Bakı Xəbər. - 2018.- 6-8 oktyabr. - ¹ 171. - S. 11.
Zəngilan qəzasının tarixi günlərinin səhifələri... 1918-1920-ci illər...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Araz çayı boyunca Mehri rayonundan Həkəri yaşayış məntəqəsinədək (Zəngilan rayonu daxilində) eninə, üzü şimala doğru Zəngəzur dağlıq silsiləsi və Qarabağ dağlıq yaylası boyunca təqribən 4505 ,5 kv.km ərazini əhatə edən keçmiş Zəngəzur qəzasının sahəsi 1923-cü ildə Qarabağın dağlıq hissəsində yaradılan qondarma muxtar vilayətin torpaqlarından 105,5 kv.km artıq olub.
Azərbaycan Xalq Cumhuriyyətinin inzibati-ərazi vahidlərindən olan Qafan, Gorus, Qarakilsə, Mehri, Zəngilan nahiyələri bütövlüklə, Laçın və Qubadlı nahiyələrinin isə bir hissəsi 300 min nəfərə qədər əhalisi ilə (2233 təsərrüfat halında) birlikdə Zəngəzur qəzasının tərkibinə daxil idi.
Bu barədə 1920-ci ildə rus dilində çap edilmiş “Azərbaycan Respublikasının təqvimi”ndə məlumat verilir.
1918-1920-ci illər bu qəzanın həm də qəzalı günlərinin tarixi kimi yad edilir, tariximizin unudulmayan səhifələrində həm yazılı, həm də yaddaş saxlancına çevrilib. Bu dövrdə yerli müsəlman-türk əhalinin A.Ozanyanın, D.Kananyanın (Dronun) və Q.Nijdenin azğınlaşmış quldur dəstələrinin təcavüzündən və soyqırım faciələrindən qorunmasında 5-ci Qafqaz İslam Ordusunun Cənubi Azərbaycan ərazisindən daxil olan döyüşçü hissələrinin və yerli özünümüdafiə qüvvələrinin inadlı müqaviməti böyük rol oynayıb. Bütün qəzalarda və mahallarda olduğu kimi, Araz çayı və Zəngəzur dağlıq silsiləsi boyunca bütün kəndlərdə bu qanlı qətliamlara qarşı el müqaviməti hərəkatı xüsusilə fərqlənib. Çünki bu kəndlərin əksəriyyəti hay-daşnak əsilli yaşayış məskənləri ilə qonşu olub XIX əsrin 30-40-cı illərindən etibarən.
Həmin dövrə aid tarixi hadisələrin canlı şahidlərinin söyləmələrinə görə, Zəngilan nahiyəsinin Arazboyu yerləşən yaşayış məntəqələrinə hay quldurlarının hücumu Oxçüçay, Bəsitçay (qiymətli forel balığı ilə zəngin olan) çaylarının hövzəsindən (Xustup dağından), Süsən meşələri (4 min ilə qədər yaşı olan 125 hektarlıq Şərq çinarı meşəliyindən) səmtindən, Əsgülüm dağı silsiləsindən olub. Quldur hayların-daşnakların cəmləşdiyi Qafan nahiyəsinin Kilisə, Şıxavız, Hənd, Həərək, Saf kəndləri (bu kəndlərə daşnak-hay ailələri XX əsrin əvvələrində Fransadan, Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan köçürülüb) müsəlman-türk mənşəli məskənlərdən 25-50 km-lik məsafədə olsa da, onların səngər xətti daha yaxın idi. Hücum təhlükəsinə daha çox Bartaz, Əmirxanlı, Vejnəli, Qaqulu, Dəlləkli, Baharlı, Qırxmüşlan, Pirçiban (Zəngilan şəhəri bu kəndin əsasında yaranıb) kəndləri məruz qaldığından, yerli özünümüdafiə dəstələrinin əsas qüvvələri məhz Nügədi-Bartaz cəbhə xətti boyunca möhkəmlənib.
Tarixi məlumatlara görə, ermənilərin Qafan şəhərində mis-molibden mədənlərinin filiz emalı müəssisələrində ucuz, qara işçi qüvvəsi kimi istifadə olunmasına və onların Fransadan köçürülərək burada məskunlaşmasına 1915-1916-cı illərdə bu mülkün sahibi Bəylər bəyin (1845-1925) razılığı ilə icazə verilib. Köçürülən hay qullarının Oxçuçay çayının sağ və sol sahillərində yaşadıqları 50-60-a qədər taxta tikili (barakları) Qafan şəhərində 1970-ci ilədək qalırdı. İslam şəriətinə görə, Bəylər bəy hay qullarına yağış yağanda çölə çıxmamağı əmr edibmiş – suları murdarlamasınlar deyə...
Zəngilan nahiyəsinin müdafiə-müqavimət qüvvələri 5-ci Qafqaz İslam Ordusunun zabit-əsgər heyətinin dəstəyilə təşkil edilib və silah-sursatla təchiz olunub. Bu barədə Malatkeşin kənd sakini Hüseynəli Səfər oğlu Hüseynəliyevin (1911-1997) söylədikləri çox ibratəmizdir. Hərbi təlimlərdən sonra müvəkkil türk zabiti yerli müdafiə qüvvələrini sıraya düzərək xitab edib:
- Qarşıda doğma Vətən torpaqlarında yerləşən gavur düşmən səngərləri və silahlı azğın quldur dəstələridir. Vətən və Qeyrət savaşına hazır olun. Əlinizdə türk silahı, qarşınızda yağı düşmən. Arxada - geri çəkilməyə yer yoxdur - müqəddəs Vətən torpağıdır.
O dövrdə silah kimi ən çox işlədilən isə türk üçatılanları və türk topları idi. Zəngəzur qəzasının cənub-şərq hissəsində cəbhə xəttinin səngər yerləri keçən əsrin 90-cı illərinədək qalırdı Pirçiban kəndindən 6-7 km aralıda, kollu-pöhrəlik “Tək ağac yeri”ndə, Oxçuçay çayına 500 metr yaxın məsafədə. Döyüş yerlərinin tarixi ünvanlarından biri də Gilətağ kəndinin günbatanında meşə-pöhrəliklə örtülü “Qanlıca” adlanan dərədə (kəndin 1 km-də, cənub hissədə) idi. Bu döyüş meydanlarında el qəhrəmanları səngər savaşlarının qalibi olsalar da, Şəhidlər də olub və yağı düşməndən də qırılanlar az deyildi.
Malatkeşin-Arazboyu cəbhə xəttində yerli müdafiə və müqavimət qüvvələrinin tərkibində Rəzdərə, Keçikli, Beşdəli, Şəfibəyli, Məşədi İsmayıllı, Şalayın, Ördəkli, Sobu, Şatarız, Tiri, Top, Gilətağ, Malatkeşin, Pirçiban (Ənvər paşanın rəhbərliyi ilə Osmanlı Türk Ordusunun qərargahı bu kənddə yerləşmişdi) kəndlərinin könüllüləri Cəbrayıl bəyin və İbadulla bəyin başçılığı ilə düşmənə qaqrşı vuruşublar. Daha sonra bu cəbhədə Rəzdərə kənd sakini Nəbi bəyin (1843-1923) qorxusundan haylar o kəndə girməyə cürət etməyib. Onun dəstəsində Malatkeşin kəndindən Şalayın Qafar oğlu (1880-1996) bu dəstənin qorxmaz döyüşçülərindən biri olub. Sonuncu kəndin müdafiəsinin təşkil edilməsində, yerli müdafiə qüvvələrinin silahla və ərzaqla təminatında, yerli müqavimət hərakatının geniş miqyas kəsb etməsində Abusəməd bəyin (1846-1921), Məşədi Bayraməli Məmi oğlunun (1842-1932) adları el arasında həmişə hörmətlə yad edilir. Onlar haqqında həmin dövrə aid xeyli dəyərli faktlar məlum olub.
1918-1920-ci illərdə Zəngəzur qəzasının müsəlman-türk mənşəli yaşayış məntəqələrinə Qafan-Gorus cəbhə xəttindən edilən basqınların bir qolu Mehri-Həkəri istiqamətindən olduğundan, yerli müdafiə mövqeləri əsasən Bərgüşad silsiləsinin Əsgülüm dağı əhatəsində olub. Bu dağ Azərbaycanın tarixi-coğrafi keçmişini özündə yaşadan məkanlardan biridir, qoynunda eyni adlı qalanı saxlayır, XIV-XV əsrlərdə Əmir Teymurun özünün və ordusunun Azərbaycana yürüşləri zamanı bu qalada olmaları barədə bilgilər söylənilməkdədir. Ətrafı iri palıd, vələs meşəlikləri ilə örtülüdür. Həmin dövrdə düşmən mövqeləri Əsgülüm dağında yerləşdiyindən, onların hücumunun qarşısının alınması yerli döyüşçülərin ən başlıca vəzifəsi olub. Bu dağın yamacında yerləşən Keçikli və ətəyində olan Beşdəli kəndləri hay daşnaklarının hücumuna məruz qalıb. Ona görə də cəbhənin bu istiqamətində sərrast atıcılar və döyüşkən dəstələr yerləşdirilib. Onlardan biri də malatkeşinli Mahmud (1862-1967) olub ki, türk üçatılanı ilə düşmənin atəş nöqtələrini susdura bilib. Hətta onun “ovunu, qurbanlarını” Cəbrayıl paşa yoxlatdırandan sonra ona hərbi təşəkkürünü bildirib. Cəbhənin bu istiqamətində (Mehri-Həkəri xətti boyunca) qəzanın təhlükəsizliyinin təminatında Pirçiban kəndinin bəyləri (Cavad bəy, Əli bəy, Məşədi Tarış), malatkeşinli yüzbaşı Ağakişi Talıb oğlu (1880-1923) böyük zəhmət çəkib.
Keçikli kəndi ərazisində “Köklü bulaqı” və ya el arasında “Rus düşən yer” kimi tanınan sahədə kənd camaatı biçindən sonra nahara çıxdığı zaman Qafan nahiyəsinin Şıxavız kəndi tərəfdən quldurların basqını ilə 50 nəfərə qədər dinc, əliyalın sakin qətliam edilib, mal-mülkü qarət və evləri-qəbirstanlıqları yerlə yeksan olunub . Bir nəfər gəncin kürəyində samovar qaynadaraq onu vəhşicəsinə qətlə yetiriblər. Nəticədə bu kəndin 100 nəfərə yaxın əhalisi Tiri kəndinə sığınmağa məcbur olub.
Zəngilan qəzasının Araz çayı boyu kəndlərinin dinc sakinlərinin qırğını D.Kananyanın (Dronun) və Q.Nijdenin quldur dəstələrini himayə edən rus-bolşevik silahlıları tərəfindən 1918-1920-ci illər ərzində kütləvi surətdə, 1920-1925-ci illər ərzində isə ayrı-ayrı ərazilərdə (xüsusilə Top, Sobu kəndlərində) bolşevik pərdəsi altında yenə də eyni qüvvələr tərəfindən, eyni dərəcədə aparılıb. Bu illər ərzində birləşmiş düşmən qüvvələri yerli müdafiə və müqavimət dəstələrinə qarşı xüsusilə amansız olub, bir taborluq düşmən qüvvəsinə Top kəndində 9 nəfər sinə gərib, qalib gəlib, amma əlavə ehtiyat qüvvələrinin cəlb edilməsi yağı gücünü qüvvətləndirib ki, yerli döyüşçülər Araz çayını keçməyə məcbur olublar. Nəticədə Top kəndi yerlə-yeksan, əhalisi gülləbaran edilib (60-70 nəfərə qədər) və o dövrdən bu kənd yer üzündən silinib. Bu kənd Araz çayından 20 km, Zəngilan şəhərindən 15 km aralıda yerləşib. Əsgülüm dağının ətəklərindəki Top meşəsində öldürülən rus zabitinin – Q.N.Qolvinskinin qisasını onun arvadı alıb, əsir götürülmüş dinc sakinləri öz əlilə güllələyib, Şəhid olanları Araz çayı kənarının sərhəd hissəsində, Tiri kəndi yaxınlığında dəfn ediblər. Faciəvi günlərimiz bununla sona çatmayıb. Sovet hakimiyyəti illərində Zəngilan rayonunun Arazboyu kənd məktəblərinin şagirdlərinin pioner və komsomol sıralarına qəbul edilmə mərasimləri həmin qatilin qəbri üzərində həyata keçirilərdi, qatilin qəbri üzərində and içilərdi.
Məşədi Bayraməli Məmi oğlu Zəngəzur qəzasında ziyarətgah yerlərinin qoruyucusu və müridi olub. 1920-ci ilin may-iyun aylarında rus bolşevikləri ocaqları tərk etməyə görə ona üç gün möhlət verdikdə o, üç günlük yolu bir günə qət edərək yorğa kəhəri ilə Ağdam nahiyəsinə gələrək doktor Nəriman Nərimanovla görüşüb, vəziyyəti ona bildirərək, onun rəsmi zəmanəti ilə dinsizlərin təhdidindən canını qutara bilib. Onun oğlu Məmi (1873-1937) hay-daşnak quldurlarına qarşı vuruşmazdan əvvəl 1915-1916-cı illərdə Bakı şəhərinin neft mədənlərində (neft sahibkarı Murtuza Muxtarovun (1857-1920) Ramana kəndindəki neft buruqlarında) çalışıb, səmərəli təklifləri ilə (qoşqu vasitəsilə neftin quyudan çıxarılması, əlavə fiziki güc tətbiq etmədən neft quyusunun qazılması üsulu) ) xeyli xeyir verib neft miyonçusuna. Atası onu aparmağa gələndə M.Muxtarov bir müddət buna etiraz edib, lakin yağı düşmənin təhlükəsini nəzərə alaraq onu buraxmağa razılıq verib.
Həmin qanlı faciələr barədə Malatkeşin kənd sakinləri Məhəmməd Heydər oğlu Heydərov (1891-1976), Həsənqulu Bayramov (1880-1970), Kiçikxan Quliyev (1881-1972), Abbas Bayramov (1892-1972) o hadisələrin iştirakçısı və şahidləri kimi məlumat verir.
Malatkeşin kənd sakini Eyvaz Ağəli oğlu Bayramovun (1949) söylədiyinə görə, keçən əsrin 70-ci illərində Qafan rayonunun Saf kəndində (70 ev olardı) yaşayan Mişa adlı hayın evinin zirzəmisində “Maksim” pulemyotunu görüb, ondan soruşub ki, bu nəyə görədir? Daşnak hay- “Bunu sizdən ötrü saxlayıram”-deyib. Həmin daşnak həm də 1918-1920-ci illərdə quldur Q.Nijdenin dəstəsində vuruşanlardan biri olub.
Zəngəzur qəzasının ikinci cəbhə xətti Oxçuçay çayının Bərgüşad dağlıq silsiləsi boyunca yerləşən kəndləri (Canbar, Pirveyis, Yuxarı Gəyəli, Ağkənd, Dərəli, Qazançı, İskəndərbəyli, Fərəcbəyli, Şamoğlu, Ağbis, Ağakişilər) istiqamətində Qafan-Gorus birləşmiş qüvvələrinə qarşı (daşnak hayların yaşadıqları Güdgüm və Çəkədin kəndləri tərəfdən edilən basqınlara qarşı) güclü müqavimət hərəkatı olub. Bu istiqamətdə İsgəndərbəyli kəndində Aslan bəy və Əli bəy İsgəndərbəyli qardaşları ətraf kəndlərin (əsasən Ağbis və Ağakişilərdən) könüllülərini bir dəstədə birləşdirərək ilkin dövrdə hücumların qarşısını ala biliblər. Qəzanın bu xəttində müdafiə mövqeyinin məhkəmləndirilməsinə var qüvvəsi ilə arxa duran Vənətli kəndinin bəyi Bəylər bəyin evi quldurlar tərəfindən talan edilərək yandırılıb. Cəbhənin bu istiqamətində də dinc sakinlərin qətlə yetirilməsi, yaşayış məntəqələrinin və tarixi-maddi abidələrin yerlə-yeksan edilməsi halları sonrakı dövrlərdə unudulmuş, yaddaşlardan silinib.
Çox təəssüf ki, xalqımızın tarixində faciəvi səhifələrə qan izi salan bu hadisələr barədə məlumatların təbliğat imkanlarından hələ də lazımı səviyyədə istifadə olunmur.