Paralel. - 2018.- 3 oktyabr. - ¹ 167. - S. 10.
İslam dünyaya tolerantlığı bəyan edən dindir
Dini birlik şüuru etnik və milli birlik şüurundan daha güclü olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu
Bu yazıda biz sizə ölkəmizdə İslam dinin yayılmasının səbələri və nəticələri barədə danışacağıq. Əgər biz İslam dinin dərinliklərinə, onun fəlsəfəsinə diqqət etsək, bu dinin nə dərəcədə tolerant bir din olduğunun fərqinə vararıq. Tarixən bir çox dinlərin, xalqların və etnosların özlərinə məskən seçdikləri Azarbaycanda İslam dininin az bir zamanda geniş yayılmasının əsasında da, məhz tolerantlıq və dözümlülük durur.
Azərbaycanda islamın yayılması hicrətin 18-ci ilindən (639-ci il) başlanıb. Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan və Arranı fəth edərək, Xəzər sahili boyunca Dərbəndə qədər irəliləyirlər. Tarixçi Bəlazurinin yazdığına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul edib. Azərbaycanın Şimalında isə bu proses bir qədər uzun çəkib. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb, yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda, qarşıdurmalar baş verirdi.
Ölkəmizin ərazisində İslamın yayılması bəzi yerdə sülh yolu ilə, bəzilərində isə silah gücünə həyata keçirilib. Fəth edilən ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunub, qəbul edənlərə toxunulmayıb. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək məqsədi ilə Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali isə bir qədər kənara köçürülürdü.
Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar da baş verib, amma bu etirazlar dinə yox, siyasi hakimiyyətə qarşı yönəlib. Digər tərəfdən, əgər İslam qılınc gücünə yayılsaydı, onun Azərbaycanda ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Dini birlik şüuru etnik və ya milli birlik şüurundan daha güclü və əhatəli olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu və türk xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynadılar.
Çünki on beş əsr boyunca bu coğrafiyada yaşayıb-yaradan insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni əsirgəmədilər və bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə çevrildilər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək mümkün deyil. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. Azərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur ki, bu din Qafqaz regionuna məhz ölkəmiz vasitəsilə yayılıb. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən qəbul edilir.
İslam dininin əsas prinsiplərində bir olan tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibətdir. Bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Onu da xüsusi qeyd etməliyik ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması, məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndi və bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrildi.
Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurulub və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini yaradıblar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olduğuna daha bir sübutdur. Ümummilli lideri Heydər Əliyev dindarlarla, din xadimləri ilə görüşlərində, bu sahə ilə bağlı tədbir və beynəlxalq konfranslarda həmişə diqqəti dinlərin, xüsusilə İslamın dözümlülük xüsusiyyətinə, insanların vəhdətinə və birgəyaşayışın mükəmməl harmoniyasına yönəldib. O deyirdi ki; "İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməyib. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərir. Biz həmişə bu yolla getmişik".
Ulu öndər Heydər Əliyev Azərbaycanda nümunəvi dini müxtəliflik modelinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmayıb, bunu həmişə yüksək qiymətləndirib. O, 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüşündə bu məqamı xüsusilə qabardıb: "Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin və digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilib».
Sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.
Mərhum prezidenitimizin dini müxtəliflik və tolerantlıq anlayışına spesifik baxışı var idi. O, Beynəlxalq tolerantlıq günü münasibəti ilə ölkədəki dini konfessiyaların başçıları ilə görüşündə tolerantlıq anlayışının geniş məna tutumuna toxunaraq bu məfhumun qısa və lakonik izahını verib: "Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərə dözümlük deməkdir".
Onu da qeyd etmək istərdi ki, Azərbaycanda və ümumilikdə regionda ilk dəfə 16 noyabrın Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüşlərin keçirilməsi də, məhz Ümummilli Liderin təşəbbüsü olub.
Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə söylədiyimiz fakt deyil, həm də mütərəqqi dünyanın, beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.
Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakıda "Qızıllı kilsə" kimi tanınan "Aleksandr-Nevski" kilsəsinin inşası üçün toplanılan ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq nümunəsidir. Bu mütərəqqi ənənə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində bərpa edildi. Dinlərarası münasibətlərin gərginləşdiyi, dini-etnik qarşıdurmaya zəmin yaradıldığı bir zamanda uzun tarixi dövr ərzində formalaşan bu ənənənin bərpası bütün dünya üçün nümunə, bizim üçün qürurverici hadisə idi.
Azərbaycana səfəri zamanı Ulu Öndərimizə müraciətlə "Siz bu torpaqlarda yaşayan insanların bərabərhüquqlu olmaları, öz dinlərinə etiqad etmələri, bərabər işləmələri və bir-birilərinə qarşı durmamaları üçün səy göstərmisiniz və buna nail olmusunuz» - deyən, Moskva və Ümumrusiya Patriarxı II Aleksi, əslində, bu sözləri ilə həm Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib, həm də Azərbaycanda insan hüquqlarının, o cümlədən vicdan azadlığının qorunduğunu və ölkəmizdə nümunəvi birgəyaşayış mühitinin formalaşdığını təsdiqləyib.
Roma Papasının katoliklər, ümumiyyətlə, xristianlar arasında böyük nüfuza malik olduğuna, yəqin ki, heç kimin şübhəsi yoxdur. O da məlumdur ki, "ermənilərin yazıq, müsəlman türklərin zorakılığına və soyqırımına məruz qalmış xalq" obrazı yaradan erməni lobbisi xristian aləmində ictimai rəyi və siyasi dairələri müəyyən qədər çaşdıra bilib. Təsəvvür edin ki, belə bir dövrdə Roma Papası Bakıya səfərə gəlir və "Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər" - deyir və bu fikirlər dünyanın ən nüfuzlu mətbuat orqanlarında yayımlanır. Bu, Azərbaycanın azərbaycanlılar yox, Roma Papası səviyyəsində təbliğ olunması və onun Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilməsi deməkdir.
“Paralel”in Araşdırma Qrupu