Paralel. - 2018.- 29 sentyabr-1 oktyabr. - ¹ 165. - S. 10.
Azərbaycan tolerantlığı tarixin dərinliklərindən süzülüb gəlir
Zərdüştilik dini Azərbaycan ərazilərində yaranıb və sonra digər ərazilərə keçib
Dünyada multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyi və təbliğ olunduğu Azərbaycan ərazilərində müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında həm də din amil çox böyük rol oynayıb. Bu gün biz sizlərə tarixin müxtəlif dövurlərində ölkəmizdə mövcud olmuş dinlər və onların xalqımızın həyatındakı rolu ilə tanış etməyə çalışacağıq.
Çoxsaylı etnik qrupların, azsaylı xalqların və müxtəlif konfessiyalar mənsub insanların ölkəmizin ərazilərində məskunlaşmasının əsas səbəblərindən biri də, bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilən tolerantlıq xüsusiyyətlərinin, dözümlülüyün güclü olmasıdır. Tolerintlıq və multikulturalizm yeni bir termin kimi qəbul olunsa da, bu, dəyərləri min illər boyu heç bir qüvvə Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə, daha da zənginləşib, möhkəmlənib və inkişaf edib.
Dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizin də ərazisində səmavi dinlərə qədər bütpərəstlik hökm sürüb. Bildiyiniz kimi, həmin dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə inam daha güclü olub və insanlar bu ünsurlərə sitayiş edərək özlərini bir növ qorumağa çalışırdılar. O vaxtidan min illər keçsə də, bu inamın əlamətləri insanların yaddaşında qalıb və onların həyat tərzində bu gün də özünü büruzə verir. Bu da məlumdur ki, insanlar yaranışlarında oda qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi baxıblar. İnsanlarda odun hər cür çirkinliyi yox etdiyinə və insanlara təmizlik gətirdiyinə inamları çox böyük olub. Həyatın mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaq və hava İslam dini yayılana qədər Azərbaycan ərazilərində yaşayan insanların etiqadında xüsusi yer tutub. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirərək, ona sitayiş ediblər.
Xalqımızın ən müqəddəs bayramlarından biri kimi qəbul olunan Novruz bayramında icra olunan odla bağlı ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələrinin olduğunu göstərir. Atəşpərəstlərin əsas sitayiş yeri kimi tanınan Suraxanıdakı atəşgah isə Hindistandan gələn atəşpərəstlərə hörmət və xidmət məqsədiylə XVIII əsrdə tikilib.
Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirib və aradan qalxıb .
Ölkəmizin ərazisində mövcud olmuş ən qədim inanclardan biri də bütpərəstlikdir. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar edib. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələrə də rast gəlinir.
Bu da məlumdur ki, qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olub. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilib, qurban kəsilib. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat verib.
Ehtimla edilir ki, zərdüştilik tarixən Azərbaycan ərazilərində yaranıb və digər ərazilərə keçib. Bəzən, atəşpərəstliyi zərdüştilik dini ilə eyniləşdirirlər. Əslində, zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlib. Halbuki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır.
Onu da qeyd etmək vacibdir ki, Zərdüşti əqidələrində də, od mühüm yer tutub və buna görə də zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların cəsədlərini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.
Bu dinin özəlliklərindən biri də olur ki, onun yaradıcısı sayılan Zərdüşt özünə qədər mövcud olan ilahilərin hamısını rədd edərək yeganə Allah - Hörmüzü kainatın və bütün canlı varlıqların yaradıcısı kimi təqdim edib. Bununla da, bütpərəstlikdən xeyli fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir. Burada təkallahlığın ilk nümunələri özünü göstərir.
Bu dinin əhatə dairəsi, yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə məhdudlaşmayıb, Qərbə, xüsusilə qədim yunan və Hind mədəniyyətinə ciddi təsir göstərib. Tarixi faktlar, eləcə də bizə gəlib çatan yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat aparan Zərdüşt, yunan mədəniyyətinin inkişafında böyük rol oynayıb. Məhz buna görə də, ingilis tədqiqatçısı Meri Boys Zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərdiyini iddia edib.
Digər tədqiqatçılar da təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox alimlərinə - Platona, Aristotelə, Hermippinə və başqalarına güclü təsir olub.
Tarixin uzun zaman kəsiyində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranan və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük töhfədir.
Qədim Azərbaycan ərazisi olan Dərbəndə qədər yayılan zərdüştilik sasanilərin hərbi-siyasi uğurlarında da mühüm rol oynaıb. Eyni zamanda yeni dinin təbliği üçün bu ərazilərə iranlı zərdüştilər köçürülüb. Bu dövürdə Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirməyə çalışan sasanilər və bizanslılar arasında şiddətli mübarizə gedib. Son nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənib. Belə bir tarixi şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə edib.
VII əsrdə əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulan islam dininin müqəddəs kitabı "Qurani -kərim"dir. Başqa dinlərdə olduğu kimi, islamda da ideya və təsəvvürlərin əsasını etiqad ehkamları təşkil edir:
Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın rəsuludur.
Allah təkdir, əbədi və hər şeyə qadirdir.
Axirət haqdır, orada hər kəs cəzaya və ya mükafata layiq görüləcəkdir.
Quran müqəddəsdir və Allah tərəfindən göndərilib.
Taledən qaçmaq olmaz, yazıya pozu yoxdur və s.
Bu etiqadlar əsasında İslam dini hər bir dindar müsəlmanın qarşısında 5 əsas vəzifə qoyur:
Kəlmeyi-şəhadətini oxuya bilmək.
Namaz qılmağı bacarmaq.
Oruc tutmaq. 4. Zəkat vermək.
Həccə getmək.
İslamın ardıcılları 1,5 milyard nəfərdən artıq olmaqla dünyanın 120-dən çox ölkəsində yaşayırlar.
Azərbaycan xalqının mənəvi zənginliyini təsdiqləyən və min illər boyu ondan faydalanan xalqlardan biri də yəhudilərdir. Yəhudilərin Azərbaycanda məskunlaşma tarixi 2600 il əvvələ gedib çıxır. Bu böyük tarixi dövr ərzində yəhudilərin azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç bir fakt qeydə alınmayıb.
Yəhudilər Azərbaycana gəlməzdən əvvəl də, bu ərazilərdə müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gələn ilk din olan yəhudilik, həm də bu ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər.
Azərbaycanda üç yəhudi - dağ, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Gürcü yəhudilərinin ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənayenin inkişafı dövrünə təsadüf edir.
Ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılan və Midiyada məskunlaşdırılan İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirən insanlar olublar.
Dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülüblər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də, həmin dövrdən miras qalıb. Buna əsaslanaraq deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti nəticəsində gəliblər və imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində yerləşdiriliblər. Yəhudilər yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlayıblar. Dağ yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar.
“Paralel”in Araşdırma Qrupu