Paralel.-2018.-2 oktyabr.-¹166.-S.10.

 

Din-dövlət münasibətləri multikulturalizmin müəyyənedici şərtidir

 

İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da, bu ərazilərdə xristianlar yaşayıblar

 

Ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin çox yüksək səviyyədə tənzimlənməsi, dövlətimizin və xalqımızın ölkəmizin ərazisində məskunlaşan xalqların özlərinə, eləcə də sitayiş etdikləri dinlərinə göstərdiyi tolerant münasibətdən qaynaqlanır. Biz keçən sayımızdı sizləri ölkəmizin ərazisində fəaliyyət göstərən bir sıra dinlərin burada yerləşmə tarixindən, formalaşmasından söz açdıq. Bu sayımızda da, mövzunu davam etdirərək digər dinlərin də ölkəmizdə yerləşmə tarixi və fəaliyyətləri ilə araşdırmamızı sizinlə paylaşmaq istəyirik.

Beləliklə, xristianlığın ölkəmizin ərazisində hələ yeni əsrin əvvəlindən gəldiyi barədə tarixi faktlar var. Həmin faktlarda qeyd olunur ki, xristianlar, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə ölkəmizin ərazisinə nüfuz ediblər. Yəni 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi prosesi geniş vüsət alıb. Bu köç zamanı ölkəmizə gələn insanlar İsanın göstərdiyi möcüzələrdən danışıblar. Hesab olunur ki, bu təbliğatın təsiri altında bölgədə ilk xristian icmalarının yaranmasına başlanılıb. Qeyd olunur ki, Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxıb və Kiş adlı yerdə kilsə tikdirib. Bu da faktdır ki, həmin kilsə Ermənistanda tikilən birinci xristian kilsəsindən daha qabaq inşa olunub.

Faktlar görə, 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə, Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Elə o zamandan da Azərbaycanda xristianlığın yayılmasının yeni dövrü başlanıb. Akademik Z. Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparıblar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırıblar. Bölgədə kilsələr tikilib, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilib.

Bu da məlumdur ki, Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan əvvəlki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq, bu dinin müxtəlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yaşamaq hüququ qazanıb.

Rusiyanın işğalı və ölkəmizin ikiyə bölünməsindən sonra bölgədə fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Bu da tarixi faktdır ki, Rusiyanın işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub insanların kütləvi şəkildə Şimali Azərbaycana köçürülməsi başlanıb və ölkədə əhalinin istərdin, istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişib. XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı müxtəlif ölkələrdən Azərbaycana işçi qüvvəsinin axınını gücləndirib, bu da heç şübhəsiz ki, əhalinin həm dini, həm də etnik tərkibinin zənginləşməsinə səbəb olub. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-cü ilin' məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər.

Yuxarıda da qeyd etdik ki, ölkəmizdə xristianlığın təşəkkül tapması Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlayan qədim alban məbədləri təsdiqləyir.

Tarixi faktlarda göstərilir ki, Alban katolikosunun iqamətgahı Çoqay, şəhərində yerləşib. 552-ci ildə iqamətgah Bərdəyə köçürülüb. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləyib, kilsələrdə ibadət erməni dilində aparılıb, Alban dili sıxışdırılıb. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa edib.

Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə, Şəkidə yerləşən, “Şərq kilsələrinin anası” sayılan və günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində, dövrümüzə qədər gəlib çatan və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir.

Lakin çox təəssüflər olsun ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırıblar. Ermənistan işğal etdiyi ərazilərdə saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə verməyə çalışır. Halbuki, tikilişinə, memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə, alban abidələri erməni kilsələrindən fərqlənir və erməni kilsəsi ilə müqayisədə daha qədim olduğunu təsdiqləyir.

Öz həyasızlıqları ilə bütün Qafqaz xalqlarından fərqlənən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməniləşməli, yaxud dinsiz insanlara çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərərək 160 ildən çox bir zaman kəsiyində öz dilinə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qaldılar, erməniləşmədilər, əksinə 1836-cı ildə baş verən tarixi ədalətsizliyi aradan götürmək üçün mübarizə apardılar.

Ölkəmiz müstəqillik qazandıqdan sonra onlar da öz arzularına çatmaq imkanı qazandılar. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradıldı və müvafiq qaydada dövlət qeydiyyatından keçdi. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addım idi. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edildi, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı oldu. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə oldu.

Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-ni Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Bildiyiniz kimi, rus çarizminin Azərbaycanda XIX əsrin əvvəllərindən etibarən həyata keçirdiyi “köçürmə siyasəti” çərçivəsində xristianlığın müxtəlif qollarına mənsub insanlar ölkəmizə nüfuz etməyə başladılar. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb.

Xristianlığın daxilində başlanan parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün, bu dövrdə sektant xristianların Qafqaza sürgünü başlanır. Ölkəmizin ərazisində ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpel quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi olub, bu kəndlərdə 13 min sektant yaşayıb.

Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin inşasında Azərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn, Bakıda yeni “Aleksandr Nevski” kafedral kilsəsinin tikilməsinə həm müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı göstəriblər. Müsəlman ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırıb, hətta müsəlman qadınlar öz gümüş zinət əşyalarını metal zənglərə əlavə olunması üçün kilsəyə bağışlayıb. Digər bir fakt: Arxangel Mixail məbədi yanan zaman bir çox müsəlman onun bərpasına kömək göstərib. Pravoslav ruhanilər bunun səbəbini soruşduqda isə belə cavab veriblər: “Tanrının evi yanan şəhərə müsibət üz verər”.

Xristianlığın digər bir qolu olan katolikliyin Azərbaycanda yayılması da ayrıca bir səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Ölkəmizdə hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyyət göstərib.