu gün multikultural cəmiyyətin inkişafı üçün vacib olan əsas şərt cəmiyyətin hər bir üzvünün təkcə öz mədəni mühiti çərçivəsində deyil, mədəniyyətlərarası müstəvidə də ünsiyyət və fəaliyyət qabiliyyətinin olmasıdır. Bunun üçün də müxtəlif mədəniyyətləri, hər cür psixologiyanı, bir sözlə, ayrı-ayrı mənəvi dəyərləri ifadə edən dünyagörüşü qəbul etmək vacibdir. Bu formada pedaqoji yanaşma tərzi, yəni multikultural təlim-tərbiyə, artıq məktəb təhsilindən başlayaraq özünü göstərməlidir.

Multikultural təhsil bütün millətlər, etnoslar üçün özlərinin mədəni ehtiyaclarını realizə etmək, dünya mədəniyyəti və təhsili ilə mübadiləyə girmək, dialoq yaratmaq imkanlarını açır. Belə təhsil metodu insanın unikal imkanlarını aşmağa və dərk etməyə əlverişli şərait yaradır. İnsanlar çox vaxt öz imkanlarından xəbərsiz yaşayırlar və bacarıqlarının yalnız müəyyən hissəsini göstərə bilirlər. Humanist pedaqogika isə avtoritar pedaqoji ənənədən fərqli olaraq, şagirdlərə bacarıq deyil, imkan prizmasından yanaşır. Burada artıq hamı həyatına ayrıca, sərhədləri müəyyən edilmiş fraqment, lokal fenomen kimi baxdığına görə özünün kainatla, həyatının isə ümumi həyatla birliyini, vəhdətini görə və duya bilmir. Müasir sivilizasiyaya heyran olan və sosial reformator fəxri adlarını daşıyan materialist yönümlü insanlar aldadıcı zahiri dəbdəbəyə uyaraq ilahi məqsədi unudurlar. İlahi məqsəd geniş kateqoriyalarla düşünməyi, maddi ilə mənəvinin birliyinə nail olmağı, total həyat konsepsiyasını tövhidi anlamağı nəzərdə tutur. Yalnız belə birlik şəraitində insan fərdiyyətçilikdən, eqoizmdən sagala bilər. İnsan şəxsi həyatı ilə ictimai həyatı uzlaşdırmalıdır. Nəticədə şəxsiyyətlə cəmiyyət arasında dərin bağlar və ahəngdarlıq yarana bilər.

Təlim-tərbiyə prosesinin keyfiyyətini ən yüksək səviyyəyə qaldırmaq pedaqoqikanın əsasını təşkil etməlidir. Çünki yüksək səviyyə bu gün multikultural təhsilin tələbidir. Aqillərin təbirincə desək, təbiət qanunlarını, kainatın sirləri barədəki müasir bilikləri mənəviyyatsız və rəhmsiz insana vermək cəmiyyətə düşmən yetişdirməkdir. Ona görə də, şagirdlərin təlim-tərbiyəsində mənəviyyat, yəni bədənlə ruhun vahid tərbiyəsi öncül məsələ olmalıdır. Lap kiçik yaşlardan başlayaraq, onlar fiziki və ilahi aləmin qanunlarına yiyələnməlidirlər. Çünki ilahi məqsəd humanist pedaqogikanın əsas sütunudur.

 

Ağlın, idrakın tərəqqisində, insanpərvərlik, pozitiv emosional-psixoloji halların inkişaf etdirilməsində təhsilin böyük rolu var. Lakin şagirdləri istiqamətləndirərkən, o, təkcə qanunların diqtə edilməsi şəklində deyil, uşaqların daxili potensialına, hiss-duyğularına təsir etmək formasında həyata keçirilməlidir. Şagird fərdi mənəvi dünyasına öz daxili gözü ilə baxmağı öyrənməlidir. Nəticədə, təhsil prosesi yalnız şagirdin başının hər cür məsələlərlə doldurulmasını deyil, onun mənəviyyatının formalaşdırılmasını həyata keçirməkdən ibarət olmalıdır. Humanist pedaqogika mütəxəssisləri də təhsil sahəsində, məhz bu məqamın vacibliyini önə çəkirlər.

Bu sahənin mütəxəssislərinin fikrincə, bilik müdrikliyə, müdriklik isə insanın xasiyyətinə çevrilmirsə, təhsil dəyərsiz proses hesab olunur. Lakin o, təsiredici xarakterə çevrilibsə, belə təhsil sayəsində sülhə, əmin- amanlığa, qarşılıqlı anlaşma və əməkdaşlığa nail olmaq mümkündür.

Təhsilə multikultural yanaşma insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi, tolerantlıq, fərqli şəraitlərə adaptasiya, dialoqa girmək bacarığı yaradırsa və şagirdlərin həyata pozitiv köklənməsinə, fərqlər axtarmaqdansa, hər şeydə oxşarlıqlar görməyə istiqamətlənməsinə kömək edir. Multikulturalizmin həyatda uğurla və keyfiyyətlə bərqərar olması, məhz təhsilin insanı transformasiyaedici xüsusiyyəti, humanist pedaqogikanın prinsipləri ilə bağlıdır. Beləliklə, təhsilə multikultural yanaşma, humanist pedaqogika insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsinə, tolerantlıq və digər dəyərlərin inkişafına kömək edir.

Yuxarıda qeyd etdiyimiz kimi, multikultural, tolerant dəyərlər təhsilin aşağı pillələrindən başlayaraq tədris edilməlidir. Bu vacib proses davamlı şəkildə ali təhsil pilləsində də öyrənilməlidir. Bu məqamda artıq neçə ildir ki, bir fənn kimi tədris olunan Azərbaycan multikulturalizm modelini misal gətirmək yerinə düşər.

Onu da qeyd edək ki, Avropanın universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin uğurla tədris olunmasının əsas şərtlərindən biri, bu sahə üzrə dərsliyin hazırlanmasıdır. Dövlət başçısı İlham

Əliyevin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilən "Multikulturalizm ili"nə dair tədbirlər planında sözügedən dərsliyin hazırlanıb nəşr etdirilməsi vəzifəsi qoyuldu. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, psixologiyası, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə hazırlanıb. Bu dərslik Azərbaycan multikulturalizmi modelini sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir.

Bu mənada, sözügedən kitab Azərbaycanın multikulturalizm modelinin öyrənilməsində tələbələrə və müəllimlərə dəyərli mənbə və gənc nəslin bu sahədə maariflənməsinə böyük töhfədir. "Azərbaycan multikulturalizmi" dərsliyi yerli, eyni zamanda, xarici ölkə universitetlərində bu fənni öyrənən tələbə, magistr və doktorantlar, həmçinin, Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

Siyasi, fəlsəfi, iqtisadi, mədəni-mənəvi məzmuna malik multikulturalizmin böyüyən nəsillərin dünyagörüşünə, həyat tərzinə çevrilməsi üçün təlim-tədris prosesindən, tərbiyəvi təsirlərdən istifadə ediməsi mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə və xarici ölkələrdə Azərbaycan multikulturalizminin pedaqoji problem olaraq tədqiqi, təbliği və tədrisinin insanların multikultural mədəniyyətə yiyələnməsində mühüm rola malik olduğu danılmazdır. Bir sıra ölkələr artıq multikulturalizm sahəsində Azərbaycan təcrübəsindən faydalanırlar və bunu yüksək qiymətləndirirlər. Bu sahə üzrə tanınmış bir çox xarici mütəxəssislər ölkəmizə gələrək müvafiq istiqamətdə Azərbaycanın qazandığı uğurları elmi cəhətdən tədqiq edirlər. Bu proses bu gün də davam edir. Həmin məqamın özü də multikultural dəyərlərin ölkəmizin təhsil sistemində tədris edilməsinin, öyrənilməsinin nə qədər vacib olduğunu əyani şəkildə sübut edir.

 

“Paralel”in Araşdırma Qrupu