Paralel. - 2018.- 4 oktyabr. - ¹ 168. - S. 10.

 

Dinin dövlətdən ayrılması tolerantlığın ilkin inkişaf mərhələsi sayıla bilər

 

Multikulturalizm Azərbaycan dövlətinin daxili siyasətinin tərkib hissəsi kimi çıxış edir

 

 Qədim zamanlarda cəmiyyətin bəlasına çevrililən din-dövlət birliyi geniş struktura malik zülümkar idarəetmə sistemləri yaratmışdır. Hətta belə idarəetmə sistemlərini dövlətin "cəbr" aparatı kimi də xarakterzə edirdilər. Dinin dövlətdən ayrılması, onun dövlət idarəetmə sistemindən məhrum edilməsi, tarixdə mühüm bir mərhələ sayılır. Artıq bu mərhələdə din cəmiyyətin inzibati idarəetmə sistemindən kənarlaşdırılır, lakin mənəvi sferada özünü möhkəmləndirmək üçün bütün vasitələrdən istifadə etməyə başlayır. Sözsüz ki, dünyanın bir sıra ölkələrində din-dövlət birliyi, dini liderlərin idarəetmədə yüksək rol alması faktı hələ də mövcuddur. Buna misal olaraq, İran İslam Respublikasını, bir sıra ərəb ölkələrinin adını çəkmək olar. Məsələn, İran İslam Respublikasında ölkənin siyasi idarəçiliyində birinci söz sahibi ali dini lider sayılır. Bu cür ölkələrdə hələ də din dövlətdən ayrılmayıb. Bu səbəbdən də, bu gün belə dövlətlərə münasibət də, birmənalı deyil. Mexaniki düşüncə prizmasından yanaşsaq, dünya sivilizasviyası dinin dövlətdən ayrılması mərhələsini artıq çoxdan geridə qoyub və bu baxımdan dinin idarəetmədə lider olduğu ölkələr geridə qalmış sayıla bilər. Amma başqa bir prizmadan baxsaq, belə ölkələrin bariz nümunəsi olan İran dünyanın lider dövlətləri ilə rəqabət apara bilir, onlara qarşı dirəniş göstərir. Lakin bu ölkələrdə cəmiyyətin yad dinlərə və mədəniyyətlərə münasibətinə diqqət yetirdikdə çox təzadlı bir mənzərə ilə rastlaşırıq. İran dünyanın böyük və inkişaf etmiş dövlətlərindən biri sayılsa da, onun hüdudları daxilindi fars mədəniyyəti liderlik edir və dövlət siyasəti digər mədəniyyətlərin fars mədəniyyəti içərisində əritməyə, assmilyasiyaya uğradılmasına yönəlib. Bununla yanaşı, cəmiyyətdə yəhudi millətinə və dininə qarşı nifrət aşılanır, yalnız İslam dininə rəğbət bəsləyən yəhudilərə ölkədə yaşamağa icazə verilir.

Başqa bir misal, ölkə əhalisinin yarısını təşkil edən oğuz türklərinə mədəniyyətlərini təbliğ etmək qadağandır, onlara ana dilində oxumaq üçün heç bir şərait yaradılmır, hətta bir vaxtlar azərilərə ana dilində danışmaq da qadağan edilmişdir.

Yuxarıda qeyd etdiyimiz tendensiya daha çox dinlə dövlətin birlikdə siyasi idarəetməni əldə saxladığı ölkələrdə müşahidə edilir. Düzdür, bir çox müasir idarəetmə strukturlarına malik ölkələrdə də dini, milli və irqi ayırı-seçkilik müşahidə etmək mümkündür. Ancaq belə dövlətlərdəki ayrı-seçkiliyin arxasında, adətən, yalnız siyasi məqsədlər dayanır. Ona görə də, cəmiyyətdə multikultural mühit yaratmaq üçün din siyasi idarəetmədən kənarlaşdırılmalı və yalnız cəmiyyəti mənəvi-əxlaqi əsaslara söykənərək idarəetmə imkanlarına malik olmalıdır. Dünyada bu xətti tutan ölkələrinin böyük əksəriyyətində, o cümlədən də Azərbaycanda multikulturalizm yüksək inkişaf mərhələsinə yetişib.

Multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi çıxış edir. Bunun mühüm təzahürlərindən biri də, burada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsidir. Bu, özünü, ilk növbədə, ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində, dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir.

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biridir. Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi, assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumağa və inkişaf etdirməyə çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə əsas etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə də, milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası üçün əlverişli imkan təklif edir.

 Bu da qürürverici faktdır ki, tarixən Azərbaycan torpaqlarında məskunlaşan milli azlıqlar etnik, dini və mədəni mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə, burada əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmayıblar və birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib. Müasir dövrdə multikulturalizm siyasətinin bir sıra Qərb ölkələrində iflasa uğramaq üzrə olduğu bir vaxtda, Azərbaycan dövləti bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər əldə edib. Bunun əsas göstəricisi tarixi dövr ərzində burada etnik, dini və irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasıdır.

Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri də, bütün dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi, son dövrdə siyasi leksikona daxil olan "Bakı prosesi"ni qeyd etmək olar. Bu il 10 illiyini qeyd etdiyimiz və qlobal hərəkata çevrilən "Bakı prosesi" müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən irəli sürülən və Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. "Bakı prosesi" çərçivəsində ölkəmizin paytaxtı Bakıda Dünya Mədəniyyətlərarası dialoq forumları, Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, eləcə də Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. Cari ilin oktyabr ayının 25-26-da isə Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi planlaşdırılır.

Bütün bunlarla yanaşı, Dinin ideoloji sahədə həssas və incə mahiyyətə sahib olduğunu nəzərə alan ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn və bunun nəticəsində digər vətəndaşların hüquqlarını pozan, bir sözlə, insanların saf duyğularından öz məkrli məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışanlar da yox deyillər. Onların öz məkirli niyyətlərini həyata keçirmək istəklərinin qarşısının alınması üçün bütünlükdə cəmiyyət birgə mübarizə aparmalıdır.

Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar, öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb və gələcəkdə də alınacaq.

Hazırda Azərbaycanda mövcud olan etno-siyasi və dini durumun bütün dünyaya nümunə olduğu da heç kimə sirr deyil.

Ölkəmiz sivilizasiyalararası dialoq məsələsində özünün tarixi missiyasını uğurla davam etdirir. Bununla bağlı dünyada böyük nüfuza malik olan siyasət, elm, din xadimlərinin, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə paytaxt Bakıda əhəmiyyətli beynəlxalq tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr aparılır, bəşəriyyətin bugününü və gələcəyini təmin edəcək önəmli nəticələr əldə olunur. Digər tərəfdən, Azərbaycan mədəniyyətlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə də öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir.

Azərbaycan xalqı tarixdə dəfələrlə milli ayrı-seçkilik ucbatından haqsızlığa məruz qalsa da, tolerantlıq, dözümlülük, multikultralizm kimi yüksək dəyərlərini daim yaşadıb, bu xüsusiyyətlərini itirməyib.

Azərbaycan Prezidenti İlham Əliyev daim azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Bu təcrübənin nəticəsidir ki, əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

 

 “Paralel”in Araşdırma Qrupu